Astara inkişaf edir, yeniləşir, müasirləşir
2012-ci il astaralılar üçün də əlamətdar oldu. Martın 13-də Prezident İlham Əliyevin Astaraya növbəti səfəri yerli əhalinin bahar sevincini birə on artırdı. Ölkə rəhbəri Astarada inşa edilən bir sıra obyektlərin - əsaslı təmirdən sonra istifadəyə verilən Mərkəzi xəstəxananın, Olimpiya İdman Kompleksinin, yenidən qurulan Kijəbə-Qəcimardə, Kijəbə-Ojəkəran avtomobil yolunun açılış mərasimlərində iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Astara və astaralılar haqqında səmimi sözlər söylədi: "Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yeniliklər görəndə çox sevinirəm. Keçən il də Astarada olmuşam. Keçən il də, yenə də demək istəyirəm ki, həm yolun, həm gənclər evinin açılışını qeyd etmişdik. Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir. Mən bu uğurlarla bağlı bütün astaralıları ürəkdən təbrik edirəm".
Uğurları əks etdirən statistika
Astarada iqtisadiyyatın əsasını çayçılıq, tərəvəzçilik, subtropik meyvəçilik və heyvandarlıq təşkil edir. Regionların sosial-iqtisadi inkişafı 2-ci Dövlət Proqramının icrası ilə əlaqədar bitkiçilik və heyvandarlıq sahələrində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, məhsul istehsalında ilbəil artım əldə edilmişdir.
Astaranın iqtisadiyyatı üçün perspektiv sahə sayılan çayçılığın şöhrətini bərpa etmək üçün yeni plantasiyaların salınmasına, mövcud sahələrin məhsuldarlığının yüksəldilməsinə daim diqqət artırılır. 2012-ci ildə 120 hektar sahədə yeni çay plantasiyası salınmış, daha 100 hektar əkin üçün şitillər yetişdirilmişdir. Rayonda 600 hektar məhsuldar və bərpaya ehtiyacı olan plantasiyanın 204 hektarında məhsul yığılır. 2012-ci ildə 390 ton yaşıl çay yarpağı yığılmışdır. Bu göstərici 2011-ci illə müqayisədə 26 ton çoxdur. Plantasiyalarda görülən aqrotexniki tədbirlər sayəsində 2013-cü ildə 500 tondan yuxarı yaşıl çay istehsalı proqnozlaşdırılır.
Rayonun aqrar bölməsində 71 kəndli fermer təsərrüfatı yaradılmışdır. Sahibkarlar və fermer təsərrüfatlarının rəhbərləri üçün yaradılan imkan və şərait onları daha bol və keyfiyyətli məhsul istehsal etməyə ruhlandırmışdır. 2012-ci ildə 3 min hektarda aparılan əkinlərdən 44 min 475 ton müxtəlif növ tərəvəz məhsulları götürülmüşdür. Şiyəkəran, Şahağac, Kakalos, Pensər və digər kəndlərin ərazilərindəki fermer təsərrüfatları yüksək məhsuldarlıq əldə etmişlər. Subtropik meyvəçilik Astaraya şöhrət gətirən sahədir. Rayonun aran və dağətəyi ərazilərində 1600 hektara yaxın sitrus və subtropik meyvə bağları var. Fərdi həyətyanı sahələrdə də çoxlu sayda meyvə ağacları əkilmişdir. 2012-ci ildə bağlardan 25 min tondan çox feyxoa, narıngi, limon, portağal və kivi yığılmışdır. 2011-ci illə müqayisədə artım 2 min tondan çoxdur. Çəltikçilik də Astara üçün ənənəvi sahədir. Yerli əhali 80 ildən çoxdur ki, bu bitkinin əkin-biçini ilə məşğuldur. Ağır əl əməyi tələb olunan çəltikçiliyi astaralılar inamla yaşadırlar. Əkin sahələrinin ildən-ilə müəyyən qədər azalması, mövcud çətinliklər çəltik əkib becərənləri əsla ruhdan salmır. Təkcə 2012-ci ildə əkilmiş 130 hektar sahədən 700 tona yaxın məhsul götürülmüş, hər hektarın məhsuldarlığı 55 sentner olmuşdur. Rayonda çəltik sahələrinin azalmasının qarşısını almaq üçün yeni yollar, imkanlar aranır. Çəltik becərənlərə tövsiyə olunub ki, kollektiv formada təsərrüfat yaratsınlar, əkin üçün ilk növbədə qələvili, bataqlıq, suyun yer səthinə yaxın olduğu torpaqları seçsinlər.
Astarada heyvandarlıq
sahəsi də inkişaf edir. 2012-ci ilin
statistik məlumatına
əsasən, rayonda 2
min 522 ton diri çəkidə
ət, 16 min 875 ton süd,
4 milyon 481 min ədəd
yumurta, 22 ton yun istehsal olunmuş, mal-qaranın sayı 28 min 773
başa çatdırılmışdır.
Sosial problemlərin həlli diqqət mərkəzindədir
İqtisadi inkişaf rayonda
sosial problemlərin həllinə güclü
təkan verir. Məsələn, 2012-ci ilin
əvvəlində rayonda
əhalinin şəxsi
vəsaiti hesabına ümumi sahəsi 4 min 80 kvadratmetr olan 34 fərdi yaşayış
evi tikilmişdir. Bundan əlavə, hazırda Astara şəhərində
doqquzmərtəbəli ictimai
yaşayış binası
inşa olunur. Rayonda ümumtəhsil məktəbləri
üçün yeni binaların inşasına
da diqqət artırılır. 2012-ci ildə Astara şəhərində 7 nömrəli
tam orta məktəb üçün tikilmiş
təzə bina yeni dərs ilinin ilk günündə
istifadəyə verilmişdir.
