Milli dəyərlər qorunur, yaşadılır

 

"2012-ci il Naxçıvan Muxtar Respublikasında "Milli dəyərlər ili" kimi yadda qaldı

 

 Tarixi uzun minilliklərə dayanan, əsası və özülü olan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Milli dəyərlər isə xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Dilindən, dinindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş özünün dünya şöhrətli şəxsiyyətlərinə qədər. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, bir sözlə, milli olan bütün keyfiyyətlərimiz dəyərlər sisteminə aiddir. Bu mənada xalqımızın milli dəyərləri haqqında ətraflı danışmaq olar.

Artıq ənənə halını almış hər ilin bir sahəyə həsr olunması, Naxçıvan Muxtar Respublikasında da tətbiq edilməklə uğurlu nəticələrə gətirib çıxarır. Bu mənada 2012-ci ilin muxtar respublikada "Milli dəyərlər ili" elan olunması da öz müsbət tərəfləri ilə yadda qaldı.

Bu gün Azərbaycanın bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərə xüsusi diqqət ayrılır, milli dəyərlərin təbliğində daha çox işlər görülür. Hələ 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırılmaqla muxtar respublika özünün milli dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirmişdi. Ən diqqətçəkən məqam isə millətini, xalqını sevən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu tarixi hadisə reallaşmışdı. Heydər Əliyevi ümummilli lider edən faktlardan biri də məhz bu idi; milli dəyərlərə sahib çıxmaq və onları qorumaq. Bu mənada ulu öndərin müdrik kəlamı da milli dəyərlərə verilən önəmin mahiyyətini ortaya qoyur: "Milli dəyərlər daim qorunmalı, yaşadılmalıdır, milli dəyərlər bizim varlığımızın əsasıdır. Milli dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli dəyərlərimiz, adət-ənənələrimizlə fəxr edirik".

2012-ci ilin ilk günlərindən başlayaraq muxtar respublikanın bütün bölgələrində, mərkəzindən tutmuş ən ucqar yaşayış məntəqəsinədək, bütün sahələrdə milli dəyərlərin qorunması, yaşadılması, öyrənilməsi, təbliğ olunması istiqamətində məqsədyönlü və əməli işlər həyata keçirildi. Bütün bunların yekunu olaraq isə dekabr ayının 5-də Naxçıvan şəhərindəki "Duzdağ" hotelinin konfrans zalında "Milli dəyərlər ili"nə həsr olunmuş yekun tədbir keçirildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdəki çıxışda bildirdi ki, hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur. Dövlətlər rəsmi atributları - bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri - folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir. Bizim malik olduğumuz milli dəyərlərimizin kökündə, ilk növbədə, Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır. Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiq olmuşdur. Hətta tarixi proseslərin müəyyən dövrlərində, müstəqilliyimizin  mövcud olmadığı dövrlərdə belə xalqımız milli dəyərlərini unutmamışdır.

Ümummilli lider milli dəyərlərin mücərrəd sovet dəyərləri ilə əvəz olunması üçün səylər göstərildiyi ötən əsrin 70-ci illərində, əslində, bu prosesin əksinə gedərək Azərbaycan xalqına məxsus dəyərlərin bərpası və yaşaması istiqamətində taleyüklü tədbirlər görmüş, xalqımızın milli dəyərlərini özünə qaytarmışdır.

1969-cu ildən başlayaraq Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişikliklər başlanmışdır. Milli dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ona görə də dahi rəhbər mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə böyük əhəmiyyət verirdi. Ümummilli liderin  fikrincə, milli  dəyərlər milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir.

1993-cü ildə ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndər milli dəyərlərin qorunub yaşadılması sahəsində ötən əsrin 70-ci illərindən başlanan işləri əsrin sonlarında Azərbaycanın müstəqil dövlətçilik şəraitində davam etdirmiş, milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmiş, azərbaycançılığı ümummilli ideologiya kimi irəli sürmüşdü. Bu ideologiyanın əsasını təşkil edən milli dövlətçilik, vətənpərvərlik, adət-ənənələrə bağlılıq prinsipləri bu günmilli dəyərlərimizin yaşamasına təminat verir.

