Dövlət Neft Fondunun aldığı qızılın bir tonu
Bakıya gətirilmişdir
Azərbaycan Respublikası Dövlət Neft Fondunun
(ARDNF) yeni investisiya siyasətinə uyğun aldığı
qızılın ilk 1 tonu yanvarın 11-də ölkəyə gətirilmişdir.
AzərTAc xəbər verir ki, xalis qızıl külçələrinin
Heydər Əliyev Beynəlxalq Hava Limanında təhvil-təslim
proseduruna bütün incəliklərinə qədər əməl
olunmuşdur.
Prezident
İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta
vəsaitlərinin saxlanması, yerləşdirilməsi və
idarə edilməsi haqqında Qaydalar"a dəyişiklik
edilmiş və yeni investisiya siyasəti müəyyənləşdirilmişdir.
Bu siyasətə əsasən ARDNF investisiya portfelinin məcmu
dəyərinin 5 faizə qədəri qızıla investisiya
oluna bilər. Ötən ilin fevralın 1-dən etibarən
London Qiymətli Metallar Bazarı
İştirakçıları Assosiasiyasının
üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq
edilən tələblərə uyğun olaraq həftədə
25 qızıl külçəsinin (10 000 troya unsiyası)
alışına başlanmışdır. Qiymət dəyişkənliyi
riskinin minimuma endirilməsi məqsədi ilə
alınması nəzərdə tutulmuş qızılın
ümumi miqdarının mərhələli şəkildə
- həftələr üzrə bərabər səviyyədə
bölüşdürülməklə 2 il müddətində
Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilməsi
planlaşdırılmışdır.
Heydər
Əliyev Beynəlxalq Hava Limanında təhvil-təslim
proseduru başa çatdıqdan sonra qiymətli yük Mərkəzi
Banka gətirilmək üçün təhlükəsizliyə
ciddi əməl olunaraq xüsusi avtomobillərə yüklənmişdir.
Qızıl külçələr yüklənmiş
avtomobillər təhlükəsizlik xidməti və yol
polisinin müşayiəti ilə Mərkəzi Banka yola
salınmışdır. Təhvil-təslim proseduru Mərkəzi
Bankda davam etdirilmişdir. Ötən il dekabrın 31-dək ARDNF-nin
investisiya portfelinə daxil edilmiş qızılın
miqdarı 480.146 troya unsiyası və ya 14.934 kiloqram təşkil
edir. Fond tərəfindən alınan qızılın
müvəqqəti saxlanması üçün bu sahədəki
müsbət təcrübələri və saxlama xərcləri
nəzərə alınaraq "JP Morgan" Bankının
London anbarı seçilmişdir. Növbəti mərhələdə
strateji əhəmiyyətli rezerv xarakteri daşıyan
qızıl ehtiyatlarının ölkəyə gətirilməsi
və respublikamızda saxlanması qərara
alınmışdır.
Dövlət
Neft Fondu tərəfindən alınan qızıl Böyük Britaniyanın
"Brinks Qlobal Servisiz" şirkəti tərəfindən
ölkəmizə gətirilmiş və müvəqqəti
olaraq Azərbaycan Respublikası Mərkəzi Bankında
saxlanacaqdır.
Xatırladaq
ki, Dövlət Neft Fondunun yeni inzibati binasında müasir
standartlara uyğun xəzinənin də inşası nəzərdə
tutulmuşdur. Həmin bina istifadəyə verildikdən sonra
alınan qızılın bu xəzinədə saxlanması
planlaşdırılmışdır.
Azərbaycan.-2013.- 12 yanvar.- S.1.