Sosial xidmət sahəsində
dövlət sifarişlərinin bələdiyyələrə,
fiziki və
hüquqi şəxslərə, o cümlədən
qeyri-hökumət təşkilatlarına verilməsi
Qaydası
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1.
Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun 26-cı maddəsinə əsasən
hazırlanmışdır və bu qanuna uyğun olaraq sosial
xidmət sahəsində dövlət sifarişlərinin
(bundan sonra - dövlət sifarişləri) bələdiyyələrə,
fiziki və hüquqi şəxslərə, o cümlədən
qeyri-hökumət təşkilatlarına verilməsi məsələlərini
tənzimləyir.
1.2.
Dövlət sifarişləri bələdiyyələr, fiziki
və hüquqi şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları tərəfindən
bilavasitə həyata keçirilən sosial proqram, layihə və
ya ayrı-ayrı tədbirlərdən ibarət olmaqla, sosial
xidmət üzrə vəzifələrin yerinə yetirilməsinə
yönəldilir.
1.3.
Dövlət sifarişləri müsabiqə əsasında
verilir. Bu zaman sifarişçi qismində dövlət
orqanı, icraçı qismində bələdiyyələr,
fiziki və hüquqi şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları çıxış
edirlər.
1.4.
Dövlət sifarişlərinin verilməsi bu Qaydanın əlavəsinə
uyğun olaraq tərəflər arasında
bağlanılmış sosial xidmət sifarişi üzrə
müqavilə ilə rəsmiləşdirilir.
2. Dövlət sifarişlərini
verən orqan
2.1.
Dövlət sifarişlərini verən dövlət
orqanı:
2.1.1.
dövlət sifarişlərinin məqsədlərini, həyata
keçirilmə şərtlərini müəyyən edir və
dövlət sifarişinə ayrılacaq vəsaitin məbləğini
hər il üzrə dövlət büdcəsinin tərtibi
prosesində Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə razılaşdırır;
2.1.2.
müsabiqə komissiyasını formalaşdırır;
2.1.3.
müsabiqənin əsas şərtlər toplusunu
hazırlayır;
2.1.4.
müsabiqə komissiyası tərəfindən müsabiqənin
əsas şərtlər toplusu və müsabiqənin
elanı təsdiq edildikdən sonra müsabiqə
elanını dərc etdirir;
2.1.5.
dövlət sifarişləri üzrə müsabiqənin
keçirilməsini təmin edir;
2.1.6.
dövlət sifarişlərini həyata keçirəcək
icraçı təşkilatla müqavilə bağlayır;
2.1.7.
dövlət sifarişlərinin müqavilə şərtlərinə
uyğun olaraq yerinə yetirilməsinə nəzarət edir;
2.1.8.
müqavilənin şərtlərinin pozulması hallarında
qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata
keçirir.
3. Müsabiqədə iştirak
üçün əsas şərtlər
3.1.
Dövlət sifarişləri üzrə müsabiqədə
iştirak etmək istəyən bələdiyyələr,
fiziki və hüquqi şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları üçün əsas
şərtlər aşağıdakılardır:
3.1.1.
müsabiqə elanında göstərilən sosial xidmət
növü üzrə tam və ya qismən
ixtisaslaşması;
3.1.2.
sifarişçi ilə bağlanmış müqavilənin
icrasını təmin etmək üçün müvafiq sahədə
peşəkarlığının, təcrübəsinin,
texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin,
idarəetmə səriştəsinin və
etibarlılığının olması;
3.1.3.
vergilər və digər icbari ödənişlərlə
bağlı vaxtı keçmiş öhdəliklərinin
olmaması.
4. Dövlət sifarişlərinin
verilməsi ilə bağlı
proseslərin təşkilinin əsas prinsip və
formaları
4.1.
Dövlət sifarişlərinin verilməsi ilə
bağlı proseslərin təşkilində əsas prinsiplər
aşağıdakılardır:
4.1.1.
bələdiyyələrin, fiziki və hüquqi şəxslərin,
o cümlədən qeyri-hökumət təşkilatlarının
dövlət sifarişləri üzrə müsabiqədə
iştirakının təmin edilməsi;
4.1.2.
qanunvericiliyə əməl olunması, proseslərin şəffaflığı;
4.1.3.
