Gözəllik pərisi
Üzünün zərif cizgilərində daim bir təbəssüm duyulan, qaragözlü, şirinsözlü, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti Leyla Bədirbəyli elə gözəl və cazibədar idi ki, heç onun nə vaxtsa qocala biləcəyini təsəvvürümüzə gətirə bilməzdik. Libasını geyindiyi bütün surətlərə elə bir şirinlik bağışlamışdı ki, onu seyr etməkdən doymaq olmurdu. Bu böyük sənətkarın pərəstişkarı çox idi. Mən də rollarından tutmuş müxtəlif televiziya verilişlərindəki çıxışlarına qədər hamısını maraqla izləyərdim. Onun necə qüdrətli sənətkar olduğunu həm duyur, həm də heyrətə gələrdim. Çünki Leyla xanım yaratdığı obrazlara elə can və ruh verərdi ki, tamaşaçı bütün varlığı ilə ona diqqət kəsilərdi. Leyla Bədirbəyli adicə aktrisa deyildi. O, teatr sənətinə, milli kinoya işıq və əlvanlıq, məlahət gətirən bir gözəllik pərisi idi. Leyla xanım 1999-cu ilin sonunda dünyasını dəyişəndə mənə elə gəldi ki, Yer üzünü bürümüş bir bəyazlıq qapqara kədərə çevrildi. İnana bilmədik ki, bir daha Leyla Bədirbəylinin səsi gəlməyəcək. O gündən bəri unudulmaz Leyla xanım barəsində düşünəndə böyük şair Məmməd Arazın misralarını xəyalımdan keçirirəm:
Hərdən inanmaram
ölüm haqq ola,
Torpaq rəssam
uda, gözəl qocala.
Amma təəssüf, təəssüf. Bu fani
dünyanın əzəldən
amansız qanunları
var. Yaşdan-başdan, vardan-yoxdan
asılı olmayaraq, hamımız vaxtlı-vaxtsız
son ünvanın yolçularıyıq.
Amma elə insanlar var ki,
onlar öz ölümləri ilə belə ölümə meydan oxuyur, ona qalib gəlirlər.
Sənətləri, fəaliyyətləri
ilə elə ucalıqda dayanırlar ki, nə fiziki
yoxluqları, nə həyatın gərdişləri
o fövqün yanından
ötə bilmir. Xəyalımızda, eləcə
də kino lentlərində olduqları
kimi qalırlar. Heç zaman da onların gözəlliyini soldura bilmir. Bu mənada, Leyla Bədirbəyli həmişəyaşardır. Onun böyük məharətlə yaratdığı
obrazlar kinomuzda yaşamaqda, teatrımızda
xatırlanmaqdadır.
Həqiqətən də elə insanlar var ki,
əbədi ayrılığın
illəri üst-üstə
qatlandıqca onların
həm həyatda, həm də sənətdə yerləri
apaydın görünür,
yoxluğu bizi incidir, Azərbaycan milli teatrının və kinosunun inkişafında əvəzsiz
xidmətləri olan Leyla xanım Bədirbəyli kimi. Yaşasaydı, indi onun 90 illik ömrünün
sevincinə yığışardıq.
Amma nə acılar ki, neçə illərdir
biz Leyla xanımın
yubileyini belə titrək və xəfif bir kədərlə qeyd edirik.
O, ilk əmək fəaliyyətinə
başlayanda cəmi
17 yaşı vardı.
Leyla Bədirbəyli beş il Azərbaycan
Dövlət Filarmoniyasında
solist işləyib. Sonra isə taleyini Azərbaycan Akademik Dram Teatrına bağlayıb. Düz 33 il bu sənət
məbədinin səhnəsində
bir-birindən fərqli
qadın obrazları yaradıb. Bu il milli teatrımızın
140 yaşı tamam olacaq. İftixarla düşünürəm ki,
bu möhtəşəm
rəqəmin bütöv
bir mərhələsi
məhz Leyla xanımın fəaliyyəti
ilə bağlıdır.
Azərbaycan teatrının
inkişafında Leyla
xanımın xidmətləri
həmişə xatırlanır.
O, milli teatrımızın
səhnəsində yaratdığı
Sara ("Solğun çiçəklər"),
Almaz ("Almaz"), Solmaz ("Od gəlini"), Şəlalə
("Yalan"), Dezdemona
("Otello"), Liza ("Canlı
meyit") və s. kimi obrazları ilə mədəniyyət
tariximizin qızıl
səhifələrini yazıb.
Rəhmətlik Möhsün
Sənani ilə Leyla Bədirbəylinin tərəf-müqabil olduğu
"Göz həkimi"
(İslam Səfərli)
tamaşası görənlərin
yaddaşında pozulmaz
naxışlar salıb.
Gözəllər gözəlinin
yaratdığı Nərminə
öz şirin ləhcəsi, mehribanlığı,
canalan təbəssümü
ilə özündən
sonra doğulan Nərminələrin hamısından
seçildi.
