«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 42-ci cildi çapdan çıxmışdır

 

"Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Lakin Ermənistanla belə əməkdaşlıq yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra mümkün ola bilər.

Hesab edirik ki, terrora qarşı mübarizə bütün dövlətlərin və beynəlxalq təşkilatların əlbir fəaliyyətini tələb edir. Bununla bağlı düşünürəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı da üzərinə düşən tarixi vəzifəni yerinə yetirməli və bundan sonra da ümumbəşəri dəyərlər uğrunda mübarizəni davam etdirməli, bu təşkilatın üzvü olan Azərbaycanın haqq işinə dəstək verməlidir".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 42-ci cildindən - ümummilli lider Heydər Əliyevin 2002-ci ilin oktyabrın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının İstanbulda keçirilmiş VII zirvə görüşündəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının VII zirvə görüşündə ulu öndərin çıxışları, dövlət və hökumət başçıları ilə danışıqları, Azərbaycana gələn bir sıra xarici dövlət və hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların rəhbərləri ilə yüksək səviyyəli görüşlərinə dair materiallar, KİV-ə verdiyi bəyanat və müsahibələr dərc edilmişdir.

Kitabda, həmçinin ulu öndərin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairdramaturq Hüseyn Cavidin ev-muzeyinin açılış mərasimində, Bakı Metropoliteninin 35 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqləri,  ölkəmizin sosial-iqtisadi inkişafı və ictimai-siyasi həyatından bəhs edən materiallar, Şəkiyə səfəri zamanı şəhər sakinləri ilə görüşlərdəki nitq və çıxışları, Dağlıq Qarabağ probleminə dair prinsipial mövqeyi öz əksini tapmışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin oktyabrından noyabrınadək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 11 yanvar.- S.1.