ədalətlilik və ayrı-seçkiliyin yolverilməzliyi;
4.1.4.
maraqlı tərəflərin məlumatlara bərabər
çıxışının təmin olunması;
4.1.5.
sosial xidmət üzrə proqramların əhalinin rifah
halının yaxşılaşmasına yönəldilməsi;
4.1.6.
sosial tərəfdaşlıq və əməkdaşlığın
təmin olunması;
4.1.7.
sosial xidmətlərin göstərilməsi sahəsində təsisatların təşəkkül
tapması və inkişafı;
4.1.8.
sosial xidmətlərin və sifarişlərin yerinə
yetirilməsi sahəsində rəqabət mühitinin
formalaşdırılması və keyfiyyətin yüksəldilməsi.
4.2.
dövlət sifarişləri üzrə müsabiqələr
qanunvericiliklə müəyyən olunmuş qaydada həyata
keçirilir.
5. Müsabiqənin keçirilməsi
üzrə komissiyanın təşkili
5.1.
Müsabiqənin keçirilməsi üçün sosial xidmət
üzrə sifarişlərin profilinə uyğun olaraq Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində, Azərbaycan
Respublikasının Təhsil Nazirliyində, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyində və yerli
icra hakimiyyəti orqanlarında müsabiqə komissiyası
(bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibinə
müvafiq dövlət orqanının mütəxəssisləri
daxil edilirlər. Digər mərkəzi icra hakimiyyəti orqanları,
qeyri-hökumət təşkilatları, yerli icra hakimiyyəti
və bələdiyyələrə maraqlı olan məsələlərə
baxıldıqda, onların nümayəndələri
komissiyanın iclaslarına dəvət edilirlər.
Komissiyanın sədri dövlət orqanının vəzifəli
şəxslərindən (rəhbəri istisna olmaqla) təyin
olunur.
5.2.
Komissiyanın tərkibini və iş qaydasını dövlət sifarişini verən dövlət orqanının rəhbəri
(onun vəzifəsini icra edən şəxs) təsdiq edir.
6. Komissiyanın iş qaydası və əsas vəzifələri
6.1.
Komissiya öz fəaliyyətini iclaslar vasitəsilə həyata
keçirir. Komissiyanın iclasları komissiyanın sədri tərəfindən
çağırılır.
6.2.
Müsabiqə prosedurları zamanı və müsabiqənin
nəticələrinə dair qərar çıxarılarkən
komissiya üzvlərinin azı dörddəüçü
iştirak etməlidir. Komissiyanın qərarları
yığıncaqda iştirak edənlərin sadə səs
çoxluğu ilə qəbul edilir. Səslər bərabər
bölündükdə komissiya sədrinin səsi həlledici
hesab olunur. Qərar komissiyanın bütün üzvləri tərəfindən
imzalanır.
6.3.
Komissiya müsabiqənin nəticələrinə dair qərarın
qəbulu məqsədi ilə keçirdiyi iclaslara ekspertləri
və sifariş verən orqanın səsvermə hüququ
olmayan digər nümayəndələrini dəvət edə
bilər.
6.4.
Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.
6.5.
Komissiyanın əsas vəzifələri
aşağıdakılardır:
6.5.1.
komissiyanın fəaliyyətində tam
aşkarlığı təmin etmək;
6.5.2.
dövlət sifarişləri üzrə müsabiqəyə
təqdim olunmuş təkliflərin qiymətləndirilməsinin
obyektiv meyarlarını
hazırlamaq;
6.5.3.
sifarişçi tərəflə müsabiqə şərtlərini
razılaşdırmaq;
6.5.4.
müsabiqənin nəticələrinin dərc olunmasını
təmin etmək.
7. Müsabiqənin keçirilməsi
qaydaları
7.1.
Müsabiqə başlayanadək komissiya tərəfindən
müsabiqə haqqında məlumat hazırlanır və həmin məlumatlar kütləvi
informasiya vasitələrində, ərazi üzrə yerli
kütləvi informasiya vasitələrində, Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında, həmçinin
müsabiqənin keçiriləcəyi dövlət
orqanının inzibati binasının qarşısında yerləşən
elan lövhəsində aşağıdakılar göstərilməklə
dərc olunur:
7.1.1.
maliyyələşdiriləcək layihənin texniki
icmalı, məqsədi və fəaliyyət dairəsi;
7.1.2.
uyğun namizədlərin təsviri;
7.1.3.
müsabiqədə iştirak etmək üçün təqdim
ediləcək sənədlərin siyahısı, bu sənədlərə
aid tələblər;
7.1.4.
müsabiqədə iştirak etmək üçün
qeydiyyatın başlanma və başaçatma vaxtı, həmçinin
müsabiqənin keçirilmə tarixi və yeri;
7.1.5.
sənəd qəbulu məntəqələrinin ünvanı
(otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);
7.1.6.
müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi
qaydası.
