Vladimir Kazimirovun məqaləsinin qısa
şərhi
Moskvada yerləşən, əslində isə ermənilərin nəzarət etdiyi REGNUM informasiya agentliyinin saytında Ermənistan xarici işlər nazirliyinin lobbiçisi Vladimir Kazimirovun "Dağlıq Qarabağa yeni yürüş olacaqmı?" adlı məqaləsi dərc edilmişdir (httr://regnum.ru/news/rolit/1610724.html). Bu dəfə biz məqalə müəllifinə geniş həcmli yazı əvəzinə qısa, sətirlərarası şərhlərlə cavab verəcəyik. Beləliklə:
"Bakı doğrudanmı yeni qırğın burulğanına atılmağa hazırdır?"
Bəli.
"Bakını buna sövq edən nədir və ona mane olan nədir?"
Sövq edən amil Vətən anlayışıdır - Kozma Minin və Dmitri Pojarskinin könüllü dəstələri, Denis Davıdovun, Aleksandr Seslavinin, Aleksandr Fiqnerin, Aleksey Fyodorovun, Aleksandr Saburovun, Sidor Kovpakın partizan dəstələri, milyonlarla rus və sovet xilaskar döyüşçülərinin rəhbər tutduğu amil! Nə mane olur? Artıq heç nə mane olmur.
"Beynəlxalq birliyin bu addımdan çəkindirmək üçün kifayət qədər vasitələri vardırmı?"
Beynəlxalq birliyin çəkindirmə vasitələri həmişə olmuşdur və indi də vardır. Ermənistan Azərbaycan ərazisini işğal edəndə də, bu gün Azərbaycan öz gücü ilə bu işğala son qoymaq niyyətində olduğu vaxtda da. İstək yoxdur - o vaxt da yox idi, bu gün də yoxdur.
"Çoxdan məlumdur ki, tərəflərin Qarabağ barədə bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının, uzunsürən və hələlik az nəticə verən danışıqların əsas səbəblərindən biri tərəflərin bir-birinə dərin etimadsızlığıdır. Müharibənin yenidən başlanması ehtimalı isə bunu daha da kəskinləşdirir".
Bu, belə deyildir. Elə düşünmək olar ki, əgər etimad yaranarsa, bir-birini qarşılıqlı istisna edən mövqelər möcüzə sayəsində aradan qalxacaqdır. Tərəflərin bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının səbəbi başqadır. Ermənistan Qarabağı ələ keçirmək və bunun əvəzində özünün heç nəyini (məhz özünün, yəni öz ərazisinin bir hissəsini) verməmək, Azərbaycan isə Qarabağı qaytarmaq istəyir. Mövqelər, həqiqətən, bir-birini qarşılıqlı istisna edir və bu mövqelər dəyişməyəcəkdir - etimad olsa da, olmasa da.
Daha sonra:
"1991-1994-cü illər müharibəsində yol verilmiş səhvlər Azərbaycan rəhbərliyinə psixoloji baxımdan hələ uzun müddət əzab verəcəkdir. Axı, o vaxt da Azərbaycanın potensialı ermənilərdən xeyli artıq idi. Məsələ potensialın reallaşdırılmasındadır".
Doğrudan "artıqdır"? Bu gün tərəflərin qüvvələri arasında fərq o vaxtkı ilə müqayisədə qat-qat artıqdır. O vaxt qüvvələr təxminən bərabər idi. Düzdür, ermənilərin əlində qənimət tanklar vardı. Lakin uğursuzluqların səbəbi başqa idi. Bu səbəbin məhz nədən ibarət olması başqa söhbətin mövzusudur.
"Yeddi rayonun ermənilər tərəfindən işğal edilməsi azərbaycanlıları qıcıqlandırır, onlara bir sıra ilkin səbəblər verir, lakin ermənilərin salamat qalmaq uğrunda mübarizə stimulu qat-qat güclüdür".
