«Ümid» layihəsi çərçivəsində boruların örtüklənməsi başa çatdı

 

Bu işi Xəzər regionunun yeganə boruörtükləmə zavodu - CPC yerinə yetirdi

 

 "Ümid" layihəsi çərçivəsində CPC-nin ("Caspian Pipe Coatings") həyata keçirdiyi xidmətlər boruların gəmi vasitəsilə qəbulu, betonla örtüklənməsi və anodların quraşdırılmasından sonra dənizə, öz daimi yerlərinə göndərilməsindən ibarət idi. Bu boruların ümumi uzunluğu 18 min metrdır. İşlərin yerinə yetirilməsi tərtib olunmuş cədvələ uyğun aparılıb və layihənin icrası vaxtında başa çatdırılıb.

Xatırladaq ki, "Ümid" qaz-kondensat yatağını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz daxili imkanları hesabına, heç bir xarici tərəfdaşın köməyi olmadan kəşf edibonun istismarına başlayıb. Hazırda qazkondensat verən bu yataq üçün lazım olan boruların keyfiyyətlə örtüklənməsi isə CPC-nin öhdəsinə düşüb.   

CPC bundan əvvəl də ARDNŞ-nin və Azərbaycanda ən iri neft-qaz layihələrinin əməliyyatçısı olan BP-nin sifarişi ilə bir çox irihəcmli işləri müvəffəqiyyətlə yerinə yetirib. Bura "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" (birinci mərhələ), Bakı-Tbilisi-Ceyhan və digər layihələr çərçivəsində görülən  işlər daxildir. CPC eləcə də "Neft Daşları-Bahar", "Bahar-Hövsan", "Xare-Zirə-NYM1" xətlərinin borularının  örtüklənməsini də yüksək səviyyədə həyata keçirib.

"Caspian Pipe Coatings" MMC Xəzəryanı regionda yeganə müasir boru örtükləmə zavodudur. Bu müəssisə Bakıda 2002-ci ildən fəaliyyət göstərir. Ötən 20 il ərzində müəssisədə ümumi uzunluğu  2400 kilometrə çatan müxtəlif diametrli borular örtüklənib. CPC-nin Azərbaycanda yerləşməsi ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin rentabelliyini artırır.

CPC Bakı şəhərinin sənaye zonasında, Xəzər dənizinin sahilində 216 min kvadratmetr sahəni əhatə edir. Müəssisənin yerləşdiyi coğrafi mövqe onun üçün  Azərbaycanın, eləcə də Xəzər regionunun digər ölkələrinin ərazisində layihələrin icrasında iştirak etmək imkanları yaradır. CPC-nin malik olduğu avadanlıqlar vasitəsilə 10-48 düymlük magistral boru xətlərinin dünya standartları səviyyəsində örtüklənməsi prosesindəki bir çox əməliyyatların yerinə yetirilməsi mümkündür. Buradakı qaldırıcı avadanlıqlarla 25 ton ağırlığında boruların yükləmə-boşaltma işləri yerinə yetirilir.

Zavoda uğur qazandıran başlıca amillərdən birionun yüksək ixtisaslı kadr potensialının səriştəsidir. Belə ki, CPC-də çalışan əməkdaşların 60 faizi burada  2002-ci ildən fəaliyyət göstərir. İdarəedici heyətin 70 faizi zavodun öz yetirmələridir.

CPC-nin böyük kollektivinin qarşıya qoyduğu iki mühüm şərt var. Onlardan biri keyfiyyətə nəzarət, digəri isə SƏTƏMM - Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsidir. Keyfiyyətə nəzarət borular CPC sahəsinə daxil olduğu andan istehsalın bütün mərhələlərində xüsusi funksional proqram vasitəsilə həyata keçirilir. Zavodun boru örtükləmə sahəsində keyfiyyətə nəzarət üçün qabaqcıl avadanlıqlarla təchiz olunmuş iki laboratoriyası və 8  məntəqəsi var. Keyfiyyətin yüksək olması isə boruların ömrünü uzatmaqla yanaşı, həm də Xəzərin flora və faunasının təhlükəsizliyinə zəmanət verir.

SƏTƏMM qaydalarına nəzarət sistemi də şirkətdə həyata keçirilən bütün əməliyyatları əhatə edir. Bu sistem elə qurulub ki, hər bir əməkdaş, yaxud vəzifəsi ilə əlaqədar müəssisənin ərazisində olan müsafir insan həyatı, eləcə də təbiət üçün hər hansı təhlükəni hiss etdiyi an işi dayandırmaq ixtiyarına malikdir. Odur ki,

SƏTƏMM qaydalarının tətbiqinə nəzarət edən mütəxəssislər xidmət səviyyəsini artırmaq məqsədilə əməkdaşlar üçün vaxtaşırı xüsusi təlimlər keçirlər.

"Moody İnternational" şirkətinin həyata keçirdiyi auditin nəticələrinə əsasən, CPC 2009-cu ildən etibarən İSO 9001:2008 (Keyfiyyətin idarə olunması sistemi), İSO 14001:2004 (Ekoloji idarəetmə sistemi) və OHSAS 18001:2007 (Sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunması sistemi) sertifikatlarına layiq görülüb. Fəaliyyətinin bu sertifikatlarla qiymətləndirilməsi bir daha sübut edir ki, CPC dünya standartları səviyyəsində fəaliyyət göstərən bir şirkətdir. Müəssisənin 2009-cu və 2010-cu illərdə müxtəlif  nominasiyalarda "İlin şirkəti" adına layiq görülməsi də bu fikri təsdiqləyir.

İndi CPC "Şahdəniz" layihəsinin ikinci mərhələsində iştirak etmək üçün hazırlıq işləri görür. Axı yeni layihənin sifarişlərini yerinə yetirmək üçün yeni texnologiyaların tətbiqi lazım olacaq. 

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.4.