Yeni nailiyyətlərə doğru

 

İlin uğurlu yekunları

 

Mədəniyyət və Turizm Nazirliyi 2012-ci il ərzində öz fəaliyyətini ölkə Prezidenti İlham Əliyevin mədəniyyət və turizm sahələrinə dair imzaladığı fərman və sərəncamlarına, göstəriş və tapşırıqlarına, eləcə də mövcud qanunvericiliyə uyğun şəkildə quraraq ölkədə bu sahələrin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmişdi. Milli mədəniyyətimizin və Azərbaycanın turizm potensialının dünyada tanıdılması, ölkəmizin bəşər mədəniyyəti və turizm məkanına uğurla inteqrasiya olunması, klassik irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən uğurlu nəticələrə nail olunmuşdur. Ötən il Azərbaycan mədəniyyət tarixinə silinməz naxışlarla həkk edildi. Müsahibimiz mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sahədə əldə olunan uğurlardan, eləcə də yeni ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı məsələlər ətrafında geniş söz açdı.

- Əbülfəs müəllim, 2012-ci il ölkəmizin mədəni həyatı üçün uğurlu oldu. Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində görülən işlər yeni zirvələr fəth etdi. Ölkəmizin adı bir sıra beynəlxalq qurumlarda, mədəni tədbirlərdə hörmətlə çəkildi. İstər respublikamıza gələn qonaqlar, istərsə də xarici ölkələrdə müsahibə aldığımız əcnəbilər Azərbaycan haqqında,  onun mədəniyyəti, qədimliyi, tarixi, mətbəxi, qonaqpərvərliyi barəsində ağızdolusu, daha dəqiq ifadə etsək, məftunluqla danışdılar. 2012-ci ili Siz necə səciyyələndirərdiniz?

- Ötən il maraqlı, bəzən gərgin, lakin səmərəli keçdi. Mədəniyyət, incəsənət və turizm sahələrinin əməkdaşları üzərlərinə düşən böyük və məsuliyyətli vəzifələrin öhdəsindən gələrək Azərbaycan xalqının əsrlərlə yaratdığı zəngin irsin qorunması, təbliği, inkişafı üçün çalışdılar. Ötən il mədəniyyətimiz üçün mühüm nailiyyətlərlə yadda qaldı. İlin sonunda aldığımız daha bir xoş xəbər hamımızı sevindirdi. Azərbaycan tar ifaçılıq sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi. Bilirsiniz ki, bundan əvvəl Azərbaycan muğamı, aşıq sənəti, milli xalçalarımız bu siyahıya salınıb. Bu, çox böyük hadisədir.

Ötən il ərzində incəsənətlə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda yüzdən artıq dövlət əhəmiyyətli tədbir keçirilib. Azərbaycan incəsənət ustalarının dünyanın müxtəlif ölkələrinə səfərləri təşkil edilmiş, ölkə daxilində və xaricdə müxtəlif təsviri, tətbiqi sənət sərgiləri, festivallar və mədəniyyət günləri keçirilib. 2012-ci il silsilə mədəniyyət tədbirləri ilə zəngin oldu. Yeddi ölkədə Azərbaycanın mədəniyyət günlərinin uğurlu təşkili hər kəsdə xoş təəssürat oyatdı. Əvvəlki illərdən fərqli olaraq bu dəfə mədəniyyət günləri bir-iki tədbirlə məhdudlaşmadı. Konfranslarla, görüşlərlə, sərgilərlə, əməkdaşlıqların yaranması və s. yadda qaldı. Ölkə başçısının sərəncamlarına uyğun olaraq şair və yazıçılarımızın yubileyləri geniş qeyd olundu. Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid - ümumilikdə, 12 görkəmli ədəbiyyat və mədəniyyət xadiminin yubileyi ilə bağlı həm Azərbaycanda, həm də xarici ölkələrdə mərasimlər keçirildi. TÜRKSOY-un xətti ilə türkdilli ölkələrdə, habelə İtaliya, İran, Çin və digər yerlərdə maraqlı mədəni tədbirlər təşkil olundu. İtaliyanın Roma şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldıldı. Bu, qeyri-adi bir hadisədir. Təsəvvür edirsiniz, XII əsrdə doğulan, yaşayıb-yaradan şairin XXI əsrdə  tamamilə başqa bir mədəniyyətin paytaxtı sayılan Romada heykəli qoyuldu. Bu, dünyanın xalqımızın mədəniyyətinə verdiyi qiymətdir.