Bu "stimul" 1992-ci ilin yayında hələ az gözə çarpırdı, o vaxt ermənilər silahları atıb sözün hərfi mənasında qaçırdılar. Yeri gəlmişkən, azərbaycanlıların da əlində qənimət götürülmüş texnika az deyildi. Əgər Kazimirov Azərbaycan döyüşçülərinin mövqelərinə gedib onlarla söhbət etsəydi, özü üçün çox maraqlı şeylər "kəşf edərdi", o cümlədən erməni tərəfin "stimulu" barədə. O, həm də xeyli qənimət görərdi.
"Salamat qalmaq" məsələsinə gəldikdə isə Qarabağ erməniləri Ermənistanda rahatca "salamat qala" bilər, Ermənistanın keçmiş azərbaycanlı əhalisinin bu gün Azərbaycanda "salamat qalması" kimi.
"Ermənilər tərəfindən Qarabağın ətrafında möhkəmlənmiş müdafiə xəttinin keçilməsi xeyli vaxt və qurban tələb edərdi. Dağlara çıxış yeni maneələrlə üzləşmək deməkdir. Bakı sürətli qələbəyə ümid bəsləyə bilməz".
Bu, doğrudur - yolumuza gül-çiçək döşənməyib. Çox zəhmət çəkmək lazım gələcək.
"... bu da fəal beynəlxalq müdaxilə üçün kifayət qədər vaxt imkanı yaradacaq".
Sağlıq olsun, baxarıq. DQMV-nin azərbaycanlı əhalisinə qarşı qırğın törədiləndə nəsə bu məsələyə heç bir müdaxilə edilmədi və döyüş əməliyyatları düz iki il davam etdi. Döyüş əməliyyatları zonasında heç bir "mavi dəbilqə" gözümüzə sataşmadı.
"Beynəlxalq baxımdan hərbi əməliyyatların yenidən başlanmasına nə cür məkrli don geyindirilsə də, bu məsələdə Bakının təqsirkar olması şübhə doğurmayacaq".
Doğrudan? Bakının öz ərazilərini azad etməkdə təqsiri Moskva və Stalinqrad ətrafında əks hücuma keçən Qızıl Ordunun təqsiri qədər olacaqdır.
"Onun (Bakının) əsas dəlili - Azərbaycan Respublikası rayonlarının işğal edilməsi çoxdan devalvasiyaya uğramışdır: işğalın genişlənməsi Bakıdakı rəhbərliyin qələbə qazanmaq ümidi ilə hədər yerə müharibəni uzatmasının bilavasitə nəticəsi olmuşdur. İşğalın mənşəyinin bundan ibarət olmasını yalnız o kəslər etiraf etmirlər ki, onlar bunu etiraf etmək istəmirlər".
Vladimir Nikolayeviç, deyəsən, hiyləyə əl atırsınız? İşğalın mənşəyi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini ondan ayırmaq istəyidir, Azərbaycanın bunun qarşısını almaq istəyi yox.
"Ərazilərin qaytarılması isə Bakının Qarabağda sülhə təminat vermək istəməməsi səbəbindən ləngiyir".
Bakı Ermənistana sülh üçün zəmanət verə bilər, özü də yalnız onun işğal etdiyi bütün ərazilər - Dağlıq Qarabağ və yeddi rayon könüllü şəkildə azad ediləndən sonra. Qarabağa isə, Bakı nə qədər istəsə də, heç bir zəmanət verə bilməz, çünki o, özü-özünə zəmanət verə bilməz. Bu ona oxşayır ki, Stalin SSRİ-nin işğal edilmiş hissəsi üçün "sülhə təminat" versin.
"Gəlin unutmayaq ki, 1994-cü il mayın 12-də imzalanmış barışıq qeyd-şərtsiz müddətsiz rəsmiləşdirilmişdir, yəni öz hüquqi qüvvəsini saxlayır".
