Şah İsmayıl Səfəvi -
qürur və şərəf tağımız
Tarixi mənbələr göstərir ki, "Səfəvi dövlətində sünnilərin kəskin təqib olunmasına baxmayaraq, Şah İsmayıl xristianları himayə edirdi". Bu, təkcə Səfəvi dövlətinin Qərbi Avropa dövlətləri ilə yaxınlaşması üçün həyata keçirdiyi xarici siyasət kursu ilə bağlı deyildi. Gəlin unutmayaq ki, İslam, onun şiə məzhəbi xüsusilə digər səmavi dinlərə həmişə hörmətlə yanaşıb. Çünki İslamın müqəddəs kitabı Qurani-Kərimdə belə buyurulur. Bir halda ki Şah İsmayıl həm də qızılbaşların dini lideri idi, o bunu bilməmiş və buna əməl etməmiş olmazdı.
Yeri gəlmişkən burada bir məsələyə də toxunmaq istərdim ki, bu da bir çox diletant "alimlərin" Səfəvilər nəslini və xüsusilə I Şah İsmayılı gah fars, gah da kürd kimi təqdim etmələridir. Əlbəttə, biz azərbaycanlılar üçün bu, qürurverici bir haldır. Lakin tarix tarixdir və onu yaradan şəxsiyyətlərin mənsubiyyətini təhrif etmək olmaz. Hərçənd İ.Petruşevski, V.Minorski, O.Əfəndiyev, Z.Bünyadov və dünyanın bir çox tanınmış alimləri bu fərziyyələrə, qarayaxmalara tutarlı tarixi faktlarla çoxdan cavab vermişlər. Amma bunu bir neçə tarixi mənbədən təkrar qeyd etməyimiz tam yerinə düşür.
Mənbələrdə qeyd olunan maraqlı faktlardan biri odur ki, faşist ideoloqlarından olan Valter Hints "Səfəvilərin fatehlik səylərini "iranlı arilərin "hərəkatı" kimi təqdim etməyə çalışmış və xüsusi "tədqiqat" apararaq, Səfəvilərin damarlarında guya daha çox "arilərin qanının axdığını" bildirmişdir. Əlbəttə, bu haqda diskussiya açmağa belə dəyməz, çünki bu, tarixin tipik faşist falsifikasiyasından başqa bir şey deyildi. Bu yerdə belə cəfəngiyat yazanlara İ.Petruşevski qəti şəkildə bildirir ki, "XV əsrdə Səfəvilərin fəaliyyəti daha böyük şəkildə qızılbaşlarla və Azərbaycanla bağlı olmuşdur".
Sufizmin tanınmış fransız tədqiqatçısı Massinion də hesab edir ki, Səfəvi ordeni məhz "dərviş ordeni Şihabəddin Sührəvərdinin azərbaycanlı qanadıdır".
İ.Petruşevski yazır: "Yeni yaranmış dövləti ...çox tez-tez sadəcə Səfəvilər və ya Qızılbaş dövləti (dövləti-Qızılbaş) adlandırırdılar".
Bununla bir daha sübut olunur ki, səfəviyyə təriqəti mərkəzləşmiş Azərbaycan dövlətini yaratmaqla siyasi məqsədini tam gerçəkliyi ilə meydana qoymuşdur.
İ.Petruşevski tədqiqatlarında yazır: "Şeyx Səfiəddinin XIV əsrin ikinci yarısında tərtib olunmuş tərcümeyi-halında qeyd olunur ki, Şirvanşah II Axsitan (XIII əsrin sonunda) Səfəvi ordenini kəndliləri əkin-biçin işindən sərgərdan etməkdə günahlandırır (Bu faktı tarixçi dərviş İbn Bəzzaz da öz əsərində göstərir - H.M.). Müridlərin arasında çoxlu sənətkarlar var idi: onlardan (müridlərdən) bəziləri sənətkarlarla bağlı olan və zülmkarları öldürməkdə tanınmış "əxi" (ərəbcə "axi"- "qardaş") ittifaqının üzvləri idilər. Ancaq XIV əsrin ikinci yarısında orden özünün sosial simasını dəyişdi və ordenin başına feodal elementlər gəldilər. Artıq Şeyx Səfiəddinin oğlu Şeyx Sədrəddin (1392-ci ildə ölüb) çox böyük torpaq sahibi idi. Nə o, nə də onun oğlu və varisi şeyx Xocaəli (1427-ci ildə ölüb) hələ Ərdəbil vilayətinin sahibi deyildilər. Ancaq İbrahim Şeyxşah (1447-ci ildə ölüb) artıq Ərdəbilin feodal sahibi idi. Ərdəbildə Qızılbaşlar dövlətinin əsasına çevrilən Şeyx Səfəvilərin dini knyazlıqları belə yarandı".
Müəllifləri İ.V.Piqulevskaya, A.Y.Yakubovski, İ.P.Petruşevski, L.V.Stroyeva və A.M.Beleniski olan "İstoriə İrana s drevneyşix vremen do konüa XVIII veka" tarixi əsərində də qeyd olunur ki, "ilk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar. Onların doğma dili Azərbaycan dili olub. Onlar çox böyük nüfuza malik idilər və onların təkcə Azərbaycanda yox, Qərbi İranda (İsfahanda və s.), xüsusilə Rumda da (Kiçik Asiyada) müridləri vardı...
