Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası sahəsində Mingəçevir şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni sənaye müəssisələri açılmış, "Kür" Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulmuş, digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2013-cü il

 

Azərbaycan.-2013.- 9 yanvar.- S.1.