Doğrudan deyirsiniz "müddətsiz"? Bəs nə üçün "qeyd-şərtsiz" ifadəsi tərəflərdən birinin xeyrinə deyil, digərinin xeyrinə şərh edilməlidir. Eyni qayda ilə Bakı da cavab verə bilər ki, müqavilənin mətnində "müddətsiz" sözünün olmaması onun müddətsiz olmaması deməkdir.
"Elə münaqişələr vardır ki, onlar öz həllini daha çoxdan gözləyir (Kipr - 1974-cü ildən)".
Kiprlilərin səbrli olması bizim üçün nümunə deyildir.
"Barışığın pozulması bir sıra dövlətlər tərəfindən pislənəcəkdir".
Bu pisləmə 1987-ci ilin axırlarında münaqişə başlayarkən sülhün pozulmasından və 20 illik işğal faktının özündən güclü deyildir...
"Bu pisləmə sırasına başqa faktlar da əlavə olunacaq: Bakının qoşunları təmas xəttindən geri çəkməkdən inadla imtina etməsi..."
O cümlədən Ermənistanın BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin, Qoşulmama Hərəkatının, NATO-nun çoxsaylı qətnamələrinin, milli parlamentlərin çağırışlarının və bir sıra başqa sənədlərin tələb etdiyi kimi öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqdan inadla imtina etməsi....
"Münaqişə həll edilərkən güc tətbiq edilməməsi haqqında saziş bağlamaq..."
Azərbaycan buna tərəfdardır! Lakin güc tətbiqinin (eləcə də onun bütün nəticələri) qeyri-qanuni elan edilməsi "bundan sonra" yox, çünki ARTIQ güc tətbiq edilmişdir, "indiyə qədər" olmalıdır. Qanunsuz güc tətbiq edilməsinin nəticəsi olan işğala isə son qoyulmalıdır. Əks halda, qəribə mənzərə yaranır: Hitler ölkənin yarısını işğal edir, sonra isə Stalinə Almaniya-sovet münaqişəsinin həlli zamanı güc tətbiq edilməməsi haqqında müqavilə bağlamaq təklif edir. Üstəlik, SSRİ-nin işğal edilmiş hissəsində almanların məskunlaşması siyasətinə başlayır. Çox rahatdır, eləmi?
Sülh müharibənin ortasında deyil, onun nəticələri aradan qaldırılandan sonra mümkündür. Sadəcə olaraq, daha zibilləməmək deyil, öz zibilini yığışdırmaq lazımdır! İşğal qanunsuz zibilləmə nəticəsində yaranmış zibildir. İlahi, axı biz nəyə görə tamamilə aşkar şeyləri barmaqhesabı izah etməliyik?! Yəni doğrudanmı dünyada azərbaycanlıları o dərəcədə sadəlövh hesab edirlər ki, onları beləcə asanlıqla aldatmaq fikrinə düşürlər?!
Odur ki,
bir daha təkrar edirik, Azərbaycan buna tərəfdardır! Qoy Ermənistan öz qoşunlarını dövlət
sərhədindən geri çəksin, onda güc tətbiq
edilməsinə heç bir ehtiyac olmayacaqdır,
çünki onda münaqişə olmayacaqdır.
"Snayperləri
ön mövqelərdən geri çəkmək..."
Bəs nəyə görə qoşunları yox, snayperləri? Özü də
ön mövqelərdən yox, dövlət sərhədindən?
"İnsidentlər
təhqiq edilsin..."
O cümlədən
Ermənistanın bugünkü rəhbərliyi və onun əlaltıları
tərəfindən inkar edilən bütöv bir şəhərin
dinc əhalisinin məhv edilməsini də, eləmi?
"İlham Əliyev komandasının qatil Səfərovu
qəhrəman kimi qələmə verməsi ilə
bağlı məlum səhvi də buraya əlavə edəcəklər".
