Şəkinin qədim və zəngin tarixə
malik görməli yerləri ingiltərəli jurnalisti
heyran etmişdir
Böyük
Britaniyanın 2011-ci ildə turizm sahəsində yazan "Ən
yaxşı jurnalist" adına layiq görülmüş
Pol Stilin Azərbaycanın Şəki şəhərinə səfəri
ilə bağlı təəssüratlarını əks
etdirən daha bir məqaləsi "baldhiker.com"
saytında yerləşdirilmişdir.
Pol
Stil yazır: "Azərbaycana səfərim çərçivəsində
mən bu ölkənin
şimal-qərbində yerləşən daha bir qədim və
çox gözəl şəhərdə - Şəkidə
oldum. Burada Şəki xanlarının sarayı ilə
yanaşı, digər tarixi yerlərə də baş çəkdim.
Şəki xanları sarayının tarixi və onun gözəlliyi
haqqında əvvəlki məqalələrimin birində ətraflı
yazmışdım. Şəkinin olduğum bütün yerlərinin
çox qədim və maraqlı tarixi vardır. Bu şəhərin
əhalisi Azərbaycanda ən çox yumor hissi olan insanlar
kimi məşhurdur".
İngiltərəli
jurnalist qeyd edir ki, insanların hələ 2 min 700 il əvvəl
məskunlaşdıqları bu şəhər çox qədim
və böyük tarixi hadisələrin şahidi olmuşdur.
Şəki küçələrini gəzərkən
gördüyün hər bir tikilinin o qədər qədim və
gözəl memarlıq üslubu vardır ki, bütün
bunların şahidi olmaq lazımdır. Buradakı qədim
Alban məbədinin çöl tərəfində
xristianların qəbir daşları, məbədin içərisində
isə onların istifadə etdikləri qədim əmək və
musiqi alətləri, paltarları indiyədək qorunub
saxlanılır. Şəkinin qədim küçələrini
gəzərkən burada olduğum mağazalar da məni
çox heyrətləndirdi. Həmin mağazalar və hətta
iaşə obyektləri belə qədim və gözəl
memarlıq üslubu ilə diqqəti cəlb edir. İpək
yolu üzərində yerləşdiyindən və əsrlərdir
ipək istehsal etdiyindən Şəkidəki mağazalarda ipəkdən
hazırlanmış paltarların çoxluğu insanı
heç də təəccübləndirməməlidir. Təsadüfi
deyildir ki, Şəkidə bu gün ipək fabriki də fəaliyyət
göstərir. Həmin mağazalarda çoxlu sayda milli bəzək
əşyaları da vardır.
Pol
Stil yazır ki, Şəkidəki tarixi abidələrdən
danışarkən buradakı Karvansaranın adını
çəkməmək mümkün deyildir. Karvansara Şəkidə
turistlərin diqqətini ən çox cəlb edən tarixi
tikililərdəndir. Qədim vaxtlarda Yaxın və Orta Şərq
ölkələrindən gələn tacirlər əsasən
karvansarada ticarətlə məşğul olardılar.
İngiltərəli
jurnalist yazır: "Əlbəttə, Şəkidə
olduğum bir neçə saat ərzində mən şəhərin
bu cür zəngin tarixi yerləri ilə tam tanış ola
bilməzdim. Lakin bu bir neçə saat ərzində məndə
elə təəssüratlar yarandı ki, mütləq yenidən
Şəkiyə qayıdacağımı qərara aldım.
Onu da qeyd edim ki, vaxtımın az olmasına baxmayaraq, mən
Şəkinin özünəməxsus şirniyyatlarından
da daddım. Bunların arasında Şəki
paxlavasını xüsusi qeyd etməliyəm. Baldan, undan,
fındıq və qozdan hazırlanan bu nadir şirniyyatın
dadından doya bilmirdim. Şəkiyə səyahət edən
bütün turistlərə bu şirniyyatın dadına
mütləq baxmağı tövsiyə edirəm".
Məqalə
Şəkinin tarixi yerlərindən çəkilmiş
maraqlı fotoşəkillərlə müşayiət olunur.
AzərTAc
Azərbaycan.-2013.- 8 yanvar.- S.7.