Unudulmaz
Leylamızın təkcə
kino sənətindəki
fəaliyyəti bir ömrün şöhrət
zirvəsinə bəs
edərdi. Milli kinomuzu Leyla xanımsız təsəvvür
etmək qeyri-mümkündür.
Onun bu sahədəki
obrazlar qalereyası çox zəngindir. Leyla Bədirbəyli neçə kinofilmdə müxtəlif insanların
taleyini yaşayb-yaradıb.
Dünyanın bütün
kinosevərlərini, sənətşünaslarını
məftun edən
"Arşın mal alan"
filmindəki Gülçöhrə
obrazı sanki Leyla Bədirbəylinin ikinci adı, ləqəbi, bir sözlə, sənət möhürü idi. 70 ilə yaxındır ki, Leylanın Gülçöhrəsi kino
sənəti taxtında
şahlıq edir. Hələlik bu tacın yeganə sahibi Leyla xanım
özü qaldı.
Doğrudur, "Arşın mal alan" filmi ikinci dəfə də çəkildi. Müxtəlif teatrlarda tamaşaya qoyuldu. Amma səhnədə də, ekranda da bircəciyinin vurğunu olduq: böyük sənətkarın
can verdiyi, özünün
də çox sevdiyi və bu günə kimi qəlbimizə hakim kəsilən Gülçöhrə
libaslı Leylanın.
Bu yerdə Gülçöhrənin
dərin məhəbbətlə
sevdiyi Əsgəri - unudulmaz Rəşid Behbudovu da xatırlamamaq
qeyri-mümkündür. Məhz
o qüdrətli sənətkarın
tərəf-müqabili olmaları
bəlkə də
"Arşın mal alan"ın
belə uğurlu və şöhrətli alınmasını şərtləndirdi.
Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına
xidməti təkcə
Gülçöhrə ilə
bağlı deyildir. İstedadlı
aktrisamız "Səbuhi",
"Fətəli xan",
"Dəli Kür",
"Sevil", "Onun
böyük ürəyi",
"Dərviş Parisi
partladır" və
s. filmlərdə unudulmaz,
eləcə də yadigar obrazlar yaradıb.
Allah vergisi öz
yerində, Leyla xanım Bədirbəyli həm də böyük məktəb keçmişdir. O, Üzeyir Hacıbəyli, Rza Təhmasib kimi korifeylərdən dərs
almışdır, görüb-götürmüşdür.
Bu səbəbdən də
məhz sənətdə
öz sözünü
deməli idi və dedi də.
Bu möhtəşəmliyin
qarşısında çoxu
əriyib yox oldu. İndi ondan bizə
elə bir sənət məktəbi
yadigar qalıb ki, hələ əksəriyyət bu ocaqdan dərs alacaq, öyrənəcək,
gizli-aşkar ona bənzəmək istəyəcək.
Leyla Bədirbəyli
başdan-ayağa sənət
və insanlıq nümunəsi idi. Bu günün özündə
də ondan öyrənməli məziyyətlər
çoxdur. Doğrudan da,
Leyla xanım xoşbəxt sənətkar
olub. Sağlığında da xalq onu sevirdi, yoxluğunda
da.
Böyük dramaturqumuz Cəfər Cabbarlının "Firuzə"
hekayəsinin epiloqu həmişə mənim nəzərimdə Leyla Bədirbəylini canlandırır. Ədib
bu hekayəsində Firuzənin zahiri gözəlliyini, saçının,
gözlərinin rəngini,
sifətinin cizgilərini
elə qəribə və təbii qələmə almışdı
ki, bu bənzətmələrin,
epitetlərin hamısı,
əslində, iki sözün hökmünü
təsdiqləyirdi: Şərq
gözəli.
Doğrudur, bəziləri nədənsə
Leyla Bədirbəylini
Avropa kinoulduzları, daha doğrusu, başqa millətin gözəlləri ilə
müqayisə edirlər. Mən bunu
qəbul edə bilmirəm. Gözəllik ümumilikdə müqayisəedilməzdir.
Çünki hər kəsin
gözəlliyi özünə
və millətinə
məxsusdur. Leyla Bədirbəyli
əslində Şərq
gözəli, sözün
həqiqi mənasında,
Azərbaycan gözəli
idi. Leyla Bədirbəyli, olduqca nəcib bir xanım idi. Çox sonralar bildik ki, ona bu
kübarlıq nəsildəngəlmə
imiş. Anası Bikə
xanım şəmkirli
Musa xanın qızı,
atası Ağalar bəy isə həmin bölgənin nüfuzlu bəylərindən
olub. 1918-ci ilin qovğaları zamanı ailə əvvəlcə Gəncəyə,
sonradan isə Bakıya üz tutub. O zaman Bikə xanımın 12-13
yaşı olub. Leyla Bədirbəyli də Bakıda - İçərişəhərdə
dünyaya gəlib.