Eləcə
də Ermənistanda Qurgen Yanikyan, Varujan Qarabedyan, Ampik Sasunyan,
Monte Melkonyan kimi mənfur qatil və terrorçuların,
nasist generallar Qaregin Njdenin, Drastamat Kanayanın qəhrəman
kimi qələmə verilməsini. Sözünüzü
udmayın, Vladimir Nikolayeviç, axıracan deyin. Axı, Sizin doğmalarınızdan da kimlərsə
Böyük Vətən müharibəsi döyüşlərində
qəhrəmancasına həlak olmuşdur. Bilin ki, Ermənistanda bu iki hitlerçi başkəsənə
abidələr ucaldılmış, hətta "Qaregin
Njde" medalı təsis edilmişdir. Azərbaycanda
isə nə "Ramil Səfərov" medalı var, nə də
bir küçəyə onun adı verilmişdir. Odur
ki, sözünüzü axıracan deyin.
"Beynəlxalq təşkilatlarda da Azərbaycan
üçün əlverişsiz fon yaranacaqdır".
Azərbaycan
xalqı öz ərazisini "beynəlxalq təşkilatlarda
əlverişsiz fon"dan deyil, konkret
düşmənin ordusundan xilas edəcəkdir. Əgər Ermənistan işğalın pislənməsinə
dözmüşdürsə, biz də bu fona birtəhər
dözərik.
"ATƏT-in sülhməramlı rolu praktiki olaraq inkar
ediləcəkdir".
Bu rol çoxdan inkar edilmişdir, daha doğrusu, vasitəçilərin
status-kvonu dəyişməkdə tam acizlik göstərməsi
ilə ATƏT özü-özünü inkar etmişdir.
"Minsk qrupunun həmsədrləri hərbi əməliyyatların
yenidən başlanmasını mütləq pisləyəcəklər".
Hərbi əməliyyatların yenidən
başlanmasını deyil, bunun ilkin səbəbi kimi
işğalın saxlanmasını pisləmək
lazımdır.
"1994-cü
ildə MDB Dövlət Başçıları
Şurasının köməyi ilə barışığa
nail olmuş Moskvanın mövqeyi xüsusilə sərt ola bilər".
Gəlin fal açmayaq.
"Azərbaycan tərəfinin bu münaqişəni
dinc vasitələrlə həll etmək barədə Avropa
Şurası qarşısında öhdəliyi
pozulacaqdır".
Ermənistan Avropa Şurası qarşısında bu təşkilatın
qətnamələrinə, o cümlədən AŞPA-nın
1416 nömrəli qətnaməsinə hörmət etmək və
onu yerinə yetirmək öhdəliyini çoxdan
pozmuşdur. Həmin qətnamənin 1-ci və 2-ci bəndlərini
oxuyun.
"Onu da xatırladacaqlar ki, Bakı 1993-1994-cü illərdə
hərbi əməliyyatlara son qoyulması barədə BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin tələblərini
uzun müddət yerinə yetirməmişdir".
Biz bu nağılı azı 20 dəfə
eşitmiş və azı 20 dəfə ifşa etmişik. Bu gün
yalnız Şavarş Koçaryan və Eduard Şarmazanov
kimi siyasi cırtdanlar onu yada salır və ona istinad edirlər.
Vladimir Nikolayeviç, bu dünyada sizin bu tezisinizi qəbul etmirlər,
ondan imtina etməyinizin vaxtıdır.
"Çox ehtimal ki, BMT Təhlükəsizlik
Şurasının döyüşlərə dərhal son
qoymaq tələbi ilə yeni qətnaməsi qəbul ediləcəkdir".
Ermənistan belə qətnamələrin
dördünü rahatca rədd etmişdir. Deyəsən,
bir zərəri olmayıb, sağ-salamatdır.
"Nəticədə iri dövlətlərin və
beynəlxalq təşkilatların təzyiqi Bakını
hücuma tezliklə son qoymağa məcbur edəcəkdir".
