Ramazan oğulları
Represiya
qurbanları
Artıq hamıya məlumdur ki, ötən əsrin 20-30-cu illərində ölkəmizdə azadlıq və milli dövlət quruculuğu uğrunda mübarizə aparan simalar, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu, Gəncə üsyanının səbəbləri 20-21 il bundan əvvələdək yanlış təbliğ olunub, istiqlal arzulu insanlar "qaçaq", "quldur", "soyğunçu", "xalq düşməni" adlandırılıblar, təzyiqlərə, təqiblərə, repressiyalara məruz qalıblar. Dərsliklərdə, qəzet-jurnal materiallarında tarixçilər və siyasətçilər elə təbliğat aparıblar ki, silah gücünə süquta uğradılan Azərbaycan Xalq Cümhuriyyəti, işğal olunan Azərbaycan torpaqları guya bolşeviklərə könüllü olaraq, toy-bayramla təhvil verilib. O vaxtlar Türkiyədə mühacir həyatı yaşayan tanınmış ziyalı Hüseyn Bayqara bu barədə belə yazır: "Sovet tarixçiləri Azərbaycan xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələni edirdilər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy Rəfibəyli kimi yüzlərlə igidin adı "adsız" şəhidlər siyahısına düşmüş və yox olmuşdur". Gəncənin fəxri vətəndaşı, nəsli-nəcabəti Gəncə üsyanının və məcburi sovetləşmənin iştirakçısı olmuş Tofiq Bağırovun dediklərindən: "EBiz bir qayda olaraq özümüzün cəsarətli addımlarımızı da heçə endiririk. Belə hərəkətlərimiz isə bizi ermənilər və başqa xalqlar qarşısında aciz kimi qələmə verir. Guya Azərbaycan işğalçılara qarşı mübarizə aparmayıb. Guya Cavad xan, Hüseynqulu xan olmayıb. Gəncə üsyanı yaddan çıxıb. Qəhrəman qaçaqlarımız Dəli Alı, Qaçaq Məmmədqasım, Sarı Qafar, Ramazan oğulları barədə məlumat yoxdur". Aşağıdakı yazı onlardan biri - Ramazan oğulları barədədir.
Ramazan oğulları XIX əsrin sonlarında Şəmkir rayonunun Qaracəmirli kəndində döğulub boya-başa çatıblar. Ailədə dörd qardaş, bir bacı idilər: Əmiraslan, Rüstəm, Təhməz, Alməmməd, bacıları Leyli.
Məşədi Ramazan kəndin sayılıb-seçilən ağsaqqalı və təsərrüfatçı olub. Kürqırağı ərazidə əkin-bicin yeri, yatağı, mal-qarası var idi. Rəhmətə gedəndə ailənin bütün ağırlığı Əmiraslanın üstünə düşür. Əmiraslan ailəli idi, Samux rayonunun Mülkədar (indiki Qədili) kəndindən bir qızla ailə qurmuşdu. Bir gün əkin yerində ehtiyatsızlıq edib adam öldürür. Buna görə Sibirə sürgünə göndərilir.
Atadanqalma var-dövlətə, eləcə də qardaşı Əmiraslanın torpaqlarına ondan kiçik qardaşı Rüstəm sahiblik edir.
Rüstəm, Təhməz, Alməmməd elin-obanın xeyrində-şərində həmişə başda olar, kasıba-kimsəsizə əl tutardılar.
1917-ci ildə Petroqradda hakimiyyəti ələ alan bolşeviklər Leninin göstərişi ilə çar Rusiyasının həbsxanalarını açıb hamıya azadlıq verəndə Əmiraslan da sürgündən qayıdır. Amma sağlamlığını Sibirin soyuğu-şaxtası əlindən aldığından il yarım sonra dünyasını dəyişir.
Cənubi Qafqazda çar üsuli-idarəsi ləğv olunandan sonra bolşeviklərin gülləsinin səsi get-gedə lap yaxından eşidilirdi. Siyasi qarşıdurmalar, erməni-müsəlman davası, qətliamlar gündən-günə çoxalırdı. Yaranmış vəziyyətdən istifadə edən ermənilər rus bolşevikləri ilə əlbir olub Gəncədə, Xanlarda (Yelenendorf), Gədəbəydə, Şəmkirdə (Aninfeld) müsəlmanlara qan uddururdular. Hələ 1905-1906-cı illərdə bölgədə əhalinin təhlükəsizliyini təmin etmək, qayda-qanuna nəzarət məqsədilə Gəncədə "Difai" adlı özünümüdafiə təşkilatı yaradılmışdı. Sonralar Gəncə Milli Müsəlman Komitəsi adlandırılan bu təşkilatın silahlı müdafiə dəstələri sırasında Ramazan oğulları - Rüstəm, Təhməz və Alməmməd də var idi. Rüstəmin başçılığı ilə qardaşlar və onları dəstəkləyənlər ermənilərin əli ilə qətlə yetirilən, yaşadıqları kənddən didərgin salınan, var-dövləti talan edilən azərbaycanlıların müdafiəsinə qalxdılar.
