Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edən ölkədir

 

Ölkəmizdə idman ildən-ilə inkişaf edir. Hər il idmançılarımız beynəlxalq turnirlərdə yüzlərlə medal qazanırlar. Dövlət rəhbərliyi xalqın, ilk növbədə böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqət mərkəzində saxlamaqla yanaşı, ölkənin idman imicinin yüksəlməsinə çalışır. Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xətti həm də idmanın infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsi və idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur.

Dövlət başçısı gənclər arasında idmanın kütləviləşməsinin həm onların sağlamlığı və vətənpərvərlik ruhunun yüksəlməsi, həm də ölkənin müsbət imicinin formalaşması baxımından son dərəcə əhəmiyyətli olduğunu nəzərə çarpdırmışdır. Prezidentin 2012-ci ili "İdman ili" elan etməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.

Yola saldığımız 2012-ci il ölkənin idman həyatında bir çox  uğurlarla yadda qalmışdır. Keçən il ölkəmiz mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilmiş, bir çox beynəlxalq turnirlərə ev sahibliyi etmişdir. Onlardan ən çox yadda qalanlarını bir daha xatırlayaq.

Ölkəmizdə keçirilmiş böyük idman tədbirlərindən biri də ötən ilin may ayına təsadüf etdi - Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq Qran-pri turniri keçirildi. Yarışda 34 idmançı ilə qatılmış komandamızın heyətində  İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq), qadınların yarışında isə Kifayət Qasımova (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Digər cüdoçularımız - Vəfa Eyvazova (48 kq), Gülşən Nəzərova (52 kq) gümüş, Turanə Seyidi (52 kq), Orxan Səfərov (60 kq), Tərlan Kərimov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) bürünc medal qazandılar.

Ötən ilin ən əlamətdar idman hadisələrindən biri də paytaxtımızın yeniyetmələr arasında güləş üzrə dünya çempionatına ev sahibliyi etməsi oldu. Avqustun 21-27-də keçirilmiş mundialda dünyanın 41 ölkəsindən 850-dək idmançı qatıldı. Turnirin nəticələri yeniyetmə pəhləvanlarımız üçün uğurlu oldu. Bu bir daha onu göstərdi ki, milli güləş məktəbi zəngin ənənələrini qoruyub saxlayır və indiyədək qazanılmış nailiyyətlər təsadüfi deyildi.

Turnirə sərbəst güləşçilərin mübarizəsi ilə start verildi. Dünya çempionatının ilk günündə 42 kq, 50 kq, 58 kq, 69 kq və 85 kq çəki dərəcələrində çıxış edən pəhləvanlar mübarizə apardılar. Təmsilçilərimizdən Coşqun Məmmədov (42 kq) və Cahid Həsənzadə (58 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəldilər. Digər pəhləvanlarımız - Ruslan Suzkayev (50 kq), Çermen Baqayev (85 kq) gümüş, Samir Sadullayev (69 kq) isə çıxışlarını bürünc medalla başa vurdular.

Çempionatın ikinci günündə daha 5 pəhləvanımız mübarizəyə qoşuldu. Səid Həmidov (100 kq) gümüş, Məhəmmədhüseyn Həsənov (54 kq) və Məhəmmədhacı Muxutov (76 kq) isə bürünc medal qazandılar. Beləliklə, yekunda sərbəst güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medalla 74 xal toplayıb komanda hesabında ikinci yeri tutdular.

Dünya çempionatının növbəti günündə qadın  güləşçilər xalça üstünə çıxdılar. Təmsilçimiz Sabirə Əliyeva (70 kq) dünya çempionatının qızıl medalına sahib oldu. Digər güləşçilərimiz - Türkan Nəsirova (43 kq) gümüş, Raqnetta Qurbanzadə (65 kq) isə bürünc medal qazandılar.

Beləliklə, qadın güləşçilərimiz dünya çempionatında bir qızıl, bir gümüşbir bürünc medal qazanaraq ümumi komanda hesabında dördüncü yeri tutdular.

Dünya çempionatının beşinci günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşuldular. Gərgin mübarizə şəraitində keçən görüşlərin yekununda təmsilçilərimizdən  Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq),  Murad Məmmədov (58 kq), Ruhin Mikayılov (63 kq) və İslam Abbasov (76 kq)  qızıl medal qazandılar. Zamir Maqomedov (85 kq) gümüş, Sənan Süleymanov (42 kq) isə bürünc medala sahib oldular.

Ümumi komanda hesabında 84 xal (6 qızıl, bir gümüşbir bürünc medal) toplamış yunan-Roma güləşi üzrə milli komanda bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutdu.

Beləliklə, dünya çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla cəmi 19 medal qazanmış yeniyetmə güləşçilərimiz ümidləri doğrultdular.