- Son illərdə təkcə paytaxt Bakının deyil, bölgələrimizin də beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi etməsi, eləcə də mədəniyyət xadimlərimizin, müxtəlif ifaçıların, musiqiçilərin, vətənin hüdudlarından kənarda qazandığı uğurlar, layiq görüldükləri mükafatlar təsdiq edir ki, ölkəmizin dünya arenasında tərəfdaşlarının sayı artıb. Bu barədə Sizin fikrinizi bilmək istərdik.

-  Beynəlxalq səviyyədə əldə etdiyimiz qələbələrin siyahısında bir neçəsini də xüsusi ilə vurğulamaq istəyirəm. Azərbaycanın "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsini yüksək səviyyədə təşkil etməsi musiqimizi və xalqımızın qonaq qarşılamaq mədəniyyətini bir daha həm tanıtdı, həm də təbliğ etdi. Bu gün Azərbaycan dünya turizm təşkilatının ən qabaqcıl tərəfdaşları siyahısındadır. İl boyu Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Qəbələ, VI Rostropoviç, Üzeyir Hacıbəyli adına benəlxalq musiqi festivalları, vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsi keçirildi.  Bütün bunlar Azərbaycanı regionun mədəniyyət paytaxtına çevirdi. Mədəniyyət paytaxtı o deməkdir ki, bu ölkənin inkişafda olan qaynar mədəni mühiti var. Onun daimiliyini yaşatmaq lazımdır. Bunun üçün yeni əsərlər, ideyalar, sərgilər, tamaşalar, binalar, layihələr olmalıdır. Əlbəttə, bütün bunlar var ki, ölkəmizi haqlı olaraq regionun mədəniyyət mərkəzi hesab edirlər. Bu festivallarda Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə, Almaniya kimi ölkələrin dünya şöhrətli musiqiçiləri və kollektivləri iştirak edirdilər.   

Ötən ilin payızında Bakıda "Azərbaycan teatrı 2009-2019-cu illərdə" dövlət proqramı çərçivəsində əsasən müasir dövrün teatr problemlərinə həsr olunmuş "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" adlı teatr konfransı keçirildi. Bu tədbirdə MDB-dən, eləcə də Avropa, Afrika, Amerika və Asiya qitələrindən gəlmiş 80-dən çox teatr tənqidçisi, nəzəriyyəçisi, tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak edirdilər. Konfrans çərçivəsində həm xarici ölkə, həm də Azərbaycan teatr və kino aktyorlarının iştirakı ilə maraqlı yaradıcılıq gecələri keçirildi, müxtəlif tamaşalar nümayiş olundu. Azərbaycanın dünyanın teatr aləmi ilə əməkdaşlığı daha da genişləndi. Bütün bunlar bizə imkan verir ki, qabaqcıl təcrübədən səmərəli istifadə edək. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. 2013-cü il üçün gənc tamaşaçılar, kukla teatrları festivallarının keçirilməsi nəzərdə tutulur. Biz onların beynəlxalq səviyyədə təşkilini düşünür və planlaşdırırıq.

- Kinonun inkişafına dair dövlət proqramının icrasını təmin etmək məqsədilə kinematoqrafiya sahəsində hansı yeniliklər var?

