Uğur estafeti 2013-cü ilə keçir

 

2012-ci ili böyük nailiyyətlərlə başa vuran Azərbaycan yeni ildə həm də mühüm əlamətdar hadisələri qarşılamağa hazırlaşır

 

 Hər ilin əvvəli, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən hesabat ilinə yekun vurulur, digər tərəfdənsə yeni xoş məqsəd və niyyətlər hədəflənir, konkret məqsəd və vəzifələr müəyyənləşir. Keçmiş uğurlar bir qayda olaraq gələcəyin daha böyük nailiyyətləri üçün möhkəm təmələ, bünövrəyə çevrilir. Həyati təcrübəyə əsaslanan bu cür qiymətləndirmə həm də ötən dövrün uğur və çatışmazlıqlarından obyektiv nəticə çıxarmaq, perspektiv fəaliyyət istiqamətlərini dürüst müəyyənləşdirmək üçün yaxşı imkanlar açır. Nəhayət, idarəçilikdə hesabatlılıq ənənəsi şəffaflığın, səmərəliliyin, məqsədyönlülüyün bariz təcəssümü kimi vətəndaşlarda dövlətə inamı, etimadı və mənəvi bağlantını gücləndirir.

 

 Ölkənin iqtisadi nüfuzu yüksəlir

 

 Müəyyən zaman intervalında xalq və dövlət naminə həyata keçirilən tədbirlərin ictimai mənafe baxımından obyektiv dəyərləndirilməsi həm də inkişafın real mənzərəsini göz önündə canlandırır. Belə mənzərə fonunda fəaliyyəti ilə ictimai etimad qazanmağa çalışan, xalqa layiqli xidmət amalını hədəfləyən hakimiyyət komandasının qarşıya qoyduğu vəzifələri hansı səviyyədə gerçəkləşdirmək əzmi də üzə çıxır. Qarşıya qoyulmuş planlar daxili potensialı, həqiqi güc və imkanları, əsl məramı özündə təcəssüm etdirir.

Tarixə çevrilmiş 2012-ci ilin yekunları fonunda Azərbaycanda da hakimiyyətin əsl məram və məqsədinin xalqa xidmət olduğunu əminliklə söyləmək olar. Ötən il ölkədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən sosial-iqtisadi islahatların başlıca qayəsində ənənəvi olaraq bir məqsəd dayanmışdır: vətəndaşlara yüksək xidmət göstərməklə ictimai etimadı doğrultmaq!

"Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən Prezident İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları 2012-ci ildə çevik və işlək mexanizmlər üzərində reallaşdırmış, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi respublikamız sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətlər sırasında yer almışdır.

Cənubi Qafqaz geoiqtisadi məkanında cərəyan edən prosesləri diqqət mərkəzində saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycanı regionda yüksək investisiya cəlbediciliyinə və makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirmişlər. Həmin reytinq qurumlarının açıqladığı hesabat və proqnozlar respublikamızın iqtisadi böhranın ən son fazasını da başa vuraraq yeni keyfiyyət göstəricilərinə nail olduğunu göstərmişdir. 2012-ci ilin yanvar ayında "Standard & Poor's", aprel ayında "Moody's İnvestors Servises", may ayında "Fitch" beynəlxalq reytinq agentlikləri Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə qaldırmışlar. Bu qərarlar əsasən ölkənin neft gəlirlərinin sürətli artımı və onlardan səmərəli istifadə olunması, eyni zamanda ölkənin kreditor mövqeyinin güclənməsi amilləri ilə izah olunmuşdur.

2012-ci ildə Azərbaycanın sürətli inkişaf yolunda olduğu, respublikada biznes mühitinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə liberallaşdırıldığı Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi"ndə bir daha təsdiqini tapmışdır. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında 46-cı yerdə qərarlaşmış və ötənilki mövqeyini (55-ci yer) yaxşılaşdıraraq 9 pillə irəliləmişdir.

Prezident İlham Əliyev 2012-ci il dekabrın 31-də xalqa yeni il təbrikində respublikamızın kredit reytinqinin yüksəlməsi faktını razılıqla qeyd etmişdir: "Beynəlxalq reytinq agentlikləri 2012-ci ildə ölkəmizin kredit reytinqlərini artırmışlar. Bu da böhranlı il üçün çox gözəl, əlamətdar bir hadisədir. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir. Əminəm ki, gələcək illərdə bizim yerimiz daha da yüksək olacaqdır".

