Paytaxtın içməli su ilə fasiləsiz təchizatına start verildi

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq,  bu  il noyabrın 1-dən paytaxtın Azərbaycan və Mətbuat prospektlərinin, H.Zərdabi, A.Abbasov, Z.Xəlilov, Ə.Cəmil, Ş.Mehdiyev, Şahbazi, İ.Qutqaşınlı,  Ə.Haqverdiyev, H.Cavid, M.Müşfiq və digər küçələrində 120 binada yaşayan 21360 sakinə fasiləsiz rejimdə içməli su verilir. Adi xəbəri xatırladan bu yenilik əslində, paytaxtın su təchizatı tarixində unikal bir hadisədir. Artıq paytaxt sakinlərinin 53 faizi fasiləsiz içməli su ilə təmin edilmişdir. Su çənləri və bu kimi qurğuların kəsilərək yığışdırılması davam etdirilir. "Azərsu" ASC abunəçilərini binaların damlarındakı su çənlərinin ləğv edilməsindən narahat olmamağa çağırır və içməli suyun fasiləsiz veriləcəyini bildirir.

Abşeron yarımadasının 3 tərəfdən dənizlə əhatə olunması heç də paytaxtın su təchizatının asan məsələ olduğuna dəlalət etmir. Yerin səthinin dörddən üçü su ilə örtülsə də, bunun yalnız 2,5%-i şirin su ehtiyatlarıdır. Yararlı su mənbələri göllərdə, dağlardaçaylarda, yəni, Bakı kimi meqapolislərdən xeyli aralıda yerləşir. İnsanların sıx məskunlaşdığı ərazilərdə, böyük şəhərlərin əksəriyyətində su təchizatında problemlər həmişə olub, indivar. Etiraf edək ki, bu baxımdan Bakı da istisna deyil. Ölkənin birinci şəhərinin su təchizatının nə qədər cidditaleyüklü  məsələ olduğunu dərk etmək üçün tarixə qısa bir səyahət edək. 160 il bundan qabaq, 1850-ci ildə Bakının əhalisi cəmi 7400 nəfər idi. Yəni, bu, çox kiçik bir şəhər idi. O zaman şəhərin su təchizatında əsas rolu su quyuları və kəhrizlər oynayırdı. Bakıda neft fontan vurduqdan sonra şəhər sürətlə böyüməyə başlayır, XIX əsrin sonunda əhalinin sayı artıq 110 mini ötür, XX əsrin əvvəlində isə 200 minə çatır. Şəhərin su ilə təchizatında problemlər yaşanılır. 1917-ci ildə xeyriyyəçi Zeynalabdin Tağıyev Xaçmazdan Bakıya ilk su kəmərinin çəkilişini maliyyələşdirir. "Şollar" suyunun paytaxta gətirilməsindən 10 il sonra, təxminən 1926-cı ildə Bakının əhalisinin sayı 450 mini keçir. Əhalinin sayı artdıqca isə yenə şəhərin su ilə təchizatında çətinliklər yaranır, eyni zamanda, yeni salınan Sumqayıtın da su ilə təmin edilməsi gündəmə gəlir. 1958-ci ildə faydalı həcmi 150 mln. mi olan Ceyranbatan su anbarı yaradılır. Samurçay, Vəlvələçay və Qudyalçaydan su götürən Samur-Abşeron kanalı çəkilir. Ötən əsrin 70-ci illərində Kür su kəmərləri sisteminin birinci mərhələsi, 80-ci illərdə II və III mərhələləri istismara verilir.