"Milli dəyərlər ili" çərçivəsində muxtar respublikada xeyli işlər görülmüşdür. Belə ki, hazırlanmış Tədbirlər Planına əsasən, cari ilin ötən dövrü ərzində bu sahədə görülən işlərin əhatə dairəsi xeyli genişlənmiş, bununla bərabər, milli dəyərlərin bərpası və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki dövrlərdən başlanmış tədbirlər də davam etdirilmişdir.

Muxtar respublikada beynəlxalq rəsm, folklormuğam festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur. Uşaq və gənclər xalq sənəti sahələrinə cəlb olunmuş, "Milli dəyərlərimizi öyrənək və yaşadaq" rubrikası ilə teleradio verilişləri və qəzet materialları hazırlanmışdır. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilmiş, qədim milli musiqi alətlərində ifalaramilli geyimlərimizin təbliğinə diqqət artırılmışdır. Bununla yanaşı, elm, təhsil və mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlər keçirilmiş, xalçaçılıq, boyaqçılıq, papaqçılıq, misgərlik, dəmirçilik, taxta üzərində oyma kimi qədim xalq sənəti nümunələri canlandırılmışdır. Eyni zamanda, bədii yaradıcılıq prosesində milli dəyərlərimizin öyrənilməsi və təbliği üstün istiqamət kimi götürülmüş, kitablar, jurnallar, kataloqlar çap edilmiş, televiziya filmləri hazırlanmışdır, 50-yə yaxın konfrans, "dəyirmi masa", seminar, disput və digər mədəni-kütləvi tədbirlər keçirilmiş, 20-dək sərgi təşkil olunmuşdur.

"Milli dəyərlər ili"ndə muxtar respublikamızda xalq sənətkarlığının inkişafına diqqət artırılmışdır. İstehsal müəssisələrində milli sənətkarlıq nümunələrini hazırlayan  emalatxanalarda sənətkarlar və həvəskarlar üçün 3 aylıq təlim kursları keçirilmiş, 10 sənətkarın əl işləri və rəsm əsərlərinin fərdi sərgi-satışı təşkil olunmuş, xalçaçılıq və dekorativ tətbiqi sənət sahəsində fəaliyyət göstərən  sənətkarlara güzəştli şərtlərlə kredit verilmişdir.

"Milli dəyərlər ili"ndə bir sıra xalq sənətini yaşadan qrup və dərnəklərin fəaliyyəti də bərpa olunmuşdur. Belə ki, Şahbuz rayonunun Aşağı Qışlaq kənd mədəniyyət evi nəzdində "Toxucular və xalçaçı qızlar" qrupunun fəaliyyəti bərpa olunmuş, Culfa Rayon Mədəniyyət evinin nəzdində "Qızıl əllər" dərnəyi yaradılmışdır. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin kənd klub və mədəniyyət evlərində şifahi xalq ədəbiyyatı nümunələrini toplayan "Elimizin söz boğçası" adlı maraq klublarının yaradılmasına başlanmışdır.

Bu il görülən mühüm işlərdən biri də muxtar respublikada xalq yaradıcılığı sahələrində fəaliyyət göstərən 242 sənətkar barədə məlumat bazasının yaradılmasıdır. Hazırda muxtar respublikada "Dizayn Holdinq" Şirkətlər İttifaqının nəzdində misgərlik və şüşə üzərində işləmə sənəti üzrə emalatxana, "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının nəzdində taxta üzərində oyma və nəqqaşlıq sənəti üzrə emalatxana, "Naxçıvan Biznes Mərkəzi" MMC-nin xalçaçılıq emalatxanası, fiziki şəxs İxtiyar Seyidova aid milli musiqi alətlərinin istehsalı və təmiri emalatxanası fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan şəhərində keramika və dulusçuluq sənəti ilə məşğul olan 1 nəfər sənətkar dəzgah və lazımi xammalla təmin edilmiş, "Dulusçuluq emalatxanasının yaradılması və hədiyyəlik gil əşya istehsalı"nın təşkili üçün layihə hazırlanmışdır.

