Bir səhvin acı nəticələri
Və ya Azərbaycan
torpaqlarının ermənilərə güzəşt edilməsi prosesi necə baş vermişdir
Məlum tarixi həqiqətdir
ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan
deyilən dövlət olmamışdır. 1917-ci ilin
fevralında Rusiyada baş verən burjua-demokratik
inqilabından sonra imperiya dağılmış və onun
keçmiş ərazilərində yaşayan bir sıra
xalqlar öz müqəddəratlarını təyin etmək
hüququ əldə etmişlər. 1917-ci
ilin martından 1918-ci ilin mayın 26-dək Zaqafqaziya
Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və
1804-1813, 1826-1830-cu illərdə və XX əsrin I
yarısında Azərbaycan ərazilərinə (İrəvan,
Naxçıvan və Qarabağ) keçmiş Rusiya və
sovet imperiyalarının hərbi-strateji maraqlarını təmin
etmək məqsədilə köçürülən ermənilər
birləşdilər. 1918-ci il
mayın 26-da Gürcüstan Zaqafqaziya Seyminin tərkibindən
çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin
ayın 28-də Azərbaycandan olan deputatlar Azərbaycanın
müstəqilliyi haqqında bəyannamə qəbul etdilər.
Maraqlıdır ki, ermənilər Azərbaycan
Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini
gözləyirdilər. Onlar Azərbaycan
Milli Şurasına müraciət edərək Aleksandropolun
türk ordusu tərəfindən tutulduğunu qeyd edir və
İrəvanın siyasi mərkəz kimi ermənilərə
güzəştə gedilməsi məsələsini
müzakirə etməyi təklif edirlər. Müzakirələrdən
sonra İrəvanın Ermənistana güzəştə
gedilməsinin qaçılmaz zərurət, Azərbaycan xalqı
üçün isə qaçılmaz acı bir bəla
olduğu Milli Şura üzvləri tərəfindən etiraf
edilir. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan hökuməti başçısının
məktubuna verdiyi cavabla bağlı onun Azərbaycan Xalq
Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacinskiyə
1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan məktubunda
yazırdı ki: "Biz ermənilərlə bütün
mübahisələri qurtarmışıq və onlar bizim
ultimatumumuzu qəbul edəcəklər və müharibə
qurtaracaqdır. Biz İrəvanı ermənilərə
güzəştə getdik".
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam
rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli
Şurası tərəfindən qəbul edilən bu qərarın
çox səhv və yanlış bir addım olduğunu qeyd
etmişdi.
1918-ci ildən bugünədək Ermənistanın Azərbaycan
Respublikasına qarşı apardığı işğal
siyasətinə dəfələrlə toxunan dövlət
başçısı 2012-ci il dekabrın 24-də
Sumqayıtda Bakı şəhərinin Zabrat, Hövsan qəsəbələrində,
Gəncə, Şəki, Şəmkir şəhərlərində
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün tikilmiş yaşayış
binalarının istifadəyə verilməsi mərasimində
iştirak edərkən öz çıxışında bu
məsələyə yenidən qayıdarkən atılan addımla
bağlı demişdir: "Ebu qərar haqqında mən
fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də
demək istəyirəm ki, böyük səhv və
böyük cinayət idi. Ancaq bu tarixi həqiqətdir.
İrəvan xanlığı bizim tarixi
torpağımızdır (Bax: "Azərbaycan" qəzeti,
25 dekabr 2012-ci il). Ölkə
Prezidenti öz fikri ilə tarixi həqiqəti təsdiqləmişdir.
Bəs bu tarixi həqiqət arxiv sənədlərində
öz əksini neçə tapmışdır, bu hadisələr
neçə baş vermişdir - sualına cavab tapmaq
üçün arxiv sənədlərinə müraciət
edək.
