Kəngərlinin mədəni həyatı
Səkkiz ildir yaranmasına baxmayaraq, Kəngərli rayonu öz qədim tarixi, mədəniyyəti ilə həmişə xüsusi çəkiyə malik olan yurd yerlərimizdən sayılır. Respublikamızın hər yerində olduğu kimi, Kəngərli rayonunda da son illər sosial-mədəni sahədə xeyli irəliləyiş əldə olunub.
Həmsöhbət olduğumuz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Kərim Qazıbəyov bildirdi ki, bu gün rayonda 1 mərkəzləşdirilmiş kitabxana və onun 11 filialı, 1 tarix-diyarşünaslıq, 1 ev muzeyləri, mədəniyyət və istirahət parkı, 2 uşaq-musiqi məktəbi, mədəniyyət evi fəaliyyət göstərir. Bundan əlavə, 5 kənd mədəniyyət evi, 5 kənd klubu əhaliyə mədəni xidmət göstərir. Son illərdəki tikinti-quruculuq işləri nəticəsində kəndlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələri, kitabxana, klub və mədəniyyət evlərinin əksəriyyəti yeni və müasir binalarda yerləşdirilib. Belə ki, rayonun Qabullu, Şahtaxtı, Qarabağlar, Çalxanqala, Böyükdüz, Təzəkənd və Xıncab kəndlərindəki klub və kitabxanalar müasir avadanlıqlarla təchiz olunmuş otaqlarda yerləşib. Rayonun bütün mədəniyyət müəssisələrində ümumilikdə 250 nəfər çalışır.
Rayonda yeni mədəniyyət müəssisələrinin tikintisi vacib məsələ kimi diqqətdə saxlanılır. Ötən ilin may ayının 30-da ölkə başçısı İlham Əliyev muxtar respublikaya səfəri zamanı Kəngərli rayonunda olmuş, burada Heydər Əliyev Mədəniyyət və istirahət parkının, rayon mədəniyyət evinin açılışında iştirak etmişdir. 5 hektar ərazini əhatə edən mədəniyyət və istirahət parkında əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmiş, fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilmiş, onların istirahəti üçün maraqlı attraksionlar, əyləncəli oyunlar quraşdırılmışdır. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli Kəngərli Rayon Mədəniyyət Evinin inşası da mədəni irsimizə diqqətin artırılması istiqamətində bölgələrdə də xeyli işin görülməsini təsdiq edir. Binanın birinci mərtəbəsində inzibati otaqlarla yanaşı, 286 yerlik tamaşa zalı, ikinci mərtəbədə 6 inzibati otaq, dekorasiya otağı və istirahət guşəsi fəaliyyət göstərir.
Həmin gün rayon ictimaiyyəti qarşısında çıxış edən ölkə başçısı demişdir: "Bu gün gözəl mədəniyyət evinin açılışına toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda mədəniyyət evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir".
Ölkə başçısının səfəri xalqımızın milli adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində rayon mədəniyyət işçilərini daha da həvəsləndirmişdir. Rayon mədəniyyət evinin direktoru Tofiq Rüstəmov söyləyir ki mədəniyyət evinin qızlardan ibarət "Gülümey" folklor qrupu, böyüklərdən və uşaqlardan ibarət "Yallı" kollektivi, "Kəngərli" instrumental ansamblı fəaliyyət göstərir. Bir məqamı da qeyd edim ki, Tofiq Rüstəmov 18 il "Şərur" xalq yallı ansamblının üzvü olub. Bir çox ölkələrdə qastrol səfərlərində iştirak edib. Kəngərli rayonu yarandıqdan sonra isə burada fəaliyyət göstərərək rayonun mədəni həyatının canlanmasında yorulmadan çalışır. Bunun nəticəsidir ki, bu yaxınlarda səhnə fəaliyyətinin 30 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.
Rayonun Qarabağlar Kənd Mədəniyyət Evində kənd sakinləri Aynur Bağırova toxuculuq üzrə, Cəmalə Qasımova isə düzmə qədim xalq sənətkarlığı üzrə dərnək məşğələləri aparır. Burada kəndin gənc və yeniyetmə qızları qədim sənətkarlıq növlərini öyrənirlər.
