Qayğı və diqqət bizi daha yaxşı
işləməyə ruhlandırır
Dövlət
başçısına minnətdarlıq
Regionların inkişafına dövlət qayğısı ən ucqar qəsəbə və kəndlərdə də çox aydın şəkildə duyulur. Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə Xoşbulaq yolunun çəkilişi bu yerlərə yeni həyat gətirdi. İndi də sosial-iqtisadi həyatın hər sahəsində olduğu kimi yol təsərrüfatının yenidən qurulmasında ciddi işlər görülür. Dövlət başçısının sərəncamı ilə Zağalı-Kollu-Çıraqlı avtomobil yolu çəkilir, bu isə üç min nəfər əhalinin yaşadığı on üç ucqar kəndin rahatlığı deməkdir. Bundan əlavə, Xoşbulaq-Astaf, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının təmiri üçün hazırlıq görülür. Digər sahələrdə də abadlıq-quruculuq işləri getdikcə sürətlənir. Daşkəsən əsl tikinti meydanına bənzəyir. Azı, 15 ünvanda abadlıq işləri aparılır.
Bu günlərdə Yeni Daşkəsən layihəsinin təqdimi mərasimində cari ildə görüləcək çoxlu xoş işlərin şahidi olduq. Belə ki iyirmi iki kənddə orta məktəbin, rayon icra hakimiyyəti üçün üçmərtəbəli inzibati binanın, müasir kitabxana və avtovağzal kompleksinin tikintisi, digər obyektlərin inşası, eləcə də kənd və qəsəbələrdə infrastrukturun yeniləşdirilməsi, qaz, işıq və su problemlərinin həll edilməsi nəzərdə tutulmuşdur.
Bu soyuq günlərdə isə daha bir xoş xəbər Daşkəsənə əsl bayram əhval-ruhiyyəsi gətirdi. "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin sərəncamı dağlar diyarına tükənməz dövlət qayğısından xəbər verir. Sərəncamda deyilir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkənin bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
Daşkəsən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan iki milyon manat vəsait ayrılmışdır.
İstər
artıq reallığa çevrilən "Yeni Daşkəsən
layihəsi" və istərsə də möhtərəm
Prezidentin bu yeni sərəncamı
dağlar diyarına müstəqil dövlətimizin
qayğı və diqqətinin bariz nümunəsidir. Bu
qayğı və diqqətə görə bütün rayon əhalisi
adından dövlət başçısına dərin minnətdarlığımızı
bildiririk.
Nəriman SÜLEYMANOV,
yol mühəndisi
Marlen ZEYNALOV,
iş adamı
Ələddin SADIQOV,
mühəndis-metallurq
Elman MƏMMƏDOV,
el ağsaqqalı
Rəna ASLANOVA,
əməkdar müəllim
Azərbaycan.-2013.- 13 yanvar.- S.1.