«Səs» qəzetinin 22 illik
fəaliyyəti müzakirə olunmuşdur
Yanvarın 11-də "Səs" qəzetinin 22 illiyi münasibətilə qəzetin redaksiyasında "Azərbaycanın dövlətçilik tarixində "Səs" qəzetinin yeri və rolu" mövzusunda konfrans keçirilmişdir.
Qəzetin baş redaktoru Bəhruz Quliyev yaxın tarixə nəzər salmış, "Səs" qəzetinin daim dövlətçilik mövqeyindən çıxış edərək cəmiyyətdə baş verən siyasi hadisə və prosesləri obyektiv şəkildə işıqlandırdığını demişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarını geniş ictimaiyyətə çatdırmaqda əhəmiyyətli rol oynayan qəzetin kollektivi 1990-cı ildə təzyiq və təqiblərə də məruz qalmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsinə görə Sovet İttifaqı rəhbərliyini kəskin tənqid etdikdən sonra, mərkəzi hakimiyyətin nəzarətində olan qəzetlər Heydər Əliyevin fikirlərini dərc etməmək haqqında göstəriş almışdılar. Halbuki Heydər Əliyev xalqı düçar olduğu bəladan qurtarmağa çalışırdı. Lakin "Səs" qəzeti dövrün çətinliklərinə baxmayaraq, ulu öndərin siyasi mülahizələrini dərc etmiş, onun fikirlərini xalqa çatdırmışdır. Təsadüfi deyildir ki, 1990-1992-ci illərdə qəzet 35 min tirajla dərc olunurdu.
Sonra qəzetin keçmiş baş redaktoru Ağabəy Əsgərov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış etmişlər.
Qeyd olunmuşdur ki, "Səs" qəzeti Heydər Əliyevin ideyalarını təbliğ etməklə müasir Azərbaycan dövlətinin qurulub möhkəmlənməsində əhəmiyyətli rol oynamışdır. Təsadüfi deyildir ki, 1990-cı ildə Azərbaycanın qabaqcıl ziyalıları bu qəzet vasitəsi ilə ulu öndər Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etmişlər. Heydər Əliyevin ziyalıların müraciətinə cavabı də məhz "Səs" qəzetində dərc edilmişdir.
Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycanda mövcud olan söz və mətbuat azadlığı istənilən adama qəzet təsis edib fəaliyyət göstərmək imkanı vermişdir. Azərbaycan demokratik və iqtisadi inkişafına görə post- sovet məkanındakı dövlətləri qabaqlamışdır.
Çıxışlardan
sonra mətbuatın fəaliyyəti ilə bağlı
müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 12 yanvar.- S.3.