1918-ci il mayın 29-da Azərbaycan Milli
Şurasının dördüncü iclasında iki dəfə
İrəvan şəhərinin ermənilərə güzəşt
edilməsi ilə bağlı məsələ müzakirə
olunur. Birinci dəfə məsələ müzakirə edilərkən
iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak
edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər
əleyhinə, 3 nəfər bitərəf qalmaqla 8 nəfərin
hansı mövqe tutduğu göstərilmir. Həmin gün
keçirilən ikinci iclasda İrəvandan olan Milli
Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov
yazılı şəkildə Milli Şuranın İrəvanın
ermənilərə güzəşt gedilməsinə
qarşı etiraz ərizəsilə müraciət etsələr
də, iştirak edən 26 nəfər Milli Şura
üzvü məsələyə münasibət bildirmədən
qəbul edilmiş qərarın qüvvədə
saxlanılmasına razılıq verirlər. İrəvandan
olan deputatların yazılı şəkildə təqdim
etdikləri etiraz məktubu işə tikilsə də, indi bu
sənəd arxivdə yoxdur! Milli Şura üzvlərinin bu məsələdə
tutduqları belə mövqe bir sıra suallar
doğrurur. İrəvan şəhərini ermənilərə
güzəştə gedərkən şəhər əhalisinin
və onları təmsil edənlərin rəyi soruşulmuşdumu? Sənədlər təsdiq edir ki, heç bir rəy
sorğusu və yaxud bu istiqamətdə hər hansı bir
addım atılmamışdı. Bütün
bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən
nə qədər səhv olduğunu bir daha təsdiq edir.
Digər tərəfdən, bu şəhərin ermənilərə
verilməsi məsələsi ilə bağlı son illərdə
tədqiqatlar, xüsusilə də arxiv sənədlərinin üzə
çıxarılması Azərbaycan xalqını daim
düşündürən bir sıra suallara aydınlıq gətirmişdir.
Bu baxımdan tarix üzrə fəlsəfə
doktoru V.Qafarovun 2011-ci ildə nəşr etdirdiyi
"Türkiyə-Rusiya münasibətlərində Azərbaycan
məsələsi (1917-1922)" adlı monoqrafiyası
böyük əhəmiyyət kəsb edir. Monoqrafiya Türkiyə Cümhuriyyəti Baş
Bakanlığın Osmanlı Arxivindən bu məsələyə
müəllif tərəfindən aşkar edilmiş sənədlər
əsasında yazılmışdır. Əsərdə
qiymətli məlumatlar
çoxdur. Lakin İrəvan şəhərinin verilməsi
ilə bağlı diqqəti cəlb edən ən
mühüm sənəd Azərbaycan Xalq Cümhuriyyətini
yaradanların Osmanlı Türkiyəsinin hərb naziri Ənvər
paşaya 1918-ci
il mayın 22 və 23 tarixlərində
ünvanladıqları müraciətdir. Müraciətin
mətnini heç bir şərh vermədən bu məqalədə
verməyi məqsədəuyğun sayıram. Müraciətdə
deyilirdi: "Paşa Həzrətləri! ...Osmanlı
hökumətinin tashihi-hüdud haqqındakı təklifi ilə
müttəhid Qafqaz fikri məhv olur. Üç
- gürcü, müsəlman və erməni kantonu əvəzinə
yalnız iki kanton qalır. Çünki Axalkələk,
Aleksandropol, Eçmiəzdin, Sürməli sancaqları ilə
İrəvan sancağının bir qisminin ilhaqından sonra
Ermənistan kantonunun qtisiküllisi Türkiyəyə
keçmiş olur. Qeyd edilən kantonun Cənubi Qafqaz daxilində qalan
qismi isə o qədər məhdud və az bir şeydir ki, həmin
hüdud daxilində bir kanton təşkilindən qətiyyən
bəhs oluna bilməz. Sayca ermənilər Cənubi Qafqazda
çox bulunuyorsalar da, onlar ufak-ufak kıtalarla müsəlman
ərazi meyanına səpilmiş
bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni
kantonu biçmək nə coğrafiyaca mümkün, nə də
felən təsəvvür olunur, müsəlman əhali belə
bir təklifi dinləmək belə istəməz. İki kantonlu müttəhid Qafqaz hökumətinə
gəlincə, buna da gürcülər qətiyyən razı
deyildirlər. Onlar işin belə müşkül bir
şəklə müncər olacağı ilə hasil olacaq
ihtilat-ı daxiliyəyi kamilən təqdirdə kəndi
yüklərini sudan çıxarmaq üçün ika olunucağını təxmin
eylədikləri yanğında iştirak etməmək, ermənilərlə
əlaqəni pisləşdirməmək və eyni zamanda da kəndi
ərazilərini bir sel kimi gələcək olan erməni
mühacirətinə qarşı müdafiə eyləmək
üzrə kəndi istiqlallarını elan ilə Qafqaz
vahdaniyətindən xaric müstəqil bir siyasət
ittihazına qərar vermişlərdir. İş
bu dərəcəyə gəlincə, təbiidir ki, biz də
Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının
istiqlalını elan etməliyik. Fəqət
indiki halda məsələnin belə bir şəkil alması
müvafiqdirmi?