Keçən il sentyabrın 22-dən oktyabrın 13-dək bütün dünyanın diqqəti yenə də Azərbaycana yönəlmişdi. Azərbaycan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, FransaAlmaniya milli komandalarının qatıldığı FİFA U-17 qadınlararası dünya çempionatı ölkəmizdə keçirildi. Belə bir mötəbər turniri qəbul etmək hüququnun Azərbaycana verilməsi də təsadüfi deyildi. Son illər ölkəmiz  dəfələrlə ayrı-ayrı idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi etmişdi. Bu turnirlərin təşkili səviyyəsi beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilmişdi. Odur ki, FİFA U-17 qadınlararası dünya çempionatını keçirmək üçün Azərbaycanın namizədliyi təbii qarşılanmış və turnir ölkəmizə etibar edilmişdi.

"FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" ölkəmizi dünyada tanıtmaq üçün növbəti fürsət oldu. Turnirin matçları Eurosport telekanalı ilə bütün dünyada yayımlandı və maraqla izləndi. Mundialın açılışında

FİFA-nın prezidenti Yozef Blatter, bağlanışında isə UEFA-nın prezidenti Mişel Platini iştirak etdilər. Beynəlxalq və Avropa futbol təşkilatlarının nümayəndələri, həmçinin Okeaniya Futbol Konfederasiyasının prezidenti David Çunq və digər rəsmi şəxslər ölkəmizdə səfərdə oldular. Dünya estradasının ulduzları Cenifer Lopez və Şakiranın mundial çərçivəsində konsert proqramları ilə çıxış etmələri idman tədbirinə xüsusi rəng qatdı.

Məlumat üçün qeyd edək ki, DÇ-2012 FİFA bayrağı altında Azərbaycanda keçirilən ilk böyük turnirAvropada təşkil olunan ilk U-17 qadınlararası dünya çempionatı idi. Əvvəlki iki dünya birinciliyi Yeni Zelandiya (2008), TrinidadTobaqoda (2010) keçirilmişdi. İlk iki çempionatın qalibləri Asiya təmsilçiləri (Koreya Respublikası və KXDR) olmuşdular. Bu dəfə isə çempion adını Avropa təmsilçisi - Fransa komandası qazandı. Son dünya çempionu - KXDR millisi finala çıxsa da, titulu qoruyub saxlaya bilmədi.

Çempionat başa çatdıqdan sonra idman ictimaiyyətinin yekdil fikri belə idi: Azərbaycan FİFA-nın etimadını tamamilə doğrultdu. Beynəlxalq turniri tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra etmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Yeni stadionlar tikilmiş, köhnələri yenidən qurularaq lazımi səviyyəyə çatdırılmışdı. Turnirin matçları 5-i Bakıda, biri isə Lənkəranda olmaqla 6 stadionda keçirildi. FİFA-nın nümayəndələri "U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin təşkilindən razı qaldılar. FİFA-nın prezidenti Yozef Blatterin fikrincə, mundial üçün Azərbaycanda əla mühit yaradılmışdı: "Azərbaycan hökumətinin bu çempionatı dəstəkləməsi məni çox sevindirir. Ən əsası - Azərbaycan Prezidenti İlham Əliyevin yarışın təşkili və keçirilməsi ilə şəxsən maraqlanması bu ölkədə idmana göstərilən qayğının bariz nümunəsidir".

Beləliklə, Azərbaycan U-17 qadınlararası dünya çempionatını yüksək səviyyədə keçirməklə bir daha sübut etdi ki, mötəbər idman yarışlarını qəbul etməyə qadirdir.

Ötən ilin sentyabr ayının 21-23-də Bakıda daha bir beynəlxalq idman yarışı keçirildi. Paytaxtımız ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsinə ev sahibliyi etdi.

İdman azarkeşləri əvvəlcə sərbəst güləşçilərin mübarizəsini izlədilər. Güləşçilərimiz ümumilikdə 9 medal qazandılar. Bu medallardan yalnız birinin əyarı qızıl idi. Qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində Hacı Əliyev finalda komanda yoldaşı Ağahüseyn Mustafayevi məğlub edərək qazandırdı. Ağahüseyn müvafiq olaraq gümüş medalın sahibi oldu. Digər gümüş medalları 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə və 66 kq çəkidə Emin Əzizov əldə edərkən Azər Paşayev (55 kq), Coşqun Əzimov (60 kq), Hacımurad Ömərov (66 kq), Aleksandr Qostiyev (74 kq) və Əli İsayev (120 kq) bürünc medallara yiyələndilər. Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri yarışları 1 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurdular.

Yeri gəlmişkən, sərbəst güləş üzrə milli komandanın əsas heyəti bu turnirdə iştirak etmirdi. Məşqçilər korpusu daha çox gənc güləşçilərə şans vermişdi. Ötən illər isə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimiz ümumilikdə 35 medal qazanmışdı. Bunlardan 13-ü qızıl, 8-i gümüş, 14-ü isə bürünc olmuşdu.

Turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşuldular. Güləşçilərimiz günü ümumilikdə  1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurdular. Qızıl medalı yığmamıza Nadya Sementsova (67 kq) qazandırdı. Anjela Doroqan (51 kq) final görüşündə uduzaraq gümüş medalla kifayətləndi. 48 kq çəkidə Şəfəq Muradzadə və 59 kq çəkidə İrina Netreba isə bürünc medal əldə etdilər. Beləliklə, qadın güləşçilərimiz turniri 4 medalla tamamladılar. Buna qədər isə qadın güləşçilər analoji turnirdə ümumilikdə 5 qızıl, 4 gümüş və 9 bürünc olmaqla 18 medal əldə etmişdilər. Qadın güləşçilərimiz yalnız 2010-cu ildə keçirilmiş turnirdə uğursuz çıxış edərək cəmi bir medal (bürünc) qazanmışdılar.

Turnirin son günündə yunan-Roma güləşçiləri döşək üstünə çıxdılar. Güləşçilərimiz ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazandılar. Qızıl medalları komandamıza Orxan Əhmədov (55 kq), Kamran Məmmədov (60 kq) və Şalva Qadabadze (96 kq) qazandırdılar. Onlar müvafiq olaraq final görüşündə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq) və Dayqoro Timonçinini (96 kq) məğlub etdilər. Bürünc medalları isə 55 kq çəkidə Xurşud Babaşov, 66 kq çəkidə Rəsul Çunayev, 74 kq çəkidə Elvin Mürsəliyev və 84 kq çəkidə Rafiq Hüseynov qazandılar. Yunan-Roma güləşçilərimiz bu günə qədər keçirilən "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsi yarışlarında ən uğurlu nəticə göstərdilər. Ötən illər isə yunan-Roma güləşi üzrə milli komanda 10 qızıl, 8 gümüş və 12 bürünc medal olmaqla 40 medal qazanmışdı.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirin final mərhələsinin sayca 5-ci yarışı zamanı güləş üzrə yığma komandalarımız ümumilikdə 22 medal - 5 qızıl, 6 gümüş və 11 bürünc qazandılar. Xatırladaq ki, güləşçilərimiz 2008-ci ildə də 22 medal qazanmışdı. 2009-cu ildə 20, 2010-cu ildə 15, 2011-ci ildə isə 26 medal əldə edilmişdi. İndiyədək qazanılmış medalların ümumi sayı 105-ə çatdı ki, bunlardan 33-ü qızıl, 26-sı gümüş, 46-sı bürüncdür.

Ötən ilin oktyabr ayının 28-də isə Bakı başqa bir möhtəşəm turnirə ev sahibliyi etdi. Paytaxtda Azərbaycan Gənclər və İdman Nazirliyinin və Almaniyanın "City Challenge" şirkətinin təşkilatçılığı ilə GT3 və klassik "Formula-1" yarışlarının final mərhələsi keçirildi.  GT3 yarışına Avropadan dəvət olunmuş 10 komanda qatılmışdı. Komandaların hər biri turnirdə 2 yarış maşını ilə təmsil olunmuşdu. Turnirdə "Porsche" və "Lamborghini" kimi məşhur avtomobil markaları yarışdı.

Əvvəlcə "Gymkhana city drift" turnirinin final mərhələsi keçirildi. Azadlıq meydanının qarşısından başlayan yarış Neftçilər prospektinədək (2,1 kilometr) davam etdi. Turnirin qalibi "BMW M5" markalı avtomobilin sürücüsü Rohan Van Rile (Almaniya) oldu. Sonra klassik "Formula-1" üzrə Qran-pri yarışlarına start verildi. Yarışda idmançılar 2,1 kilometrlik marşrut üzrə 20 dəfə dövrə vurmalı olsalar da, 34 nömrəli bolidin yolun kənarına çırpılaraq sıradan çıxması ilə əlaqədar yürüş vaxtından əvvəl dayandırıldı. Əsas göstəricilərə görə almaniyalı Malay Kanthuat qalib gəldi.

İdman avtomobillərinin final yarışında isə 19 maşın iştirak etdi. "Hexis" komandasının sürücüləri Frederik Makaveski Stef Düsseldorf təsnifat mərhələsinin qalibi olduqları üçün 17 nömrəli maşınla (McLaren)  startda birinci dayanmışdılar. Paytaxt sakinlərinin hərarətli alqışları altında bir saat ərzində Bakı yollarında şütüyən avtomobillərin sürücüləri 35 dəqiqədən sonra dəyişdirildi. Turnirin qalibi yenə "Hexis" komandası  oldu. İkinci üçüncü yerləri "Vita4one" (BMW) komandasının pilotları Matias Lauda-Frank Keçele Yelmer Buurman-Nikolaus Mayr-Melnhof cütlükləri tutdu.

Dünyanın 65 televiziya kanalının birbaşa yayımladığı turniri 130 milyondan çox tamaşaçı izləmişdi.

Bütün bunlar  bir daha göstərir ki, dövlətin idmana idmançılara göstərdiyi daimi qayğısının nəticəsi kimi Azərbaycan artıq dünya idmanında layiq olduğu yeri tutmaqdadır.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 13 yanvar.- S.3.