«Böyük İqtisadi Ensiklopediya» iqtisad elminin yol xəritəsidir

 

Ensiklopediya öz ana dilində yazılı bilgi qaynağına malik olan hər bir xalqın inkişaf göstəricilərindən hesab edilir. İnsan biliyinin bütün sahələrinin ardıcıl və ətraflı şəkildə əhatə olunduğu bu mükəmməl sorğu kitablarının yaranma tarixi antik dövrlərə gedir. Sözlərin mənası və təyinatı barədə minimum informasiya təqdim edən lüğətlərdən fərqli olaraq, ensiklopediyalar oxucuya daha geniş və əhatəli biliklər verir. Bəzən ensiklopediyaları lüğət formasında strukturlaşdırılmış elmi məlumat-sorğu kitabı adlandırsalar da, onların mahiyyəti daha çeşidli və dərindir. Belə ki, ensiklopediyalar insan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ayrıca bilik sahəsi kimi formalaşmışdır.

Ensiklopediyanın yaranma tarixi, ilk ensiklopediyalar və onların yaradıcıları və s. barədə daha geniş söhbət açmaq olar. Amma əsas məqsədimiz, heçbu olmadığından, qısaca şəkildə bir məqamı vurğulamaqla kifayətlənək ki, ilk nümunələri yüz illər əvvəl yaradılan ensiklopediyalar bütün dövrlərdə ictimai fikrin özünütəsdiqinə yönəlmiş, insan zəkasının nailiyyətlərini məzmununda əks etdirmişdir.

Ölkəmizdə ilk ensiklopediyanın işıq üzü görməsi ötən əsrin 70-ci illərinin ortalarına təsadüf edir. Milli mədəniyyətin inkişafı, əldə edilmiş mənəvi nailiyyətlərin gələcək nəsillərə ötürülməsində ensiklopediyanın müstəsna rolunu özünəməxsus müdrikliklə dərk edən Heydər Əliyev siyasi iradəsi ilə 1976-1987-ci illərdə "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşri mümkün olmuşdur.

Cəmiyyət həyatında baş verən inkişaf meyilləri digər məlumat qaynaqları kimi, ensiklopediyaların da yüz illər boyu daşıdığı missiyanı daha da gücləndirir. Sosial toplumun onlara olan tələbatını gündən-günə artırır. Bu da təsadüfi deyil. Bu gün informasiyalı cəmiyyət anlayışı müasir dünyamızın əsas reallıqlarından birinə çevrilmişdir. Müasir dövrün insanı informasiyalara daha çox ehtiyac duyur. Cəmiyyətin inkişaf sürəti artdıqca, biz, az qala, hər gün yeni suallarla, mənasına yaxşı bələd olmadığımız və dəqiq yozumuna çalışdığımız anlayışlarla qarşılaşırıq. Ona görə də "Böyük İqtisadi Ensiklopediya" bu gün cəmiyyət üzvlərinin bilgilərə və bu bilgiləri mükəmməl, elmi cəhətdən əsaslandırılmış və hər hansı mübahisəyə yer qoymayan qaynaqlara getdikcə artan ehtiyacının tam məntiqidir.

Ölkə başçısı İlham Əliyevin bilavastə rəhbərliyi ilə nəşr olunan, azərbaycançılıq ideologiyası ruhunda hazırlanmış Azərbaycan Milli Ensiklopediyasının ilk cildləri artıq oxucuların istifadəsinə verilmişdir. Milli Ensiklopediyanın yeni cildlərinin hazırlanması prosesinə paralel olaraq müxtəlif sahə ensiklopediyalarının da işıq üzü görməsi isə həmin nəşrlərin hazırlanmasına zəhmət sərf etmiş fədakar elm xadimlərimizin bu işə böyük töhfəsidir.

Fundamental araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə respublikada ilk dəfə beş cildlik "Böyük İqtisadi Ensiklopediya"nın oxucuların müzakirəsinə verilməsi də məzmun etibarilə böyük ictimai əhəmiyyət daşıyan nəşrlərdən biridir. Cəsarətlə deyə bilərik ki, geniş miqyaslı, strukturu və əhatə dairəsinə görə əksər ölkələrlə müqayisədə analoqu olmayan böyük külliyyat işıq üzü görmüşdür.

Azərbaycan elmində bu həqiqətən də böyük bir hadisədir. Çünki ölkəmizdə digər ictimai elmlərlə yanaşı, iqtisad elmi ilə bağlı ayrıca predmetik təyinatlı ensiklopediyanın yaradılmasına da böyük ehtiyac var idi. Bu ehtiyac bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yenicə başa vurmuş digər postsovet ölkələri kimi, Azərbaycan üçünbir neçə cəhətinə görə xüsusi əhəmiyyət kəsb edir.

