Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir

 

Prezident İlham ƏLİYEV: "Mən hesab edirəm ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və  işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın"

 

 Azərbaycan nəinki Cənubi Qafqazda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözümövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirilib. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyününsuverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış  məqsədlərdir. Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirib.

Ölkə başçısının yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlikiqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda dəstəklənmişdir. Xatırladaq ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişənin məhz bu prinsiplərin nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib: "2012-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi siyasi hadisələr baş vermişdir. Mən ilk növbədə, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatını qeyd etmək istəyirəm. O bəyanatda deyilmişdir ki, status-kvo qəbuledilməzdir.Yəni bu, onu göstərir ki, artıq heç kim, hətta bu məsələ ilə məşğul olan vasitəçilər, funksiyaları öz üzərinə götürən ölkələr də bu işğalla, bu vəziyyətlə barışmaq istəmir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir.

Eyni zamanda, 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərə çarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması rəsmi Bakının mühüm siyasi üstünlüyü kimi vurğulana bilər. Azərbaycanın sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. Bu narahatlıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarından da aydın görünür. Prezident İlham Əliyev bildirib: "Mən hesab edirəm ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın. Bununla bərabər, heç kəs üçün sirr deyildir ki, biz ordu quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, helikopterlər, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş, eyni zamanda, daxildə 40-dan yuxarı sənaye müəssisələrində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir.

Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdurbundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin".

Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar üzrə ixtisaslaşan hərbi sənayenin qurulması prosesi elə böyük zaman aparmasa da, bu sahədə istehsal olunan məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 7 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün bir sıra işlər həyata keçirmişdir. Onlarla texnoloji avadanlıq, 1500-dən çox müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır. Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılmışdır.

Azərbaycan rəhbərliyi beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür. Ötən il də respublikanın xarici siyasətində fəallığın, intensivliyin və səmərəliliyin artması müşahidə olunmuşdur. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 13 yanvar.- S.1.