Bizə
elə gəlir ki, bu, Trabzonda irae olunub da Batumda bir daha tevezzuh
edən mulahazat ilə pek də müvafiq olmaz. Acaba Türkiyə,
kiçik qardaş bulunan Azərbaycan və ümumiyyətlə,
böyük türk siyasətindən ötrü bakalım
hansı yol müvafiqdir. Kəndi daxilində hüsn-i intiqamla meşyu, daima fırsat
ardından koşan və ilk imkan bulunca arxamızdan xəncəri
vurmaq zeyniyətində qalan erməni arzu-yı milisi münker və hər zaman türk
siyasəti əleyhində mudahelatı - əcnəbiyəyi
ihtar edən intriqalara vasitə olacaq bir buçuk milyonluq bir
erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı
ilə muhat, sevkülceyş noktayı-nazarınca zararsız
və amalı - milliyesince təmin
olunmuş kiçik bir erməni kantonumu? Siyasəti -
milliyemiz noktayı-nazarından bizcə ikinci şəkil daha
faydalı və münasib olsa gərək... Biz daha erməni
kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri
müdafiə deyil, kəndi siyasətimiz, türk siyasəti -
umumiyesi noktayı-nazarından baxır və məsələni
bu siyasət kaidəsinə həll etmək istəyirik...".
Müraciətnamənin sonuna Azərbaycanın Batum
sülh konfransındakı nümayəndələri olan
M.H.Hacınski və M.Ə.Rəsulzadədən başqa Əhməd
bəy (Can Baba), A.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov,
F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imza
atmışdılar. Bu müraciətnamənin göndərilməsindən
bir gün əvvəl - mayın 22-də Ə.Hüseynzadə
və Ə.Ağaoğlu da Tələt paşaya və Ənvər
paşaya eyni məzmunlu bir müraciətnamə göndərmişdilər
(Bax: V.Qafarov "Türkiyə-Rusiya münasibətlərində
Azərbaycan məsələsi (1917-1922-ci illər)",
Bakı, 2011, səh.164).
Buradan
haqlı bir sual doğur: müzakirələr zamanı Milli
Şura üzvləri yaranmış vəziyyəti nəzərə
alaraq bu ağır bəladan imtina edə bilərdilərmi və
mümkün idimi və başqa xalqların tarixində buna
oxşar bir hadisə baş veribmi? Yuxarıda
göstərilən sənəddən aydın olur ki, Azərbaycan
Xalq Cümhuriyyətini yaradanlar hələ cümhuriyyət
yaranmamışdan əvvəl Qərbi Azərbaycan
torpaqlarını ermənilərə güzəşt edilməsi
haqqında öz aralarında razılığa gələ
bilmişdilər. Lakin əldə olunan bu
razılığa əsas verən ən başlıca arqument
isə məktubdan da göründüyü kimi, Şimali Azərbaycan
ərazilərinə köçürülən ermənilər
tərəfindən yerli azərbaycanlı əhalinin məhv
edilməsi təhlükəsi idi. Görünür,
1918-ci ilin birinci yarısında ermənilərin törətdikləri
soyqırımı cinayətləri AXC-ni yaradanlarda çox
ağır psixoloji təsir qoymuşdu. Bundan əlavə,
ermənilərin
beynəlxalq səviyyədə ABŞ, Fransa,
Böyük Britaniya hökumətləri tərəfindən
çox güclü şəkildə müdafiə
olunması və onlardan öz maraqları naminə istifadə
danılmaz bir həqiqət idi. Digər tərəfdən məsələdə
Osmanlı Türkiyəsinin müəyyən hərbi dairələrinin
də bu "xidmətləri"ni nəzərdən
qaçırmaq olmaz. Digər xalqların tarixində bu məsələyə
oxşar siyasi məsələyə - XIX əsrin əvvəlində Fransa tarixində baş vermiş
mühüm bir hadisə belə bir fikir yürütməyə
əsas verir ki, Milli Şura üzvləri torpaq məsələsi
müzakirələri aparılarkən belə bir səhv
addım atmaya bilərdilər, lakin bu səhv addım
artıq əvvəlcədən planlaşdırılmışdı.
