Paytaxt qəsəbələrində abadlıq-quruculuq işləri genişləndirilir

 

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində mühüm işlər həyata keçirilibdir.

Dünən Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyin də ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yollarına həsr olunmuş müşavirə keçirildi. Səbail rayon rəhbərliyi və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən yığıncaqda 2013-ci il üçün konkret tədbirlər müəyyənləşdirildi.

Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Anar Həsənli bildirdi ki, qəsəbədə 2200 nəfər əhali yaşayır. Burada həmçinin 365 nəfər məcburi köçkün məskunlaşıb. 2012-ci il ərzində qəsəbədəki küçələrə, Salyan şosesindən Badamdar qəsəbəsi istiqamətində uzanan yola, "Şahinbağ" yaşayış sahəsinə 10200 kvadratmetr yeni asfalt qatı salınmış, qəsəbə daxilində 4000 kvadratmetr sahədə fərdi yaşayış evlərinin hasarları və digər tikililərin divarları rənglənmiş, Salyan şosesi boyunca yola 500 maşından çox torpaq qatı tökülərək 750 kvadratmetr sahəyə qazon otu səpilmiş və dekorativ ağaclar əkilmişdir. Muxtarov yaşayış sahəsindən "Dostluq parkı"na kimi ərazidə, Salyan  yolu boyunca yerləşən bütün hasarlar təmir olunaraq rənglənmişdir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı"na Bibiheybət qəsəbəsi ilə bağlı daxil edilmiş tədbirlərlə bağlı bir çox işlər görülmüşdür. Qurban, RamazanNovruz bayramlarında  qəsəbədə  məskunlaşmış məcburi köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 300 ailəyə ərzaq payı paylanmışdır.

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışdı. A.Əsgərov 2012-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat verərək qeyd etdi ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir. "Şıx" çimərlik zonasındakı "Dostluq parkı"nda müasir velokriteriumun yaradılması ilə bağlı işlərə başlanıb.

A.Əsgərov onu da bidirdi ki, qəsəbədə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yollar, qəsəbədəki  mədəniyyət evində və kitabxanada, uşaq bağçasında əsaslı təmir işləri bu il başa çatdırılacaq, su və kanalizasiya sisteminin yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırıldı.

 

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 12 yanvar.- S.3.