İntellektual yüksəlişə
böyük töhfə
2012-ci il elm və təhsilə
qayğı ili kimi yadda qaldı
2012-ci il Azərbaycan üçün təkcə sosial-iqtisadi uğurlarla deyil, həm də intellektual inkişafa xidmət edən elm və təhsil islahatlarının davam etdirilməsi ilə əlamətdardır. Neft gəlirlərini Azərbaycanda güclü insan kapitalının formalaşdırılmasına yönəltməyi mühüm amil kimi qarşıya qoyan Prezident İlham Əliyev bu ali məqsədə xidmət edən yeni-yeni sərəncamlar, fərmanlar imzalayır.
Ölkə başçısı tərəfindən əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də milli ənənələri qorumaqla Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi və digər istiqamətlərdə kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə yüksəldilməsi də bu sahələrdə bir çox problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə artımını təmin etmiş, Azərbaycan elminin və təhsilinin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açmışdır.
2003-cü ildə cəmi 130 milyon manat təşkil edən təhsil xərcləri 2012-ci ildə 1,5 milyard manata yüksəlmiş, bu sahənin dövlət büdcəsi xərclərinin tərkibindəki xüsusi çəkisi 9,3 faiz təşkil etmişdir. Hesabat ilində "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üçün 16,5 milyon manat, ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar 89,6 milyon, məktəbəqədər təhsilin maliyyələşdirilməsi üçün 8,5 milyon, ümumtəhsil məktəblərində şagirdlərin pulsuz dərsliklərlə təmini üçün 8,1 milyon, maddi-texniki təminatın möhkəmləndirilməsi üçün 4,5 milyon, təhsil müəssisələrinin yenidənqurulması və əsaslı təmiri üçün (yalnız dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində) 3 milyon, ümumtəhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqlarının alınması üçün 2,5 milyon manat ayrılmışdır.
Hazırda ölkədə 4523 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində isə 330 ümumtəhsil məktəbi mövcuddur. Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində ən diqqətçəkən nəticələr ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır. Təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün xeyli vəsait ayrılmışdır. 2012-ci ilin yanvar-iyul aylarında təhsil sahəsində tikinti-quruculuq işlərinə 277,5 milyon manat, yəni əsas kapitala yönəldilmiş bütün vəsaitin 3,9 faizi sərf olunmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artım deməkdir. Ümumilikdə ötən dərs ilində respublika üzrə 50.000 şagird yerlik 167 yeni orta məktəb binası inşa olunmuşdur. Bunlarla yanaşı, 103 məktəbdə əsaslı təmir işləri aparılmış, 21 məktəb üçün 5.104 şagird yerlik əlavə korpuslar tikilmişdir. Həmçinin Təhsil Nazirliyi tərəfindən 45 yeni orta məktəb binası istifadəyə verilmiş, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilmiş, 15 məktəbdə əsaslı təmir işləri aparılmışdır.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı və onun ətraf qəsəbləri üzrə 54 ümumtəhsil orta məktəbdə əsaslı təmir işləri və yeni sinif otaqlarının tikintisi, idman və akt zallarının, bəzi məktəblərdə isə yeni korpusların inşası aparılmışdır. Həmçinin 57 məktəbəqədər müəssisədə əsaslı təmir həyata keçirilmişdir. Əlavə korpusların, idman və akt zallarının, sinif otaqlarının tikintisi ilin sonuna kimi başa çatdırılıb istifadəyə verilmişdir. Perspektiv üçün əsas hədəf çoxnövbəliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır. Aparılan işlər sayəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enmiş, 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Ölkə başçısının tapşırığına əsasən, yaxın illərdə Azərbaycanın bütün orta məktəblərinin birnövbəli və beşgünlük tədris sisteminə keçidi təmin olunmalıdır.
Eyni zamanda, Azərbaycan Prezidentinin ənənəvi olaraq 2012-ci ildə də təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimlərində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllim, şagird və valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Dövlət başçısı il ərzində 40-dək ümumtəhsil, məktəbəqədər müəssisələrdə olmuş, texniki peşə, uşaq musiqi, şahmat məktəblərinin açılış mərasimlərində iştirak etmişdir.
Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Birinci proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir". Bu da o deməkdir ki, son on ildə müasir standartlara uyğun inşa edilmiş 3 minə yaxın məktəb istifadəyə verilmişdir.
2012-ci ildə məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmini, informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Hazırda orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 20 şagirdə 1 kompyuter düşür. Son illərdə 1200-dək məktəbin genişzolaqlı internetə qoşulması da təmin edilmişdir.
Azərbaycan Prezidentinin 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamı da təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Ölkə başçısının 20 iyun 2012-ci il tarixli sərəncamı əsasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən 50 məktəbin hər birinə 10 min manat, 100 ən yaxşı müəllimin hər birinə isə 5 min manat məbləğində birdəfəlik mükafat verilmişdir.
2012-ci
il həm də təhsil sistemində keyfiyyətin forma və
məzmunca daha da yüksəldilməsiylə, bu sahədə
özünü göstərən problemlərin həllinə
xidmət edən prinsipial tədbirlərlə yadda
qalmışdır. Bu baxımdan ölkə Prezidentinin 19
aprel 2012-ci il tarixli fərmanı ilə ümumtəhsil
sistemində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi
(attestasiyası), yəni orta məktəblərdə
buraxılış imtahanlarının həyata keçirilməsi
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasına (TQDK) həvalə olunmuşdur. Eyni tarixli digər
bir fərmanla ümumtəhsil müəssisələrində
ümumtəhsil fənləri üzrə istifadə edilən
dərsliklərin, dərs vəsaitlərinin və digər tədris
vasitələrinin elmi-metodiki monitorinqinin həyata
keçirilməsi TQDK-nın səlahiyyətlərinə
verilmişdir.
Prezident
İlham Əliyev müəllim adını daim uca tutur,
onların əməyini yüksək dəyərləndirir.
Ölkə başçısının 2012-ci il 1 oktyabr
tarixli sərəncamı ilə Beynəlxalq Müəllimlər
Günü ərəfəsində onlarla təhsil
işçisi əməkdar müəllim fəxri adına
layiq görülmüş, habelə "Tərəqqi"
medalı ilə mükafatlandırılmışdır.
2013-cü
ilin dövlət büdcəsindən təhsilə ayrılan
vəsaitlər də Azərbaycanda bu sahənin problemlərinin
hökumətin xüsusi diqqət mərkəzində
olduğunu göstərir. Bu il təhsil xərcləri
üçün 1530,4 milyon manat, 2012-ci illə müqayisədə
18,8 milyon manat və yaxud 1,2 faiz, 2011-ci ilin faktiki icrasına
nisbətən 261,8 milyon manat və ya 20,6 faiz çox vəsait
ayrılmışdır. Təhsil xərcləri
üçün ayrılmış vəsaitin 798,8 milyon
manatı və ya 52,2 faizi natamam və orta təhsilin, 394,4
milyon manatı və ya 25,8 faizi təhsil sahəsində tətbiqi
tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin,
57,2 milyon manatı və ya 3,7 faizi ali təhsilin, 145,8 milyon
manatı və ya 9,5 faizi məktəbəqədər və
ibtidai təhsilin, 81,1 milyon manatı və ya 5,3 faizi
texniki-peşə məktəblərinin və liseylərin,
53,1 milyon manatı və ya 3,5 faizi internat və xüsusi məktəblərin
maliyyələşdirilməsinə yönəldiləcəkdir.
2012-ci
ildə elmin inkişafı və bu sahədə
özünü göstərən problemlərin həlli də
diqqət mərkəzində olmuşdur. Bu baxımdan
AMEA-nın və onun elmi-tədqiqat institutlarının
maddi-texniki bazasının
yaxşılaşdırılmasına yönəlmiş tədbirləri
xüsusilə qeyd etmək olar. Prezident İlham Əliyevin
2012-ci il 26 aprel tarixli sərəncamı ilə Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya
İnstitutunun maddi-texniki bazasının müasir tələblər
səviyyəsində qurulması, kadr potensialının
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan AMEA-ya 2 milyon manat
ayrılmışdır.
