«İlham Əliyev. İnkişaf - məqsədimizdir» çoxcildliyinin onuncu cildi çapdan
çıxmışdır
"Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi böyük sayda
insan tələfatına səbəb olmuşdur və bu
münaqişənin nəticəsində bu gün Azərbaycan
ərazisinin 20 faizi işğal altındadır. Bir milyondan
çox azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətində yaşayır. Azərbaycanın
ərazi bütövlüyü pozulmuşdur. Həmçinin
Avropa Şurasının ən başlıca prinsiplərindən
biri - insan hüquqlarının qorunması prinsipi
pozulmuşdur. Bir milyondan çox azərbaycanlı
qaçqın-köçkünün insan hüquqları
kobudcasına pozulmuşdur. Avropa Şurasının bu məsələyə
dair mövqeyi bizdə böyük ümidlər yaradır.
Avropa Şurası Parlament Assambleyasının yanvar ayında
qəbul etdiyi qətnamə bu münaqişənin artıq
qeyd etdiyim əsas nəticələrini aydın şəkildə
əks etdirir. Ona görə də biz hesab edirik ki, bu qətnamənin
yerinə yetirilməsi münaqişənin dinc yolla həllinə
gətirə bilər və regionda davamlı sülhün bərqərar
olunmasına zəmin yaradar".
Bu
sözlər yenicə çapdan çıxmış
"İlham Əliyev. İnkişaf - məqsədimizdir"
çoxcildliyinin onuncu cildindən -
dövlətimizin başçısının Avropa
Şurasının üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 2005-ci ilin
mayın 16-da Varşavada keçirilən
üçüncü zirvə görüşündəki
çıxışından
götürülmüşdür.
Nəşrin
buraxılışına məsul Azərbaycan
Respublikasının Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin
bu kitabında Prezident İlham Əliyevin Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin istifadəyə verilməsi münasibətilə
Bakıda keçirilən təntənəli mərasimdə
nitqi, Qazaxıstan, Gürcüstan və Türkiyə
prezidentləri ilə görüşlərin materialları,
XII Beynəlxalq "Xəzər neft-qaz, neftayırma və
neft kimyası - 2005" sərgisinin
açılışındakı çıxışı
verilmişdir.
Cilddə
Prezident İlham Əliyevin Avropa Şurasının
üzvü olan ölkələrin dövlət və
hökumət başçılarının Varşavada
keçirilən III Zirvə görüşündə,
Sankt-Peterburqda IX Beynəlxalq iqtisadi forumunda, Kiyevdə beynəlxalq
investisiya forumunun "Fövqəladə Ukrayna dəyirmi
masası"nın I geniş iclasında
çıxışları, dövlət və hökumət
başçıları, ictimai-siyasi xadimlərlə
görüşləri, söhbətləri, KİV-ə
verdiyi müsahibələr toplanmışdır.
Kitabda
həmçinin Prezident İlham Əliyevin regionların
inkişafına, qaçqınların və məcburi
köçkünlərin problemlərinin həllinə, Azərbaycan
Ali Hərbi Məktəbinin məzunları ilə
görüşünə dair materiallar, Azərbaycan Milli Mətbuatının
130 illik yubileyinin keçirilməsi haqqında sərəncamı
və respublikanın daxili həyatına aid digər
mühüm sənədlər öz əksini
tapmışdır.
Kitaba
"Qeydlər", "Şəxsi adlar", "Coğrafi
adlar" göstəriciləri də daxil edilmişdir.
Onuncu cildə
daxil olan materiallar 2005-ci ilin mayından iyununadək olan dövrü əhatə edir.
"Azərnəşr"
tərəfindən buraxılmış cildin
hazırlanmasında Azərbaycan Dövlət Teleqraf
Agentliyinin materiallarından istifadə olunmuşdur.
Azərbaycan.-2013.- 12 yanvar.- S.1.