- Kino sahəsində də müxtəlif konfransların, təqdimatların, festivalların baş tutması təsdiqləyir ki, bu istiqamətdə də xeyli uğurlarımız var. Bir faktı söyləyim ki, ötən ildə ayrı-ayrı televiziya kanallarının, dövlət studiyalarının təqdim etdikləri 372 film dövlət reyestrində qeydə alınıb. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən "Çölçü", "Dolu", "Sübhün səfiri" bədii, "Sıfır saatının qatarı-2" və "Nizami" sənədli filmləri çəkilib. "Salnamə", "Yaddaş", "Azanfilm", "Mozalan", "Debüt", "Üç dost"  və başqa studiyalarda bir sıra cizgi, sənədli və qısametrajlı filmlərin çəkilişi başa çatıb. Nizami Kino Mərkəzində tez-tez kino ilə bağlı tədbirlərin keçirilməsi, yeni filmlərin təqdimatı ekran həvəskarları tərəfindən maraqla qarşılanıb. 2012-ci ilin oktyabrında bizim nazirlik Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçirdi. Nizami Kino Mərkəzində üç festival günü ərzində 19 ölkənin təqdim etdiyi 50 bədii və sənədli filmə baxış keçirildi. Serbiya, Rusiya, Belarus, Bolqarıstan və Azərbaycanı təmsil edən mütəxəssislərdən ibarət beynəlxalq münsiflər heyəti festivalın qalibini qran-pri mükafatına layiq görmüş, həmçinin "İdman və cəmiyyət" və "İdman və şəxsiyyət" nominasiyaları üzrə qalib filmləri müəyyən etmişdir. 

Ötən ilin noyabrında Londonda ilk dəfə keçirilən "Azərbaycan-London" film festivalı çərçivəsində Azərbaycan kinosu "Buta", "İlahi məxluq", "Sahə" və "40-cı qapı" bədii, həmçinin "Azərbaycan xalçası", "Azərbaycan motivləri", "Çövkən" və "Qobustan" sənədli filmlərindən ibarət proqramla təmsil olunmuşdur. Elə həmin ayda Daşkənddə "Yenidən başlanmış dialoqlar" adlı 5-ci regional sənədli filmlər seminarında Azərbaycan kinostudiyalarında istehsal olunmuş "Top həm qalxar, həm düşər", "Miras", "Lahıc ritmləri" və "Neft adamı" filmləri nümayiş etdirilmişdir. Ötən il ərzində "Buta" bədii filmi Cənubi Afrikada, ABŞ-da, İtaliyada, Misirdə, Hindistan və Polşada, "Girov" bədii filmi Fransada, Nizami bədii filmi Sankt-Peterburqda, "Məhkumlar" İstanbulda, "Çövkən" Qazaxıstan, İtaliya, Rusiya və Türkiyədə, "Azərbaycan xalçası" Qazaxıstanda nümayiş etdirilmişdir. "Sahə" bədii filmi ABŞ-da keçirilən "California Film Award" müsabiqəsində "Ən yaxşı bədii film" nominasiyasında qızıl mükafata layiq görülmüşdür. "Mayak" qısametrajlı bədii filmi İtaliyada, Səudiyyə Ərəbistanı, Polşa, İran, Gürcüstan, Bosniya-Herseqovina, Rusiyada keçirilmiş kinofestivalların iştirakçısı olmuş, bir sıra mükafatlara layiq görülmüşdür. "Top həm düşər, həm qalxar" sənədli filmi İstanbulda keçirilən  Beynəlxalq İdman Filmləri Festivalında qalib elan edilmiş, Serbiyada təşkil olunan "Zlatibor 2012" Beynəlxalq İdman Filmləri Festivalının birinci mükafatını almışdır. Təqdimatı avqust ayında Nizami Kino Mərkəzində keçirilən "Dolu" filminin Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində də təqdimatı baş tutmuşdur.

Əlbəttə, bizim kino ilə bağlı işlərimiz çoxdur. Yaradıcılıq daim axtarış sevir. Biz gələcəyə nikbinliklə baxırıq. Bu yaxınlarda Milli Məclisdə "Mədəniyyət haqqında" qanun qəbul edilib və imzalanmaq üçün dövlət başçısına təqdim olunub. Eyni zamanda, "Kinematoqrafiya haqqında" qanun üzərində işləyirik.

- Ötən ilin payızında daha bir tarixi hadisə mədəniyyətimizin uğurlarını əks etdirdi. Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Roma şəhərində məşhur Auditorium  konsert kompleksinin ən böyük salonunda  - Santa Sesiliya zalında təntənəli mərasim və konsert keçirilmişdir.

- Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması, məhz bizim xalqa məxsus bir sıra sənət nümunələrinin (xalçaçılıq, aşıq sənəti, muğamlarımız və tar ifaçılığı) UNESCO-nun siyahısına daxil edilməsi və onun beynəlxalq səviyyədə nümayişi Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Bizim üçün xoşdur ki, bu tədbirlər silsilə təşkil edir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ötən ilin fevral və aprel aylarında İtaliyanın Roma şəhərində "Azərbaycan - Odlar Yurdu İpək Yolunda" adlı, noyabr və dekabr aylarında isə Vatikan dövlətində Azərbaycanın tarixini, mədəni irsini və dini tolerantlığını əks etdirən sərgilərdə Qobustan kolleksiyasına aid eksponatlar nümayiş olunmuşdur.

Çalışırıq ki, Heydər Əliyev Fondu ilə birgə gördüyümüz işlərdə, həyata keçirilən hər bir layihədə qədim mədəniyyətimiz və klassik irsimiz təbliğ olunsun.    

- Muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyaların təkmilləşdirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, onlara əməli və metodiki kömək göstərilməsi istiqamətində  hansı işlər görülmüşdür?

- 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində muzeylərin sayı 212-yə çatdırılıb. Hazırda nazirlik sistemində 13 incəsənət, 7 ədəbiyyat, 13 tarix, 68 tarix diyarşünaslıq, 6 döyüş şöhrəti, 46 ev muzeyi var. Heydər Əliyev mərkəzlərinin sayı 59-dur. Ötən il Bakı şəhərinin Suraxanı, eləcədə Qusar, Şabran, Lerik rayonlarında Heydər Əliyev mərkəzləri, habelə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun binasında dünya şöhrətli alim Yusif Məmmədəliyevin memorial muzeyi açılmışdır. Bir sıra muzeylərdə  bərpa işləri aparılmış, bədii tərtibatı yeniləşmişdir.

Xarici ölkələrdə də Azərbaycan mədəniyyət evi açılmış, bəzi yerlərdə  həmin mərkəzlər əsaslı təmir edilmiş və ekpozisiyası  zənginləşdirilmişdir. Qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi məqsədilə müvafiq proqrama uyğun olaraq 2012-ci il üçün Gədəbəy Azərbaycanın əfsanələr, Masallı folklor, Quba sənətkarlıq paytaxtları elan edilmişdir. İl boyu bu şəhərlərdə müxtəlif tədbirlər təşkil edilmiş, maraqlı layihələrə imza atılmışdır. O cümlədən, muzey mərkəzində "2012-ci il üçün Azərbaycanın Xalq Yaradıcılıq Paytaxtları"nın təqdimat mərasimi də keçirilmişdir. Mərasimdə həmin rayonların rəhbərləri, mədəniyyət və turizm şöbələrinin əməkdaşları, alimlər, ictimai xadimlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdilər.

- Mədəniyyət və turizm obyektlərinin tikintisi, təmiri və yenidən qurulması tamamilə başa çatıbmı?

- Nazirlər Kabinetinin sərəncamlarına əsasən, 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin 45 obyekti üzrə müəyyən vəsait ayrılıb. Təmir-bərpa və yenidənqurma ilə əlaqədar bildirmək istəyirəm ki, xeyli iş görülüb. Məsələn, "Nizami" kinoteatrının binasında aparılan əlavə təmir, yenidənqurma işləri başa çatıb. İndi bu mədəniyyət müəssisəsi Nizami Kino Mərkəzi kimi fəaliyyət göstərir. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin birinci mərhələsinin tikintisi və xarici infrastrukturunun yaradılması başa çatdırılaraq, növbəti mərhələlərin tikintisinə başlanmışdır. Qobustan Dövlət Tarix-Bədii Qoruğunda muzey və inzibati binanın tikintisi yekunlaşıb. Şəki şəhərində Aşağı Karvansaranın bərpa işləri tamamlanıb. Eləcə də Dövlət Musiqili Komediya Teatrının binasında təmir və bərpa işləri sona yetmək üzrədir. Bu il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təmir və yenidənqurma işləri üçün layihə-smeta sənədləri də hazırlanıb. Gəncə, Ağdam, Qəbələ, Masallı, Şəki, Tərtər, Bərdə və s. rayonlarda karvansara, mədəniyyət evi, teatr binası, musiqi məktəbi kimi mədəniyyət obyektlərində təmir və bərpa işləri davam etməkdədir. Bakının rayonlarında  yerləşən uşaq incəsənət məktəbləri, mədəniyyət mərkəzləri və ev muzeylərində bərpa işləri görülür. Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan  Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Zərdab rayonunda Həsən Bəy Zərdabi, eləcə də Bakı şəhərində Səməd Vurğunun ev muzeyləri əsaslı təmir olunmuşdur. Quba rayonunun Xınalıq kəndində yaşayış evlərinin bərpası da başa çatmışdır. Şamaxı şəhərində M.Ə.Sabirin məzarüstü məqbərəsi təmir olunmuş və ətraf ərazidə abadlıq işləri görülmüşdür. Hazırda "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda bərpa işləri davam etdirilir.