Dövlət
başçısının 2012-ci il 26 aprel tarixli "Azərbaycan
Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov
adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi
haqqında" sərəncamı da mühüm əhəmiyyətə
malikdir. Sərəncamda göstərildiyi kimi: "Respublikamızın
dövlət müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərə
obyektiv baxış imkanlarının yaranması
xalqımızın keçmişinin müasir dövrün tələblərinə
uyğun və azərbaycançılıq məfkurəsi
işığında öyrənilməsi baxımından
alimlərimiz qarşısında yeni perspektivlər
açmaqla mühüm vəzifələr irəli
sürmüşdür. İndi dünyanın ən mötəbər
kitabxanalarında və əlyazma fondlarında saxlanılan zəngin
ədəbiyyatlardan, tarixi mənbələrdən faydalanmaq
üçün əlverişli şərait mövcuddur. Məhz
bu səbəbdən qədim mənbələrdən istifadə
etməyə qadir olan və eləcə də qədim
dünya dillərini bilən gənc kadrların yetişdirilməsi
zərurəti meydana çıxmışdır".
Sərəncamla
2013-2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların
daha da genişləndirilməsi və səmərəliliyinin
artırılması üçün Azərbaycan Milli Elmlər
Akademiyasına Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan 3 milyon manat ayrılmışdır.
Ölkə başçısının 2012-ci il 25 iyul tarixli sərəncamı ilə akademiyanın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan AMEA-ya ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılmışdır. Ölkə başçısının 2012-ci il 29 may tarixli sərəncamı ilə Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi, elm ocağında fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, həmçinin lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan AMEA-ya 2 milyon manat ayrılmışdır.
Ölkə başçısının 2012-ci il 23 may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamı isə Azərbaycan dilinin inkişafının təmini, bu sahədə əlavə tədqiqatların stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamda vurğulandığı kimi: "...Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir".
Bu və digər problemlərin önə çəkildiyi sərəncamda dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılması məqsədi ilə AMEA-ya xüsusi dövlət proqramının hazırlanması tapşırılır. Belə ki, sərəncama əsasən, AMEA Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramının layihəsini hazırlamalıdır. Eyni zamanda, sərəncamla Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi, müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və Tərcümə Mərkəzi yaradılmışdır.
2013-cü ilin dövlət büdcəsində elm xərcləri də artırılmışdır. Bu il elm xərclərinə 129,1 milyon manat, 2012-ci illə müqayisədə 5,7 milyon və yaxud 4,6 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 23 milyon manat və ya 21,7 faiz çox vəsait ayrılmışdır. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcəkdir. 2013-cü ildə elm xərclərində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşməsi ilə bağlı 3,8 milyon, elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 3 milyon, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 3 milyon manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulmuşdur.
2013-cü il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də elm təyinatlı infrastrukturlara aid olan investisiya layihələri üzrə müvafiq məbləğdə vəsait ayrılmışdır. Ümumilikdə son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində elm xərcləri 45,9 milyon manat və ya 55,2 faiz artmışdır.
Prezident
İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin
böyük qisminin insan kapitalına yönəldilməsini təmin
etmək istiqamətində yeritdiyi məqsədyönlü
strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində
özünü tam doğrultmuşdur. İntellektual potensial əhəmiyyətinə
və gətirdiyi dividendlərə görə bu gün hətta
zəngin təbii sərvətləri belə üstələyir.
Azərbaycanda həyata keçirilən tədbirlər deməyə
əsas verir ki, respublikamız yaxın gələcəkdə
dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri
hesabına deyil, məhz bilik, müasir informasiya
texnologiyaları, elmtutumlu sahələrin dinamik
inkişafı, güclü insan kapitalının
formalaşması sayəsində təmin edəcəkdir.
İradə ƏLİYEVA
Azərbaycan.-2013.- 13 yanvar.- S.4.