7.2.
Müsabiqə aşağıdakı qaydada keçirilir:
7.2.1.
maliyyələşdiriləcək layihənin məqsədi, fəaliyyət
istiqamətləri və bunlar üçün ayrılacaq vəsaitin
məbləği komissiya üzvləri tərəfindən
elan edilir;
7.2.2.
müsabiqə iştirakçılarının təqdim
etdikləri zərflər daxil olduqları
ardıcıllıqla açılır və təkliflərin
qiymətləndirilməsi aparılır;
7.2.3. qalib gəlmiş
təklif elan edilir;
7.2.4. müsabiqə başa çatdıqdan sonra, komissiya müsabiqənin yekunlarını
protokollaşdırır. Protokol iclasda
iştirak edən komissiya üzvlərinin tərkibi, müsabiqənin
şərtləri, iştirakçıların
təklifləri və
müsabiqənin qalibi
haqqında məlumat göstərilməklə, iki
nüsxədə tərtib
edilir, komissiya üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır
və təsdiq edilmək üçün
dövlət orqanına
təqdim olunur. Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri öz mövqelərini yazılı şəkildə
əsaslandırır və
o, imzalanmış protokola
əlavə olunur.
Müsabiqənin qalibi olmuş
icraçı təşkilat
müsabiqənin yekunları
haqqında protokolu imzalamadıqda, müsabiqə
baş tutmamış
hesab olunur.
7.3. Protokol 5 (beş)
iş günü müddətində dövlət
orqanı tərəfindən
təsdiq edilir. Onun bir nüsxəsi
müsabiqənin qalibinə
təqdim olunur və dövlət sifarişləri üzrə müqavilənin
bağlanılması hüququnu
təsdiq edən sənəd kimi qəbul edilir.
7.4. Protokol dövlət orqanı tərəfindən
təsdiq edildikdən
sonra 20 (iyirmi) gündən və ya elanda göstərilən
başqa müddətdən
gec olmayaraq dövlət orqanı və icraçı təşkilat arasında dövlət sifarişləri
üzrə bu Qaydanın 1.4-cü bəndinə
uyğun olaraq, müqavilə bağlanılır. Müqavilənin şərtləri, dövlət orqanı və icraçı təşkilatın (tərəflərin)
hüquq və vəzifələri, həmçinin
müqavilənin şərtlərinin
pozulmasının nəticələri
müqavilədə müəyyən
edilir.
7.5. Müsabiqənin yekunları
haqqında məlumat kütləvi informasiya vasitələrində dərc
edilir və dövlət orqanının
rəsmi internet saytında
yerləşdirilir.
7.6. Müsabiqə baş tutmadıqda, komissiyanın
iclasında onun təkrar keçirilməsi
və keçirilmə
müddətinin təyin
edilməsi barədə
qərar qəbul edilir.
8. Dövlət sifarişlərinin yerinə
yetirilməsinə nəzarət
Dövlət sifarişləri ilə bağlı müqavilə
öhdəliklərinin yerinə
yetirilməsinə nəzarəti
sifarişi verən orqan həyata keçirir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyi və yaxud tam və keyfiyyətlə yerinə yetirilmədiyi halda sosial xidmət
üzrə sifarişi
verən orqan icraçıya qarşı
sosial xidmət müqaviləsində nəzərdə
tutulmuş sanksiyanın
tətbiq olunmasına
dair qərar qəbul edir.
9. Mübahisələrə baxılma
qaydaları
Dövlət
sifarişlərinin yerinə
yetirilməsi ilə bağlı müqavilədən irəli
gələn öhdəliklərin yerinə yetirilməməsi
və ya maddi zərərin ödənilməsi ilə
bağlı mübahisələrə Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr
tərəfindən baxılır.
Azərbaycan.-2013.- 9 yanvar.- S.2.