Əsgərin ölümündən siyasi məqsəd üçün
istifadə etmək onun ruhuna hörmətsizlikdir
Xaricdən
maliyyələşən, erməni lobbisinin və antiazərbaycançı
şəbəkənin maraqlarına xidmət edən bəzi
media orqanlarının və şəxslərin bu hadisədən
sui-istifadə etmək cəhdləri təxribatçılıq
fəaliyyətindən və çirkin siyasi planları həyata
keçirmək niyyətindən başqa bir şey deyil
Həyatda
heç kim və heç nə tam sığortalanmayıb. Ən
ideal hesab etdiyimiz sahədə belə problem yarana və ya
hansısa xoşagəlməz hadisə baş verə bilər.
O cümlədən minlərlə insanın qulluq və xidmət
etdiyi ordu sıraları da böyük strukturdur və qəti
hökm etmək olmaz ki, burada problem baş verə bilməz. Nəzərə
alsaq ki, bir hərbi hissədə yüzlərlə, minlərlə
əsgər xidmət edir və onların hər birinin
özünəməxsus dünyagörüşü,
davranışı, tərbiyəsi var. Lakin əsas odur ki, Azərbaycan
hüquq dövlətidir və orduda baş verən heç
bir hadisə ört-basdır olunmur, günahkar varsa, mütləq
məsuliyyətə cəlb edilir.
Müdafiə
Nazirliyinin Daşkəsən rayonunda yerləşən
"N" saylı hərbi hissəsində həqiqi hərbi
xidmətə çağırılmış Ceyhun Zaman
oğlu Qubadovun ölümü ilə əlaqədar
başlanmış istintaqın gedişatının xüsusi
nəzarətə götürülməsi də göstərir
ki, dövlət öz vətəndaşının
ölümündə günahkar olan hər kəsin layiqli cəzasını
verəcək. Əsgərin ölümü ilə əlaqədar
dərhal Respublika Hərbi Prokurorluğunda cinayət işi
başlanılıb. Cinayət Məcəlləsinin 342.2-ci
(Qulluğa səhlənkar yanaşma ağır nəticələrə
səbəb olduqda) maddəsi ilə iş açılıb.
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları
müvafiq araşdırmaların aparılması məqsədilə
hərbi hissəyə ezam olunublar. Cinayət işi üzrə
istintaq-əməliyyat qrupu tərəfindən qısa
müddət ərzində tam, hərtərəfli istintaq
aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə
cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə
məlumat veriləcək. Təqsirkarların qanun
qarşısında məsuliyyətə cəlb ediləcəyinə
kimsənin şübhəsi yoxdur.
Eyni
zamanda, hadisə ilə bağlı müdafiə nazirinin
göstərişi ilə qurumun müvafiq strukturları tərəfindən
C.Qubadovun xidmət etdiyi hərbi hissədə dərhal
araşdırmalara başlanılıb. Müvafiq əmrlərlə
bir neçə yüksək rütbəli zabit yol verdikləri
qüsurlara və nöqsanlara, şəxsi heyətə nəzarəti
düzgün təşkil etmədiklərinə görə
intizam qaydasında ciddi şəkildə cəzalandırılıblar.
Təqsirkar zabitlərə şiddətli töhmətdən
tutmuş, hərbi rütbələrin endirilməsinə qədər
müxtəlif cəzalar verilib.
Göründüyü
kimi aidiyyəti dövlət orqanları əsgərin
ölümünə ictimai diqqətin həssas münasibətini
dərk edir və buna anlayışla yanaşır. Əsgərin
ölümü ilə bağlı səslənən
iddiaların üzərində araşdırmaların olduqca
ciddi aparılması və açılmış cinayət
işinin əvvəldə qeyd etdiyimiz kimi, xüsusi nəzarətə
götürülməsi də bunu təsdiq edir. Burada qətiyyən
başqa bir çalar axtarmaq səhv fikirdir. Təəssüf
ki, bu hadisədən məhz özünün siyasi və digər
məqsədləri naminə yararlanmağa cəhd göstərənlər
də var. Əsgər bu dövlətin, xalqın
övladıdır. O, hər birimiz üçün məsuliyyət
daşıdığı kimi, dövlət də hər bir əsgərinə
görə məsuliyyət daşıyır. Amma bu hadisədən
dövlətin, hakimiyyətin əleyhinə, Azərbaycan
Silahlı Qüvvələrinin nüfuzdan salınması
istiqamətində istifadə olunması yolverilməzdir. Xaricdən
maliyyələşən, erməni lobbisinin və antiazərbaycançı
şəbəkənin maraqlarına xidmət edən bəzi
media nəşrlərin və şəxslərin bu hadisədən
sui-istifadə edərək, orduya və dövlətə
qarşı kampaniya həyata keçirmək cəhdləri təxribatçılıq
fəaliyyətindən və çirkin siyasi məqsədləri
həyata keçirmək niyyətindən başqa bir şey
deyil.
