Fermerlər vaxtdan səmərəli
istifadə etməyə çalışırlar
Dekabrın ikinci ongünlüyünün sonlarından başlayaraq yağan qar kənd təsərrüfatı məhsulları istehsalçılarının intizarına son qoydu. Əkin sahələrinin ağ örpəyə bürünməsi ömrünü-gününü əkinçiliyə bağlayanların nigarançılığını aradan qaldırdı. Çünki vaxtında-vədəsində yağan qar torpaq altındakı toxumların göyərməsini şərtləndirən amillərdəndir.
Geciksə də sahələri ağappaq edən qar Şəki fermerlərinin də ürəyincə oldu. Ölkənin ən iri taxılçılıq rayonlarından olan Şəkinin torpaq adamları yeni məhsul ilində də böyük uğurlara nail olmaq arzusundadır. Ötən məhsul ilində qazanılan yüksək göstəricilər deməyə əsas verir ki, 2013-cü ildə də bol məhsul istehsalına nail olmaq mümkündür. Həyata keçirilən aqrotexniki tədbirlər, işgüzarlığın daha da artması, əkin-səpin işlərinə yeni elmi yanaşma və digər amillər bir daha sübut edir ki, kənd təsərrüfatı işləri öz qaydasında gedir. Onu da qeyd edək ki, 2012-ci ildə rayonlar arasında taxıl istehsalına görə Şəki birinci olub - rayonda 256 min ton taxıl istehsal edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov söhbət zamanı bildirdi ki, 2013-cü ilin məhsulu üçün taxıl səpini yüksək səviyyədə başa çatdırılıb. Bol məhsul istehsalı yay şumunun vaxtında aparılmasından, keyfiyyətli toxum seçimindən, səpin texnikalarının saz vəziyyətdə olmasından, torpağın səpinə aqrotexniki qaydalara uyğun hazırlanmasından çox asılıdır.
Şəkidə bu payız 53700 hektarı buğda, 19100 hektarı arpa olmaqla 72800 hektar sahədə taxıl əkilib. Səpin üçün əsasən yerli təsərrüfatların istehsal etdikləri toxumlardan istifadə olunub. Xatırladaq ki, rayonda 34 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir və həmin təsərrüfatlar bu il 15 min tondan çox yüksək keyfiyyətli taxıl toxumu istehsal edərək fermerlərə satıblar. Səpində "Əzəmətli-95", "Şəki-1", "Bərəkətli", "Qobustan", "Qılçıqsız-1", "Aran" və digər buğda, eləcə də "Cəlilabad-19", "Qarabağ-22" arpa sortlarından istifadə daha məqsədəuyğun sayılıb.
Düzdür, torpağa qar düşənədək havaların isti və quraq keçməsi taxıl səpinini müəyyən qədər ləngidib. Çünki təcrübəli əkinçilərin, mütəxəssislərin dedikləri kimi, isti və quraq hava şəraitində taxıl əkinlərində xəstəlik və ziyanvericilərin inkişafı, həmçinin toxumun alanəm olması ehtimalı çoxdur. Məhz bu səbəblərə görə taxılçı fermerlər taxılın nisbətən gec səpilməsini (yağmur və soyuq hava ehtimalı nəzərə alınmaqla) məqsədəuyğun bilirlər. Hazırda taxıl səpini davam edir. X.Xəlilovun verdiyi məlumata görə, bu il Şəkidə 77 min hektaradək sahədə taxıl səpini proqnozlaşdırılır.
İndiyədək
fitosanitar müşahidələrə əsasən, əkilmiş
sahələrin 16 min hektarında müəyyən xəstəliklərin
üzə çıxdığı bəlli olub. Ancaq həmin
sahələrdə zərərvericilərə qarşı
kimyəvi mübarizə tədbirləri görülür.
Başlıcası isə odur ki, fermerlər bütün tədbirlərdə
elmi yanaşmaya üstünlük verməyə və vaxtdan səmərəli
istifadə etməyə çalışırlar.
Telman NƏZƏRLİ
Azərbaycan.-2013.- 10 yanvar.- S.5.