Digər tərəfdən, onların əksəriyyəti
Avropa və çar Rusiyası universitetlərində təhsil
almış insanlar olduqları üçün Avropa tarixini və
o cümlədən beynəlxalq hüquq məsələlərini
çox gözəl bilirdilər. Odur ki, 1815-ci
ildə Napoleon Bonapart məğlub edildikdən sonra Vyana
konqresinə toplaşan qalib dövlətlərin
başçıları bütün Avropanın və o
cümlədən Fransanın taleyini həll etməli idilər.
Fransanın ağır vəziyyətə
düşdüyünü görən ölkənin xarici
işlər naziri Taleyran çıxış yolu kimi
legitimlik prinsipi deyilən bir diplomatik vasitədən istifadə
etmək qərarına gəldi. Legitimlik prinsipinin əsas
mahiyyəti ondan ibarət idi ki, qalib dövlətlər Avropa
xalqlarının gələcək taleyini həll edərkən
Fransanın 1792-ci ilə qədər olan təbii sərhədlərinə
toxunmamalı idilər. Bu uğurlu diplomatik vasitədən
istifadə edən Taleyran konqresdən əvvəl qalib
dövlətlərin başçıları və xarici
işlər nazirləri ilə görüşdü və demək
olar ki, öz istəyinə nail oldu və beləliklə,
ölkənin ərazi bütövlüyünü qoruya bildi.
Düşünürəm ki, Azərbaycan Xalq
Cümhuriyyətini yaradanların bir çoxu bu tarixi çox
gözəl bilirdi. Digər tərəfdən, 1918-ci
ilin may və sentyabr aylarında Cənubi Qafqazda
yaranmış siyasi vəziyyət Azərbaycanın xeyrinə
olduğu halda belə, onlar bundan istifadə edib İrəvan
şəhərini güzəştə getməyə bilərdilər.
Amma çox təəssüf! Qeyd etmək lazımdır ki,
İrəvan şəhəri və quberniya əraziləri
güzəştə gedildikdən sonra 1918-ci il
mayın 28-də özünün müstəqilliyini elan edən
Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99.908.86
kvadratkilometr təşkil edirdi. 13.983.10 kvadratkilometr ərazi
isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək
danışıqlar prosesində həll olunması nəzərdə
tutulmuşdu.
Ermənistana güzəşt edilən İrəvan
quberniyasının ərazisi 7.913.17 kvadratkilometr təşkil
edirdi. Edilən güzəştdən sonra ermənilər
Azərbaycanın Naxçıvan, Zəngəzur və
Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi
iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan
quberniyasından başqa əraziləri ələ keçirə
bilməyən ermənilər 1920-ci aprelin 28-də Azərbaycan
Sovet Rusiyası tərəfindən işğal edildikdən
sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə
etməyə nail oldular. Sovet Rusiyası
hökuməti Gürcüstan və Ermənistan missiyaları
ilə ərazi məsələlərini Azərbaycan SSR
hökumətindən gizli aparırdı. Ən
dəhşətlisi isə o idi ki, Azərbaycan nümayəndə
heyəti belə danışıqlara cəlb edilərkən
onları ya ermənilər, ya da gürcülər təmsil
edirdilər. Azərbaycanlılar isə nə
ermənilərin, nə də ki, gürcülərin nümayəndə
heyətlərinin tərkibinə daxil edilmirdilər. 1920-ci
il avqustun 10-da İrəvan şəhərində
Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə
imzalanarkən bir sıra diplomatik sənədlərin də
sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə
ciddi qəsdlər edilərək Zəngəzur və
Naxçıvanın Ermənistana verilməsi
planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya
hökuməti S.Orconikidzenin belə bir iddiasından
çıxış edirdi ki, "...məlum siyasi şəraitdə
Ermənistan bizə lazım ola bilər. İrəvandakı danışıqlar tərəfləri
gələcək sülh müqaviləsini tanımağa məcbur
edən protokolun imzalanması ilə qurtardı ki, həmin
sazişlə də Ermənistan Qarabağdan imtina etməli,
ancaq Zəngəzur və Naxçıvanı almalı idi.
