Xidmət səviyyəsi yüksəlir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin uğurla reallaşdığı Yevlaxda son illər mədəni-maarif müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmişdir. Heydər Əliyev adına saray, 18 mədəniyyət evi, 22 klub, 59 kitabxana əhaliyə xidmət göstərir.
Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, 6 yeddiillik uşaq musiqi məktəbi də şəhər mədəniyyət və turizm şöbəsinin fəaliyyət dairəsindədir. Şəhərdə B.Səfəroğlu adına Xalq Teatrı və "Kukla" teatrı fəaliyyət göstərir. Xususi əhəmiyyət kəsb edən tarixi günlərin, bayramların, əlamətdar yubileylərin yüksək səviyyədə təşkilində və keçirilməsində şəhər mədəniyyət və turizm şöbəsinin rolu çoxdur. Şəhər mədəniyyət evinin "Karvan" vokal-instrumental, "İlkin" vokal ansamblları, şəhər 2 saylı mədəniyyət evinin "Şəms" qrupu, uşaq musiqi məktəblərinin hər birində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblları rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər.
Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov söhbət zamanı dedi ki, mədəniyyət işçilərinin fəaliyyətində muzeylərin inkişafına xüsusi fikir verilir. Yevlax Tarix-Diyarşünaslıq Muzeyi respublikanın regionlarında ilk təşkil olunan muzeylər sırasındadır. Heydər Əliyev prospektində yerləşən muzeyi ziyarət edənlərin sayı daim artır. 2012-ci ildə 8 minə yaxın qonaq qəbul edən muzeydə respublikanın, eləcə də bölgənin tarixini əks etdirən maraqlı eksponatlar toplanmışdır. Hazırda muzeydəki eksponatların sayı 1300-ə çatır.
Şəhər mədəniyyət və turizm şöbəsinin xidmətində olan Heydər Əliyev Mərkəzi yevlaxlıların müqəddəs ziyarətgahına çevrilmişdir. Yaşıllıqlar qoynunda yerləşən, milli memarlıq üslubunda inşa edilən mərkəzdə ulu öndərin xalqımıza həsr edilən mənalı həyatının müxtəlif məqamlarını özündə əks etdirən qiymətli eksponatlar saxlanır. Təqdirəlayiq haldır ki, mərkəzə ayrı-ayrı vətəndaşlar tərəfindən yeni eksponatlar hədiyyə edilməsi indi də davam edir.
Lazım
QULİYEV,
Azərbaycan.-2013.- 11 yanvar.- S.5.