C.Qubadovun
anası Samirə Qubadova da ictimaiyyətə müraciətində
oğlunun ölümündən sui-istifadə edilməsini
yolverilməz sayıb. Ailəsinə üz vermiş faciə
ilə əlaqədar kədərinə
şərik olduğuna görə hər kəsə minnətdarlığını
bildirən ana müraciətində yazır: "Mən Azərbaycan
dövlətinə, onun Prezidenti İlham Əliyev cənablarına
inanıram və ümidvaram ki, oğlumun ölümü ilə
əlaqədar başlanmış cinayət işi obyektiv
araşdırılacaq və bu işdə təqsiri olan
bütün şəxslər cinayət məsuliyyətinə
cəlb olunmaqla layiqli cəzalarını alacaqlar. Bu hadisə
ilə əlaqədar müxtəlif vəzifəli şəxslər
tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə
verdikləri mənəvi dəstəyə və kədərimizi
bölüşdüklərinə görə həmin şəxslərə,
eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü
bildirirəm. Mənə və ailəmizə dövlətimizin
və hökumətimizin dəstəyi yetərlidir. Mənim kədərimdən,
mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə
ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər
üçün istifadə olunmasın və bununla
bağlı hər hansı aksiyanın keçirilməsinin
tamamilə əleyhinəyəm".
Əsgər
ölümünün böyük itki olduğunu vurğulayan
Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirdi ki, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu
quruculuğuna, əsgərlərin təhlükəsizliyinə
çox böyük diqqət yetirilir.
Başqa
ölkələrin ordularında da bu cür hadisələrin
baş verdiyini xatırladan Mübariz Qurbanlı Respublika Hərbi
Prokurorluğunda yaradılan istintaq qrupu tərəfindən
başlanan cinayət işini yaxından izlədiyini qeyd etdi:
"Hərbi Prokurorluq operativ işləyir, müvafiq tədbirlərini
də görüb. Eyni zamanda, Müdafiə Nazirliyi və
ölkədə digər bu məsələyə məsul
qurumlar tərəfindən də araşdırılma istiqamətində
ciddi iş gedir. Biz birmənalı şəkildə bu əsgərin
hansı şəraitdə, necə həlak olmasının
araşdırılaraq nəticənin ortaya qoyulmasını və
cinayətkarların cəzalandırılmasını gözləyirik.
Əminəm ki, tezliklə araşdırmalar öz nəticəsini
verəcək, ictimaiyyət və mərhum əsgərin ailəsi
məlumatlandırılacaq. İstənilən halda biz orduda
baş verən bütün neqativ halları pisləyirik".
Deputat
onu da dedi ki, baş verən bu hadisədən kimlərsə
sui-istifadə etməməlidirlər: "Çox təəssüf
ki, Azərbaycan Ordusunda baş verən hər hansı bir hadisə
ilə bağlı aqressiv müxalifət və müəyyən
dairələr hakimiyyətə qarşı qərəzli
kampaniyalar aparırlar. Ordu bizim ümummilli məsələmizdir
və oradakı əsgərlər hamımızın
balasıdır. Ona görə də onlarla bağlı
baş verən hadisədən bu cür sui-istifadə etmək
olmaz. Həlak olan əsgərin üzərində siyasi
kampaniya qurmaq olmaz".
Milli
Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa
Qasımlı: - Ordu millətin bağrından
çıxıb və bizim qürur mənbəyimizdir:
"Ordu millətin, dövlətindir. Hər bir azərbaycanlının
ölümü isə bizim üçün itkidir və
ağır faciədir.
Ancaq
diqqət yetirsək, görərik ki, bütün ölkələrin,
demək olar, hamısının ordularında əsgər
ölümü faktına rast gəlinir. Əsgər
ölümünü siyasiləşdirmək, şişirtmək
yox, səbəbləri ciddi şəkildə
araşdırılmalıdır. Odur ki, Respublika Hərbi
Prokurorluğu da bu məsələnin istintaqını
aparıb, təqsirkar şəxsləri cəzalandıracaqdır.
Əsgər ölümünü siyasi məqsədlər
üçün təbliğata çevirməyə gəldikdə
bu, "əsgərimizin ruhunu incitməkdir, ailəsinə
hörmətsizlikdir, bütün millətə
sayğısızlıqdır".
Milli
Məclisin deputatı Məlahət İbrahimqızı da
bildirdi ki, bu cinayəti törədənlər mütləq cəzalandırılacaqlar:
"Orduda baş verənlərə görə məsuliyyət
yalnız nazirliyin üzərinə düşmür. Bütövlükdə
cəmiyyət bu məsələdə məsuliyyət
daşıyır, o cümlədən siyasətçilər,
müəllimlər, ziyalılar və valideynlər.
Çünki biz övladlarımızı hərtərəfli
şəkildə, psixoloji, fiziki və mənəvi cəhətdən
kamil formada orduya göndərməliyik. Buna böyük ehtiyac
var. Ordu da cəmiyyətimizin bir hissəsidir. Artıq hadisə
ilə bağlı cinayət işi də açılıb.
Hesab edirəm ki, təmkinli olmaq, gözləmək
lazımdır. Bəzi insanlar bunu siyasiləşdirməyə,
ayrı mövqedən yanaşmağa
çalışırlar. Ancaq buna ehtiyac yoxdur. Çünki
Ali Baş Komandanın, Müdafiə Nazirliyinin
gördüyü işlər göz qabağındadir.
Hamının yaxşı bildiyi bir cəhəti də qeyd
edim ki, Azərbaycanda ordu quruculuğuna böyük diqqət
ayrılır, əsgərlərimizin öz hərbi xidmətlərini
yerinə yetirmələri, onların vətənə olan
borclarını qaytarmaları üçün hər cür
şərait, imkan yaradılır. Azərbaycan Ordusu, Azərbaycan
əsgəri bu gün dövlətin, ölkə Prezidentinin
diqqət və qayğısı altındadır".
Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 13 yanvar.- S.2.