Azərbaycan və Litva Daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

Yanvarın 9-da Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə ölkənin yeni təyin olunmuş daxili işlər naziri Dailius Alfonsas Barakauskas ilə görüşmüşdür. Litva Respublikasının Daxili İşlər Nazirliyi, həmçinin Fövqəladə Hallar Nazirliyinin, Dövlət miqrasiya və Dövlət sərhəd xidmətlərinin səlahiyyətlərini yerinə yetirir.

Azərbaycan Respublikasının Litvadakı səfirliyindən verilən məlumata görə, səfir H.Məmmədzadə D.Barakauskası yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daxili işlər naziri Ramil Usubovun təbrik məktublarını təqdim etmişdir.

Xoş sözlər və təbrik üçün təşəkkürünü bildirən D.Barakauskas rəhbərlik etdiyi nazirliyin, eləcə də təmsil etdiyi "Ədalət və intizam" partiyasının Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır. O, 2001-ci ildə Litvanın nəqliyyat və kommunikasiya naziri kimi Bakıya səfər etdiyini, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşdüyünü və bu görüşdən dərin təəssüratla ayrıldığını xüsusi vurğulamışdır. Litvalı nazir bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırlayaraq Azərbaycanın son illərdə əldə etdiyi uğurları böyük maraqla izlədiklərini qeyd etmişdir.

Görüş zamanı, həmçinin iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, Azərbaycan-Litva münasibətləri üçün əhəmiyyət kəsb edən istiqamətlərdə "Ədalət və intizam" partiyasının daha fəal olması məsələləri müzakirə olunmuşdur.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.3.