- Ötən il Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə xeyli sayda çap məhsulları işıq üzü görmüş, hətta xarici ölkələrdə təşkil olunan kitab bayramlarında da yazıçı və şairlərimiz iştirak etmişlər...

- Nazirliyin kitab nəşri planına uyğun olaraq hər il biz bu işi davam etdiririk.   Ötən il 70 adda kitab işıq üzü görüb. Çap məhsullarının arasında M.Ə.Sabirin, M.F.Axundzadənin, N.Nağıyevin, A.Babayevin, Ə.Vəliyevin, M.Füzulinin, Y.Səmədoğlunun, M.Namazın, E.Əfəndiyevin və başqalarının əsərləri var. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrasına uyğun olaraq il ərzində M.S.Ordubadinin, Ə.Cavadın, X.R.Ulutürkün və başqalarının yubileyləri də keçirilmişdir. Nizami Gəncəvinin yubileyi müəyyən anlamda beynəlxalq xarakter daşımış, dünyanın bir çox ölkələrində bu münasibətlə müxtəlif tədbirlər təşkil olunmuşdur. Moskva şəhərində Nizami poeziya günləri keçirilmiş, şairin əsərlərindən parçalar səslənmiş, onun sözlərinə yazılmış mahnılar və muğam ifa olunmuşdur. Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Moldovada keçirilən mədəniyyət günlərində isə paytaxt Kişinyov şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkda əsaslı yenidənqurma və bərpadan sonra şairin büstünün açılışı olmuşdur. Belə tədbirlər Türkiyədə, Hindistanda, Çin Xalq Respublikasında baş tutmuşdur. Hətta Hindistanda Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans da keçirilmişdir. Məlum olduğu kimi, 2012-ci il TÜRKSOY tərəfindən "Mirzə Fətəli Axundzadə ili" elan edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev böyük mütəfəkkirin anadan olmasının 200 illik yubileyinin keçirilməsi haqqında hələ 13 aprel 2010-cu ildə sərəncam imzalamışdır. Biz bu yubileyi də layiqincə qeyd etdik.

Mədəniyyət və  Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kitabları 2012-ci ilin fevralında Belarus Respublikasında, avqustda Moldovada, sentyabrda Rusiyada, oktyabrda Almaniyada, noyabrda Türkiyədə, dekabrda Ukraynada keçirilən beynəlxalq kitab sərgilərində nümayiş olunmuşdur. Bizim ən geniş sahələrimizdən biri olan kitabxana-informasiya sahəsinin inkişaf və modernləşdirilməsi fəaliyyətimizdə prioritet istiqamətlərdən biridir. Ötən ildə kitabxanaların multimedia fondlarının zənginləşdirilməsi məqsədilə mühüm işlər həyata keçirilmiş və dövlət proqramının icrasına uyğun olaraq layihənin gerçəkləşdirilməsinə başlanmışdır. Azərbaycan Milli Kitabxana İnformasiya Mərkəzi yaradılıb. Artıq onun vebsaytı da hazırlanmış, toplu kataloqun yaradılmasında bir sıra işlər görülmüşdür.

