«Polad Təqaüd»
layihəsi reallaşdı
"Azərbaycan Metallurqlar Cəmiyyəti" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycan Texniki Universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur.
"Baku Steel Company" MMC-nin maliyyələşdirdiyi layihəyə əsasən, təhsil aldıqları fənlər üzrə xüsusi təşkil olunan müsabiqədə iştirak edərək uğur qazanan tələbələrə imtahanlardan əldə etdikləri nəticələrə əsasən 150-200 manat dəyərində təqaüd ayrılır. Bununla yanaşı, "Baku Steel Company" MMC gələcəkdə həmin tələbələrin işlə təmin olunmasını və xaricdə təhsil almasını da öz öhdəsinə götürür.
İki mərhələdən ibarət olan müsabiqədə 7 fakültədən 62 tələbə "Polad Təqaüd" uğrunda mübarizə aparmış və onlardan 16 nəfəri bu təqaüdə layiq görülmüşdür. Azərbaycan Texniki Universitetinin böyük akt zalında "Polad Təqaüd"ün təntənəli təltifetmə mərasimini açan universitetin rektoru professor Havar Məmmədov metallurgiya sahəsinə olan tələbatdan, istehsalatda metallurgiyanın yerindən, bu sahənin inkişafından ətraflı danışmış və bu layihəni reallaşdıran "Baku Steel Company" MMC-nin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. Sonra "Baku Steel Company" MMC Müşahidə Şurasının sədri Rasim Məmmədov çıxış edərək bildirmişdir ki, qarşıda duran əsas məqsəd öz milli kadrlarımızı yetişdirmək, onların həm Azərbaycanda, həm də xaricdə ən yaxşı biliklərə yiyələnərək metallurgiya sənayemizə fayda verməsinə çalışmaqdır.
Sonda "Polad Təqaüd"ə layiq görülən tələbələrə təqaüd proqramının diplomları təqdim olunmuşdur.
Tədbirdə
Təhsil Nazirliyinin, "Baku Steel Company" MMC-nin, "Azərbaycan
Metallurqlar Cəmiyyəti" İctimai Birliyinin nümayəndələri,
AzTU-nun professor-müəllim heyəti və tələbələri
iştirak etmişlər.
Azərbaycan.-2013.- 12 yanvar.- S.1.