Xankəndililər sevinirlər ki, doğma məktəbləri yenidən fəaliyyət göstərəcəkdir

 

Yeni il ərəfəsində məcburi köçkünlərə mənzillərin verilməsi, kimsəsiz uşaqların bayram şənliklərinə cəlb olunması, yolların açılması, möhtəşəm bayram tədbirlərinin təşkili Azərbaycan vətəndaşı kimi məndə qürur hissi doğurdu.

 Bayram ərəfəsində möhtərəm Prezident İlham Əliyevin Nizami Gəncəvi adına 4 nömrəli Xankəndi şəhər tam orta məktəbi haqqında sərəncam imzaladığını eşidəndə isə sevincimin həddi-hüdudu olmadı, həmin an hansı hisslər keçirdiyimi anlatmağa belə çətinlik çəkirəm. Bir anlığa gənclik illərim, ata-baba yurdum Xankəndi şəhəri gözlərim önündən keçdi. Dövlət başçısının gərgin iş fəaliyyətli günlərində belə Qarabağ, məcburi köçkünlər, qaçqınlar probleminə son dərəcə həssaslıqla yanaşması, ən incə mətləblərin diqqətindən yayınmaması qəlbimi dağa döndərdi. Tam səmimiyyətlə deyə bilərəm ki, "Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2012-ci il tarixli sərəncamı Yeni il ərəfəsində xankəndililərə ən böyük hədiyyə oldu. Möhtərəm Prezidentin bu sərəncamından Vətən ətri, dədə-baba yurdunun qoxusu gəldi.

Bütün xankəndililəri yaxın, uzaq keçmişə aparan, min bir xatirələr oyadan bu sərəncamda dövlət başçısı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin təhsil tariximizdəki rolunu qısa şəkildə olduqca dəqiq dəyərləndirmişdir. Həmin sərəncamda deyilir: "Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini vermiş, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışdır".

Bu fikirlər, məktəbin fəaliyyətinə verilən qiymət hər bir xankəndilidə fəxarət hissi oyatdı.

Valideynlərimin müəllim kimi fəaliyyət göstərdiyi, şagirdi, məzunu olduğum, müəllim işlədiyim və nəhayət, Xankəndi şəhər Daxili İşlər Şöbəsində çalışdığım illərdə xidməti ərazimə daxil olan Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli şəhər orta məktəbi, sözün həqiqi mənasında, tarixin sərt sınaqlarına məruz qalmışdır. Bu təhsil ocağı daim qatı ermənipərəst, şövinist bir mühitdə - uzun illər Azərbaycan xalqının düşməni S.Şaumyanın adını daşımış Xankəndidə (Stepanakertdə) fəaliyyət göstərsə də, azərbaycançılıq ideyalarına sadiq qalmış, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamışdır. Məktəb tam azərbaycançılıq məfkurəsi ilə yaşamış və fəaliyyət göstərmişdir.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb bu ad ilə 1945-ci ildən fəaliyyət göstərsə də, əslində, təhsil ocağı XIX əsrin sonlarında yaradılmışdır. Sovet rejiminin ilk illərində onun bazasında orta məktəb təşkil edilmiş və hər cəhdlə onun Azərbaycan məktəbi kimi fəaliyyət göstərməsinə maneələr törədilmiş, məkrli oyunlar aparılmışdır.

Məktəb yarandığı vaxtdan millətçi erməni dairələrin siyasi və ideoloji təzyiqlərinə məruz qalsa da, azərbaycançılıq ideyalarının ləyaqətli daşıyıcısı kimi 1988-ci ilə qədər fəaliyyətini fədakarlıqla davam etdirmişdir. Sözün həqiqi mənasında, maarif fədailəri olan müəllimlərimiz azərbaycanlı uşaqların təhsil almasında, onların cəmiyyətə gərəkli və əsl Azərbaycan vətəndaşı kimi yetişməsində misilsiz xidmətlər göstərmişdir.

