Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli
vəziyyətdə olan
yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi
sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son illərdə ölkəmizin
sosial-iqtisadi inkişafı sağlamlıq imkanları məhdud
uşaqların və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayanların sosial müdafiəsinin,
o cümlədən onlara göstərilən sosial xidmətin
keyfiyyətinin artmasına imkan yaratmışdır. Əhalinin
bu qrupuna göstərilən sosial xidmətin
yaxşılaşdırılması istiqamətində əldə
olunan müsbət meyillərin davam etdirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli
vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara
göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi
məqsədi ilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 yanvar
2013-cü il
Azərbaycan.-2013.- 10 yanvar.- S.1.