Əslində, Azərbaycanın tarixi
torpaqlarının Ermənistana verilməsi planı Leninin
razılığı ilə Stalin tərəfindən
hazırlanmışdı. Çünki
sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt
olunması və bu ərazilərdə yaşayan əhalinin
deportasiyası da Stalin tərəfindən həyata
keçirilmişdi.
1920-ci il
noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə.Qarayev
və başqalarının iştirakı ilə keçirilən
iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin
şərtlərinə toxunularkən Stalinin fikri əsasında
belə bir qərar qəbul edilmişdi: "Naxçıvan
və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif
olunan maddə nə siyasi, nə də strateji cəhətdən
sərfəli deyildir və yalnız son halda baş tuta bilər".
İclasda
həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura
aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova
həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə
RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana
təqdim edilən müqavilə barədə qəti qərar
çıxarmamaq razılaşdırılmışdı. Bu qərarın özü də bir daha göstərir
ki, Azərbaycan torpaqları hərraca qoyulmuşdu. V.İ.Lenindən sonra SSRİ dövlətinə rəhbərlik
edən İ.V.Stalin bu hərracın təşkilatçısı
kimi "Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı
deyiləm" - deyə Azərbaycana öz düşmən
mövqeyini bildirmişdi.
Həmin
qərarın "B" bəndində yazılırdı:
"Sovet Azərbaycanı ilə Sovet Ermənistanı
arasında heç bir sərhəd mövcud deyildir". Qərarın "Q" bəndində Zəngəzur
və Naxçıvanın Ermənistana verilməsi,
"D" bəndində isə Qarabağın dağlıq
hissəsinə öz müqəddəratını təyin
etmək hüququ verildiyi göstərilirdi.
Zəngəzurun
ermənilərə verilməsi, əslində isə sadəcə,
Sovet Rusiyasının təzyiqi ilə
"bağışlanması" istiqamətində daha bir
ciddi addım 1920-ci il dekabrın 1-də
atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda
Sovet hakimiyyətinin qurulması münasibətilə
keçirilən təntənəli "tarixi"
iclasında N.Nərimanov bəyanatla çıxış
etdi. Lakin qeyd etmək lazımdır ki, N.Nərimanovun
bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə
Dağlıq Qarabağla əlaqədar məsələ
qaldırmaq məqsədilə verilmişdi.
Çünki, İrəvanda ermənicə nəşr olunan
"Kommunist" qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində
saxtalaşdırılmış məzmunlu yazı dərc edilmişdi. Sonralar N.Nərimanov özü bəyanatda elan edilən
faktların saxtalaşdırılmasına etiraz etmişdi.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana
bağışlanmasını həyata keçirən
İ.V.Stalin Bakı Sovetinin 1920-ci il
dekabrın 1-də qəbul etdiyi qərara münasibətini
belə ifadə etmişdir: "Dekabrın 1-də Sovet Azərbaycanı
mübahisəli vilayətlərdən könüllü olaraq
əl çəkir və Zəngəzur, Naxçıvan və
Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini
elan edir". Göründüyü kimi, əgər
XI Qızıl Ordunu Azərbaycanı işğal etmək
üçün A.Mikoyan dəvət etmişdirsə, ondan
sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.V.Stalin
olmuşdur. 1920-ci il dekabrın 2-də
İ.Stalinin "Azərbaycanın fatehi"
adlandırdığı S.Orconikidze V.İ.Leninə və
İ.Stalinə Bakı Sovetində qəbul edilən qərarın
məzmununu çatdırmışdı. Zəngəzur
və Naxçıvanın Ermənistana verilməsi elan edilən
kimi həyata keçirilmədi. N.Nərimanov
ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən
Leninə yazdığı məktubda "Azərbaycanın
tamamilə mübahisəsiz ərazilərini Ermənistana
güzəştə gedir və düzəlməsi
mümkün olmayan həlledici səhvdir" - deyə etiraf
etmişdi.