1917-ci ilin sonlarında Stepan Şaumyan V.Lenin tərəfindən Cənubi Qafqazın fövqəladə komissarı təyin edilmişdi. O, Qafqaz ordusunun Tiflisdə çağırılan qurultayında milliyyətcə erməni olan G.Korqanovun başçılığı ilə yaradılmış Hərbi İnqilab Komitəsini Bakıya gətirmişdi. Şərq və Qafqaz cəbhələrindən dönən 6 min rus, 8 min erməni əsgəri Bakıya cəm edilmişdi. Şaumyan bolşevik-daşnak qrupunun kök saldığı Bakı Sovetinin nəzdində Qırmızı Ordu adı altında tərkibi ermənilərdən ibarət 20 minlik silahlı qüvvə də yaratmışdı. Adam saldırıb müsəlmanların evində olan ov tüfənglərini yığdırmışdı. Çox sonralar üstü açılan bu faktlar Bakının işğalına və azərbaycanlıların soyqırımına hesablanıbmış.
Bu, azmış kimi, həmin ilin sonlarında Türkiyədən, Şərq cəbhəsindən vətənə dönən çar ordusunun əsgərləri Tiflis-Bakı dəmir yolu vasitəsilə Şəmkir və Gəncədən keçməklə Bakıda əlavə qüvvə kimi ermənilərlə birləşməli, gətirdikləri 14 eşelon silah-sursatı onlara çatdırmalı idilər. Bu məlumatı gürcülər Gəncə Milli Müsəlman Komitəsinə çatdırırlar...
Tarixə 9 yanvar 1918-ci il "Şəmkir davası" (bəzən buna "Şalon davası" da deyirlər) kimi düşən hadisə məhz o vaxt baş vermişdi. Bu "davanın" əsas qəhrəmanlarından biri də Ramazan oğulları Rüstəm, Təhməz, Alməmməd və belə məqamlarda öz dəstəsi ilə onlara kömək edən Eminli Tanrıverdi, Əbdüləli və Gürzalı olmuşdu.
Hadisədən iki gün əvvəl Gəncə Milli Müsəlman Komitəsi tərəfindən xüsusi tapşırıq alan Rüstəm yanvarın 8-də Şəmkir stansiyasında Xudadat bəy Rəfibəyli və Aslan bəy Səfikürdski ilə görüşür, onların tövsiyələrini dinləyib, əmrə tabe olmayan eşelonu necə dayandırmaq barədə təklifini bildirir. Təklif qəbul olunur. Rüstəm dəstə üzvlərinə tapşırır ki, təcili harada keçə varsa, yığsınlar. Bir dəstə adam da ayırıb araba yağı gətirməyə göndərir. Yığılan keçəni kəsib araba yağına qoyur, az sonra isə dəmiryol relslərinin Şəmkircayın üstündən keçən yoxuşlu hissəsinə bağlayırlar.
Vaqonlarda rus əsgərləri arasında ermənilər də az deyildi. Eşelon azərbaycanlılar yaşayan kəndlərdən keçəndə günahsız insanları atəşə tutur, vağzaldakı mağaza və bufetləri qarət edir, yaxınlıqdakı yaşayış evlərinə girib qiymətli əşyaları götürür, qadın və qızlara sataşır, yol boyu binaları, mal-qaranı gülləbaran edirdilər.
...Qatar Şəmkir stansiyasının ərazisinə keçəndə yolun bağlı olduğunu bildirən işıq yandırılır. Ancaq qatar işarəyə məhəl qoymadan Şəmkirçayın üstündəki körpüdən keçəndə yoxuşu qalxa bilmir və relsin üstünə bağlanan yaglı keçə vaqonların təkərlərini yerində fırladır. Öndəki zirehli qatar və parovoz bir qədər dala-qabağa ləngər vurub dayanır. Axşamdan eşelonun yolunu gözləyən 20 min nəfərdən çox əlisilahlı, əlipayalı, əliyabalı əhalinin nigarançılığı yox olur. Hava tamam işıqlananda Xudadat bəy Rəfibəyli və Aslan bəy Səfikürdski eşelonu müşayiət edən zirehli qatarın rəhbərləri ilə danışığa başlayırlar. Nəticədə eşelondakı silah-sursat Gəncə Milli Müsəlman Komitəsinə təhvil verildikdən sonra əsgərlərin təhlükəsizliyi təmin olunmaqla, yollarına davam edəcəklərinə dair razılıq əldə olunur.