- Mədəniyyət və Turizm Nazirliyinin sistemində elm və təhsil mərkəzləri də fəaliyyət göstərir. Bu müəssisələrdə işin günün tələbləri səviyyəsində qurulması üçün hansı yeniliklər var?

- Nazirliyimizin tabeçiliyində 243 təhsil müəssisəsi - Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, Bakı turizm peşə, Bakı xoreoqrafiya, 185 uşaq musiqi, 51 uşaq incəsənət və 2 uşaq rəssamlıq məktəbi, Ağcabədi rayonunda Qarabağ muğam, mədəniyyət müəssisələri işçilərinin hazırlıq və ixtisasartırma, mədəniyyətşünaslıq üzrə elmi-metodiki, muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzləri fəaliyyət göstərir. Ötən ildə bir sıra uşaq musiqi məktəblərində əsaslı təmir aparılmış, incəsənət məktəblərinin binaları yenidən qurulmuşdur.

"2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə inkişaf proqramı"na uyğun olaraq təmayül profilli məktəblərin yaradılması istiqamətində müəyyən işlər görülmüşdür. Nazirlik tərəfindən dərsliklər, dərs jurnalları, şagirdlərin fərdi vərəqələri və tədris proqramları, kataloqlarE çap edilmişdir. Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində 2012-ci ilin fevral ayından başlayaraq respublikanın orta ümumtəhsil məktəbləri, habelə uşaq yaradıcılıq mərkəzləri, musiqi, incəsənət və rəssamlıq məktəbləri şagirdlər üçün ölkənin mövcud qoruq və muzeylərində tarix, diyarşünaslıq və təhsil üzrə səyyar dərslərin təşkili və keçirilməsi sahəsində iş aparılmışdır. Eləcə də kulturologiya elminin inkişafına dəstək göstərilməsi məqsədilə Bakı şəhərində Kulturoloqların II Beynəlxalq Bakı Forumu, "Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər" adlı beynəlxalq konfrans təşkil olunmuşdur. Bir fərəhli faktı da qeyd edim ki, Çexiyanın Lidise şəhərində keçirilmiş 40-cı ənənəvi beynəlxalq uşaq incəsənət sərgisində Azərbaycandan 30 uşağın 481 əsəri təqdim edilmişdir. 67 ölkədən 26 mindən çox əsərin nümayiş olunduğu sərgidə 5 azərbaycanlı müəllifin əl işləri mükafata layiq görülmüşdür.

- Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alsaq, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq təşkilatlarla əlaqəsini necə qurur, bu işin təşkili üçün hansı səmərəli vasitələrdən istifadə edir?

- Ümumdünya  Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf Naminə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlarla turizm sahəsində əməkdaşlığı təşkil etmək üçün mövcud proqramlara qoşulmağın, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində ötən il bizim üçün səmərəli olmuşdur. Yanvar ayından başlayaraq ilin sonuna  kimi adını çəkdiyimiz təşkilatlarla turizm sahəsində əlaqələrin müzakirə olunması və gələcək əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir sıra görüşlər keçirilmişdir.

Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə Avropanın tanınmış media nümayəndələrindən ibarət press-tur təşkil olunmuşdur. Eləcə də London şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya komissiyasının növbəti illik iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur. Bir sıra ölkələrlə ticarət, iqtisadi əməkdaşlıq üzrə keçirilən sessiyalarda iştirak etmişik. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinə uyğun olaraq ölkəmizin bütün bölgələri üzrə mədəni turizm marşrutlarının yaradılması planlaşdırılıb. Bildiyiniz kimi, Azərbaycanın çox gözəl, dilbər guşələri var. Yurdumuz tarixi abidələrlə zəngindir. Xarici turistləri ölkəmizə cəlb etmək üçün standart meyarların tətbiqi üzərində və əlaqələrin qurulması üçün uğurlu işlər aparılmış, eləcə də mehmanxana və mehmanxana tipli obyektlərin standartlara uyğun qurulması təmin edilmişdir. Azərbaycanda konfrans və işgüzar görüşlər turizminin konsepsiyası hazırlanmışdır. Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi təcrübəyə əsasən bu sahədəki beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən işimizi Ümumdünya Turizm Təşkilatının təqdim etdiyi proqram əsasında qururuq. 2012-ci ildə Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının "CNN", "Euronews" və "Travel Channel" telekanallarında nümayiş olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə adları qeyd olunan telekanallar arasında müqavilə yenilənmişdir.