Müqayisə üçün onu da bildirək ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2012-ci ilin ikinci yarısında dünya iqtisadiyyatında sabitlik üçün risklərin artdığını bəyan etmişdir. Qurum sərmayəçilərin narahatlığına əsas səbəb kimi Avrozonaya daxil olan bir sıra ölkələrin borc böhranını göstərmişdir. Avropada bir sıra dövlətlər vəziyyəti tənzimləmək üçün cəhdlər etsələr də, hələ ki buna nail ola bilməmişlər. Azərbaycanın isə nəinki belə problemi yoxdur, respublikamız ötən il iqtisadi həyatın bütün sahələri üzrə inkişaf tempini qorumuşdur. Respublikanın iqtisadi inkişaf dinamikası əvvəlcə enerji resurslarına əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Prezident İlham Əliyevin xalqa yeni il təbrikində qeyd etdiyi kimi, 2012-ci ildə Azərbaycanda qeyri-neft sektorunun 10 faizədək artması ölkədə həyata keçirilən iqtisadi islahatların uğurlarından xəbər verir.

 

 İnkişafın gələcək prioritetləri

 

 Hökumət 2012-ci ildə respublikanın qarşısında duran həlli vacib problemləri düzgün müəyyənləşdirmiş, qısa müddətdə maksimum nəticələr əldə etməyə hesablanmış fundamental qərarlar qəbul etmişdir. Azərbaycanın ümumi inkişaf göstəricilərinə görə regionda lider mövqeyini qoruyub saxlaması, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahiblik etməsi ölkənin iqtisadi inkişaf prioritetlərinin elmi əsaslara söykəndiyini və respublikanın mövcud potensialı ilə uzlaşdığını göstərir.

Respublikanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək dünya nizamında mövqelərini gücləndirməsi üçün Prezident İlham Əliyev hələ 2011-ci il dekabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncam imzalamışdır. Sərəncam əsasında hazırlanmış Konsepsiya layihəsində 2020-ci ilədək respublika iqtisadiyyatının inkişafının başlıca təmayülləri öz əksini tapmış, ümumi daxili məhsulun sürətli artımına hansı resurslar hesabına nail olunması dolğun və əhatəli şəkildə göstərilmişdir.

Kifayət qədər dərin elmi araşdırmaya, zəngin faktoloji bazaya və reallığa adekvat makroiqtisadi proqnozlara əsaslanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası layihəsi 2012-ci ildə səmərəli ictimai və konseptual elmi müzakirələr nəticəsində daha da təkmilləşdirilmişdir. Mündəricat və 11 bölmədən ibarət sənəddə son 10 ildəki inkişaf parametrləri əsasında ölkə iqtisadiyyatının mövcud durumu, qlobal və yerli çağırışlar təhlil edilmiş, yüksək rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması ilə bağlı prioritetlər göstərilmişdir.

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında" fərmanı ilə Konsepsiyanın həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilmişdir. Fərmana əsasən, İqtisadi İnkişaf Nazirliyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini, habelə Konsepsiyanın həyata keçirilməsi üçün qəbul ediləcək dövlət proqramlarının, strategiyaların, digər sənəd və tədbirlərin siyahısını (onların hazırlanması və icra müddətləri, məsuliyyətli dövlət orqanları haqqında təkliflər də daxil olmaqla) iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməli, Konsepsiyanın həyata keçirilməsi üzrə aparılan işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Ümumilikdə, bu sənəd 2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Konsepsiyanın müzakirəsinə həsr olunmuş konfransda dediyi kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf Konsepsiyası orta və uzunmüddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir".

 

 Sosial rifah - ali hədəf

 

 2012-ci ilin yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu, hakimiyyətin fəaliyyətində sosialyönümlü layihələrin prioritet təşkil etdiyini bir daha təsdiqləyir. 2012-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 33 faiz təşkil etməsi də hökumətin bu sahədə məqsədyönlü siyasət yeritdiyini göstərmişdir.

Bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. "Prezident kimi məqsədim odur ki, hər bir vətəndaş ölkənin qazandığı uğurlardan lazımi səviyyədə bəhrələnsin və müsbətə doğru irəliləyişi gündəlik həyatında hiss etsin" - deyən dövlət başçısı aztəminatlı vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasətini ötən il də uğurla davam etdirmişdir.

Dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilir. Bu siyasətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir.

Bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, ötən il Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Başqa sözlə, bu gün ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dünya Bankının hesabatına, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Bankın hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.

