Əsgər Ceyhun Qubadovun ölümü ilə
bağlı istintaqın gedişatı
xüsusi nəzarətə götürülüb
Bu hadisədən heç
kəsin siyasi məqsədlər naminə istifadə
etməyə haqqı yoxdur
Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun bununla bağlı bəyanatında qeyd olunur ki, baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb. Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədilə bölgəyə ezam olunublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib ki, əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı istintaq prosesi aparılması ilə əlaqədar cəmiyyət məlumatlandırılıb. Hadisə ilə bağlı müdafiə nazirinin göstərişi ilə qurumun müvafiq strukturları tərəfindən C.Qubadovun xidmət etdiyi hərbi hissədə dərhal araşdırmalara başlanılıb, əsgərin ölümü ilə bağlı səslənən iddiaların üzərində ciddi təhqiqat aparılır: "Nazirliyin rəhbərliyi bu məsələyə xüsusilə diqqət yetirir. Təqsirkarların məsuliyyətə cəlb ediləcəyinə kimsənin şübhəsi olmasın. Bir məqama toxunmağı vacib hesab edirik ki, gənc Ceyhunun ölümünə ictimai diqqətin həssas münasibətini dərk edir və buna anlayışla yanaşırıq. Burada qətiyyən başqa bir çalar axtarmaq və ya güdmək niyyətimiz yoxdur".
E.Sabiroğlu onu da bildirib ki, müdafiə nazirinin müvafiq əmri ilə Şəmkir Hərbi Birləşməsinin bir neçə yüksək rütbəli zabiti yol verdikləri qüsurlara və nöqsanlara, şəxsi heyətə nəzarəti düzgün təşkil etmədiklərinə görə intizam qaydasında ciddi şəkildə cəzalandırılıblar. Nazirin əmrinə əsasən, təqsirkar zabitlərə şiddətli töhmətdən tutmuş, hərbi rütbələrin endirilməsinə qədər müxtəlif cəzalar verilib: "Eyni zamanda, bəzi zabitlər tutduqları vəzifədən azad olunublar. Araşdırmalar nəticəsində başqa şəxslərin də təqsiri aşkar edilərsə, onlar da cəzalandırılacaqlar".
Amma təəssüflə qeyd etməliyik ki, bu gün bəzi qüvvələr əsgər Ceyhun Qubadovun ölümü məsələsindən məhz özlərinin siyasi məqsədləri naminə yararlanmağa cəhd edirlər. Ömür boyü cəbhə xəttində olmayan, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dilə gətirməyən, balaca Farizin erməni snayperi tərəfindən qətlə yetirilməsini, cəbhə xəttində ermənilərin digər terrorçu və təxribatçı fəaliyyətini görməzliyə vuran belələri görəsən birdən-birə niyə əl-ayağa düşüblər? Azərbaycan dövlətinin əsgər ölümü ilə bağlı iradəsi göz önündədir və bir qədər əvvəl buna toxunduq. Üstəlik, sağlam düşüncəli hər kəs bu ağrını bölüşür və Ceyhun Qubadovun ölümünü tək onun ailəsinin deyil, bütün cəmiyyətin itkisi olaraq qəbul edir. Ceyhunun ailəsi də bu hadisədə bütün cəmiyyətin dərin təsəllisini və üzüntüsünü hiss edir.
Ceyhun Qubadovun anası Samirə Qubadova da oğlu Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərini bölüşdüyünə görə hər kəsə səmimi minnətdarlığını bildirib. Əsgər anası bu barədə müraciətində bildirib ki, Azərbaycan dövlətinə, onun Prezidenti cənab İlham Əliyevə inanır və ümidvardır ki, oğlunun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar.
Ailəsinə dövlət və hökumət dəstəyinin yetərincə olduğunu deyən Samirə Qubadova müraciətində qeyd edib ki, onun kədərindən və qüssəsindən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur: "Xahiş edirəm, bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm".
