Sosial məsələlərin həllində
daha böyük
nailiyyətlər əldə ediləcək
Bu fikirləri Prezident
İlham Əliyev Dünya
Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində bildirib
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmasıdır. Ötən 9 ildə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində inkişaf tempi yüksələn xətlə davam etmiş, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Cənab İlham Əliyev ölkə vətəndaşlarının birmənalı rəyi əsasında prezident seçkilərində qələbə qazandıqdan sonra Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. 2003-2012-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.
Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Nəticədə respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.
Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində 2003-2011-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur. 2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əməkhaqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmışdır. Ötən illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir. Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır.
Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri, hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib: "2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir.
İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox iş yeri açılmışdır. İş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir".
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, pensiya təminatı sistemində islahatların həyata keçirilməsi və pensiyaya çıxmış şəxslərin pensiyalarına əmək stajlarına uyğun olaraq artımın tətbiqi üçün qanunlarda müvafiq dəyişikliklər edilməklə dövlət büdcəsindən müvafiq vəsait ayrılmışıdr. Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. 2012-ci ilin ötən dövrünün ən yaddaqalan sosial layihələrindən biri də ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalaması və iyun ayının 1-dən bu prosesin reallaşmasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllinin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məsələlərə də toxunub: "İqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət bizə imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq. 2012-ci ildə maaşlar, pensiyalar qaldırılmışdır, ünvanlı sosial yardım on minlərlə ailəni əhatə edir. 2012-ci ildə sovet əmanətlərinin qaytarılması prosesi başlamışdır. Əminəm ki, gələn il bu proses başa çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir. Çünki biz bu əmanətlərin ən yüksək əmsalla və ən qısa müddət qaytarılmasına nail olacağıq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasətimiz konkret nəticələrini verməkdədir".
Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərdən biri kimi tanınır.
Məlumdur ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.
Dövlət
başçısı İlham Əliyev prezidentlik fəaliyyəti
dövründə məhz ölkə üçün
taleyüklü, strateji əhəmiyyətli hadisələrin
müəllifinə çevrilmiş, onun ardıcıl və
sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin
mənəvi yüksəlişinə və birliyinə xidmət
etmişdir. Əminliklə demək olar ki, dövlət
başçısının özünəməxsus liderlik
keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti,
cəmiyyətin maraq və mənafelərini ümumi bir
nöqtədə birləşdirmək bacarığı Azərbaycan
xalqının ona sonsuz etimadının əsas səbəblərindən
biri kimi çıxış edir. Əldə olunan makroiqtisadi
nəticələr ölkə iqtisadiyyatının davamlı
inkişaf etdiyini bir daha təsdiqləyir. İqtisadi və
sosial sahələrdə aparılan ardıcıl islahatlar vətəndaşlarımızın
daha yaxşı yaşamasını təmin etməklə
qarşıda yeni imkanlar açır.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 9 yanvar.- S.1.