2012-ci ildə işsizliyin səviyyəsinin azaldılması istiqamətində tədbirlər də davam etdirilmiş, ümumilikdə 100 mindən çox yeni iş yeri açılmışdır. İqtisadi fəal 4 milyon 634 min nəfərdən çox vətəndaşın 4 milyon 388 min nəfərinin məşğulluğu vardır. Cəmi 250 minə yaxın vətəndaş işsiz sayılır və bu da iqtisadi fəal əhalinin cəmi 5,2 faizi deməkdir. Prezident İlham Əliyev 2012-ci il dekabrın 31-də xalqa yeni il təbrikində demişdir: "İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində bir milyon 100 mindən çox iş yeri açılmışdır. İş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir".

Ümumilikdə, 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş proqramların həyata keçirilməsi nəticəsində respublikada məşğulluq probleminin həllində əsaslı dönüş yaranmışdır. 2011-ci il 15 noyabr tarixdə imzalanmış "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" bir sıra strateji məqsədləri özündə ehtiva edir. Makroiqtisadi sabitliyin və qeyri-neft sektorunun tarazlı inkişafının təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi məsələləri dövlət proqramında dəqiqliklə əksini tapıb. Bu tədbirlər nəticəsində 2015-ci ilədək ölkədə işsizlik səviyyəsinin 3-4 faiz həddinədək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur.

 

 Tarixə çevrilən ömür

 

 Ümumilikdə, 2012-ci ilin iqtisadi yekunları 2013-cü ilin də inkişaf baxımından kifayət qədər uğurlu mərhələ olacağından xəbər verir. Bu il respublikamız təkcə iqtisadi deyil, həm də ictimai-siyasi baxımdan bir sıra mühüm hadisələri qarşılamağa hazırlaşır. Bu baxımdan, ilk növbədə, müasir Azərbaycan dövlətinin banisi, milli inkişaf modelinin müəllifi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü xüsusi qeyd edilməlidir.

Tarixdən məlumdur ki, hər bir xalq özünün taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl iş aparır. Azərbaycan xalqı da öz taleyində misilsiz rol oynamış ulu öndərin xatirəsini daim əziz tutmuş, onun əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. Prezident İlham Əliyev ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu son 10 ilə yaxın dövrdə bütün sahələrdə inamla davam etdirməklə yanaşı, Heydər Əliyev ideyalarının cəmiyyətdə praktik surətdə gerçəkləşməsinə və möhkəmlənməsinə xidmət edən ciddi addımlar həyata keçirmişdir. Dövlət başçısının hələ 2004-cü ildə imzaladığı fərmanla ulu öndərin adının əbədiləşdirilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, hələ 70-80-ci illərdə tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm binalara onun adı verilmişdir. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır.

Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin elmi səviyyədə öyrənilməsi və təbliği məqsədilə 2006-cı il dekabrın 29-da "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" sərəncam imzalamışdır. Həmin sərəncam əsasında Bakıda Heydər Əliyevin adını daşıyan mərkəz zəngin eksteryerə malik, analoqu olmayan müasir memarlıq abidəsi kimi inşa olunmuşdur.

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 40 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Respublikamızda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir. 1994-cü ildə Heydər Əliyevin yeni neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir.

Böyuk strateq Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan ümummilli liderin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Bütün bunların fonunda ümummilli liderin 90 illik yubileyinin respublika miqyasında qeyd olunması ictimai və sosial tələbatdan irəli gəlir.

 

 Cümhuriyyətin 95 illiyi

 

 2013-cü ilin mühüm siyasi hadisələrindən biri də mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünün tamam olmasıdır. Hər bir xalqın istiqlal, azadlıq istəyi onun bu ideallara qovuşmaq əzmi ilə qərarlaşır və real məzmun kəsb etməyə başlayır. Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan olunması, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən çoxşaxəli islahatların məhz bu dövlətdə praktik həyata vəsiqə alması xalqımızın zəngin mənəvi aləmə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk gündən müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, əsrin əvvəlində başlanmış, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu olmuşdur. Cümhuriyyət dövründə respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına qayğı göstərilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, milli ordunun, təhlükəsizlik strukturlarının formalaşdırılması, mətbuatın inkişafı, gənclərin xarici ölkələrdə ali təhsilinin təşkili və s. Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun parlaq uğurları kimi xatırlanır.