Sovet dövründə Qərbin bir sıra tədqiqat institutları tərəfindən aparılan və nəticələri ilə məlum səbəblərdən yalnız müstəqillik dövründə tanışlıq imkanı qazandığımız bəzi araşdırmalar maraqlı nəticələrə gəlməyə əsas verir. Məsələn, həmin dövrdə SSRİ-də və ABŞ-da nəşr edilmiş ədəbiyyatların tematik müqayisəsi bəlli ideologiyaya malik sovet dövlətində nəşr edilən kitabların böyük əksəriyyətinin bədii ədəbiyyatın payına düşməsi faktını ortaya qoymuşdu. İnformasiyalı cəmiyyət quruculuğu sahəsində daha zəngin ənənələrə malik Avropada, ABŞ-da isə bu üstünlük, müxtəlif sahələr üzrə nəşr edilmiş məlumat kitablarına, o cümlədən ensiklopediyalara aid idi. "Böyük İqtisadi Ensiklopediya" kimi fundamental nəşr ilk növbədə həmin disbalansı aradan qaldırır.

Akademik Ziyad Səmədzadə haqlı olaraq bildirir ki, "Böyük İqtisadi Ensiklopediya"nın mövcudluğunun əhəmiyyətini şərtləndirən mühüm cəhətlərdən birisovet sisteminə xas ideoloji məhdudiyyət və qadağaların aradan qaldırılması, zamanında müəyyən ideoloji təsirlərə məruz qalmış ümumi şərh və yanaşmaların indi hər cür konyukturadan azad, yeni baxış bucağından qiymətləndirilməsi, keçid dövrünü uğurla başa çatdırmış Azərbaycanda milli iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi, respublikamızın dünya birliyi ölkələri sırasında rolununyerinin daha da möhkəmləndirilməsi və bütün bunların nəzəri konteksdə ümumiləşdirilməsi zərurətindən ibarətdir.

"Böyük İqtisadi Ensiklopediya"ya daxil edilmiş bir çox yeni termin və anlayışların izahına əvvəlki dövrlərdə nəşr edilmiş iqtisadi ədəbiyyatların heç birində təsadüf etmək mümkün deyildir. Bundan başqa, inkişafın ilk mərhələlərində dilimizin iqtisadi lüğət fonduna daxil olan, bəzi hallarda, müxtəlif xarici dillərdən, əgər belə demək mümkünsə, kortəbii şəkildə götürülən müəyyən termin və anlayışların tərcümə və şərhində yol verilmiş yanlışlıqların nizama salınması da öz həllini gözləyən məsələlərdən idi.

"Böyük İqtisadi Ensiklopediya"da dərc edilmiş məqalələr makromikroiqtisadiyyat, pul-kredit münasibətləri, bank işi, qiymətli kağızlar bazarı, sığorta, fiksal siyasət, məcmu tələb və təklif, marketinq, menecment, investisiya, birja fəaliyyəti, innovasiya, institusional iqtisadiyyat, milliqlobal rəqabət, iqtisadi təhlükəsizlik, müxtəlif iqtisadi nəzəriyyələr, elmi məktəblər, iqtisadiyyatda tətbiq edilən qanunkateqoriyalar, iqtisadiyyat elminin formalaşmasında böyük xidmətləri olmuş görkəmli iqtisadçıların bioqrafiyası, onların irəli sürdüyü iqtisadi nəzəriyyələr, qanun və prinsiplər və s. haqqında məlumatlarla zəngindir. Ən önəmlisi, müəllif kollektivi hər bir terminin izahında dünya təcrübəsinə əsaslanmış, iqtisadi terminologiyaya vahid yanaşma prinsipini əldə rəhbər tutmuşdur.

Akademik Ziyad Səmədzadənin elmi yaradıcılığı ilə yaxından tanış olan tədqiqatçılar kimi tam məsuliyyətlə qeyd etmək istərdik ki, "Böyük İqtisadi Ensiklopediya"da həcmindən asılı olmayaraq verilən bütün yazılarda onun dəst-xətti, alim mövqeyi açıq-aşkar bilinir. Onun təşəbbüsü və fədakar əməyi hesabına ərsəyə gəlmiş "Böyük İqtisadi Ensiklopediya" nəfis tərtibatı ilə dünya kitabçılıq ənənələri üçün mükəmməl nümunə yaratmış nəşr olaraq öz vicdanının səsini dinləyən əsl ziyalının dövlətə, xalqa, cəmiyyətə təmənnasız xidmətinin bariz örnəyinə çevrilmişdir.

Beşcildlikdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin fundamental istiqamətlərini (pul-kredit, büdcə, vergi, xarici iqtisadi əlaqələr, iqtisadi təhlükəsizlik, iqtisadiyyatın dövlət tənzimlənməsi, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, dövlət borcu, regional siyasət, iqtisadi rayonlaşdırma, demoqrafiya, məşğulluq, urbanizasiya, təhsil, səhiyyə, xidmət sahələrinin iqtisadiyyatı, informasiya texnologiyaları, turizm iqtisadiyyatı və s.), respublika iqtisadiyyatında, xüsusilə də son 10 ildə baş vermiş böyük kəmiyyət, keyfiyyət dəyişikliklərinin sistemli, müqayisəli təhlilini özündə əks etdirən yazılar verilmişdir. Eyni zamanda, iqtisadi proseslər, iqtisadi terminlərin mahiyyətinin daha yaxşı mənimsənilməsi məqsədilə 10 minə kimi termin, 2 mindən çox sxem, cədvəl, qrafikfotolar öz əksini tapmışdır.

Yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına dəstəyin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinqinnovasiya xidmətlərinin göstərilməsidir. Bunu nəzərə alaraq, sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliklərin göstərilməsi, məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti sahəsində biliklərin verilməsi məqsədilə dövlət tərəfindən bir sıra addımlar atılır. "Böyük İqtisadi Ensiklopediya" kimi nəşrlərin əhəmiyyəti isə bu nəşrin sahibkarların maarifləndirilməsi sahəsində hər kəsin istinad edə biləcəyi, onu maraqlandıran suallara dürüst cavab tapa biləcəyi öyrənmə mənbəyi, bütün sahibkarların stolüstü kitabı funksiyasını yerinə yetirməsidir.

Təkcə peşəkar iqtisadçılara deyil, bu sahəyə maraq göstərən hər bir oxucuya hesablanmış bu kitab, ideya mənbəyi kimi də əhəmiyyətlidir. Müxtəlif ölkələrin, bütün dünyada məşhurluq qazanmış biznes subyektlərinin uğurlarının sirri ilə məhz bu kitab vasitəsilə tanış olan hər bir kəs, biznesə yeni başlayan sahibkar "Böyük İqtisadi Ensiklopediya"nın verdiyi ideyaları fəaliyyətində tətbiq etməklə, müxtəlif biznes layihələrinin uğurunu təmin edə bilər.

"Böyük İqtisadi Ensiklopediya"da sahibkarlıq fəaliyyəti ilə bağlı verilən məqalələr böyük maraq doğurur. Ensiklopediyada zəngin informasiyalar, ölkədə iqtisadi tərəqqinin strateji resursu kimi qiymətləndirilən sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı yazılar verilmişdir. Diqqət ilk növbədə ona cəlb edilir ki, ümummilli lider Heydər Əliyev hələ Azərbaycanda siyasi rəhbərliyə qayıdışının ilk dövründə "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyə bəyan etmiş, bir neçə il ərzində sırf bu məqsədlə həyata keçirilən hüquqi, təşkilati, iqtisadis. tədbirlər nəticəsində ölkəmizdə azad sahibkarlığın inkişafı yönündə mühüm nəticələr əldə edilmişdir.

Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyininzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi, dövlət inzibatçılığında modernçevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiya ilə əlaqədar hüquqpozmalara şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin təşkili və s. bu kimi tədbirlər Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindəndir. Bütün bu məsələlər barədə "Böyük İqtisadi Ensiklopediya"da sanballı yazılar verilmişdir.

Ana dilimizdə işıq üzü görən, Azərbaycan dilinin ifadə imkanlarının bütün zənginliklərini üzə çıxaran bu cür fundamental nəşr milli iqtisad elminin mühüm nailiyyətlərindən biridir. Bu cür nəşrlər bir daha sübuta yetirir ki, Azərbaycan dili, tək bir-birindən gözəl ədəbi nümunələrin, poeziya incilərinin, bədii mətnlərin yox, eyni zamanda yüksək akademik üslubda hazırlanmış digər sahələr, o cümlədən iqtisadiyyata aid elmi mətnlərin qələmə alınması üçün də zəngin potensiala malikdir.

Ensiklopediyada dilimizə yeni daxil olmuş bir çox iqtisadi termin və anlayışıların Azərbaycan dilinin qrammatik prinsiplərinə uyğun istifadəsi mümkün olmuş, ədəbi dilimiz yeni-yeni nümunələrlə daha da zənginləşdirilmişdir. Bu da müasir iqtisadi terminologiyanın bundan sonrakı elmi-tədqiqat işlərinə, qanunvericilik aktlarının hazırlanmasına böyük köməkdir.

Ziyad Səmədzadənin həyatının, ömrünün əsas leytmotivi, şübhəsiz ki, fundamental elmi araşdırmalar olsa da, onun çoxsahəli istedadının başqa tərəfi isə böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. Öz professionallığı ilə yanaşı, həm də bir vətəndaş kimi məsuliyyət nümayiş etdirmiş alim neçə-neçə onilliklər yaşayacaq, xalqımızın inkişafına, iqtisadi mədəniyyətin yüksəlişinə əməli kömək edəcəkdir.

Bu qədər çətin və məsuliyyətli bir işin öhdəsindən uğurla gələrək Azərbaycan ictimai fikir tarixində xoş bir hadisə yaratmış akademik Ziyad Səmədzadəni və onun silahdaşlarını, işçi qrupunu bu nailiyyətə görə ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayır, oxucuları isə belə zəngin intellektual mənbədən bəhrələnməyə çağırırıq.

 

 

Ağasəlim ƏLƏSGƏROV,

Azərbaycan Milli Elmlər Akademiyasının

müxbir üzvü

 

 Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.-2013.- 9 yanvar.- S.7.