Bakı öz ərazisinin azad edilməsi üzrə əməliyyat
aparanda ona təzyiq olacaqmı? Nədənsə, Ermənistan
BAŞQASININ ərazisində hücuma keçəndə ona
heç bir təzyiq görmədik.
"Hadisələrin bu cür
dönüşünü Azərbaycan ürək
ağrısı ilə qarşılayacaqdır".
Əgər Azərbaycan xalqı ərazisinin iyirmiillik
işğalına qarşı immunitet əldə edibsə,
taleyin başqa dönüklüyünə də birtəhər
dözər.
"İlham Əliyevin neft və qaz hesabına uğur
qazanan hakim klanının işgüzar bumu karbohidrogenlər
satışında fasilələr ilə əvəz etmək,
bəlkə də bazarları müvəqqəti itirmək o
qədər də ürəyincə olmayacaqdır".
Təkrar
edirik: Azərbaycan xalqının neft çıxarmaq
üçün torpağa ehtiyacı yoxdur, öz
torpağını geri qaytarmaq üçün neftə
ehtiyacı var. Neft alınır və satılır, torpaq -
yox! Azərbaycan xalqı ermənilərə
öz torpaqlarını yetərincə hədiyyə
etmişdir. Azərbaycan Qarabağ üzərində
faktiki suverenliyini bərpa edəcəkdir.
"Bakının döyüşkən kampaniyası həm
də öz xalqını aldatmağa xidmət edir".
Əgər
vətənin işğal edilmiş hissəsinin azad
olunmasına istiqamətlənmiş "döyüşkən
ritorika" "öz xalqını aldatmaq" deməkdirsə,
onda, şair demişkən, xalqı aldatmaq çətin
deyil, xalq özü də aldanmasına sevinir. Qoy
bizi "aldatsınlar" və Vətənimizi bizə
qaytarsınlar. Biz bu cür
"aldanmağa" sevinərik.
"Bakının Dağlıq Qarabağ üzərinə
yeni yürüş haqqında prinsipial qərar qəbul etməsi
üçün onun öyrənməli olacağı müəmmaların
heç də tam olmayan siyahısı belədir".
Təşəkkür edirik, hökmən öyrənərik.
"Rusiyada milyonlarla erməni və azərbaycanlı
vardır. O,
iki xalq arasında yeni qırğından kənarda və ya
buna laqeyd qala bilməz. Buna şübhə ola
bilməz".
Rusiyada həmişə, ən azı müharibənin
ilk illərində xeyli erməni və azərbaycanlı
yaşayırdı. Bütün bu illər ərzində
heç bir yenilik baş verməmişdir. Bundan əlavə, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının üzvləri
arasında heç vaxt heç bir "Qarabağ"
olmamışdır, həmçinin bu ərazidə
rusiyalı sülhməramlılar və Rusiya vətəndaşları
yoxdur və olmamışdır. Odur ki, Cənubi
Osetiya ssenarisi burada təkrar edilə bilməz.
"Sual
edilir, nə üçün ATƏT-in fəaliyyətdə
olan sədri bu münaqişənin həllində güc tətbiq
edilməməsi haqqında saziş bağlanması
ideyasını Bakının qarşısında birbaşa dəstəkləyə
bilmir..."
Bu mövzunu yuxarıda müzakirə etdik. Bakı
güc tətbiq edilməməsinin qanun çərçivəsindən
kənara çıxarılmasına tamamilə tərəfdardır.
Lakin güc tətbiq edilməsini işğal
başa çatandan sonra deyil, işğal başlayana qədər
və ya ona son qoyulandan sonra qadağan etmək lazımdır.
Heç kəs ərazini işğal edəndən
sonra güc tətbiq edilməməsinin tərəfdarı
kimi çıxış edə bilməz.
"Burada hərbi həll yolu yoxdur demək azdır -
müharibənin yolverilməz olması
vurğulanmalıdır. İfrat siyasi korrektlik xalqlara çox baha
başa gələ bilər".