XV əsrdə Səfəvilərin əsas dayağı Azərbaycan dilində danışan köçəri türk tayfaları idi. Onlar müxtəlif yerlərdən idilər, əksər hissələri Azərbaycan və İrana Kiçik Asiyadan, Osmanlı sultanlarına düşmənçilik üzündən və siyasətə neytrallıqdan köçüb gəlmişdilər. İlkin olaraq onlar yeddi tayfadan ibarət idilər - şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, vilkadar. Onlardan yalnız şamlı və rumlu tayfaları tam şəkildə Səfəvilərə tabe idilər. Sonra bu tayfalar ümumi bir ad altında birləşdilər".
Digər bir mənbədə İ.Petruşevski qeyd edir ki, "Qərbi Avropanın bir çox burjua şərqşünasları bu dövlətdə (dövləti-Qızılbaşda - H.M.) fars milli dövlətini görmüş və görməkdədirlər (Yüzillər keçməsinə baxmayaraq, təəssüf ki, indi də bu yanlış yanaşma qalmaqdadır - H.M.). Bu, çox böyük səhvdir. Səfəvilər dövləti türkdilli Azərbaycan tayfaları - qızılbaşlar tərəfindən yaradılmışdır, İran elementləri XVI əsrin başlanğıcındakı hadisələrdə çox passiv rol oynamışdır. Və demək olar ki, bütöv bir yüzillikdə, I Şah Abbas islahatlara başlayana qədər dövlətə rəhbərlik köçəri (daha dəqiq, yarımköçəri) qızılbaş əsilzadə hərbçilərinə məxsus olmuşdur."
Bu da tarixin sübuta ehtiyacı olmayan reallıqlarından biridir ki, "Şah İsmayıla qədər Azərbaycan hökmdarlarından heç biri bütün Azərbaycan torpaqlarını məhz vahid siyasi və ideoloji bayraq altında birləşdirə bilməmişdi". Əslində ondan sonrakı bəzi maraqlı qüvvələr son dövrlərə qədər Şah İsmayılın Böyük Azərbaycan ideallarını nə dərk edə bilmiş, nə də qurduğu bu böyük Azərbaycanı - Fars körfəzindən Dəmirqapı Dərbəndə qədər olan dövləti qoruyub saxlaya bilmişlər. Səfəvilərdən sonra Azərbaycan ərazisində qurulan dövlətlərin bu böyük ideallara sadiq qala bilməməsi, bir məmləkətdə yüz yerə bölünmələri, düşmənçilik edib bir-birinə silah çəkmələri yüzillərlə xalqımızı yadellilərin boyunduruğu altına salmışdır. Bunun günahını Şah İsmayılda axtarmaq nə dindən, nə imandan, nə də insafdandır.
Sual olunur ki, Osmanlı imperiyası ilə Səfəvi dövləti arasında yaranan qarşıdurma və sonra Çaldıranda keçən döyüşün səbəbi nədir? Əslində, məhz bunun mahiyyətini aça bilməyən, əksər hallarda başa düşmək istəməyən söz adamları bu gün Şah İsmayılı Osmanlı imperiyasını zəiflətməkdə və bir çox həqiqətdən uzaq məsələlərdə suçlayırlar.
Ona görə də Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün, hörmətli akademikimiz Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "əsas diqqəti böyük dövlət xadimi Şah İsmayılın fəaliyyətinin və Azərbaycan ideya-siyasi platformasını formalaşdırmaq cəhdlərinin təhlili üzərində cəmləşdirmək lazımdır. Bu, Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün müəyyən baza yaradır...
Ağqoyunlunun ərazisində daha geniş əraziyə malik və hərbi-siyasi cəhətdən daha güclü Səfəvilər dövlətinin meydana gəlməsi Osmanlı imperiyasının Şərqə doğru genişlənməsi yolunda çox ciddi maneə demək idi. Beləliklə, Qara dəniz sahillərindəki məşhur ticarət mərkəzlərinin yerləşdiyi Şərqın müxtəlif şəhərlərini birləşdirən, həmçinin Uzun Həsənin və Sultan II Məhəmmədin hökmranlığı dövründə Bursanı, İstanbulu və Qara dənizi Avropa ilə bağlayan ənənəvi karvan yollarına sahib çıxmaq uğrunda mübarizə Səfəvilərin hakimiyyətə gəlişi ilə daha da kəskinləşdi...
Səfəvi dövlətinin güclənməsi Osmanlı imperiyasının ilhaqçılıq siyasətinə zidd idi. Ona görə də XVI əsrin əvvəllərindən Səfəvilərlə Osmanlı arasında münasibətlər kəskinləşməkdə davam edirdi..."
Bir çox mənbələrdə hətta bu nəhəng dövlətlər arasında münasibətlərin gərginləşməsində Roma papası X Levin də "xüsusi xidmətləri" qeyd olunur. O özünün Avropa dövlətlərinin başçılarına məktubunda Azərbaycan - Osmanlı münasibətlərinin kəskinləşməsini "Allahın xristian dünyası üçün yaratdığı əlverişli məqam" kimi qiymətləndirirdi.
