«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 41-ci cildi çapdan
çıxmışdır
"Bu
gün biz tarixi bir gün yaşayırıq. Bu gün bir
neçə il üzərində işlədiyimiz və
çox həyata keçirmək istədiyimiz
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
inşasına başlanılmasının təməlini
qoyduq. Mən çox məmnunam ki, bunu biz Türkiyə
Cümhuriyyəti ilə, Gürcüstanla və Amerika Birləşmiş
Ştatları ilə bir yerdə edirik".
AzərTAc
xəbər verir ki, bu sətirlər "Heydər Əliyev.
Müstəqilliyimiz əbədidir" çoxcildliyinin
"Azərnəşr" tərəfindən yenicə
çapdan buraxılmış 41-ci cildindən - ümummilli
lider Heydər Əliyevin 2002-ci
il sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
təməlinin qoyulması münasibətilə Azərbaycan
Prezidenti adından dövlət
başçılarının və nümayəndə heyətlərinin
şərəfinə "Gülüstan" sarayında təşkil
edilmiş rəsmi ziyafətdəki nitqindən
götürülmüşdür.
Nəşrin
buraxılışına məsul Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin
oxuculara təqdim olunan bu növbəti cildində ulu öndərin ölkəmizin sürətli
iqtisadi yüksəlişinə, xalqımızın rifahı
və tərəqqisi, eləcə də ictimai-siyasi həyatın
mühüm məsələlərinə aid
çıxışları, nitqləri, fikir və tövsiyələri
öz əksini tapmışdır. Kitabda Azərbaycan,
Gürcüstan, Türkiyə dövlət
başçılarının Bakıda keçirilən
görüşləri, ümummilli liderin Xəzər və
Aralıq dənizlərini birləşdirən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma
mərasimindəki nitqi dərc olunmuşdur.
Kitabda
ulu öndərin görkəmli müğənni və bəstəkar
Müslüm Maqomayevlə görüşü, müğənninin
60 illik yubileyinə həsr olunmuş təntənəli gecədə
nitqi, bu tədbirə gəlmiş MDB və eləcə də
Azərbaycanı təmsil edən tanınmış mədəniyyət
və incəsənət xadimləri ilə səmimi söhbətləri
öz əksini tapmışdır.
Bu nəşrdə
ümummilli lider Heydər Əliyevin Gəncədə və
Goranboyda ictimaiyyət nümayəndələri ilə
görüşlərdə dərin məzmunlu nitqləri və
çıxışı, rayon sakinləri ilə
görüşlərdəki maraqlı söhbəti və
digər materiallar da dərc edilmişdir.
Bu
cilddə, həmçinin ulu öndər Heydər Əliyevin
Rusiyaya işgüzar səfəri zamanı Prezident Vladimir
Putin və digər yüksək vəzifəli şəxslərlə
görüşlərinə, iki ölkə arasında dostluq,
əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə
və inkişaf etdirilməsinə dair danışıqlara
aid materiallar, KİV orqanlarına müsahibələri və
s. verilmişdir.
Kitabda
əks olunan rəsmi sənədlər,
çıxışlar, müsahibələr, fərmanlar,
müraciətlər, bəyanatlar, məktublar, məruzələr
2002-ci ilin sentyabrından oktyabrınadək olan dövrü əhatə
edir.
"Azərnəşr"
tərəfindən çap olunan çoxcildliyin
hazırlanmasında Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə
edilmişdir.
Azərbaycan.-2013.- 10 yanvar.- S.1.