Şüvi, Vaqo, Siyakü, Hamoşam, Suparibağ, Rüdəkənar,
Telman, Şağlazüzə,
Asxanakəran və Motlayataq kəndlərində
isə yeni məktəb binalarının
bünövrələri qoyulmuşdur
və hazırda həmin obyektlərdə sürətlə işlər
gedir.
2012-ci ildə rayonun
30-dan çox kəndinə
təbii qazın verilməsi bərpa edilmiş, ucqar dağ kəndləri olan Şovaş və Siyatük yaşayış məntəqələrinə
təbii qaz verilmişdir. Hazırda Şüvi, Sərək
Şahağacı və
digər kəndlərin
təbii qazla təmin edilməsi məqsədilə tədbirlər
görülür, Astara
şəhəri, Kijəbə
qəsəbəsi, Ərçivan
və Təngərüd
kəndlərində köhnə
təbii qaz boruları yenisi ilə əvəz olunur. Eyni zamanda rayondaxili
və kəndarası
yolların təmiri və asfaltlaşdırılması
üçün bir sıra vacib işlər görülür.
Artıq
Telman kəndindəki
yol asfaltlaşdırılmış,
gediş-gəliş üçün
lazımi şərait
yaradılmışdır. Diqqətəlayiq faktdır ki,
bu gün Astarada əhaliyə pensiya və müavinətlərin ödənilməsində
problemlər yoxdur.
Əhalinin sıx yaşadığı
yerlərdə 6 bankomat
quraşdırılmış və onların vasitəsi ilə pensiya, müavinətlər,
həmçinin əməkhaqları
vaxtında ödənilir.
Yeri gəlmişkən qeyd edək ki, 2012-ci ilin 9 ayında Astarada 390-dan çox yeni iş yeri
açılmışdır. Rayon Məşğulluq Mərkəzində
iş üçün
müraciət edənlərin
215 nəfəri müxtəlif
idarə və müəssisələrdə işlə
təmin olunmuşdur.
Əhali ilə işgüzar görüşlər
nəticəsiz qalmır
Rayon rəhbərliyi
müntəzəm olaraq
əhali ilə görüşlər və
səyyar qəbullar keçirir, problemlərlə
yerində tanış
olur, operativ tədbirlər görür.
2012-ci ildə rayon mərkəzində,
əksər kəndlərdə,
o cümlədən dağ
kəndlərində keçirilən
belə görüşlər zamanı
söylənilən təkliflər
əsasında ictimai yaşayış binalarının
dam örtükləri təzələnmiş,
şəhər qəbiristanlığı
üçün əlavə
torpaq sahəsi ayrılmış,
yararsız halda olan elektrik dirəkləri
və transformatorları
yenisi ilə əvəzlənmiş, kənddaxili
yollar təmir edilmiş, çay kənarlarında bəndvurma,
kanalların və arxların təmizlənməsi
işləri görülmüşdür.
Əvvəlki
illərdə olduğu kimi, 2012-ci ildə də Astarada tikinti,
yenidənqurma və abadlıq işləri geniş vüsət
almışdır. Şəhərin mərkəzindəki
Heydər Əliyev parkının ərazisi genişləndirilmiş,
ərazidə yeni fəvvarə və müasir
işıqlandırma sistemi quraşdırılmış, təzə
oturacaqlar qoyulmuşdur. Heydər Əliyev prospekti isə yenidən
qurulur. Prospekt kənarındakı hasarlar daha zövq
oxşayan hala salınır, ictimai yaşayış
binalarının fasadları yeniləşdirilir. 2012-ci ildə
şəhərin digər küçələrində də
təmir və abadlıq işləri aparılmışdır.
Özü də belə işlər təkcə Astara şəhərində
deyil, Kijəbə qəsəbəsi və kəndlərdə
də geniş vüsət almışdır. Onsuz da
başdan-başa yaşıllıq diyarı olan Astarada yeni
xiyabanların salınmasına və yeni ağaclar əkilməsinə
daha çox diqqət yetirilir. Şəhər mərkəzində
böyük dibçəklərdə rəngbərəng
güllər, Astara-Bala Şahağacı yolu boyunca yerli
növdən olan ağaclar əkilmişdir.
Bu
yerlərin qonaqsız günü olmur
Astara tarixi-mədəni abidələrlə,
mənzərəli guşələrlə, rahat istirahət
yerləri ilə də zəngindir. Bu səbəbdən
2012-ci ildə bu yerlərə çoxlu sayda turist gəlmişdir.
"Şindan", "Savalan", "Abşeron",
"Relaks" və digər hotel və istirahət mərkəzlərində
xidmət göstərmək üçün hər cür
şərait yaradılmışdır. Yay aylarında
"İstisu" ərazisinə və Xəzər dənizi
sahillərinə gələn turistlər razı qalırlar.
Astara
Azərbaycanın cənub nöqtəsidir. Hər gün
buraya xarici ölkələrdən xeyli qonaq gəlib gedir. Gələnlər
müstəqil Azərbaycan haqqında ilk təəssüratı
buradan alırlar. Yaxşı haldır ki, bu təəssürat
həmişə zəngin və heyranedici olur.
Seyran CAVADOV
Azərbaycan.-2013.- 10 yanvar.- S.5.