İsa Qəmbər seçkiyə çırtıq çala-çala gedir

 

2012-ci ili şaxta baba sərgüzəştləri ilə başa vuran Müsavat başqanı 2013-cü ili "meyxana ili" elan etdi

 

Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi aqressiv müxalifət daxilində ciddi rezonans yaradıb. Ötən ilin sonlarına qədər "İctimai Palata" adlanan qurumda "vahid namizəd" formulu ətrafında aparılan qəzəbli diskussiyaların nəticəsi artıq göz qabağındadır.

Bəlli olan isə odur ki, prezident seçkiləri zamanı "İctimai Palata" adlı qurum olmayacaq aqressiv müxalifətin "vahid namizəd" sevgisi baş tutmayacaq. Çünki bütün proseslərdə müxalifət "lider"lərinin şəxsi ambisiyaları hazırlanan planları alt-üst edib yenə eyni ssenari davam eməkdədir.

"İctimai Palata" idarə edən Müsavat Partiyasının AXCP rəhbərlərinin bir-biri ilə mehriban düşmən kimi fəaliyyət göstərməsi dağıdıcı müxalifəti həmişə dağınıq salıb. Müsavat Partiyasının prezident seçkiləri ilə bağlı qəbul etdiyi qərar isə əvvəldən mövcud olan gərgin münasibətləri daha da dramatikləşdirdi. İki partiya arasındakı "soyuq müharibə" hazırda öz gərginlik zirvəsinə çatıb. Bunu sosial şəbəkələrdə partiya sədrləri onlara yaxın olan şəxslərin bir-birinin ünvanına söylədikləri qarşılıqlı ittihamlar bir daha təsdiqləyir. Yanvarın 7-də isə Əli Kərimliyə yaxın olan şəxslərin "Azadlıq" radiosunun qonağı olan İsa Qəmbərə ünvanladıqları eyni məzmunlu suallar isə müsavatçıları bərk qəzəbləndirib. Bu gedişlə "İctimai Palata"nın yaxın zamanlarda dağılacağı istisna olunmur.

Bunu hətta İsa Qəmbər dekabr ayında təsdiq etmişdi. Müsavat başqanı aqressiv müxalifətin "vahid namizəd" məsələsinə nöqtə qoyaraq bunun mümkün olmadığını söyləyib, hətta "vahid namizəd"i şaxta baba ilə müqayisə etmişdi: "Hamı şaxta babanı da sevir, vahid namizədi . Ancaq hamı bilir ki, şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir".

Maraqlı müqayisə olsa da, burada təəccüblü bir hal yoxdur.

2012-ci ili şaxta baba sərgüzəştləri ilə başa vuran İsa Qəmbər 2013-cü ilə meyxana ilə start verdi. Namizəd olacağını açıqladıqdan sonra haqqında yayılan meyxanaya isə Müsavat başqanı 30 il əvvəl sevdiyi qıza rus dilində yazdığı şeirlə reaksiya verib. Bu, bir daha onu deməyə əsas verir ki, dağıdıcı müxalifət yenə seçkiyə nagüman gedir. İsa Qəmbər isə prezident seçkilərinə zurna-balabanla, meyxana deyə-deyə, çırtıq çala-çala gedir. Məğlub olacaqlarını indidən müəyyənləşdirən qüvvələrin 2013-cü ili "Elçibəy ili" elan edərək seçkiyə qatılacaqları barədə verdikləri bəyanat isə əslində ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdidir.

Ancaq Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyir ki, Müsavat başqanı seçkilərə meyxana ilə getməklə öz bəsitliyini nümayiş etdirir: "İsa Qəmbərin namizədliyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. O, bizim üçün zəif namizədlərdən biridir. Sözsüz ki, seçkilərdə məğlub olacaq. Artıq bilmirlər edirlər. İstəyirlər meyxana desinlər, istəyirlər "çastuşka" oxusunlar. Görünür, onlar da öz kampaniyalarını meyxana ilə aparırlar. Siyasətdə yer tapa bilmədikləri üçün meyxana ilə populyarlaşmaq istəyirlər. Biz siyasətlə məşğuluq. Qarşımızdakı şəxsi siyasətçi kimi görmək istəyirik. Hesab edirəm ki, meyxana ustaları İsa Qəmbərə qoşulan meyxanaya qiymət verə bilərlər.  Onların meyxanaları da, hay-küyləri mənasızdır. Məğlubiyyət onların alnına yazılıb".

Göründüyü kimi, dağıdıcı müxalifətin son şansları da tükənmək üzrədir. Bütün bunlardan aydın olur ki, müxalifət prezident seçkilərinə 5-10 namizədlə qatılacaq. Bu isə o deməkdir ki, Azərbaycan ictimaiyyəti yenə həmin qüvvələrə etimad göstərməyəcək. Dağıdıcı, qaragüruh qüvvələr seçkilərdə xalq tərəfindən dəstək almayacaq. Əslində, destruktiv müxalifətin uğursuzluğunun əsas səbəbi onların siyasətdə səmimi olmamaları, siyasi manipulyasiyalara aludəliyi ilə bağlıdır. Müxalif düşərgənin destruktiv qütbündə təmsil olunanlar nəinki xalqa, hətta öz aralarında belə bir-birilərinə qarşı səmimi, sağlam münasibətdə deyillər. Hər zaman seçki öncəsi  birlik modelləri təklif edən müxalif partiya sədrləri seçkidən sonra, bir qayda olaraq, bir-birilərini ən sərt ifadələrlə ittiham edirlər. Gücləri o qədər az, elektoratı o qədər kasaddır ki, vahid namizədlə seçkiyə qatılmaq belə onları acı məğlubiyyətdən xilas edə bilməycək. Bunu özləri çox yaxşı bilirlər.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.3.