Doğrudur, Osmanlı imperiyası ilə mərkəzləşmiş Səfəvi dövləti arasında dini şüarlar altında məzhəb müharibəsi getsə də - türklər şiəliyi, Səfəvilər isə sünniliyi kafirlik hesab etsələr də - əslində böyük bir regiona - Cənubi Qafqaza, Ön Asiyaya, İrana, İraqa nəzarət etmək, Qafqazdan Mesopotamiyaya uzanan strateji və ticarət yolunu ələ keçirmək uğrunda mübarizə gedirdi. Tarixçilərin yazdığı kimi, məhz XVI əsrin əvvəllərində Səfəvi dövləti Osmanlı imperiyasının qarşısında çöx nəhəng bir maneə idi.Türk tarixçisi İ.T.Öztuna bu dövrü tədqiq edərkən belə qənaətə gəlir ki, Səfəvi dövləti öz nəhəngliyinə görə Osmanlı imperiyasından sonra dünyada ikinci olmuş və "bu osmanlıların təhlükəli düşməninə çevrilmişdi. Səfəvilər osmanlıların istilaları yolunda maneə yaratmışdılar və onlara təhlükə yaradırdılar. Əgər Səfəvi səddi olmasaydı, osmanlıların İtaliyada, Almaniyada qarşısını almaq çox çətin olardı". Məhz həmin ərəfədə Səfəvi dövlətinin əhatə etdiyi ərazilər Osmanlı imperiyasının ərazilərindən çox idi və "3 milyon 500 min kvadratkilometr" (Y.Mahmudov - "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin başlanğıcı")) təşkil edirdi.
Əslində hər iki tərəf müharibəyə ciddi şəkildə hazırlaşırdı. Osmanlı imperiyasının arxasında cərəyan edən bütün hadisələri də Avropa dövlətləri çox diqqətlə izləyirdilər. Türkiyədə sultanlıq uğrunda gedən mübarizələrin fonunda "... inkişaf etməkdə olan Ağqoyunlu dövlətinin ərazisində qızılbaşlar hərəkatının sürətlə yüksəlişi və Şah İsmayılın ilk hərbi uğurları Qərbi Avropada müəyyən canlanmaya səbəb olmuşdu. Roma papaları Türkiyəyə qarşı "səlib yürüşlərinin" təbliğatını yenidən genişləndirməyə başlamışdılar". Hətta belə yürüşlərin təşkili üçün papa Aleksandr IV Borcia 1500-cü ildə, ali din xadimlərinə, hətta kardinallara və papa dəftərxanasının nümayəndələrinə şamil edilən, yeni onluqların toplanması üçün xüsusi bulla (Roma papalarının xüsusi fərmanları, fətvaları - H.M.) verdi.
Mənbələrdə göstərilir ki, "Osmanlı imperiyası ilə mübarizədə özünün ənənəvi müttəfiqi olan Ağqoyunlunun ərazilərində yeni, daha güclü və əzəmətli Səfəvi dövlətinin yaranması xəbərini, bu ərəfədə Türkiyə ilə müharibə şəraitində olan Venesiya Respublikası da şadyanalıqla qarşıladı".
Yeri gəlmişkən, Səfəvi dövlətinin diplomatik münasibətlər qurduğu ilk ölkə də Venesiya Respublikası olmuşdur. Bu məramla Türkiyə ilə müharibə ərəfəsində olan Venesiya öz elçisi Konstantin Laskarini diplomatik əlaqələr qurmaq üçün Şah İsmayılın hüzuruna göndərir. Konstantin Laskari Şah İsmayılla görüşüb danışıqlar aparır və Venesiya hökumətinin Səfəvi dövlətinə artilleriya və gəmilərlə kömək edəcəyini bildirir. Səfəvi şahı bu vədi məmnunluqla qarşılayır və Laskarinin məlumatına görə, danışıqlar zamanı "cənab Sufi etiraf etdi ki, o, Qaramana hücum etməli və bu ölkəni öz sahiblərinə qaytarmalıdır".
Maraqlıdır ki, Konstantin Laskari öz məlumatlarında Şah İsmayılın Türkiyənin bir çox yerlərində xalq tərəfindən sevildiyini də gizlətmir: "Sufinin (Şah İsmayılın - H.M.) digər keyfiyyətlərindən danışarkən mən əlavə etməliyəm ki, hətta Türkiyə torpaqlarında çoxlu insanlar ona xeyirxahlıqla yanaşır və onun hakimiyyəti altında yaşamağa hazırdırlar". Səyahətçinin bu fikirləri bir çox mənbələrdə də təsdiqini tapır. Tarixçi alim Y.Mahmudov "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin başlanğıcı)" əsərində onların bir neçəsinin adı çəkilir və göstərilir ki, Şah İsmayılın nüfuzu "onunla izah olunur ki, XV əsrin sonu və XVI əsrin əvvəllərində şiəlik Kiçik Asiyada, xüsusilə Anadoluda sürətlə genişlənməyə başlamışdı. Türk tarixçisi Səlahəddin Tansel bu faktı təsdiq edərək göstərir ki, bu vaxtlarda Amasiya valisinin özü şahzadə Əhməd də qızılbaşların təsiri altında idi, onun oğlu isə şiəliyi qəbul etmişdi. Mənbələrdəki məlumatlara görə, 1502-ci ildə hətta İstanbulun özündə 5000 qızılbaş olub".