Müəyyən obyektiv və subyektiv səbəblər üzündən əsrlərin mücadiləsi kimi XX əsrin əvvəllərində müstəqillik qazanmış Azərbaycan xalqı bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: bir tərəfdən idarəçilikdə buraxılan bəzi səhvlər - daxildə tam milli birliyin əldə edilməməsi, düşmən qüvvələrə qarşı layiqli müqavimət əzminin olmaması, digər tərəfdən həmin dövrdə bütün dünyanın siyasi mənzərəsini dəyişməkdə olan geopolitik proseslər Cümhuriyyətin yaşamasına, müstəqil təsisat kimi sözünü deməsinə imkan verməmişdir. Beləliklə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayaraq həmin dövrün insanları üçün yalnız xoş xatirəyə çevrilmişdir.

Müsəlman Şərqinin ilk demokratiya quruluşlu dövləti xarici hərbi müdaxilə nəticəsində süquta uğrasa da, tarixi fakt, çağdaş prinsiplərə söykənən milli dövlətçilik ənənələrinin başlanğıc nöqtəsi kimi Azərbaycan xalqının yaddaşından heç zaman silinməmişdir. Dövlətçilikdə irs-varislik əlaqəsi bu gün də qorunub saxlanılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakının "İstiqlaliyyət" küçəsində Cümhuriyyətə həsr edilmiş abidə ucaldılmışdır.

Ölkə başçısı 2008-ci il mayın 28-də Cümhuriyyətin yaranmasının 90-cı ildönümü ilə bağlı tədbirdə çıxış edərkən demişdir: "1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Respublikanın ömrü uzun olmadı. Ancaq o qısa müddət ərzində çox işlər görüldü. Respublikanı yaradanların niyyətləri çox gözəl idi. Azərbaycanı azad, müstəqil ölkəyə çevirmək, Azərbaycanı dünya birliyinə daxil etmək və ölkəmizi hərtərəfli inkişaf etdirmək. Əfsuslar olsun ki, bu niyyətlərin böyük əksəriyyəti icra olunmamış qaldı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır. Bu hörmətin əlaməti olaraq bu gün biz Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidənin açılışını qeyd etdik. O gözəl abidə paytaxtımızın gözəl guşələrinin birində - İstiqlaliyyət küçəsində ucaldıldı".

 

 Qurtuluşdan inkişafa aparan 20 il

 

15 iyun 1993-cü il müasir Azərbaycanın ən yeni tarixində əlamətdar təqvim günlərindən biridir. Bu il həm də Milli Qurtuluşun 20-ci ildönümünün tamam olması ilə səciyyəvi olacaqdır. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Əgər bu həlledici mərhələdə - 1993-cü ilin 15 iyununda tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq yazır: "Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və dərəbəylik vəziyyətindən, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ölkənin xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılması da onun xidmətidir. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi edən müasir dövlətə çevrilə bilər".

1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur.

 

 Uğurlarla zəngin 10 il

 

Yeni ilin mühüm siyasi hadisələrindən biri də məhz oktyabrın 15-də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 10-cu ildönümünün tamam olmasıdır. Tarixən hər bir xalq müqəddəratını, gələcək taleyini hansısa əlverişli situasiyada yaranmış məsuliyyətli seçim şansı əsasında müəyyənləşdirmiş, nikbin sabahına doğru inamla irəliləmişdir. Müdrik və uzaqgörən Azərbaycan xalqı da hər zaman gələcək taleyi baxımından xeyirli olanı seçmiş, taleyini etibar etdiyi rəhbərə qəlbən, ruhən inanmışdır. Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisələrdən biri kimi düşmüş 2003-cü ilin 15 oktyabr seçkiləri xalqımızın müdrik və dəyişməz seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti prezident seçkilərində də məhz Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər.

Bu seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunin davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını bir daha sübuta yetirmişdir. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin fəaliyyəti bu kontekstdə mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi tam təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə etibarlı təminat yaratmışdır.

2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur.

Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

2013-cü ildə Azərbaycanı daha bir mühüm siyasi hadisə - növbəti prezident seçkiləri gözləyir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən 9 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.

Prezident İlham Əliyev ulu öndərin zamanında böyük müdrikliklə irəli sürdüyü ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən, inkişaf etdirən qüdrətli şəxsiyyət, alternativsiz liderdir.

Bütün bunların fonunda ölkə vətəndaşlarının böyük əksəriyyətinin qarşıdakı seçkilərdə də məhz cənab İlham Əliyevə etimad göstərəcəyi, bu zəfərin məntiqi nəticəsi kimi Azərbaycanın daha böyük uğurlar qazanacağı şübhəsizdir.

 

 

Hadı RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət

komitəsinin sədri,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.2.