Ermənilər
Zəngəzurun ələ keçirilməsini
asanlaşdırmaq və sürətləndirmək məqsədilə
qəzanın onlar tərəfindən tutulan sahələrində
möhkəmlənərək bölgənin digər hissələrində
- Aşağı Zəngəzurda Kürdüstan
yaradılması "ideya"sını irəli
sürmüşdülər. Əslində əsas məqsəd
Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsini
təmin etməkdən, bu niyyətlə də Azərbaycanın
parçalanması və daima təzyiq altında
saxlanılmasından, Zəngəzurun tədricən, hissə-hissə
Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.
Zəngəzurun
və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan
rəhbərliyinin 1920-ci il
1 dekabr
tarixli Bəyanatı ilə verdiyi vədə öz sərvətlərinin
qapılarını Ermənistanın üzünə
geniş açmasına dərhal əməl etməsi, hələ
müharibəyə və daşnakların ərazi
iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri vəhşiliklər
qurtarmamış "qonşu və dost xalqa" hərtərəfli
yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana
verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliynə
keçməsi dərhal baş vermədi. Belə ki,
1921-ci il yanvarın 12-də Azərbaycan KP
MK Siyasi və Təşkilat Bürolarının iclasında
Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən
təşkili haqqında qərar çıxardı. Nəhayət, uzun müzakirələrdən sonra Zəngəzur
qəzasının köhnə inzibati sərhədlərdə
saxlanması qərara alındı. Zəngəzurla
bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər
davam etdi.
Zəngəzurun
azərbaycanlı əhalisini sıxışdırmaqda davam
edən ermənilər bununla kifayətlənməyərək
sonralar bir sıra ərazilərin də ələ
keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK
Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında
Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun
tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının
1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi
məsələləri müzakirə edildi. Yenə də bu
qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də
M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən
isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun
iştirakı ilə keçirilən iclasda Mehridə erməni
rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi
- Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi.
1938-1939-cu illərdə Ernəzir kənd kollektiv təssərüfatı
Nüvədi kəndi, Tuğut kəndi isə ermənilər
yaşayan Astazurla birləşdirildi, hər iki kəndin
doğma yerlərindən Nüvədi, Əldərə və
Astazura kəndlərinə köçürüldü.
Beləliklə,
Zəngəzurun cənub-qərb hissəsindəki
torpaqların da ermənilərə
"bağışlanması" və burada Mehri rayonunun təşkili
ilə Azərbaycan özünün tərkib hissəsi olan
Naxçıvandan ayrı salındı, bu bölgə ilə
əlaqə çətinləşdi. Zəngəzurun
bir hissəsinin ermənilərin əlinə keçməsi
ilə Şimali Azərbaycan parça-parça edildi, onunla
Türkiyə arasında əlaqə pozuldu,
torpaqlarımızın sonrakı işğalı üçün
yeni zəmin yaradıldı.
Naxçıvan
Muxtar Respublikasının Qars müqaviləsi ilə müəyyən
edilmiş sərhədlərinə gəldikdə isə, həmin
müqavilədə Naxçıvan ərazilərinin
qarantı kimi çıxış edən Türkiyə
dövlətinin razılığı olmadan Zaqafqaziya Sovetləri
MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı
ilə bölgənin 657 kvadratkilometr sahəsi Ermənistana
verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli
iclasının qərarına əsasən isə, Şərurun
Sədərək və Kərki kəndləri ətrafındakı
müəyyən ərazilər Ermənistana keçdi.