Araşdırmalar göstərir ki, Səvəfi şahı 1500-cü ildə Qaramanda osmanlılara qarşı üsyandan, Sultan II Bəyazidin oğlanlarının taxt-tac uğrunda mübarizəsindən özü və dövlətinin maraqları üçün istifadə etməmişdir. Hərçənd Sultan II Bəyazidin vaxtında Osmanlı imperiyasının böyük bir hissəsini ələ keçirmək, hərbi potensialını zəiflətmək və Çaldıran döyüşünün reallaşmasını ləngitmək olardı. Lakin Şah İsmayıl buna getmədi və bunun əsas səbəblərindən biri "İstoriə İrana s drevneyşix vremen do konüa XVIII veka" əsərində belə göstərilir: "Şah hökuməti Osmanlı Türkiyəsi ilə münasibətləri açıq qarşıdurmaya gətirib çıxarmaq istəmirdi və onun ağır vəziyyətindən istifadə etmədi: ancaq Türkiyədə şiələrin üsyanı ilə eyni vaxtda Sultan II Bəyazidlə oğlanları arasında daxili bir müharibə gedirdi". Bunu venesiyalı diplomat Konstantin Laskari də ölkəsinə göndərdiyi məlumatlarla təsdiqləyir.
Sultan II Bəyazidin oğlu I Səlim hakimiyyətə gəlib qardaşlarını və onların oğlanlarını qətlə yetirdikdən sonra Osmanlı imperiyasının xarici siyasətini dəyişdi. Tarixçi Petruşevski yazır: "Türkiyə bu dövrdə Balkan yarımadasındakı dövlətləri zəbt etmək uğrunda, həmçinin Macarıstan, Venesiya və digər Avropa dövlətləri ilə müharibə aparırdı. I Səlim Ön Asiyanı zəbt etmək üçün böyük planlar hazırlamağa başladı. Öncə o, "islam ardıcıllarını (sünniləri)" "kafir şiələrdən" qorumaq şüarı altında İran istiqamətində yürüş hazırladı. Gizli çuğulların hazırladığı siyahı əsasında qırx min Kiçik Asiya şiəsini qılıncdan keçirməklə arxasını tam təmizləyən I Səlim Səfəvi dövlətinə qarşı müharibəyə başladı..."
Sultan I Səlimin Şah İsmayılla bu ədavətinə səbəb Osmanlı imperiyasında II Bəyazidin oğlanları arasında taxt-tac üstündə gedən çəkişmədə Şah İsmayılın şahzadə Əhmədi dəstəkləyərək Səlimin hakimiyyətə gəlməsinə mane olması idi. Lakin bütün bunlara baxmayaraq, yeniçərilərin və yerli feodalların fəal dəstəyi ilə 1512-ci il aprelin 24-də Səlim qardaşı Əhmədin tərəfdarları üzərində qələbə çalaraq hakimiyyəti ələ keçirdi. İsmayıl şah çox cəhd göstərdi ki, şahzadə Əhmədə kömək edib Səlimi taxtdan salsın, amma heç nə alınmadı. Yeni sultan hər iki qardaşının hərbi dəstələrini darmadağın etdi və əmr verdi ki, qardaşlarını oğlanları ilə bir yerdə edam etsinlər. Şahzadə Əhmədin yalnız bir oğlu - Murad Səfəvilər sarayına sığına bildi. Muradı alıb aparmaq tələbi ilə Səfəvi sarayına gələn Osmanlı elçiləri qətlə yetirildilər. O zamanlar, elə sonralar da monarxiyanın hökm sürdüyü ölkələrdə belə məsələlər asanlıqla unudulmurdu. Ona görə də Osmanlı və Səfəvi imperiyaları arasında münasibətlər bir qədər də gərginləşdi.
Bəzi üzdəniraq tarixçilər nəyə görəsə Sultan I Səlimin 1513-cü ildə təkcə Kiçik Asiyada qocaya, uşağa və qadına baxmayaraq yaşı 7-dən 77-yə 40-45 min şiəni qılıncdan keçirməsi faktının üstündən sükutla keçirlər. Bəli, bu da faciə idi, məzhəb ayrılığını dəstavuz edib Cənubi Qafqaza, Ön Asiyaya, İrana, İraqa nəzarət etmək, Qafqazdan Mesopotamiyaya uzanan strateji və ticarət yolunu ələ keçirmək iddiasında olan Osmanlı imperiyasının Azərbaycan xalqının tarixinə yazdığı faciə! Məhz bu qətliam Osmanlı imperiyasının Səfəvi dövlətinə hərbi yürüş planının hazırlıq mərhələlərindən biri idi.