Turizm xidmətlərinin müxtəlifliyinin formalaşdırılması da bizim üçün çox önəmlidir. Bu yaxınlarda Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə infrastruktur obyektlərinin açılışı oldu. Bu kompleks 2015-ci ilədək tam həcmdə işə düşəcək. Azərbaycana gələn qonaqlar üçün çox maraqlı və cəlbedici bir yer olacaq. Kompleksdə dincəlmək üçün hər cür imkan var. Xüsusilə də, xizək sürməyi sevənlər buraya can atacaqlar. Gələn il bu kompleksə böyük axın gözləyirik. Növbəti il 500-ə qədər yerləşdirmə otağı qurulacaq. Bir məsələni də açıq deyim ki, indi üçulduzlu hotellərin inşasına daha çox diqqət yetirməliyik. Hazırda beş və dördulduzlu hotellərin sayı kifayət qədərdir. Onlar hazırda tam gücü ilə işləyirlər. Biz daha aşağı ulduz kateqoriyası olan hotellərin inşasına başlayacağıq. 2013-cü ildən artıq beynəlxalq standartlara uyğunlaşmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib, bu da zamanın tələbidir. Çünki biz istəyirik ki, bizim hotellər və turizm şirkətləri tərəfindən təqdim olunan xidmətlər dünya standartlarına uyğun olsun. Yeni hotellərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi bu qiymətlərin daha sivil şəkildə tənzimlənməsinə imkan verəcək. Biz bu istiqamətdə işlər aparırıq. Hazırda Azərbaycanda lisenziya almış 400-dən artıq hotel fəaliyyət göstərir. Artıq ötən iki il müddətində Azərbaycan hotellərində qiymətlər 15-20 faiz enib. Biz də qanunvericiliyə uyğun olaraq qiymətlərin tənzimlənməsində müəyyən işlər görürük.

- Əlbəttə, görülən işlərin həm keyfiyyətli, həm də sərfəli olması hər bir turistin ürəyincədir. Azərbaycanın görməli yerlərinə təkcə xarici turistlər üz tutmur ki... İstər hotellərin, istərsə də digər xidməti işlərin qiymətləndirilməsində yerli vətəndaşların da imkanları, arzuları nəzərə alınsa, daha yaxşı olardı. Azərbaycan bizim vətənimizdir. Onun hər guşəsini görmək isə vətəndaşlıq borcumuzdur. Bu borcu həyata keçirmək üçün bəzən kəlləçarxa çıxan qiymətlər maneçilik törədir. Yeni il yeni duyğular, yeni arzulardır...

- Yeni il həm də yeni məsuliyyət, yeni vəzifə deməkdir. 2013-cü ildə mədəniyyət, incəsənət və turizm sahəsində çalışanları mühüm işlər gözləyir. Bizim üçün vacib olan hadisələrdən biri də 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olacaq. Bu işə hazırlıq başlanıb. 2013-cü ildə ümummilli liler Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı böyük mədəniyyət tədbirləri keçiriləcək. Heydər Əliyev Azərbaycan mədəniyyətinin himayədarı idi. Ulu öndərin müəyyənləşdirdiyi mədəniyyət siyasəti bu sahədə böyük uğurların qazanılmasına zəmin olub. Biz bu tədbirlərə xüsusi hazırlaşırıq. Mədəniyyət qədər xalqa yaxın, doğma olan ikinci bir sahə tanımıram. Ona görə də mədəniyyət və incəsənət sahəsində işləyən bütün insanlar cəmiyyətin seçilən üzvləri olmalıdırlar. Onların hər biri xalq arasında nüfuzu, çəkisi və hörməti ilə seçilməlidir.

 

 Müsahibəni apardı:

Flora XƏLİLZADƏ,

Azərbaycan.-2013.- 11 yanvar.- S.3.