Əldə edilmiş nailiyyətlər 2013-cü ilə də böyük nikbinliklə baxmağa imkan verir

 

2012-ci il tarixə qovuşdu. Və bu tarix dünyanın hər bir ölkəsində müxtəlif formalarda yadda qaldı. Bəzisi iqtisadi tənəzzüldən xilas ola bilmədi, bəzisi   siyasi çəkişmələrdən, müharibədən əziyyət çəkdi. Ermənistan kimi özgələrin yedəyində sürünərək, gözünü başqalarının əlinə dikərək ili səfalət içində başa vuranlar da oldu. Əlbəttə, 2012-ci ili xoş ovqatlarla başa vuran dövlətlər az deyil və onların sırasında Azərbaycanın da adı və yeri var.

Öncə ondan başlayaq ki, 2012-ci il Azərbaycanın inkişafında növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Bu dövrdə qeyri-neft sektoru təxminən 10 faiz artıb, yoxsulluq səviyyəsi 6 faizə, işsizlik isə 5,2 faizə düşüb. İl ərzində 100 mindən artıq yeni yeri açılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən ili ölkəmiz üçün belə xarakterizə edib: "2012-ci il isə ölkəmiz üçün çox uğurlu il olmuşdur. 2012-ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir".

Sosial-iqtisadi inkişafla yanaşı, 2012-ci il Azərbaycanın dünyadakı nüfuzunun yüksəlməsinə, beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə xidmət edən, bütövlükdə, ölkəmizin siyasi tarixinə uğur kimi həkk olunan mühüm hadisələrlə də zəngindir. Bu sırada Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətə başlamasını və may ayında dünyanın bu mötəbər təşkilatının əsas strukturuna rəhbərlik etməsi xüsusi qeyd edilməlidir. 2011-ci ilin sonlarında 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan ötən il bu vəzifəsini layiqincə icra etməklə, bir sıra beynəlxalq və qlobal məsələlərdə özünün qətiyyətli mövqeyini ortaya qoymaqla bəzilərindən fərqli olaraq tam müstəqil siyasət yeritdiyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan üçün ən prioritet məsələ işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Ötən il bununla əlaqədar siyasi müstəvidə bir sıra diqqəti çəkən məqamlar oldu. Azərbaycan rəhbərliyi bu problemlə bağlı status-kvonun qəbuledilməz olduğunu daim bəyan edir. Ötən il isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları Azərbaycan rəhbərliyinin mövqeyini bölüşərək status-kvonun qəbuledilməz olduğunu təsdiqlədilər. Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında, NATO-nun zirvə görüşündə və digər beynəlxalq səviyyələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqelər ortaya qoyuldu. Məsələn, Qoşulmama Hərəkatının zirvə toplantısında qəbul edilən qətnamədə münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması öz əksini tapdı. NATO-nun zirvə görüşündə qəbul edilmiş qətnamədə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi haqqında məsələ qoyuldu.

Bütün bunlar onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində Ermənistanı siyasi-diplomatik cəbhədə dalana dirəyib və ötən il bu proses bir qədər də sürətləndi. Sadəcə, beynəlxalq ictimaiyyətin bəzi subyektlərinin bu məsələdə ikili standartlara yol verməsi, Ermənistanın işğalçılıq siyasətinə göz yumması, bəzən müəyyən amillərdən çıxış edərək beynəlxalq hüququn normalarını arxa plana keçirməsi Dağlıq Qaradağ probleminin ədalətli həllini ləngidir. Azərbaycan isə problemin sülh yolu ilə həlli mümkün olmasa, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğal olunmuş ərazilərinin istənilən, o cümlədən hərbi yolla azad edilməsi hüququnu hər zaman özündə saxlayır. Təsadüfi deyil ki, ötən illərdə Azərbaycanda Silahlı Qüvvələrin modernləşdirilməsi və maddi-texniki təchizatının gücləndirilməsi istiqamətində görülən işlər Ermənistanda yüksək həyəcan və narahatlıqla qarşılanır. Elə ölkəmizdə 2013-cü ilin əsas hədəflərindən biriPrezident İlham Əliyevin Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bəyan edildiyi kimi, ordunun daha da gücləndirilməsidir: "Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdurbundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin".