2007-ci ildə nəşr olunmuş "Azərbaycan tarixi" dərsliyində göstərilir: "Sultan I Səlim hərbi əməliyyata başlamazdan əvvəl bir neçə tədbir gördü: a) Avropa ölkələri ilə - Moskva dövləti, Macarıstan,Venetsiya, Moldova və Valaxiya ilə sülh müqaviləsi bağladı. Beləliklə, Qərbdə müvəqqəti olaraq hərbi əməliyyat dayandı; b) yardım üçün Mavərənnəhrin özbək padşahı Ubeydulla xanın razılığını aldı; c) ölkə daxilində Səfəvi dərviş təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrinin kütləvi qırğınını təşkil etdi. Bu məqsədlə hər vilayətdə 7 yaşından 70 yaşa qədər bütün şiə kişi cinsini siyahıya aldırdı. Tarixçi Əbdül Fəzl Əlinin verdiyi məlumata görə, bu tədbirin həyata keçirilməsilə 40 min şiə qılıncdan keçirilmişdir: ç) o bu tədbirlə həm də arxada qızılbaş qiyamçılarına qarşı vuruşan dəstə düzəldirdi. Çünki qiyamın baş verməsi real idi; d) I Səlim öz işğalçılıq niyyətini pərdələmək üçün 1514-cü ilin yazında Ədirnədə fövqəladə divan çağırdı. Divanda sünni üləmaları qızılbaşlarla müharibəni bütün müsəlmanların müqəddəs vəzifəsi elan etdilər".
Nəhayət, Sultan Səlim öz niyyətlərini həyata keçirmək və Səfəvi dövlətinə qarşı müharibəyə başlamaq üçün 1514-cü il martın 20-də Ədirnədən hərbi yürüşə çıxdı. Bütün ölkə üzrə hərbi səfərbərlik elan olunmuşdu. Aprelin 28-də Səfəvi dövlətinə rəsmən müharibə elan edildi. Tarixçilər yazırlar ki, "1514-cü ilin mayında I Səlim osmanlıların bütün hərbi gücünü Kiçik Asiyada Şah İsmayıla qarşı çıxartdı". Artıq iyulda Osmanlı sultanı 140 minlik ordusu ilə Səfəvi dövlətinin sərhədində idi. İyulun 9-da ordu hissələrinə rəsmi baxış keçirən I Səlim 40 minlik ordu hissəsini Sivasda saxlayıb, özü 100 minlik ordu ilə iyulun 13-də sərhədi keçdi. 1514-cü il avqustun 23-də Çaldıran düzündə Osmanlı imperiyasının hərbi qüvvələri Şah İsmayılın ordusu ilə üz-üzə gəldilər. Osmanlı imperiyasının başlatdığı Çaldıran döyüşü qardaş qanının axıdıldığı ən dəhşətli müharibələrdən biri kimi tarixə düşdü.
"Azərbaycan tarixi"ndə yazılır: "Fars mənbələrinə görə, döyüşdən əvvəl hərbi şurada osmanlıların taktikası ilə tanış olan Məhəmməd xan Ustaclı və Rumlu Nurəli Xəlifə düşmən üzərinə gecə hücuma keçməyi İsmayıla təklif etdilər. Onların fikirinə görə, gecə atəşi qızılbaş süvarilərini silah və top atəşindən xilas edər, beləliklə də osmanlılar döyüş vəziyyəti alana qədər məsələ həll olunar. Lakin qızılbaş sərkərdəsi Şamlı Durmuş xan bu təklifin əleyhinə çıxdı, gecə hücumunu qorxaqlıq, ürəksizlik adlandırdı. Bu çıxış İsmayılın xoşuna gəldi və dedi: "Mən karvanbasan quldur deyiləm, qoy Allahın məsləhət bildiyi kimi olsun".
Əlbəttə, bu böyük siyasi xadimin səhvləri də yox deyildir. Bunu onun Çaldıran döyüşü sərkərdələrinin Osmanlı ordusunun toplarından qorunmaq üçün gecə ikən hücum etmək təklifini rədd etməsi də göstərir. Halbuki amansız müharibə və döyüş ərəfəsində şübhəli əxlaq prinsiplərinin əsiri olmaq ən azı sadəlövhlükdür. Dövlət başçısının sadəlövhlüyü isə milli fəlakətdir.
1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu. Əvvəlki döyüşlərdən fərqli olaraq, bu dəfə üz-üzə gələn iki ordu sadəcə din düşmənçiliyi ruhunda tərbiyə edilib bir-birinə qarşı qoyulan və şəhid getməyə hazır olan silahlı fanatiklər idilər. Bu isə Çaldıran vuruşmasını tarixin ən qanlı qardaş qırğınlarından birinə çevirdi. Yavuz Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşması əslində türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə strateji qələbəsi idi. Qızılbaşlar igidliklə vuruşdular".
Şah İsmayıl Osmanlı sərkərdəsi, o dövrün tanınmış pəhləvanı Əli bəy Malhuçoğlu ilə üz-üzə gəldi və təkbətək döyüşə girdi. Bundan zərrə qədər də çəkinməyən Şah İsmayıl elə güclü bir qılınc zərbəsi endirdi ki, onun başı dəbilqəqarışıq ikiyə bölündü və türk azmanı yerə düşdü. Azərbaycan süvariləri Osmanlı piyada qoşununu geri oturtdular, lakin düşmənin 100-dən çox topunun amansız atəşinə məruz qalan İsmayıl əldə qılınc düşmən artilleriyasına hücuma atıldı və elə bu vaxt onun atı müvazinətini itirib sahibi ilə bərabər yerə yıxıldı. Şahın həyatı üçün belə təhlükəli bir məqamda xarici görkəmindən İsmayıla çox oxşayan qızılbaş Sultanəli Mirzə Əfşar özünü yetirdi. "Mən şaham" deyə qışqırdı və düşmən əsgərlərini arxasınca apara bildi. Qızılbaş Xızır ağa Ustaclı bir göz qırpımında Şah İsmayıla başqa bir at gətirdi və o, 300 qızılbaşla düşmən səfini yararaq Təbrizə üz qoydu. Səfəvilər 50 min nəfər itki verərək məğlub oldular.