XX əsrin 40-cı illərinin ikinci yarısında mərkəzi
hökumətdəki nümayəndələrinə arxalanan
erməni millətçiləri azərbaycanlıların Ermənistan
SSR-dəki öz tarixi-etnik torpaqlarından qovulub
çıxarılması və ilk növbədə,
Qarabağın qoparılıb Ermənistana verilməsi tələbini
irəli sürdülər. 1945-ci ilin payızında Ermənistan
SSR rəhbərliyi növbəti dəfə ÜİK(b)P
MK qarşısında Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin Ermənistana verilməsini
qaldırdı. Azərbaycan SSR-ə o zaman rəhbərlik edən
M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə (tam məxfidir
qrifi ilə) ÜİK(b)P MK katibi G.M.Malenkova göndərdiyi
cavab məktubunda Sovet hakimiyyəti illərində ilk dəfə
itirilmiş Azərbaycan torpaqları problemini qaldırdı və
bununla da erməni millətçi dairələrinin
planlarının pozulmasına nail oldu. Lakin rədd cavabı
verilməsinə baxmayaraq, ermənilər 1946-cı il
oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin
xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan
SSR ərazisinə göçürülməsi ilə bağlı fərman
verməsinə nail oldular. Xarici ölkələrdə
yaşayan ermənilərin Ermənistan SSR-ə
repartasiyası "Daşnaksütyun" partiyasının
1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi
qərarlarla bilavasitə bağlı idi. Bu
qərarlarda isə repartasiyanın "azərbaycanlıların
yaşadıqları torpaqların boşaldılması və
Ermənistan sərhədlərinin genişləndirilməsi"
şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də
xeyir-duasını vermişdi.
Beləliklə, azərbaycanlıların Ermənistan
SSR ərazisindəki dədə-baba torpaqlarından
qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il
dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan
SSR-dən kolxozçuların və başqa azərbaycanlı
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında" 4083 saylı qərar
verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10
mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və
digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi
ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı
ilə bu işi həyata keçirmək üçün
konkret tədbirlər planı müəyyən olundu. Bu qərara
görə 100 min azərbaycanlı 1948-1950-ci illərdə;
1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə
50 min nəfər "könüllülük prinsipinə əsasən"
Azərbaycana köçürülməli idi. O zaman Ermənistan
SSR-də 400 mindən artıq azərbaycanlı
yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən
deportasiya edilənlərin sayı 10.504, 1949-cu ildə 15.713 nəfər,
1950-ci ildə 12.332 nəfər, 1952-1953-cü illərdə
13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər
olmuşdur. Ümumiyyətlə, Ermənistan
SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində
100 min nəfərdən çox azərbaycanlı zorla
köçürülmüş və ya köçməyə
məcbur edilmişdir.
Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə
etmiş və əsasən azərbaycanlıların ilk
yaşadıqları ərazilərdə həyata
keçirilmişdi.
1953-cü
ildə İ.V.Stalinin ölümündən sonra SSRİ
dövləti rəhbərliyində baş verən dəyişikliyə
ümid bəsləyən Erməni Qriqoryan Kilsəsi və Ermənistan SSR rəhbərliyi
yenidən DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi
haqqında N.S.Xruşşova müraciət etdi. 1958-ci ildə
Erməni Qriqoryan Kilsəsinin başçısı II
Vazgen Bakıya gəlir və o
zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla
görüşür. Görüş zamanı II Vazgen
Bakı şəhərində yerləşən erməni
kilsəsi nəzdində erməni uşaqları
üçün ruhani seminariyasının
açılmasına, səhər və axşam kilsə zənginin
vurulmasına icazə verilməsini və ən
başlıcası, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan
SSR-ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin
razılıq verməsini təklif edir. Azərbaycan SSR Nazirlər
Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd
cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət
edir, lakin mərkəzi hökumət qaldırılan məsələnin
nə qədər təhlükəli olduğunu anlayaraq onu
müzakirə etməkdən çəkinir. Qeyd etmək
lazımdır ki, erməni katolikosuna verilən sərt rədd
cavabı Azərbaycan SSR rəhbərliyinə mərkəzi
hökumətin münasibətinin dəyişməsinə təsir
etdi. 1959-cu ildə Azərbaycan SSR rəhbərliyi millətçilikdə
ittiham edilərək dəyişdirildi.
(Ardı
var)
Cəbi BƏHRAMOV,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun
elmi işlər üzrə direktor
müavini, professor
Azərbaycan.-2013.- 10 yanvar.- S.6.