Azərbaycan bu il həm də bir sıra beynəlxalq mötəbər tədbirlərə layiqli şəkildə ev sahibliyi etdi. Mövzusundan asılı olmayaraq, həmin tədbirlərin hər biri Azərbaycanın beynəlxalq miqyasda siyasi nüfuzunun artmasına təsirsiz ötüşmədi. 57-ci "Eurovision" mahnı müsabiqəsi, futdol üzrə qadınlararası dünya çempionatı, İkinci Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı, Avronest Parlament Assambleyasının ikinci sessiyası, GT3 və klassik "Formula-1" avtomobil yarışları, VII İnternet İdarəçilik Forumu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası, 23-cü Krans Montana Forumu kimi tədbirlər Azərbaycanı dünyaya bir qədər də yaxından tanıtdı. Bununla əlaqədar ölkəmizə gələn yüz minlərlə əcnəbi Azərbaycandakı inkişafı, yüksəlişi öz gözləri ilə gördü.

Bütün bunlarla yanaşı, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun vətənə ekstradisiya olunması və dərhal əfv edilməsi, Pakistan, Kolumbiya və Meksikanın ali qanunverici orqanlarının rəsmi şəkildə Xocalı soyqırımını tanıması Azərbaycanın nüfuzunun və beynəlxalq mövqelərinin daha da gücləndiyini təsdiq etdi.

Ötən il Azərbaycanla Türkiyə arasında TANAP layihəsi üzrə imzalanan saziş isə ölkəmizin bu kimi məsələlərdə əsas təşəbbüskarlardan biri olmasının növbəti əyani təzahürüdür. TANAP layihəsi Azərbaycana zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etməyə imkan verəcək. Dünyanın bir çox dövlətlərinin maraqlarının toqquşduğu enerji təhlükəsizliyi və enerjidaşıyıcılarının şaxələndirilməsi məsələlərində Azərbaycanın əsas söz sahiblərindən biri kimi çıxış etməsi ölkəmizin qətiyyətli və cəsarətli siyasət yeritməsindən xəbər verir.

Azərbaycan ötən il XXX London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutdu. Bundan sonra  keçirilən futbol üzrə qadınlararası dünya çempionatı və avtomobil yarışı Azərbaycanın idman ölkəsi kimi şöhrətini daha da yüksəltdi. Dekabr ayında Avropa Olimpiya Komitəsinin 2015-ci ildə baş tutacaq birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etməsi isə həm də Azərbaycanın ilin sonuna doğru növbəti beynəlxalq uğuru oldu. "Bu da bizim böyük qələbəmizdir. Bu oyunlar tarixdə birinci oyunlar kimi qalacaqdır. Avropanın birinci Olimpiya Oyunlarını Azərbaycanda, Bakıda keçirmək, əlbəttə, bizim üçün böyük şərəfdir, böyük məsuliyyətdir, eyni zamanda, ölkəmizdə görülən işlərə Avropa Olimpiya ailəsi tərəfindən verilmiş yüksək qiymətdir. Nəzərə alsaq ki, bu il biz Avropanın və dünyanın birinci mahnı müsabiqəsini - "Eurovision" müsabiqəsini böyük məharətlə, ustalıqla keçirmişik, əminəm ki, Avropa Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirəcəyik. Bax bütün bu dediyim sahələrdə 2012-ci il uğurlu il kimi tarixdə qalır və əldə edilmiş bu nailiyyətlər bizə imkan verir ki, 2013-cü ilə də böyük nikbinliklə baxaq" - deyə Prezident İlham Əliyev Azərbaycan xalqına təbrikində bildirib.

2013-cü ilin Azərbaycanda növbəti inkişaf mərhələsi olacağı şübhəsizdir. İnkişaf edən bir ölkənin isə beynəlxalq nüfuzunun yüksəlməsi təbiidir. Bu baxımdan həm ötən ilin uğurlu yekunları, həm də Azərbaycanın sürətli tərəqqisi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2013-cü ilə böyük nikbinliklə baxmağa imkan verir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 11 yanvar.- S.1.