Özəl biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində Naxçıvan şəhərində fiziki şəxs Natiq İsmayılovun vitraj və dekorativ tətbiqi sənət emalatxanasının yaradılması, Bakı şəhərində fəaliyyət göstərən "Möminə xatın moda evi"nin muxtar respublikada nümayəndəliyinin yaradılması və "Zümrüd" kiçik müəssisəsinin bazasında milli geyimlərin istehsalı üzrə yeni istehsal profilinin təşkili ilə bağlı layihə təkliflərinin texniki müzakirələri keçirilmişdir.

"Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı nümunələri" adlı kataloq nəşr edilmiş, sənətkarlar üçün onların fəaliyyət sahələrinə aid təbliğat kitabçası hazırlanmışdır.

Naxçıvan şəhərindəki Tədris-Ticarət Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərinin satışı üzrə mağaza fəaliyyətə başlamışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində  "Toxucu", "Xalçaçı", "Keçəçi", "Aşpaz köməkçisi" və "Qalayçı" peşələri  üzrə  kurslar təşkil edilmişdir.

Bu ilin avqust ayında Heydər Əliyev Sarayında 72 istedadlı qadının 428 əl işinin satış-sərgisi təşkil edilmiş, Dövlət Bayrağı Günü münasibətilə "Milli dəyərimiz - vətənpərvərlik" mövzusunda qadınlar arasında rəsm və əl işləri müsabiqəsi keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində milli dəyərlərlə bağlı araşdırmalar aparılmış və mühüm elmi nəticələr əldə edilmişdir. "Milli dəyərlər milli kimliyimizdir" mövzusunda elmi konfrans keçirilmiş, konfransın materialları "Naxçıvan" jurnalının milli dəyərlərə həsr olunmuş 25-ci nömrəsində çap edilmiş, bir sıra dərslik və kitablar nəşr olunmuşdur.

Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti ilə "Novruz bayramı: tarixdə və sənətdə" mövzusunda elmi konfrans təşkil olunmuş, universitetin müəllimi Məhsəti Əsgərovanın tikmə sənətinə dair işlərindən və tələbə rəssamların "Milli mərasimlərimiz" mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Həmçinin universitetdə "Heydər Əliyev Universiteti"nin aprel məşğələsi "Heydər Əliyev və milli dəyərlər" mövzusuna həsr olunmuş, həmçinin bu mövzuda "dəyirmi masa" təşkil edilmişdir. "Müstəqil dövlətçilik və milli dəyərlər", "Naxçıvan Muxtar Respublikasında mövcud olan qədim memarlıq abidələrinin bərpasına və qorunmasına dövlət qayğısı", "Milli dəyərlər və müasir gənclik", "Müstəqil dövlətçilik və ümummilli dəyərlər" mövzularında  elmi konfransların keçirilməsi də Naxçıvan Dövlət Universitetində milli dəyərlərin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi yadda qalmışdır.

Naxçıvan şəhərində müxtəlif ölkələrdən gəlmiş 24 rəssamın iştirak etdiyi "Naxçıvan - bəşəriyyətin beşiyi" adlı Beynəlxalq Rəsm Festivalı keçirilmiş, burada çəkilən rəsm əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə olunmuş və həmin əsərlərdən ibarət albom-kataloq çap edilmişdir.