Hadisələrin canlı şahidi və iştirakçısı Adil xan Ziyadxanlı xatirələrində yazır: "...Dördüncü eşelon gəlib silahlarını təslim etdikdə içlərindən bir nəfər onlara səslənib "Silahlarınızı verməyin, atəş açın, müsəlmanları qırın!" - deyə qışqırıb ortalığa fitnə saldı. Bu zaman toplar açıldı. Topun gülləsi zirehli vaqona dəydi. İçində olan komandir Abxozavani, iki əfsər və bir müsəlman həlak oldu.
Top atəşindən sonra yerdə qalan səkkiz eşelon yolun o tərəf-bu tərəfində duran əhalinin üstünə od yağdıra-yağdıra vağzala doğru yönəldi. Bunu görən yerli əhali cavab atəşi açmağa məcbur oldu".
Rüstəm tüfəngi üzünə qaldırmağıyla paravozun sürücüsünü böyrü üstə aşırdı. Üzünü yanındakılara tutub: "Qırın köpəy uşağını. Burdan bir dənə də gavır salamat çıxmamalıdır!" - dedi.
...Gün batana yaxın eşelondakılar tab gətirməyib silahlarını verməyə məcbur oldular. Əsgərlər silahlarını təhvil verəndən sonra atışma dayandı.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əks-kəşfiyyat idarəsinin rəisi işləmiş Nağı Şeyxzamanlının yazdığına görə, həmin vaxt 10 min nəfərdən çox rus və erməni əsgəri öldürülmüş, xeyli sayda azərbaycanlı şəhid olmuş və yaralanmışdı.
Rüstəm "Şəmkir davası" şəhidlərinin Gəncədəki İmamzadə qəbiristanlığında dəfnində və yas mərasimlərinin el adətincə yola verilməsində əlindən gələni etmişdi. O, şəhidlərin dəfnində demişdi: "Millətin namusu və varlığı uğrunda şəhid olmaq şərəfdir. Biz belə ölümlə, belə ölülərimizlə fəxr eləməliyik, şərəf duymalıyıq".
"Şəmkir davası"ndan sonra Rüstəmin və onun dəstəsinin hörməti bölgədə birə-beş artmışdı. Rüstəmlə bərabər Şamxorskilərin, Zülqədərlilər nəslindən Şəmkirdə yaşayan Hüseyn və Əlinin, Moruldan Süleyman ağa Bədirbəylinin, Quruluxdan Qaçaq Əbdüləlinin, Koltəhnəlidən Məhəmməd Qurbanovun, İrmaşlıdan Səfixan oğlu Sarının, Daşkəsənin Çanaqçı kəndindən Sarı Qafarın, Zəyəmdən Hacı Əhmədin, Dəllərdən Qara Astanın, Qaracəmirlidən Eminli Tanrıverdinin, Qara Nurunun, onun qaynı Posunun, Mirzə Yusif və oğlu İslamın, Təzəkənddən Məhəmməd və Süleyman Əbdül oğullarının, Seyfəlidən İsrafil Məmmədnəbi oğlu İsrafilovun, Gədəbəy nahiyəsindən Məcid bəy, Məlik bəy, Mustafa ağa və digərlərinin silahlı iştirakı yerli camaatın "eşelon dava"sına səfərbər edilməsində, eləcə də Xalq Cümhuriyyətinin yaranmaqda olan ordusuna lazımi dəstək və kömək göstərilməsində əməyi çox olmuşdur.
...Yazda Şəmkirin Kürqırağı qışlaqlarında olan qoyun sürüləri növbə ilə Gədəbəyə yaylağa qalxardı. Əvvəl çobanlar, çoban ailələri, sonra da sürü sahibləri, bəy ailələri yaylağa köçərdilər. Rüstəmin sürüsünün örüş yeri Çayqarışanla Koroğlu qalasının üstündə - Murtuzalı dərəsində idi. Bu ərazilərdə kimin malını-heyvanını erməni oğurlasaydı, yaxud uşağını təhqir etsəydi, Rüstəm erməniyə elə bir toy tutardı ki, o, qorxusundan ya kənddən qaçıb gedər, ya da bir də azərbaycanlı gələn tərəfə baxmazdı.