Erməni millətçiləri vilayətin azərbaycanlılar yaşayan kənd və qəsəbələrində orta məktəblərin açılmasının daim qarşısını almışlar. Bu səbəbdən də Xankəndi şəhərinin yaxınlığındakı azərbaycanlılar yaşayan Xocalı, Kosalar, Cəmilli, Kərkicahan, Malıbəyli və s. yaşayış məntəqələrinin gəncləri təhsil almaq üçün Xankəndinə gəlmək məcburiyyətində qalmışlar.  Həmin illərdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin pedaqoji kollektivi şovinist ermənilərin ögey münasibətlərinə baxmayaraq, fədakarlıq göstərmiş, milli təəssübkeşliyi qoruyaraq azərbaycanlı balalarının keyfiyyətli təhsil almaq qayğısına qalmış, onları erməni millətçilərinin fiziki və mənəvi təzyiqlərindən qorumuşlar. Məktəb millətçi erməni qüvvələrinin qərargahı olan Xankəndi şəhərində yeganə təhsil müəssisəsi idi ki, burada azərbaycanlılar özlərini doğma yurdda hiss edir, rahatlıq tapır, Azərbaycan dilində ehtiyat etmədən danışırdılar.

Təhsil ocağının şagird və məzunları Qarabağ savaşında erməni millətçilərinin bəşəriyyət tarixində görünməmiş vəhşiliklərinə məruz qalmış, erməni terrorçularının fiziki təzyiqləri  qarşısında milli təəssübkeşliyi unutmayaraq Vətənin azadlığı uğrunda  şəhidlik zirvəsinə ucalmış, bir çoxları itkin düşmüşlər. Bu məktəbdə təhsil almış şagirdlər, onların valideynləri ermənilər tərəfindən əsir götürülmüş, onlara ağlasığmaz işgəncələr verilmiş, başları kəsilmiş, əzaları doğranmış, diri-diri yandırılmış, üzərlərindən maşın sürülmüşdür.

Məktəbin yaşadığı ağır illər Azərbaycan xalqının qanlı-qadalı tarixinin tərkib hissəsidir. Bu məktəbin sinəsi erməni vəhşiliyi ilə çalın-çarpaz dağlanmış, təhsil ocağının "ömrü" Xocalı, Qaradağlı faciələrindən keçmişdir. Məktəbin şagirdləri, məzunları, müəllimləri, onilliklər ərzində halal zəhmətləri hesabına qurduqları isti ocaqlarından ayrı düşərək doğma yurdlarından qovulmuş, məcburi köçkün həyatı yaşamışlar.

Məktəbin tarixi, onun müəllim və şagirdlərinə, valideynlərinə qarşı törədilən cinayətlər, sadəcə olaraq, bir təhsil ocağının faciəli tarixçəsi deyil - bu, Azərbaycan xalqının, bütövlükdə bəşəriyyətin faciəsidir. Onun yetirmələri respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyarkən erməni qəsbkarları ilə mübarizədə Vətənin qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmışlar. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin məzunudur. Ermənilər tərəfindən son dərəcə qəddarlıq və amansızlıqla öldürülən Fərhad Atakişiyev də bu məktəbin yetirməsidir. Bədəninə bir-birindən ağır 72 yara vurulsa da, o, ermənilərin təkid etdiyi "Qarabağ Ermənistanındır" sözlərini deməmiş, düşmənin ağır işgəncələri altında şəhidlik zirvəsinə ucalmışdır. F.Atakişiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür. Məktəbin bu cür igidlərinin sayı çoxdur. 

Bu təhsil ocağı - Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb fəaliyyətə başladıqdan 43 il sonra erməni millətçilərinin işğalçılıq siyasətinin qurbanı olmuş, qanlı-qadalı bir tarix yaşamışdır. Həmin tarixdən məktəbin qapıları yurdlarından qovulmuş azərbaycanlıların üzünə bağlanmışdır.

Xankəndililər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin  gələcəkdə səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə xüsusi sərəncam imzalamasını fərəh hissi ilə qarşılayırlar.

Bu gün xankəndililər sevinc hissi keçirirlər ki, doğma məktəbimiz yenə də ucalacaq, yüksək səviyyədə fəaliyyət göstərəcək. Böyük ümid hissləri ilə yaşayan təhsil ocağının məzunları əmindirlər ki, işğal altında olan doğma torpaqlarımız azad olunacaq. Onlar ötən əsrin 70-ci illərində doğma Xankəndidə gül-çiçəklə ümummilli lider Heydər Əliyevi qarşıladıqları kimi, çox yaxın gələcəkdə Prezident İlham Əliyevi də salamlayacaqlar.                                                                                 

 

 

Hikmət XUDİYEV,

Nizami Gəncəvi adına Xankəndi şəhər

 4 nömrəli orta məktəbin məzunu,

əməkdar jurnalist

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.1.