Nə qədər həqiqət olduğunu demək çətindir. Amma mənbələrdə göstərilir ki, "Şah İsmayıl Çaldıran döyüşündə öz məğlubiyyətini gördükdə qəzəbindən qılıncını topun lüləsinə zərblə çırpır, zərbədən topun lüləsi qırılır. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətizdirir və özü də həmin hərəkəti təkrar edir. Lakin topun lüləsi kəsilmir. Belə olduqda sultan deyir ki, İsmayıl mənə başqa qılınc verib, bu o qılınc deyil. İsmayıl bunu eşidir və "Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil" deyir.
Səfəvilərlə Osmanlılar arasında fasilələrlə iki yüz ildən artıq müharibələr davam etmişdir. Lakin sərhədlər elə də çox dəyişmədi. Yalnız 1638-ci ildə Osmanlı qoşunları Bağdadı ələ keçirdikdən sonra Səfəvilər Mesopotamiyaya nəzarəti itirdilər. Bu onu göstərir ki, Şah İsmayıl Səfəvinin qurduğu dövlət o qədər güclü idi ki, uzun müddət öz sərhədlərini qoruyub saxlaya bilmişdi.
Farsdilli
salnaməçilər Çaldıran döyüşündə
Səfəvilərin məğlubiyyət səbəblərini
Şah İsmayılın məğrurluğu, özünə
həddən artıq güvənməsi,
qızılbaşların sayca az olması, Osmanlı
qoşununun avropasayağı təşkili, I
İsmayılın Osmanlı imperiyası kimi qüvvətli
bir düşmənlə müharibəyə kifayət qədər
hazır olmaması, yaxın adamlarının məsləhətinə
qulaq asmaması, nəhayət, Səfəvilərin topu olsa
da, düşmən tərəfin döyüşdə odlu
silahdan - topdan daha səmərəli istifadə etməsilə
izah edirlər. Bu kimi izahlar Şah I İsmayılın
övladlarına vəsiyyətində də əksini
tapmışdır.
Yeri
gəlmişkən, bir tarixi həqiqəti də qeyd etmək
lazımdır ki, Şah İsmayıl məşum
Çaldıran döyüşü ərəfəsində
belə ilk növbədə istedadlı rəssam və alimlərə
qayğı göstərir, onları təhlükəsiz yerdə
gizlətməyi, qorumağı əmr edirdi. Onun elmə, mədəniyyətə
göstərdiyi qayğı təkcə bu faktla məhdudlaşmır.
İsmayılın taxta yiyələndikdən dərhal sonra
gördüyü işlərdən
biri də Hulakilər dövlətinin süqutundan sonra
dağılmaq həddində olan Marağa rəsədxanasının
bərpası oldu. Bu işlərin görülməsi
üçün şah ora məşhur astronom və
riyaziyyatçı Qiyasəddini göndərmişdi. Bununla
yanaşı, Təbrizdə onun fərmanı ilə kitabxana
açılmışdı. Bu ziya ocağına çox qiymətli,
nadir kitablar və əlyazmalar toplanmışdı.
Kitabxananın rəisi isə Kəmaləddin Behzad təyin
olunmuşdu və o da sonralar Təhmasibin vaxtında, bu gün
də dünya xalça toxuculuğunun mirvarisi sayılan
"Şeyx Səfi" xalçasını toxumuşdu.
Şah
İsmayılı şiəliyi yaymaqda qınayan, bunu onun
yeganə məramı olduğunu və buna görə onun
sünniləri qırdığını bildirənlərdən soruşmaq
istərdim: əgər Sultan Səlim Yavuzun niyyəti
Osmanlı imperiyasının sərhədlərini genişləndirmək
deyildisə, məqsədi "kafir şiələrə"
qarşı savaş idisə , o zaman niyə əhalisi onlarla
eyni məzhəbdən - sünni olan Misirə 1516-cı ildə
yürüş edib məmlüklər dövlətini
süquta uğratdı? Məgər Sultan Səlim İslamdan
ilhaqçılıq siyasətini həyata keçirmək
üçün istifadə etmirdimi? Türk tarixçisi
V.M.Qocatürk göstərir ki, Sultan Səlim hakimiyyəti ələ
almamışdan əvvəl yeniçərilərə
deyirdi: "Əgər mən
padşah olsam, Ərəbistanı çərkəzlərdən
(məmlüklərdən - H.M.), Əcəm elinin şəhərlərini
isə qızılbaşlardan təmizləməkdə
israrlıyam". Buradan da görünür ki, din, məzhəb
fatehlərin, sərkərdələrin əlində həmişə
siyasi-hərbi məqsədlərinə çatmaq
üçün bir vasitə olmuşdur. Ona görə də
Şah İsmayıla çamur atmaq, onun xidmətlərini
danmaq yalnız məkrli məqsədlərə xidmət edir.
