Qaçqın və məcburi
köçkünlərin sosial-məişət şəraitlərinin
yaxşılaşdırılması istiqamətində ötən il
görülmüş işlərə yekun vuruldu
Bununla bağlı Nazirlər
Kabinetində keçirilən müşavirədə sözügedən
sahə üzrə cari il qarşıda duran vəzifələrdən
də söhbət açıldı
Dünən Nazirlər Kabinetində
Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq
edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nda və həmin proqrama Prezidentin 2007-ci il 31
oktyabr və 2011-ci il 21 fevral
tarixli sərəncamları ilə təsdiq edilmiş əlavələrdə
nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar
2012-ci ildə görülmüş işlər və
2013-cü ildə nəzərdə tutulan tədbirlərlə
bağlı müşavirə keçirilmişdir.
Əlaqədar
dövlət qurumlarının nümayəndələrinin və
tikinti təşkilatlarının rəhbərlərinin
iştirak etdikləri müşavirədə Baş nazirin
müavini, Qaçqın və Məcburi Koçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov müzakirə olunan məsələ ilə
bağlı geniş məruzə etdi. Öncə Ə.Həsənov
xatırlatdı ki, Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Goranboy rayonu ərazisində
525 məcburi köçkün ailəsi üçün
salınmış 9 beşmərtəbəli
yaşayış binasından ibarət yeni salınan məhəllənin,
sentyabrın 9-da Şəki şəhəri ərazisində
423 məcburi köçkün ailəsi üçün
salınan qəsəbənin, dekabrın 27-də isə
Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin ərazisində
1440 məcburi köçkün ailəsi üçün
yeni salınmış məhəllənin
açılış mərasimlərində iştirak
etmişdir.
"İl
ərzində Ağcabədi şəhərində
bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə
malik 560 ailəlik 10 beşmərtəbəli yaşayış binasından ibarət
məhəlləyə məcburi köçkün ailələrinin
köçürülməsi başa
çatdırılmışdır. Bununla yanaşı, Bərdə
rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti
məskunlaşan 195 məcburi köçkün ailə
üçün yeni yaşayış qəsəbəsi
salınmış və məcburi köçkünlərin
köçürülməsi təmin edilmişdir", - deyən
Ə.Həsənov İmişli rayonunun ərazisindəki fin
tipli qəsəbələrdə müvəqqəti məskunlaşan
550 məcburi köçkün ailəsindən birinci mərhələdə
325 ailə üçün yeni qəsəbə salınaraq məcburi
köçkünlərin istifadəsinə verilməsini də
nəzərə çatdırdı.
Dövlət
qaçqınkomun sədri həmçinin bildirdi ki, Mingəçevir
şəhəri ərazisindəki fin tipli qəsəbədə
və məktəb binalarında müvəqqəti məskunlaşan
502 məcburi köçkün ailəsi üçün yeni
yaşayış məhəlləsi və Abşeron rayonunun
Masazır qəsəbəsi ərazisində 760 məcburi
köçkün ailəsi üçün təzə qəsəbə
salınmışdır: "Bununla yanaşı, 2012-ci ildə
Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait
hesabına 871 məcburi köçkün ailəsi dövlət
ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə
alınmış və yaşayış üçün hər
cür zəruri şərtlərə cavab verən mənzillərə
köçürülmüşdür. Həmçinin
dövlət büdcəsində nəzərdə tutulan
investisiya xərcləri vəsaiti hesabına Axısxa
türklərinə məxsus tikintisi yarımçıq
qalmış 28 evin tikintisi başa
çatdırılmışdır. Bundan əlavə,
Göygöl rayonu ərazisində Laçın rayonundan olan
7 məcburi köçkün ailəsi üçün fərdi
yaşayış evləri tikilmişdir", - deyə Ə.Həsənov
qeyd etdi.
Baş nazirin müavini onu da vurğuladı ki, qaçın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən qəsəbələrin infrastrukturunun yaradılması da diqqət mərkəzindədir: "Belə ki, il ərzində 238,5 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmışdır. Yəni, həmin ərazilərdə 6 məktəb, 6 uşaq bağçası, 4 tibb məntəqəsi, 5 klub - icma mərkəzi, 5 inzibati bina tikilib istifadəyə verilmiş, 42 kilometr yol, 60 kilometr su, 129 kilometr elektrik, 92,5 kilometr qaz, 3,4 kilometr istilik, 7,4 kilometr kanalizasiya xətləri çəkilmiş, müxtəlif həcmə malik 12 su anbarı, 5 nasos stansiyası, 32 komplekt transformator yarımstansiyası inşa edilmiş, yüksəkgərginlikli 22 transformator quraşdırılmışdır".