Bir dəfə Rüstəm öz dəstəsi ilə yaylağa gedəndə dincəlmək üçün Burcalılar kəndində dayanır. Ağacların kölgəsində süfrə açdırıb çörək yeyəndə yerli adamlardan biri deyir ki, bu kənddə ermənilərdən ibarət bir dəstə var, başçıları da Vaqoşdur. Köç yaylağa gedəndə sənin çobanlarına dəyməsələr də, digər çobanların ununu, qəndini, çayını, köç geri qayıdanda da pendirini, yağını əllərindən alırlar...
Rüstəm erməni dəstə başçısının kim olduğunu öyrənir, kənddə kimdən soruşursa, yerini deyən olmur, atını birbaşa həmin erməninin qapısına sürür, səsə evdən yaşlı qadın çıxır və deyir ki, Vaqoş evdə yoxdur.
Rüstəm qadına deyir: - Oğluna de ki, Rüstəm gəlmişdi, bir də Qaracəmirlinin çobanlarına dəyib-dolaşsa, bu kənddə yaşamayacaq!
Bundan sonra Qaracəmirli kəndinin sürüləri Burcalılardan keçəndə çobanlara gözün üstə qaşın var deyən olmadı.
1920-ci il aprelin 28-də XI ordunun Azərbaycanın müstəqil milli hökumətini devirib yerində bolşevik üsuli-idarəsi qurması əhalidə çox böyük narahatlıq yaratmışdı. Bolşeviklərin Gəncənin general-qubernatoru doktor Xudadat bəyi mayın 12-də, bütün şəhər əhalisinin gözü qarşısında həbs edərək Bakıya aparmaları isə şəhəri tamam çalxalamışdı. Gündə bir neçə adamı tutub "əksinqilabçısan", "bəysən", "qolçomaqsan" deyə ya qazamata salır, ya güllələyir, ya da sürgünə göndərirdilər. Odur ki, əhali vahimə və həyəcan içində idi. Gəncə ziyalıları gizli şəkildə əvvəlcə Bağmanlarda xüsusi evdə, sonra şəhər qəbiristanlığında, ən nəhayət, Kürsahili meşələrdə yığıncaqlar keçirir, vəziyyətdən çıxış yolu axtarırdılar. Rüstəm də, qardaşı Təhməz və Alməmməd də həmin yığıncaqlarda iştirak edirdilər. Yeni qurulan erməni-bolşevik hökumətini yıxmaq üçün Şəmkir nahiyəsindən Şamxorskilər, Zülqədərovlar, Moruldan Şüleyman ağa Bədirbəyli və qardaşları, Keçilidən qaçaq Əbdüləli, Bayramlıdan İbrahim ağa, Zəyəmdən Hacı Əhməd, Dəllərdən Qara Astan, Keçilidən Dəli Alı, İrmaşlıdan Səfixan oğlu Sarı, Koltəhnəlidən Kürən Məhəmməd, Şəmkir stansiyasından Hacı Rəhim Bayramov, Qapanlıdan Qaçaq Gürzalı və başqaları da öz adamlarıyla Gəncə üsyanına dəstək olacaqları haqqında son qərar vermişdilər.
...Mayın 24-də təzə hökumətə qarşı baş qaldıran üsyanın dalğaları yeri-göyü lərzəyə saldı. Rüstəmin başçılıq etdiyi dəstə samuxlu Məmmədqasımın adamlarıyla bir cinahda vuruşurdu. Hadisələrin canlı şahidi və iştirakçısı, sonralar Türkiyəyə qaçan Qaçaq Məmmədqasım xatirələrində yazır: "Top mərmiləri, pulemyot güllələri təpəmizə dolu tək yağırdı. Ermənilər tərəfə çəkilən bolşeviklərin sayı anbaan artırdı. Bizə isə yardım gəlmirdi. Nəhayət bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar üç gün üç gecə heç kimə fərq qoymadan - uşaqları, qadınları, qocaları vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyit vardı ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Gəncə çayı daşdığından düşmənlərin şəhərə daxil olmasına çətinlik törədirdi. Şəhərin su hovuzları da qanla dolmuşdu, evlər, parklar, bağlar dağıdıldığından çaşbaş qalmış camaat hərə bir tərəfə qaçırdı. Doğudan (günçıxan tərəfdən) gələn və şəhəri güclü atəşə tutan bolşeviklərdən canını qurtarmaq istəyən zavallı xalq əsasən qərbə tərəf qaçırdı. Fəqət qarşılarında qudurmuş dalğaları ilə aşıb-daşan Quşqara çayı vardı. Daş, qaya nə varsa sürükləyib gətirən çayın belə axmasını mən birinci dəfəydi ki, görürdüm. Aləm cəhənnəmə dönmüşdü. Qanlı bolşeviklərdən canını qurtarmaq istəyən uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini çaya atır, sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik kimi atılıb-tutulur, məhv olurdu.
