«YARAT!» Müasir İncəsənət Məkanı yeni layihə reallaşdıracaq

 

"YARAT!" Müasir İncəsənət Məkanı yaradıcı insanları fevral ayının sonunda başlayacaq "Public Art 2013" layihəsinə qoşulmağa dəvət edir. "YARAT!" Müasir İncəsənət Məkanından AzərTAc-a bildirmişlər ki, 2012-ci ilin avqust ayında başa çatmış "012 Baku Public Art Festivalı" belə təşəbbüsün Azərbaycan üçün çox aktual olmasını bir daha sübut etmişdir.

Layihə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Bulvar idarələrinin, "Bank Standard"ın və "Azərcell Telekom" şirkətinin fəal dəstəyi nəticəsində reallaşmışdır. Hər həftənin beşinci günü keçirilən festival əsərlərinin təqdimatları xoş bir ənənəyə çevrilmiş, bakılıların və şəhərimizin qonaqlarının marağına səbəb olmuşdur. Şəhərdə quraşdırılan heykəltəraşlıq kompozisiyaları instalyasiyalar dərhal ictimai müzakirə mövzusuna və insanları cəzb edən bir yerə çevrilmişdir.

2013-cü ildə keçiriləcək festival çərçivəsində əvvəlki illə müqayisədə meqapolis məkanında müasir incəsənət mövzusu daha güclü işıqlandırılacaq və istər fərdi, istərsə də müəlliflər kollektivi tərəfindən təqdim ediləcək on layihə reallaşdırılacaqdır.

Festivala təqdim ediləcək  layihələr özünəməxsus interaktivliyi ilə fərqlənməlidir. Təşkilatçıların fikrincə, rəssamlar yaradıcılıq prosesinə cəlb ediləcək tamaşaçılarla daim ünsiyyətdə olmalıdırlar. Tamaşaçıların iştirakı isə nümayiş olunacaq əsərlərin zəruri və ayrılmaz hissəsinə çevriləcəkdir.

Festivalda iştirak edəcək rəssamlar material, mövzuiştirak üslubunu sərbəst şəkildə seçə biləcəklər. Bəzi rəssamlar, çox güman ki, fərdi kurator layihələrinə, digərləri isə musiqi əsaslı layihələrə maraq göstərəcəklər.

Festivalın təşkilatçıları, layihənin interaktivliyi dedikdə, tamaşaçının hadisələrin inkişafına təsir iqtidarını, yaradıcılığın isə nəinki rəssamın ilhamından və təxəyyülündən, eyni zamanda, onun ətrafında olan insanlardan və mühitdən asılı vəziyyətini nəzərdə tuturlar. Həmçinin festivalda iştirak üçün nəzərdə tutulan on layihədən beşi xarici iştirakçıların təqdim etdikləri ərizələr əsasında seçiləcəkdir. Bu da növbəti festivalı fərqləndirən bir cəhətdir. Başqa sözlə,  həyata keçiriləcək layihə artıq regional səviyyədə təşkil olunmaqdadır.

Layihəyə qoşulmaq istəyənlər peşəkar sərgilərdə iştirak təcrübəsinə və yaradıcı nailiyyətlərə malik fəaliyyətdə olan rəssamlar, yaxud  incəsənətlə bağlı ali təhsil müəssisəsinin yaşı 20-dən az olmayan tələbələri olmalıdırlar.

Ərizə formasını www.yarat.az saytından yükləmək mümkündür.

 

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.7.