Bu məsələ ilə əlaqədar Milli Məclisin deputatlarının və ictimaiyyət nümayəndələrinin fikirlərini öyrəndik.
Əsgər Ceyhun Qubadovun yas mərasimində iştirak etdiyini, anası və yaxın qohumları ilə görüşdüyünü və onlara başsağlığı verdiyini deyən Milli Məclisin deputatı, Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadənin sözlərinə görə, baş verən hadisəyə ciddi diqqət yetirilməsi və cinayət işinin açılması dövlətin bu məsələdə nə qədər obyektiv və belə halların qarşısının alınmasında maraqlı olduğunu ortaya qoyur. Eyni zamanda, dünyasını dəyişən əsgərin ailəsi də bunu görür və dövlətin ciddi yanaşmasını razılıqla qarşılayır.
Aydın Mirzəzadə bəzən belə hadisələrə tələsik qiymət verilərək cəmiyyətdə yanlış rəy formalaşdırıldığını da qeyd edib: "İstənilən itkiyə tələsik qiymət verməyin əleyhinəyəm. Biz nə hüquq-mühafizə orqanlarıyıq, nə də ekspertlərik ki, belə məsələyə qiymət verək. Çox təəssüf ki, bu gün bəzi qüvvələr Ceyhun Qubadovun ölümünü siyasiləşdirir və müəyyən rəyi zorla camaatın beyninə yeritməyə çalışırlar. Halbuki bu gün hər bir itki dövlət tərəfindən ciddi araşdırılır və günahkarlar cəzalandırılır. Üstəlik, övladını itirən ailələrə dövlət tərəfindən diqqət göstərilir. Azərbaycan ordusunda möhkəm intizam var. Orduya yeni gələn hər bir əsgərin xidmətə uyğunlaşdırılmasına ciddi fikir verilir. Həmçinin əsgərlərin hərbi biliklərinin fərqli olması da nəzərə alınır. Bundan başqa, həm ailədə, cəmiyyətdə, həm də KİV-də gənclərin orduya hazırlığı ciddi düşünülməlidir. Bu barədə əlavə tədbirlər görülməlidir. Orta məktəbdə və ya əlavə kurslarda gənclər hərbiyə hazırlanmalıdır - həm fiziki, həm də psixoloji cəhətdən.
Deputat Zahid Oruc bildirdi ki, Azərbaycanın bütün sıravi vətəndaşları kimi parlament üzvlərini də bu hadisə narahat edir. Onun sözlərinə görə, böyük kontingentin çalışdığı bir məkanda belə hadisələr ola bilir. Ancaq bizim millət vəkili və dövlət təmsilçiləri olaraq borcumuz budur ki, hadisənin Azərbaycan əleyhinə və ordunun gözdən salınması kampaniyasına çevrilməməsi üçün araşdırma aparmaqdır. Əlbəttə, günahkarların cəzalandırılması gərəkdir. İkincisi isə bu məsələlərlə əlaqədar əgər köklü idarəetmə tədbirləri görülməlidirsə, bunlar da həyata keçirilməlidir.
Zahid Oruc qeyd etdi ki, bu hadisənin baş verməsinə orta məktəbdə hərbi hazırlığın aşağı səviyyədə olması, bəzən orduda ayrı-ayrı hissələrdə münasibətlərin hüquqa dayanıqlı baş verməməsi, bir sıra hallarda özəl niyyətlərin ora yol açması öz təsirlərini göstərir. "Məsələ ilə bağlı Hərbi Prokurorluq ən operativ səviyyədə tədbirləri həyata keçirəcək və həqiqətən də döyülmədən sonra ölüm baş vermişsə buna bais olanların, məsuliyyət daşıyanların ən sərt qanuni tələblərlə cəzalandırılması həyata keçiriləcək. Buna heç şübhəm yoxdur, çünki bunu həm qanunlar, həm də Azərbaycan cəmiyyəti tələb edir", - deyə Zahid Oruc bildirib.