Naxçıvan Mətbuat Şurası tərəfindən "Milli dəyərlərimizi qoruyaq və yaşadaq" mövzusunda yaradıcılıq müsabiqəsi gənc jurnalistlərin bu mövzularda mütəmadi çıxışına səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi ilə hazırlanan "Yallı" kompakt-diski  də yallılarımızın təbliği və yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından mühüm və əlamətdar bir hadisə olmuşdur. Kompakt-diskdə "Şərur" Xalq Yallı Ansamblının, "Nurani" Yallı Ansamblının, "Şərur qönçələri" Yallı Ansamblının ifasında 14 yallı rəqsi yerləşdirilib. "Qaladan-qalaya", "Baharı", "Urfanı", "Tello", "Qalalı", "Tirməşal", "Dönə-dönə", "El yallısı", "Xələfi" və digər yallı nümunələrinin yer aldığı kompakt-disk xalqımızın əvəzsiz folklor inciləri olan yallılarımızın mühafizə edildiyi əvəzsiz xəzinədir.

"Naxçıvan tikmələri" adlı kitab nəşr edilmiş, bu kitaba qədim tikmə sənətimiz barədə, tikmə sənətimizin müxtəlif növlərindən güləbətin, təkəlduz, doldurma, saya naxışlı bədii tikmə, muncuqlu tikmə, pilək, qurama, cülmə, oturtma, cinağı, basmanaxış, şəbəkə, düymələmə və başqa tikmə növləri haqqında geniş məlumat verilmişdir.

Tikmə sənəti haqqında Azərbaycan dili ilə yanaşı, ingilis dilində də məlumatlar yerləşdirildiyi kitabda muxtar respublikada hazırlanmış XIX əsrə və hazırkı dövrümüzə aid müxtəlif tikmə növlərinin fotoları da əks olunmuşdur.

"Naxçıvan mətbəxi" Kulinariya Mərkəzi tərəfindən "Naxçıvan mətbəxi" kitabı nəşr olunmuşdur. Kitabı oxuduqca Naxçıvan ərazisində aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntılarından, keramika məmulatlarından, dulusçuluqdan tutmuş bu gün mətbəximizdə işlədilən avadanlıqlara, Naxçıvanın uzun inkişaf yolu keçmiş mətbəx mədəniyyətinə kimi milli nümunələrlə tanış olursan.

"Süd mətbəxi", "Duru xörəklər", "Quru xörəklər", "Salat, qəlyanaltı və məzələr", "Şərbətlər", "Şirniyyatlar",a "Mürəbbələr", "Turşular", "Ocaqlar" və başqa bölmələrdə verilən məlumatlar ensiklopedik xarakter daşıyır. Sadə və anlaşıqlı dildə yazılan kitabda Naxçıvan mətbəxinin unudulmaqda olan kulinariya nümunələri də verilib. Bu da həmin yeməklərin yenidən mətbəxlərimizə gətirilməsində mühüm əhəmiyyət daşıyır.

Mətbəxlə bağlı folklor nümunələrinin də toplanıldığı, Azərbaycan və ingilis dillərində təqdim olunan nəşrin dəyərini artıran cəhətlərdən biri də qədimdən Naxçıvanda bişirilmiş yeməklərin, mətbəx qab-qacağının şəkillərinin, hazırlanmış yeməklərin reseptlərinin verilməsidir.

Bir sözlə, 2012-ci il Naxçıvan Muxtar Respublikasında "Milli dəyərlər ili" kimi yadda qalmışdır. Bu dövr ərzində görülən işlər isə milli dəyərlərimizin yaşadılması, qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində uzun illər davam edən dövlət siyasətinin tərkib hissəsi olmuşdur. Ən əsası isə milli dəyərlərin təbliği başa çatan illə yekunlaşmamışdır. Əksinə, bu sahə dövlətin dəstəyi ilə canlandırılmaqla bundan sonrakı fəaliyyətlər üçün bir növ ciddi və əhəmiyyətli addımın başlanğıcı olmuşdur. Muxtar respublikada milli dəyərlər bundan sonra da öyrəniləcək, qorunacaq, yaşadılacaq, təbliğ ediləcəkdir.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 9 yanvar.- S.3.