Xatirələrdən bəlli olur ki, Leyla Bədirbəyli
həm də çox məsuliyyətli
bir insan imiş. Bacısının xatirələrindən oxuyuruq ki, onun
Azərbaycan Dövlət
Akademik Dram Teatrında
ilk rolu Rəsul Rzanın "Vəfa"sı
olub. Səhnəyə gələn gündən
həmişə baş
rollar yaradıb.
İşinə çox ciddi
münasibət bəsləyərdi.
Tamaşaya iki saat əvvəl gələrmiş.
Cəfər Cabbarlının "Solğun çiçəklər"
əsərində Saranı
çox təsirli yaratmışdı. Tamaşa bitəndən
sonra bütün aktyorlar səhnəyə çıxar, tamaşaçılar
qarşısında baş
əyərdilər. Leyla Bədirbəyli
heç vaxt bu rolu yaradanda
tamaşadan sonra səhnəyə çıxmazdı.
"Mən tamaşaçının
qəlbində təsiri
poza bilmərəm.
Axı
Sara ölür. Mən necə
təzədən səhnəyə
çıxa bilərəm".
Dahi bəstəkar
Üzeyir Hacıbəyli
Leyla Bədirbəylini
ilk dəfə filarmoniyada
görmüşdü. Qızın zahiri
gözəlliyi, plastikliyi
diqqətini çəkmişdi.
1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət günləri
keçirilirdi. Nümayəndə heyətinə Üzeyir Hacıbəyli rəhbərlik
edirdi. Dahi bəstəkar Leyla
Bədirbəylini də
bu səfərə dəvət etmişdi.
Azərbaycan nümayəndə heyətinin Moskvadakı çıxışları çox
böyük uğurla
qarşılandı. Konsertlərin birində Stalin də iştirak edib. O, Leyla Bədirbəylini görəndə heyrətə
gəlib. Kim olduğunu
soruşub. Azərbaycanın
cavan bir rəqqasəsi olduğunu
və filarmoniyada çalışdığını öyrəndikdən sonra heyranlığını dilə
gətirib: "Tı
krasavitsa Azerbaydjana".
Leyla Bədirbəyli həqiqətən qənirsiz bir gözəlliyə
malik idi.
Hərdən
təəssüflənirəm ki, sağlığında
onunla görüşmək, söhbət etmək, haqqında
yazmaq qismətimə çıxmadı. Bəlkə bu
gün onun barəsində daha mükəmməl yaza bilərdim.
1997-ci ilin yayında Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında respublikanın xalq artisti Sara Qədimovanın
yubiley mərasimi keçirilməli idi. Gecənin
aparıcısı mən olduğumdan, Sara xanımla birlikdə
tədbirdə çıxış edəcək sənətkarların
siyahısını tuturduq. Gözəl nəfəsli
müğənnimizin dilindən birinci qopan ad Leyla Bədirbəyli
oldu. Onlar yaxın rəfiqə olublar. Rəhmətlik Sara
xanım söyləyirdi ki, biz ağır günlərin
sirdaşı olmuşuq. Buna baxmayaraq, həmin gün Sara Qədimova
kədərlə köks ötürdü: "Gəlməyəcək".
Öyrəndim ki, Leyla xanım həyat yoldaşı Kamilin və
ciyərparəsi Lalənin qəfil ölümlərindən
(ayrı-ayrı vaxtlarda maşın qəzasına
düşüblər) sonra hər şeyə - hətta sənətə
də, görüşə də, jurnalistlərə də
"əlvida" deyib. Bu minvalla Leyla xanım bir neçə
il öz qəzavü-qədəri ilə
döyüşdü. Doğrudur, dövlətimiz,
xalqımız, xüsusilə də ümummilli lider Heydər
Əliyev bu müqtədir sənətkardan öz qayğı
və diqqətini əsirgəmədi. Əməyi dönə-dönə
qiymətləndirildi. Sənətkar qadınlar arasında
"İstiqlal" ordeninə birinci Leyla Bədirbəyli,
ikinci dəfə isə Əminə Dilbazi layiq
görüldülər. Həyat şəraitinin
yaxşılaşdırılması üçün müxtəlif
tədbirlər görüldü. Tez-tez onu ziyarət etdilər.
Amma Leyla xanımı son gedişdən saxlamaq mümkün
olmadı.
...Doğrudan
da, sənətkarların taleyi çox qəribə olur. Elələri
var ki, yerli-dibli unudulur, elələri də var ki, Leyla Bədirbəyli
kimi yaddaşlarda həmişə gözəl, təbəssümlü,
şux və zarafatcıl bir sənətkar tək
yaşayırlar. Onların can verdiyi obrazlar ikinci ömrün əbədiliyinə
imza atır.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 10 yanvar.- S.7.