Deputat Elman Məmmədovun bildirdiyinə görə, müharibə şəraitində cəbhə xəttində döyüş itkiləri qəbul ediləndir. "Amma qəbul edilməyən, pislənilən və təəssüf hissi doğuran səbəb ondan ibarətdir ki, döyüş şəraitindən kənarda hərbi hissələrimizdə əsgər ölümü xəbərini alırıq. Bu təbii ki, cəmiyyəti məyus edir və sual doğurur ki, bu, nədən baş verir, niyə baş verir?"
Elman Məmmədovun sözlərinə görə, bu hal hər birimiz tərəfindən pislənilməlidir və bunun qarşısının alınması üçün müvafiq orqanlar çox ciddi tədbirlər görməlidirlər: "Hesab edirəm ki, əsgərlərin tərbiyəsi, maarifləndirilməsi, mənəvi hazırlıqları ilə məşğul olan qurumlar olmalıdır. Hərbi hissədə xidmət keçən və o işə cavabdeh olan zabit heyəti hara baxır, onlar nə işlə məşğuldurlar ki, gözləri qarşısında müxtəlif səbəblər üzündən əsgər rəhmətə gedir. Hüquq-mühafizə orqanları bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır və biz bunun qarşısını almalıyıq".
"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev bilbirib ki, qeyri-döyüş şəraitində itkinin olması təbii olaraq ciddi narahatlıq doğurur. Əsgər qardaşımızın ölümü ilə bağlı fikirlər birmənalıdır. Hadisə dəqiq araşdırılmalı, günahkarlar cəzaya məhkum olunmalı, eyni zamanda, belə halların başvermə səbəbləri araşdırılmalı və təxirəsalınmaz önləyici tədbirlər görülməlidir.
Rauf Mərdiyevin sözlərinə görə, bəzi məsələlər var ki, onlara yanaşma cəmiyyətdə müzakirə doğurmaz: "Vətən, torpaq, şəhid... Bayrağımız düşdümü, hər kəs qaldırar. Qardaşımız şəhid oldumu, hər kəs hiddətlənər. Amma bəzi qruplar var ki, insanların hissləri arxasında gizlənib özlərinə siyasi dividend qazanmaq üçün çalışırlar və özlərini çox gözəl maskalamışlar. Mən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında qulluq etmişəm. Hərbi and, döyüş bayrağının, istər əsgər, istər zabit olsun, daşıdığın forma və paqonların üzərinə qoyduğu məsuliyyət və öhdəlikləri bilirəm. Bu gün əsgər ölümü ilə bağlı boğazdan yuxarı danışan bəziləri bir müddət öncə zabitimiz Ramil Səfərov Vətənə geri qaytarılanda onu tənqid edənlərin ən başında dayanırdılar. İndi əsgər itkisinə kədərlənən səmimi insanlar o zaman Ramilin qayıtmasını böyük sevinclə qarşılamışdılar. Amma unutmayaq ki, o zaman bəziləri Ramili "cinayətkar" adlandırmışdılar. Səbəb də aydın idi, Ramilin qaytarılması cənab Prezidentin uğuru idi. Necə oldu Ramil Səfərova, Azərbaycan zabitinə hörmət qoymayan o adamlar indi əsgər ölümündən "sarsılıb"lar? Onların sarsılmasında bir damla da olsun səmimiyyət yoxdur! Ötən il də cəbhə xəttində əsgərlərimiz şəhid olublar. Nə üçün onda susurdular? Bəlkə seçki ili deyildi, ona görə?
Bu
insanların gündəmində nə Azərbaycan əsgər
və zabiti, nə də sadə Azərbaycan vətəndaşının
vəziyyəti var. Onların gündəmi yalnız və
yalnız iqtidara qarşı istifadə edə biləcəkləri
çirkin məsələlərdir. Əsgər cənazəsi
üzərindən siyasi oyunlar oynayırlar, xal qazanmağa
çalışırlar".
Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 12 yanvar.- S.2.