Son
dövrlərdə xaricdə Səfəvi - Osmanlı
münasibətlərinə həsr olunmuş əsərlərdən
görünür ki, Şah İsmayılın şəxsiyyətinə
qarşı yönələn "böhtan
yürüşü" əslində Azərbaycanda məzhəb
qarşıdurması və təfriqə salmaq
planlarının ideoloji taktiki mərhələsidir. Burada
tarix də, Şah I İsmayıl da, Sultan I Səlim də bu
təfriqəni salmağa çalışanların
manipulyasiya vasitəsidir.
Şah
İsmayıl haqqında məqalə yazarkən onun doğma dilinə münasibəti
haqqında danışmamaq bu böyük dövlət xadiminin ruhuna hörmətsizlik
olardı. Millətin varlığının birinci şərti
onun dilidir. Şah İsmayıl Səfəvi Azərbaycan
dilini etnik bir dildən ali dövlət dilinə çevirdi.
O, Yuli Sezardan sonra ilk böyük bir səltənətin -
imperiyanın banisi və tacidarıdır ki, özü də
qüdrətli qələm sahibi, təkrarsız poeziya incilərinin
yaradıcısı olmuşdur.
Çünki
bu məsələdə də oxucuları,
xalqımızı dalanlara yönəldən
cızmaqaraçılar var. Bir çox tarixçilər
Şah İsmayılı farsa, İrana çəkməyə
cəhd edir, onun Azərbaycan dilini dövlət dili elan etməsi
və qızılbaşların yalnız bu dildə
danışması faktının üstündən isə
sükutla keçirlər.
İ.P.Petruşevski yazır: "Şair olan və
özündən sonra divan qoyub getmiş Osmanlı Sultanı
I Səlim yalnız fars dilində yazdığı halda,
İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə
bu fakt bəzi Avropa tədqiqatçılarının
İsmayılı İran vətənpərvəri kimi təqdim
etməyin nə qədər cəfəng olduğunu göstərir.
Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin
əsas dayağı Azərbaycan köçəriləri
idi, onun sarayında Azərbaycan dilində
danışırdılar".
Düşünürəm,
nə yaxşı bunu yad bir millətin, başqa bir xalqın
vicdanlı tarixçi alimi deyir. Amma bu faktın təsdiqi təkcə
bu kiçik sitatla bitmir. Digər bir yəhudi alimi Devid Ayolon
da 1956-cı ildə nəşr olunmuş əsərində təsdiq
edir ki, Səfəvilər mənşə etibarı ilə
fars yox, türk olmuşlar. Şərqşünas alim
Riçard Fray da "İran ensiklopediyası"na
yazdığı məqalədə göstərir ki, Səfəvilər
sülaləsinın əsası Azərbaycan türkləri tərəfindən
qoyulub. Bu fikirlə Qərbin tanınmış alimləri
T.Svyatoxovski və X.Seton-Vatson da razılaşırlar. Hətta
mürtəce İran tarixçısi Rza İnayətullanın
yazdığı və erməni
alimi Q.Asatryanın fars dilindən tərcümə edib ön
söz yazdığı "Azərbaycan və Arran:
(Atropatakan və Qafqaz Albaniyası)" əsərində hər
iki alim etiraf edir ki, Səfəvilərin dili Azərbaycan
türkcəsi olub.
Baxın,
bir çox Azərbaycan türkünün bəh-bəhlə
şərhlər yazdığı "Şah və
Sultan" romanında İsgəndər Pala nə yazır:
"Şah İsmayıl türkcə, Sultan Səlim farsca ona görə məktublaşırmışlar
ki, qarşı tərəfə onun dilində cavab versinlər".
Bu, Palanın sayıqlamasından başqa bir şey deyil.
Palaya ən tutarlı cavab elə bu günlər mətbuatda əksini
tapan Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun
kitabxanasından Şah İsmayıl Səfəvinin fərmanının tapılması və Azərbaycana
gətirilməsi xəbəri oldu. Pala əgər türkcə
yaxşı bilirsə, internet saytlarından həmin fərmanı tapıb
oxusun və bəlkə onda
vicdanı qarşısında Səfəvinin ruhunu necə incitdiyini etiraf edə bildi. Əlbəttə,
əgər buna cəsarət tapsa! Oxucular agah olsun deyə
Şah I İsmayılın fərmanının
- "Əbülmüzəffər Sözü"nün son
hissəsini təqdim edirik:
"Əhməd
ağa ittifaqı ilə dərgahi-müəllamizə
bildirsinlər kim, hər növ buyruğumuz olsa, əməl
etsin könlümüzə xoş dutub mərhəmətimizə
əmrdar olsun.
Təhrirən
7 rəbiüləvvəl,
sənə
917"
"Əbülmüzəffər"
Şah İsmayılın künyəsidir (ləqəbidir).
Tarixçilər bu adla Şah İsmayılı
tanıyırlar. Sənəddə "Fərman"
sözünün yerinə "Sözümüz"
yazılıb ki, bu da sırf Azərbaycan türkcəsində
olan bir sözdür.
Şah
İsmayıl doğma Azərbaycan dilini indiki Azərbaycan,
İran, İraq, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistanın
cənubu və Şərqi Anadoluda dövlət dili elan
etmişdi. Azərbaycan dili bu dövlətdə iki yüz ilə yaxın bir
müddətdə saray, ordu və məhkəmə dili oldu.