Ə.Həsənov qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində son 12 ildə görülmüş işləri bir daha nəzərə çatdırdı: "Ümumiyyətlə, 2001-2012-ci illər ərzində 25.221 ailə və ya 126.105 nəfər daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün 1 milyon 474 min kvadratmetr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilmiş, 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 43 klub icma mərkəzi, 37 rabitə evi, 32 hamam, 56 inzibati bina, 8 baytarlıq məntəqəsi, 12 yanğınsöndürmə deposu, 2 olimpiya idman kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr hava elektrik, 288 kilometr qaz, 61,5 kilometr kanalizasiya, 13 kilometr istilik xətləri çəkilmiş, 671 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır. Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 6740 nəfər məcburi köçkün (1348 ailə) dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış mənzillərə köçürülmüşdür. Beləliklə, indiyədək 31 min ailə və ya 140 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır".
Baş nazirin müavini daha sonra qeyd etdi ki, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait hər il artırılır: "Təkcə keçən il Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 160 milyon və ya 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur".
Ə.Həsənovun
sözlərinə görə, il ərzində həmçinin
dövlət proqramının və ona əlavələrin
icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində
1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi
köçkün ailəsi üçün yeni
yaşayış məhəlləsinin, İsmayıllı
rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230,
Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932,
Beyləqan rayonunda 466, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin,
Bakı şəhərinin yataqxanalarında və digər
obyektlərdə müvəqqəti məskunlaşmış
məcburi köçkün ailələrinin
köçürülməsi məqsədilə Abşeron
rayonunda Qobu şəhərinin salınması, Qəbələ
rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində
80 mənzilli yaşayış binalarının tikilməsi ilə
bağlı layihələndirmə, layihə-smeta sənədlərinin
hazırlanması və s. üzrə müvafiq tədbirlər
həyata keçirilmişdir.
Ümumilikdə
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə 2004-2012-ci illərdə 2,8
milyard manat həcmində vəsaitin, o cümlədən 1,481
milyard manatın dövlət büdcəsindən, 1,099 milyard
manatın Dövlət Neft Fondundan, 219 milyon manatın isə
beynəlxalq humanitar təşkilatlar tərəfindən xərcləndiyini
deyən sədr keçən il bir nəfər məcburi
köçkünə xərclənən vəsaitin həcminin
təxminən 1040 manat təşkil etdiyini bildirdi və qeyd
etdi ki, bu rəqəm 2003-cü illə müqayisədə
8,6 dəfə çoxdur və
dünyanın digər münaqişə zonaları ilə
müqayisədə ən yüksək göstəricidir:
"Məhz bu qayğının nəticəsidir ki, məcburi
köçkünlər arasında yoxsulluq həddi 2006-cı
ildə 75 faiz idisə, hazırda 15 faizdir".
Ölkəmizin
keçən il daha bir nüfuzlu beynəlxalq təşkilata
- BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının İcraiyyə Komitəsinə
tamhüquqlu üzv seçildiyini xatırladan Əli Həsənov
sözügedən sahədə ölkəmizin beynəlxalq təşkilatlarla
əməkdaşlığının yüksək səviyyədə
qurulduğunu söylədi. Bildirdi ki, hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım
üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən
49 beynəlxalq, 43 yerli humanitar təşkilatların xətti
ilə müxtəlif layihələr
həyata keçirilir: "Həmin təşkilatların tam
sərbəst, azad və şəffaf fəaliyyətləri
üçün nümunəvi şərait
yaradılmışdır. Bu, beynəlxalq maliyyə
qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən
rəydir".
Baş
nazirin müavini vurğuladı ki, cari ildə də
qaçqın və məcburi köçkünlərin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması üçün muhum
işlər görüləcək. İl ərzində 3941
min ailə üçün ümumi sahəsi 260 min kvadratmetr,
eləcə də bütün zəruri sosial-texniki
infrastruktur obyektləri olacaq 8 qəsəbə və məhəllənin,
o cümlədən Gəncə
şəhərində 1500 məcburi köçkün ailəsi
üçün 5 mərtəbəli 25 binadan, Bərdə
rayonunda 866 məcburi köçkün ailəsinə 5 mərtəbəli
15 binadan ibarət yeni yaşayış məhəllələrinin,
Abşeron rayonunun Masazır qəsəbəsində 758,
İmişli rayonunda 225, Qaradağ rayonunun "Ümid" qəsəbəsinə
yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik
qəsəbələrin, Qəbələ rayonunda 155, Balakən
rayonunda 43 ailə üçün 5 mərtəbəli
yaşayış binalarının, 2013-cü ilin dövlət
büdcəsində nəzərdə tutulan investisiya xərcləri
vəsaiti hesabına Axısxa
türkləri üçün
Saatlı rayonunda 97,
Oğuz rayonunda 32, Beyləqan rayonunda 13, Göygöl
rayonunda 7 evin tikintisi nəzərdə tutulur.
Rüstəm KAMAL
Azərbaycan.-2013.- 12 yanvar.- S.2.