Rayon ərazisində iki ədəd dünya əhəmiyyətli tarixi abidə mövcuddur. Bunlardan biri Elxanilərin (1256-1357) birinci hökmdarı Hülaku xanın öz arvadı Quti xatunun şərəfinə tikdirdiyi Qarabağlar türbəsidir. Hülaku xanın 1256-1265-ci illərdə hakimiyyətdə olduğunu nəzərə alsaq, türbənin bu 9 illik dövr aralığında tikildiyini söyləmək olar.
Abidə türbə və qoşa minarədən ibarətdir. Bundan əlavə, bunların arasında yerləşən mədrəsə də olub. Minarələri bir-birinə baştağ bağlayır ki, məhz həmin baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazılıb. Buna görə də onun Quti xatunun şərəfinə tikildiyi ehtimal edilir. Rayonda mövcud olan digər dünya əhəmiyyətli abidə isə Şahtaxtı hamamıdır. Kəndin yaşlı sakinlərinin dediyinə görə, hamam İsa Sultan Şahtaxtinskinin babası İsa Sultan tərəfindən XIX əsrin ikinci yarısında tikdirilib. Deyilənlərə görə, hamamı isitmək üçün iki-üç bağ samanın yandırılması kifayət edirmiş.
Rayonda kitabxanalarda oxucularla xidmət işi lazımi səviyyədə qurulub. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Gülşən Qurbanova bildirdi ki, rayon mərkəzi və uşaq kitabxanaları eyni binada yerləşir. Hər iki kitabxanada fondlar komplektləşdirilib, məzmunca əhəmiyyətini itirmiş ədəbiyyat götürülüb. Mərkəzləşdirilmiş kitabxana sisteminin kitab fondu 76170 nüsxədir. Rayon üzrə oxucuların ümumi sayı isə 7700-dən artıqdır.
Kitabxanalara yeni nəşr olunmuş kitabların alınması, mərkəz və filiallar arasında əlaqələrin genişlənməsi də diqqət mərkəzində saxlanılır. Bu da rayonda oxucu-kitabxana əlaqələrinin düzgün qurulmasına şərait yaradır. Təkcə elə bu ilin ötən dövrü ərzində oxucularla birlikdə ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq mərkəzi kitabxanada və kənd filiallarında Mirzə Ələkbər Sabirin 150, M.S.Ordubadinin 140, Hüseyn Cavidin 130, Bəhruz Kəngərlinin 120 illiyi ilə əlaqədar ədəbi-bədii tədbirlər keçirilib. Muxtar respublikada Milli Dəyərlər İli ilə əlaqədar mütəmadi olaraq xalqımızın milli dəyərlərinin təbliği ilə bağlı görüşlər, kitab müzakirələri təşkil olunur.
Rayon tarix-diyarşünaslıq muzeyi bölgədəki maddi-mədəniyyət nümunələrinin daha etibarlı qorunub saxlanılması, tədqiq edilib öyrənilməsi, təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyul 2006-cı il tarixdə imzaladığı "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında" sərəncamına uyğun olaraq yaradılıb. 2007-ci ilin sentyabrında isə ikimərtəbəli müasir dizaynlı muzey binası istifadəyə verilib. Muzeydə rayonun ən qədim dövrlərindən bugünədək olan tarixini özündə əks etdirən 2700-ə yaxın eksponat toplanıb. Maddi-mədəniyyət nümunələri, arxeoloji tapıntılar, erkən dəmir dövrünə aid keramikalar, obsidian lövhələr, xalq tətbiqi sənət əsərləri, gil qablar, qədim musiqi alətləri, numizmatika nümunələri, milli geyimlər və bədii tikmələr, rayonun görkəmli şəxsiyyətləri haqqında foto və sənədlərin yer aldığı muzeydə arxiv və kitabxana da yaradılıb. Muzeyin ekspozisiya zalında hazırda 723 eksponat nümayiş etdirilir. Muzey əməkdaşları vaxtaşırı kəndlərdə olur, əhali ilə maarifləndirici söhbətlər aparır. Bunun nəticəsidir ki, rayon əhalisi evlərində olan tarixi eksponatları, əlyazma nümunələrini və digər əşyaları muzeyə hədiyyə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixli "Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında" sərəncamına uyğun olaraq Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılmışdır. 2010-cu ilin may ayının 13-də istifadəyə verilən həmin muzeydə Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, parlamentarizmin, dövlət quruculuğu və hərb sənətinin inkişafında xitmətləri olan bir nəslin nümayəndələrinə aid eksponatlar toplanıb. Moskva və Qars müqaviləsinin bağlanmasında müstəsna xidmətləri olan Behbud ağa Şahtaxtinski, maarifçi-publisist, dilçi, əlifba islahatçısı, ictimai xadim, 2-ci Dövlət Dumasının deputatı olmuş Məhəmməd ağa Şahtaxtinski, hərbçi, çar Rusiyası ordusunun polkovniki Əbülfət Şahtaxtinski, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin ilk üzvlərindən olan Həmid ağa Şahtaxtinski, jurnalist və ictimai xadim İsasultan Şahtaxtinski, görkəmli rəssam Elmira Şahtaxtinskaya və digərləri haqqında ətraflı məlumat almaq üçün bu muzeyin ekzpozisiya zallarında geniş məlumat əldə etmək olar.
