Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilmişdir

 

Yanvarın 8-də Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi ilə əlaqədar əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov qeyd etmişdir ki, 2012-ci il xalqımız üçün çox uğurlu olmuşdur. Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu tədbirlər nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuşdur. Hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə  inteqrasiya prosesləri dönməz xarakter almışdır. Dövlət başçısının Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində də 2012-ci ilin ölkəmiz üçün çox uğurlu bir il olduğu və qarşıda duran bütün vəzifələrin müvəffəqiyyətlə icra edildiyi, iqtisadiyyatın, əhalinin pul gəlirlərinin əhəmiyyətli artımına nail olunduğu, mühüm infrastruktur layihələrinin reallaşdırıldığı, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəlməsi və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunduğu xüsusi vurğulanmışdır. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında rolunun və təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasının parlaq göstəricisi kimi dəyərləndirilmişdir.

Diqqətə çatdırılmışdır ki, ötən il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. Prokurorluq orqanlarının səyləri dövlət başçısı İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilmişdir.

Digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə birgə fəaliyyətin nəticəsində ötən il ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilməklə, elan edilmiş müsabiqənin uğurla başa çatdırıldığı və 47 nəfər gəncin Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təhsilə cəlb edildiyi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlər görüldüyü barədə məlumat verilmişdir.

Keçən ildə prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilən və yuxarıda qeyd olunan vəzifələrin icrası istiqamətində uğurların qazanılmasının və müsbət iş göstəricilərinə nail olunmasının nəticəsidir ki, prokurorluq orqanlarının fəaliyyəti dövlət səviyyəsində və ölkə başçısı tərəfindən çox yüksək qiymətləndirilmiş, peşə bayramı günü ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə böyük bir qrup prokurorluq  əməkdaşı yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq bilinmişdir.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarının yaradılmasının 94-cü ildönümü və peşə bayramı günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 1 oktyabr tarixli  Sərəncamına müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında fərqləndiyi üçün "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunmuşdur.

Prokurorluq əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi Azərbaycan Prokurorluğuna dövlət başçısı İlham Əliyev tərəfindən göstərilən yüksək etimad və inamın ifadəsi, dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilmiş, prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaratdığı qeyd edilmişdir.

Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmiş və fəaliyyətlərini bu etimada layiq səviyyədə qurulması üçün mümkün tədbirlər görəcəklərini bildirmişlər.

Prezident İlham Əliyev tərəfindən 2012-ci il  dekabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında" fərmanın  imzalandığını diqqətə çatdıran baş prokuror ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi yolunda müstəsna əhəmiyyətə malik olan bu fərmanın icrası ilə əlaqədar prokurorluq orqanları qarşısında da mühüm vəzifələr durduğunu vurğulamış, 2020-ci ilə qədər prokurorluğun inkişafının əsas istiqamətlərini təşkil edəcək yeni vəzifələrin müəyyənləşdirilməsi, konsepsiyada nəzərdə tutulmuş məsələlərdən irəli gəlməklə prokurorluğun fəaliyyətinə uyğun vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdir.

Əməliyyat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin  "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" 2012-ci il 26 dekabr tarixli sərəncamından irəli gələn vəzifələr ətraflı müzakirə olunmuş, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması barədə Baş Prokurorluğa göndərilmiş tövsiyələrin icrası ilə əlaqədar  zəruri tədbirlərin görülməsi barədə konkret göstərişlər verilmişdir.

Eyni zamanda, 2012-ci ildə görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində və bütün tabe struktur qurumlarda müzakirələrin aparılması, habelə  Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilmişdir.

Baş prokurorun birinci müavini Rüstəm Usubov 2012-ci ildə yol-nəqliyyat hadisələrinin istintaqı və profilaktikası ilə əlaqədar görülən işlərin səmərəliliyinin artırılması ilə əlaqədar qarşıda duran vəzifələr, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il sentyabrın 5-də təsdiq etdiyi "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar görülən işlər, Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəisi Əzizağa Həsənov isə 2013-cü ilin birinci yarım ili üçün Baş Prokurorluğun iş planı barədə ətraflı məlumat vermişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 yanvar.- S.5.