İstanbulda İslam Əməkdaşlıq Təşkilatı ziyalılarının toplantısı keçirilmişdir

 

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ziyalılarının toplantısı keçirilmişdir. Toplantıda təşkilatın baş katibi Ekmələddin İhsanoğlu, İslam dünyasından olan elm adamları iştirak etmişlər.

E.İhsanoğlu toplantıdakı çıxışında bildirmişdir ki, təşkilatın İslam ölkələri ilə birlikdə BMT çərçivəsində həyata keçirdiyi tədbirlər nəticəsində İslamofobiya ilə bağlı Qərb dünyasının mövqeyində ciddi dəyişikliklər olmuşdur. 2005-2006-cı illərdə bədnam karikaturaların yayılmasına biganə münasibət bildirən və buna söz, ifadə azadlığı ilə bəraət qazandıran liderlər hazırda bu cür hərəkətlərin qəbuledilməz olduğunu vurğulayırlar. 

İƏT-in baş katibi BMT Baş Məclisində və Cenevrədə yerləşən BMT İnsan Hüquqları Komitəsində müsəlmanların mövqeyini dəstəklədikləri üçün Latın Amerikası ölkələri, Çin və Rusiyaya təşəkkürünü bildirmişdir. Lakin ABŞ və Avropa ölkələrinin söz və ifadə azadlığını əsas gətirərək İƏT-in İslam Peyğəmbəri və müsəlmanlara qarşı fəaliyyətlərin qarşısının alınmasına dair 8 maddəlik planına etiraz etmələrinin anlaşılmazlıq yaratdığını diqqətə çatdıran E.İhsanoğlu bildirmişdir ki, bu problem də həmin planın BMT Baş Məclisində qəbul edilməsi ilə həllini tapdı. Bununla yanaşı, ABŞ-ın dövlət katibi Hillari Klinton ilə birlikdə sözügedən plana siyasi dəstək təmin etmək üçün "İstanbul prosesi" başlandı, Vaşinqton və Londonda müvafiq toplantılar keçirildi.

Məqsəd bəzi təxribatçıların dərc etdikləri karikaturalara görə cəzalandırılmasını təmin etmək, bütün dünyada müsəlmanların əsas hüquq və azadlıqlarının qorunmasıdır.   

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.-2013.- 9 yanvar.- S.7.