«Azərbaycanın müdafiə silahları» kataloqu nəşr olunmuşdur

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) tərəfindən hazırlanmış "Azərbaycanın müdafiə silahları" kataloqu işıq üzü görmüşdür.

MATM-dan AzərTAc-a bildirmişlər ki, nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru S.Vahabova, məsul redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlıdır.

Kataloqda silahlarbayraqlar fondunda qorunan müdafiə silahları əksini tapmışdır. Onların arasında Azərbaycanda istehsal olunmuş silahlar çoxluq təşkil edir. Bu silahların tədqiqi Azərbaycan hərb sənəti və sənətkarlığı tarixinin indiyədək elmə məlum olmayan  səhifələrinin müəyyənləşdirilməsi və geniş ictimaiyyətə təqdim olunması işini asanlaşdırır.

Kataloqda müxtəlif növ qalxan, dəbilqə, çahar-ayna, zireh, qolçaq, ayaqlıq kimi müdafiə silahları haqqında ətraflı məlumat verilmiş, eyni zamanda hər silah nümunəsinin inventar nömrəsi, düzəldilmə materialı, dövrü göstərilmişdir. Burada silahların fotoşəkilləri də yer almışdır.

Yüksək bədii tərtibata malik "Azərbaycanın müdafiə silahları" kataloqu oxuculara Azərbaycan və ingilis dillərində təqdim  olunmuşdur.

Xəbər verdiyimiz kimi, muzeyin sərgi salonunda açılmış "Torpağa sancılmış qılınc" mövzusunda silah sərgisi yanvarın 15-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 11 yanvar.- S.7.