Fond müdiri Səmra Hüseynova muzey haqqında daha ətraflı məlumat verdi. Bildirdi ki, burada iki ekspozisiya zalı və iki yardımçı otaq var. Muzeyin açılışı zamanı 285 eksponatı olan mədəniyyət müəssisəsində hazırda 373 eksponat var. Eksponatlarda Şahtaxtinskilərə aid fotoşəkillər, əlyazmalar, məktublar, nəsil şəcərəsi və digər eksponatlar üstünlük təşkil edir. Səmra xanım onu da bildirdi ki, muzeydə iki otaq Şahtaxtinskilərin yaşaması üçün nəzərdə tutulub. Bu otaqlar hər cür məişət avadanlığı ilə təchiz olunub ki, nəslin nümayəndələri gəldikləri zaman qala bilsinlər. Hətta oktyabr ayında Məhəmməd ağa Şahtaxtinskinin nəvəsi, Fransa Dənizçilik Akademiyasının zabiti və eyni zamanda, professoru olmuş Cahangir-Kamal (Jan) Şahtaxtinskinin oğlu, tanınmış diplomat Aleksis Şahtaxtinski və onun həyat yoldaşı Leyla Şahtaxtinskaya muzeyi ziyarət etmiş və burada gecələmişlər.
Rayonda iki musiqi məktəbi var. Bunlardan biri Qıvraq qəsəbəsində,
digəri isə Çalxanqala kəndində
fəaliyyət göstərir. Bu məktəblərdə fortepiano, tar, kamança, klarnet, qarmon, nağara, saz, truba sinifləri
üzrə 400-dən çox
şagird musiqi təhsili alır. Ali və orta
ixtisas təhsilli musiqi müəllimlərinin
dərs dediyi musiqi ocaqlarında maddi-texniki bazanın da gücləndirilməsi
qayğısına qalınır.
Hər iki musiqi məktəbi
müasir tədris avadanlıqları ilə təmin olunmuş yeni binalarda fəaliyyət göstərir.
Rayonun musiqi məktəblərində
xalq çalğı
alətləri, sazçalan
qızlar ansamblları,
xor kollektivi və nəfəs alətləri orkestri fəaliyyət göstərir.
Təqdir olunası məqamlardan
biri də budur ki, hər
iki musiqi məktəbində dərs
deyən müəllimlərin
böyük əksəriyyəti
həmin məktəblərin
öz məzunlarıdır.
Onlar ali
və orta ixtisas musiqi məktəblərində təhsillərini
başa vurduqdan sonra geri qayıdaraq
bir vaxtlar dərs aldıqları məktəbdə müəllimliklə
məşğuldurlar.
Mədəniyyət müəssisələrində çalışan bütün
işçilər rayonun
ictimai işlərində
də fəallıqları
ilə seçilirlər. Onlar çalışırlar ki, əhaliyə
mədəni xidmətin
səviyyəsi yüksəlsin,
mədəniyyət müəssisələri
əsl asudə vaxt mərkəzinə çevrilsin.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2013.- 11 yanvar.- S.5.