Əsl ziyalı qaragüruh
əxlaqından, mövqe dəyişikliyindən, avantürizmdən uzaq
olmalıdır
Antiazərbaycançı
şəbəkənin təsiri altında olan
"ziyalı"lar qrupunun fəaliyyəti
ölkənin milli maraqları əleyhinə yönəlib
Ziyalıların cəmiyyətin
inkişafında, problemlərin dərk edilərək həll
edilməsində vəzifələri böyükdür. Azərbaycan
cəmiyyətində də ziyalı sözünə hər
zaman böyük dəyər verilir. Təəssüf ki, bu
gün adını ziyalı qoyan 20-30 nəfərin
toplaşdığı bir qurumun nümyəndələri
bütün Azərbaycan adından qeyri-obyektiv bəyanatlar verərək
ölkə ictimaiyyətini çaşdırmaq istəyirlər.
Öz şəxsi problemlərini qabartmaqla bunu xalqın
problemi kimi qələmə verməyə cəhd göstərən
bu "ziyalı" qrupunun müəyyən dairələrin
təsiri altına düşməsi və heç bir normaya
sığmayan hərəkətləri yalnız təəssüf
doğurur.
Prezident
İlham Əliyev ilk gündən xalqın milli mədəniyyətinin
və mənəviyyatının qorunub saxlanılmasına,
inkişaf etdirilməsinə xidmət edən strateji siyasi
kursa üstünlük vermişdir. Milli dövlətçilik
dəyərlərinin əsasını sağlam cəmiyyət
təşkil edir. Sağlam mənəviyyatlı, yüksək
bilikli insanlardan ibarət cəmiyyət qarşıya
çıxan bütün problemləri asanlıqla həll
edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Gələcək
uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət
quruculuğuna diqqəti artırmaq, köklü mənəvi
dəyərləri yeni nəslə və bütün cəmiyyətə
daha dərindən aşılamaqdır. Azərbaycanda
bütün sahələrdə əldə edilmiş
uğurları gözü götürməyən xarici antiazərbaycançı
dairələr ölkə daxilindəki destruktiv müxalifət
dairələrindən, eləcə də ziyalılardan istifadə
etməyə çalışırlar. Onların əsas hədəfi
də öz fəaliyyətləri ilə cəmiyyətdə
elə də maraq kəsb etməyən reneqatlardan ibarət
"ziyalı" qrupudur. Bu qrupda, əsasən, Azərbaycan
hakimiyyətindən məhz şəxsi mənafeləri
ucbatından incik düşənlər, növbəti dəfə
deputat seçilməyənlər üstünlük təşkil
edirlər. Azərbaycan isə artıq öz inkişaf və
qüdrətinin elə bir həddindədir ki, hər hansı
kənar qüvvənin daxili işlərinə
qarışmasına qətiyyən yol verməz. Buna cəhd
edənlər hər zaman qanunun tələblərinə
müvafiq cəzalarını alacaqdır.
Azərbaycan xalqı 1992-1993-cü illərdə cərəyan edən ağır və mürəkkəb prosesləri hələ unutmayıb. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Məhz həmin ağır dönəmdə Dağlıq Qarabağda uğursuzluqlara düçar olduq və ərazilərimizi itirdik. Bu səbatsız qüvvələr nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb.
Özlərini "ziyalı" adlandıran bir qrupun nümayəndələrinin fəaliyyətləri isə əsl ziyalı təfəkkürü və dünyagörüşü ilə qətiyyən üst-üstə düşmür. Bu qrupda təmsil olunanlar bircə dəfə də olsun Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə münasibət bildirməyiblər. Sual olunur: bəs onda əsl ziyalı mövqeyi harada qaldı? Ad almaq, hansısa titula sahib olmaq hələ ziyalı olmağa dəlalət etmir. Belə "ziyalı" qrupunda təmsil olunan şəxslərin ümummilli maraqlar pərdəsi altında gizlənərək şəxsi ambisiyaları uğrunda mübarizə apardıqları hər kəsə məlumdur. Eldar Namazov, Rüstəm İbrahimbəyov kimi "reneqatlar" dəstəsi ilk gündən ictimai və siyasi baxımdan özünü doğrulda bilmədi. 2013-cü il prezident seçkiləri ərəfəsində bu qrup yenidən fəallaşaraq ən müxtəlif "qara piar" kampaniyaları aparmaqla məşğuldur. E.Namazovun seçkilərdə iştirak edəcəyini bəyan edərək hakimiyyət əleyhinə radikal çıxışlar etməsi də seçkiqabağı siyasi şou kimi dəyərləndirilə bilər.
Bu günlərdə isə "ziyalı"lar qrupu Azərbaycan ordusunda bir nəfər əsgərin ölümü ilə bağlı məsələyə özünəməxsus tərzdə münasibət bildirməklə baş vermiş hadisəni siyasi təbliğat vasitəsinə çevirmək niyyəti güdüblər. Hər bir məsələdən siyasi dividend götürməyə cəhd edən qaragüruhçu qrupun belə bir tələsik mövqeyi yalnız ikrah hissi doğurur. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumların zəruri tədbirlər həyata keçirməsindən xəbərsiz olan bu qrupun gündəmdə qalmaq üçün hətta faciəvi hallardan belə istifadə etmələri təəssüf doğurur.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədilə hərbi hissəyə ezam olunublar. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərovu cəzalandırıb. Nazirin imzaladığı əmr ilə birləşmə komandirinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.
Ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyi olmalıdır. Əsl ziyalı qaragüruh əxlaqından, mövqe dəyişikliyindən, avantürizmdən uzaq olmalıdır. Bu adı daşıyan insan elmə, maarifə, tərəqqiyə xidmət etməklə ziyalı missiyasını ləyaqətlə daşımalıdır.
Dövlətimizin
ən ağır günlərində, siyasi təlatümlərin
baş verdiyi vaxtlarda, ümummilli problemlərin həll
olunduğu anlarda ziyalılar öz sözlərini deyiblər,
dövlətçiliyimizə qənim kəsilənlərə
qarşı sıx birləşiblər. Həmin zaman kəsiyində
Azərbaycan ziyalıları xalq qarşısında
böyük xidmətlər göstərmişlər. Azərbaycan
dövləti də bunları bilir və ziyalıların cəmiyyətdəki
rolunu daim yüksək qiymətləndirir.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 12 yanvar.- S.2.