Şəhərin quzey tərəfindən 2-ci hissəylə düşmənlərin irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və iffətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini çaya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi... Bu, faciə idi, dözülməz bir faciə. Belə hərəkətləri ilə bolşeviklər Azərbaycana "hürriyyət", "qardaşlıq", "sosializm" gətirirdilər".
Rüstəmin və Məmmədqasımın dəstəsi birləşib işğalçı XI ordunun bölmələrinə qarşı mərdliklə döyüşür, qan gölündən çox böyük itki ilə çıxır. Belə itkilər Gəncənin müdafiəsinə qalxan bütün dəstələrdə müşahidə edilirdi.
Bolşeviklər üsyan yatırılandan sonrakı günlərdə şəhəri, ətraf kəndləri gəzir, şübhələndikləri adamları sorğu-sualsız qətlə yetirirdilər. Qeyri-bərabər döyüşlərdə məğlubiyyətlə barışmayan üsyançılar, o cümlədən Ramazan oğulları bu qanı yerdə qoymayacaqlarına, düşmənə qarşı son nəfəsədək doyüşəcəklərinə and içdilər. Bununla da Gəncəbasarda tarixi qaçaq hərəkatı başlandı. Qaçaqların bir qismi Gəncənin, Goranboyun, Şəmkirin, Gədəbəyin, Tovuzun, Qazaxın dağlıq ərazilərinə, bir qismi də Kürqırağı meşələrə çəkildi. Qaracəmirlidən Rüstəm, qardaşları Təhməz və Alməmməd, Eminli Tanrıverdi, Gürzalı, samuxlu Məmmədqasım, quruluxlu Əbdüləli ilə Kürqırağı ormanlara çəkilib yeni hökumətə tabe olmurdular.
Qaçaqların yerini öyrənib tutmaq üçün hər kənddə bir qərargah yaradıb ora silahlı əsgər göndərmişdilər. Gəncə Qəza İcraiyyə Komitəsi tərəfindən Qaracəmirliyə göndərilən dəstənin başçısı Mansur Rüstəmin köhnə qaçaq yoldaşı idi. O, üsyandan sonra Gəncədə yenicə yaradılan hakimiyyətin rəhbərləri Əliheydər Qarayev və İbrahim Əliyevin "...Qaçaqlığın daşını atın, gəlin əl-ələ verib işləyək. Hökumətdə sizə vəzifə verəcəyik, bizim qoçaq, vətənpərvər insanlara ehtiyacımız var. Amma bir şərtlə: gərək yeni quruluşa qarşı çıxanları, bəyləri, mülkədarları, hökumətə tabe olmayan qaçaqları tutub bizə təhvil verəsiniz" çağırışına inanmışdı. Görüşdən sonra Mansur Rüstəmə "Mən qalıram, sən gedirsənsə, özün bilərsən" deyəndə Rüstəm "Onların hökumətinə də lənət, özlərinə də! Qaniçəndən hökumət olmaz" deyib birbaşa Qaracəmirliyə gəlmişdi.
Mansur Samuxun Çobanabdallı kəndindən idi, çar hakimiyyəti dönəmində qaçaqçılıqla məşğul olmuş, bəziləri kimi bolşeviklərin yağlı vədinə inanıb üzə çıxmışdı. Qaçaqlara o da məlum idi ki, Mansur sonralar aldadıldığını bilmişdi, amma özünü o yerə qoymamışdı. Deyərdi: "Geriyə yolum yoxdur... yoxsa məni güllələyərlər". Mansur XI ordunun 10-a yaxın əsgəri ilə Qaracəmirlidə qalırdı. Neçə adamı güdaza verən Mansur bir dəfə də olsun Rüstəmin üstünə əsgər göndərməmişdi. Gəncədə hər dəfə Rüstəmdən söhbət düşəndə başda oturanlara bərk-bərk söz verirdi ki, "möhkəm axtarıram, yerini bilən kimi axırına çıxacam". Təəssüf ki, bolşeviklər ondan bir müddət öz xeyirlərinə istifadə etdikdən sonra, qaçaqlara işləməyindən şübhələndiklərinə görə onu 1921-ci ildə oğlanları Camal və Eyvazla bir yerdə güllələmişdilər.
(Ardı var)
Rəhman SALMANLI,
Azərbaycan.-2013.- 11 yanvar.- S.7.