V.Minorskinin fikrinə görə, Şah İsmayıl Xətainin
şair kimi poeziyada Azərbaycan dilinə üstünlük
verməsi onunla izah olunur ki, o öz
ardıcıllarının - türklərin onu aydın
başa düşməsini istəyirdi. Bəzən dilimiz haqqında düşünəndə
Müstəqil Azərbaycanın yeni Konstitusiyasının
müzakirəsi zamanı ciddi polemika
mövzusu olan dilimizin adı məsələsində
ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi fəhminə
heyran olmaya bilmirsən. Hamıdan "bu işdə xalqın
iradəsini nəzərə almaq" mövqeyindən
çıxış etməyi tələb edən ulu öndər
deyirdi: "...Mən bu danışdığımız dili -
buna hansı dil deyirsiniz-deyin - çox gözəl dil hesab
edirəm. Dilimiz çox zəngindir, çox ahəngdardır,
dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika
sahəsində həddindən artıq böyük nailiyyətlərimiz
var. Şəxsən mən bu dili sevirəm". Və sevdiyi
dilin haqqını qorumaq uğrunda səylərini belə
tamamladı: "Xalqımızın adı da tanınıb,
respublikamızın adı da tanınıb, dilimizin adı da
tanınıb. Bu, reallıqdır".
Dövlətçiliyə,
onun tarixinə, milli köklərə, mədəni və mənəvi
irsə sədaqətin yüksək nümunəsi!
Zənnimcə,
bu zirvədə ulu öndər Heydər Əliyev öz sələfi
Şah İsmayıl Səfəvi ilə birləşir!
Şübhəsiz,
Şah İsmayıl Səfəvinin bir şəxsiyyət
kimi bütöv xarakteri onun yüksək dərəcədə
zaman və məkanın təsirində olması ilə
bağlıdır. Məşhur alman tarixçisi Teodor Mommze
vaxtı ilə yazırdı ki, "nisbətsiz insanlıq
mövcud deyil və canlı insan zamanın, milli xüsusiyyətlərin
və müəyyən mədəni hərəkatın məlum
təsiri altına düşməyə bilməz". Şah
İsmayıl Səfəvi məhz buna görə
bütöv bir insan idi və məhz o, hamıdan daha çox
öz xələflərinin yaratdıqları və onun
zamanında fəallaşan qızılbaşlar hərəkatınının
mərkəzində yer aldı. Məhz Şah İsmayıl Səfəvi
bəşər tarixini qabaqlayaraq öz millətinin, dövlətinin
və ana dilinin dünya vətəndaşlığını
500 il əvvəl təsdiq etdirdi. Bunu nəyin bahasına və
necə etdisə, tarix üçün elə də
böyük dəyəri yoxdur. Dəyəri olan odur ki, bu
gün onun vətəndaşlıq qazandırdığı
Azərbaycan dövləti, Azərbaycan dili, Azərbaycan
xalqı var. Şah İsmayıl Səfəviyə qara
yaxanların bəzilərinin Azərbaycan türkü
olduğunu gördükdə təəssüflənirsən
və sonra anlayırsan ki, Şah İsmayıldan sonra Azərbaycanı
doğraya-doğraya, parçalaya-parçalaya farsa, rusa, erməniyə
pay-puş edənlər belələri olmuşlar!
Fikirlərimizin
tamamında Hindistanın tanınmış siyasi fikir sahiblərindən
olan Mahatma Qandinin ifadəsinə üz tuturuq: "Mən
yalnız bir tiran tanıyıram, bu da vicdanın sakit səsidir". Əziz həmkarlar, qələm
sahibləri, tarixçilər, jurnalistlər, gəlin Şah
İsmayıl Səfəviyə qarşı tiran olmayaq.
Axı o, milli mənliyimizin qürur və şərəf
tağıdır. O milli mənlik ki, müasirimiz,
böyük dövlət xadimi, dahi Azərbaycanlı, müstəqil
Azərbaycanın qurucusu Heydər Əliyev onun insan
üçün dəyərini belə
açıqlayırdı: "...Mənim üçün hər
şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim
məni həmişə bütün çətin vəziyyətlərdən
çıxarıb. Milli mənliyimə görə də mən
istədiyim yolla gedə bilmişəm, istədiyimə nail
ola bimişəm və xalqıma xidmət edə bilmişəm.
Ona görə də milli mənliyimizi gərək itirməyək..."
Elə
akademik Ramiz Mehdiyevin böyük alim, layiqli vətəndaş
və görkəmli dövlət xadimi kimi qəlbinin
hökmü ilə qələmə aldığı
"Şah İsmayıl Səfəvi ali məramlı tarixi
şəxsiyyət kimi" adlı sanballı və dəyərli
əsərinin də əsas fəlsəfi məğzi, ideya məramı
və mənəvi leytmotivi məhz budur: Azərbaycanımıza,
azərbaycançılıq ideyasına, dövlətçilik
irsimizə, şanlı tariximizə və bu tarixi yaradan
Böyük Azərbaycanlılara bir millət, bir cəmiyyət
və bir vətəndaş olaraq sahib çıxaq!
Hüseynbala
MİRƏLƏMOV,
Milli
Məclisin deputatı,
yazıçı-dramaturq
Azərbaycan.-2013.- 9 yanvar.- S.4.