1850-ci ildə 7,4 min sakini olan Bakı təxminən 130 ildən sonra, 1979-cu ildə  əhalisi milyonu ötən şəhərlərin sırasına qoşulur. Sonrakı 10 ildə əhalinin sayı 200 min nəfər artır. Ermənistandan azərbaycanlıların kütləvi qovulması, illərlə uzanan Qarabağ müharibəsi ötən əsrin son on ilində paytaxt əhalisinin iki dəfə artmasına səbəb olur. XXI əsrin birinci 10 illiyində Bakının müasir meqapolis kimi sürətli  inkişafı, şəhər infrastrukturunun tamamilə yenilənməsi, yeni yerlərinin açılması paytaxt sakinlərinin sayının yenə bir milyona yaxın artmasına səbəb olur. Şəhər əhalisinin son 20 ildə 3 dəfə artması su təchizatında ciddi problemlər yarada bilərdi. Lakin müstəqil Azərbaycan dövləti bu istiqamətdə ciddi addımlar atır, taleyüklü qərarlar qəbul edir.

Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmişbu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 25 avqust 2005-ci il tarixli sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanılır və 2007-ci ilin martında tikinti işlərinə start verilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilmişdir. Kəmərin açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda insanların yaşayış səviyyəsinin və sosial rifahının yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq demişdi: "Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava - biz bütün bunlara nail olmalıyıq. Bu gün Bakıda və başqa bölgələrdə görülən işlər - ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş işlər bu məqsədi daşıyır".

Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan Oğuz-Qəbələ-Bakı kəməri Bakı sakinlərini sevindirdi və şəhər əhalisinin böyük bir qismini içməli su ilə təmin etdi. Müstəqilliyimizin ilk illərindən paytaxtın su ilə təchizatı dövlətin diqqət mərkəzində olan prioritet sahələrdən olmuşdur. Ölkə başçısının 2011-ci il may ayının 4-də təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda paytaxtın rayonlarında, ətraf kənd və qəsəbələrində içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya şəbəkəsinin formalaşması ilə bağlı əsaslı tədbirlər planı nəzərdə tutulmuşdur. Eyni zamanda, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da 2014-cü ilin sonuna qədər bütün şəhər və rayon mərkəzlərinin içməli su ilə təmin edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur.

Bu gün Bakı inkişaf tempinə və müasirliyinə görə dünyanın istənilən şəhəri ilə bəhsə girə bilər. Şəhərin su təchizatının meqapolislərin tələbləri səviyyəsində həll edilməsi üçün dünyanın aparıcı şirkətləri ilə təcrübə mübadiləsinə də üstünlük verilir. Prezident İlham Əliyevin Parisdə MEDEF-in üzvü olan adamları ilə görüşündə Bakıda su probleminin olduğunu xatırlatmış və bu istiqamətdə yeni layihələrin planlaşdırıldığını vurğulamışdır: "Bizim sukanalizasiya layihələri ilə bağlı böyük planlarımız vardır. Bu problem bizdə hər zaman mövcud olub. Təəssüf ki, Bakının və Azərbaycanın digər şəhərlərinin heç vaxt kifayət qədər su təchizatı olmayıb. Sovet dövründə yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki, bu sistem köhnəlib və bir çox çətinliklər yaradır. Bu məqsədlə biz təmiz su təchizatı ilə bağlı böyük proqram həyata keçirmək qərarına gəlmişik. Suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalı və bütün şəhərlərimiz su ilə təchiz edilməlidir.

Hədəfimiz 2013-cü ilin sonuna qədər Azərbaycanın bütün şəhərlərini su ilə tam təchiz etməkdir."

Onu da qeyd edək ki, su ehtiyatlarının məhdudluğuna və şirin su mənbələrinin əsasən ölkə hüdudlarından kənarda yerləşməsinə baxmayaraq, adambaşına düşən suyun miqdarına görə Azərbaycan dünyanın əksər ölkələrindən irəlidədir. Sevindirici haldır ki, bu gün Bakıda şəhər sakinlərinin su ilə fasiləsiz təchizatına start verildi. Yasamal rayonundan start götürən bu iş Binəqədi və Suraxanı rayonlarına adlayacaq, bütün şəhəri əhatə edəcək.

 

 

Elnur HADIYEV

 

Azərbaycan.-2013.- 9 yanvar.- S.5.