Düzdür!
Müharibə prinsip etibarilə yolverilməzdir, amma həll
edilməmiş münaqişənin ortasında yox! Qeyri-qanuni aksiya olan müharibənin nəticələrinin
legitimləşdirilməsi yolverilməzdir. Bu yalnız
Ermənistan ilə Azərbaycan arasında bütün
dünya tərəfindən, o cümlədən Rusiya tərəfindən
tanınmış dövlət sərhədi bərpa ediləndən
sonra ola bilər.
Hər bir münaqişənin hərbi həlli isə həmişə
vardır və olmuşdur (tarix boyu hələ heç kəs
müharibəni qadağan edə bilməmişdir), lakin indi
bu barədə danışmayaq.
"Minsk qrupunun həmsədrləri heç nədən
çəkinmədən yeni iri insident baş verəcəyi,
xüsusən hərbi əməliyyatların yenidən
başlanacağı hal üçün qabaqcadan birgə bəyanat
hazırlaya bilər və onun təqsirkar tərəfə dərhal
təqdim edilməsini nəzərdə tuta bilər. Üç
dövlətin hər biri eyni mətni həmin tərəfə
ikitərəfli qaydada təqdim edərək onların
kollektiv aksiyasının vacibliyini vurğulaya bilər".
Belə sənədi çoxdan hazırlamaq və onu
özgəsinin ərazisini işğal edən tərəfə
təqdim etmək vaxtıdır. Azərbaycan belə tərəf
deyildir.
"Həmsədr dövlətlərin Qarabağda hadisələrin
gedişinin sərt dəyişməsinə hazır olması
faktının özü çılğın başları
onların nəzərdə tutduğu tədbirlərin nəticələrini
bir daha ölçüb-biçməyə məcbur edəcəkdir. Sənədlərin
hazırlanmasını hadisələr başa çatana qədər
təxirə salmayıb, hadisələri qabaqlamaq çox
vacibdir".
Gözəl təklifdir. Həmsədrlər gərək çoxdan qabaqlayıcı mövqe tutaraq Ermənistana belə sənəd təqdim edəydilər, ondan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini tələb edəydilər. Hətta ultimatum səviyyəsində.
"Azərbaycan tərəfin hərbi əməliyyatları bərpa etmək ehtimalına yönəlmiş məlum xətalarının yuxarıda göstərilən siyahısı ilə ictimaiyyətin geniş tanış edilməsi də mühüm rol oynaya bilərdi".
Azərbaycan birinci müharibənin səbəblərini yaxşı öyrənmişdir. O, ikinci dəfə bu cür səhvlərə yol verməyəcəkdir. Bu dəfə heç bir daxili çəkişmə ayrı-ayrı səhra komandirlərinin pərakəndə dəstələrini öz mövqelərini tərk edərək hakimiyyəti bölüşmək üçün Bakıya cummağa, müdafiəsiz qalmış şəhərlərə və kəndlərə maneəsiz hücum edilməsi üçün cəbhəni boş qoymağa məcbur etməyəcəkdir. YƏQİN bilin ki, bu dəfə belə olmayacaqdır. Odur ki, Vladimir Nikolayeviç, biz keçən müharibədən ibrət dərsi almışıq. Bu dəfə müharibə özümüzün salamat qalmağımız üçün deyil, düşməni məhv etmək üçün olacaqdır. Hətta həyatımız bahasına olsa belə. Deyəsən, birinci müharibə nəticəsində sizdə saxta stereotiplər yaranmışdır.
Qarabağ kim üçün vətəndir - ermənilər üçün, yoxsa azərbaycanlılar üçün - siz bunu bu dəfə biləcəksiniz.
Buna görə də sizə möhkəm cansağlığı arzu edirik ki, siz o günə qədər yaşayasınız və hər şeyi özünüz yəqin edəsiniz.
AzərTAc
Azərbaycan.-2013.- 11 yanvar.- S.2.