Kənd müəllimi
Onunla təsadüfən tanış olduq. Sentyabrın ortaları idi. Məktəblərdə dərslərin açılmasına lap az qalırdı. Yazı hazırlamaq üçün taksi ilə Ordubada gedirdim. Arxa oturacaqlarda bir-biri ilə danışan gənc qadınla kişinin söhbətini istəməsəm belə eşidirdim. Yolu yarılamamışdıq hələ. Qeyri-ixtiyari oturduğum yerdən "Deyəsən, naxçıvanlı deyilsiz, ləhcənizdən qarabağlı olduğunuzu düşünürəm" - dedim. Arxada əyləşən gənc sualıma belə cavab verdi:
- Kəlbəcərliyəm. Naxçıvanı çox sevdiyim üçün burada işləməyə qərar verdik.
Elə taksidəcə Adim müəllimin əlaqə telefonunu alıb onunla mütləq görüşmək istədiyimi bildirdim.
Bir neçə gün sonra zəngləşib hal-əhval tutandan sonra öyrəndim ki, Ordubad rayonunun Xurs kəndində müəllim işləyir. Bu fədakar müəllimin həyat şəraiti, yaşayışı, Naxçıvana, Ordubadın ucqar dağ kəndinə öyrəşib-öyrəşmədiyi ilə tanışlıq üçün Xurs kəndinə yollandım. Adim müəllimin qonağı oldum. Kirayələdiyi birotaqlı mənzildə çay süfrəsi arxasında söhbətləşdik.
Söhbət zamanı öyrəndim ki, Adim Yusibov 1985-ci ildə Kəlbəcər rayonunun Suzluq kəndində anadan olub. 1993-cü ilin aprel ayının 2-də Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən sonra ailəsi məcburən Gəncə şəhərində məskunlaşmalı olub. Orta məktəbi bitirib, 2005-ci ildə Naxçıvan Özəl Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının qiyabi şöbəsinə qəbul olunub. Hərbi xidmətini başa vurduqdan sonra - 2007-2012-ci illərdə Naxçıvanda təhsil alıb. Təhsil aldığı müddətdə muxtar respublikanın, demək olar ki, bütün rayonlarında, bir çox kəndlərində olub. Ordubad rayonu onun diqqətini daha çox cəlb edib. Buna görə də universiteti bitirdikdən sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə Naxçıvanda işləmək arzusunda olduğu barədə müraciət edib, mümkün olarsa, Ordubadda müəllim kimi çalışmaq istədiyini bildirib. Beləliklə də təyinatla Ordubad rayonunun ucqar dağ kəndi olan Xursa göndərilib.
- Ali məktəbin ikinci kursunda oxuyarkən ailə həyatı qurdum. Həyat yoldaşım Gülşən Yusibova Gəncə Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib. Ona Naxçıvan haqqında, buranın gözəlliyi, insanlarının qonaqpərvərliyi haqqında çox danışmışdım. Naxçıvanda işləməyə birlikdə qərar verdik. Və ailəliklə bura gəldik.
Söhbət əsnasında çaylarımızı təzələyən Gülşən müəllimənin də fikirlərini öyrənirəm:
- Mən Naxçıvanı, Ordubadı Adimin dediklərindən də gözəl gördüm. İnsanlar o qədər istiqanlıdırlar ki, balaca kənd olmasına baxmayaraq, Xursda, bu ucqar dağ kəndində heç bir çətinliklə qarşılaşmırıq. Kənd orta məktəbində hərəmizə iki maaşla dərs veriblər. Dəniz səviyyəsindən yüksəkliyə, rayon mərkəzindən uzaqlığa görə də əlavə məvacib alırıq. İnanın, ikimizin aldığı maaşla yüksək səviyyədə dolanışığımızı təmin edə bilmişik. Baxın, bu televizoru, soyuducunu və digər məişət texnikalarını özümüz almışıq. Kənd sakinləri, müəllim yoldaşlarımız da daim bizimlə maraqlanır, ünsiyyət qururlar, sıxılmağa, özümüzü qərib hiss etməyə qoymurlar.
Sərt qışın qapıya dayandığı bu günlərdə gənc müəllim ailəsinin istilik sarıdan da çətinliyi yoxdur. Qaldıqları evdə mavi yanacaqdan istifadə edirlər. Mənzildə normal istilik var idi. Telefonla təmin olunublar.
Qeyd edim ki, Adim müəllimin 3 yaşlı Mehriban və 9 aylıq Kifayət adlı iki qızı var. Mehriban Gəncədə nənə-babasının yanında olsa da, balaca Kifayətin şən qığıltıları söhbətimiz boyu bizi tərk etmədi.
Bu ailə kəndin xeyirində, şərində, toyunda, yasında yerli sakinlərdən seçilməməyə çalışır.
"Rayon rəhbərliyi də daim bizimlə maraqlanır" - deyən Adim müəllim söhbətinə belə davam edir:
- Xursa gəlib evə yerləşəndən sonra rayon icra hakimiyyətinin başçısı Elşad müəllim bizi qəbul etdi. Problemlərimiz, çətinliklərimizlə maraqlandı. Həmçinin rayon təhsil şöbəsinin müdiri İlqar müəllim, kənd məktəbinin direktoru Mahir müəllim, kənd icra nümayəndəsi Məhərrəm müəllim daim bizimlə əlaqə saxlayırlar. Müəllim yoldaşlarımız Akif, Sultan, Eldar müəllim həmişə yanımızdadırlar. Hamısına minnətdarıq, amma onu deyim ki, biz kəlbəcərli qədər ordubadlı olmuşuq artıq.
Qaldığımız bu evin sahibi Eldar müəllim bizimlə dost, qardaş kimi rəftar edir.
Adim müəllimdən məktəbdə uşaqların dərslərə marağı haqqında da soruşdum. Dedi ki, rayon mərkəzindən 75 kilometr uzaqda yerləşən Xurs balaca kənddir. Cəmisi 40-a yaxın ev var. Ona görə də məktəbin şagirdləri azdır. Amma şagirdlərin dərsə böyük marağı və həvəsi var. Təsadüfi deyil ki, ötən dərs ilində kənd məktəbinin dörd məzununun hamısı ali məktəblərin tələbəsi olub. Bu ildən etibarən mən və Gülşən müəllimə də kənd məktəbinin uğurundan pay sahibi olmaq istəyirik. Ona görə də bildiklərimizi şagirdlərimizə öyrədirik.
Bu gənc ailəyə fədakarlıq göstərib ucqar bir dağ kəndində işləmək kimi çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb, onlarla sağollaşıb ayrılıram. Həyət qapısı önündə də ayaqüstü söhbətimiz davam edir. Adim müəllim evin lap yaxınlığında axan çayın şırıltısına qulaq kəsilir, yaxınlıqdakı dağlara baxıb dərindən bir köks ötürür. Hiss edirəm ki, 8 yaşında məcburən tərk etdiyi Kəlbəcər rayonunun Suzluq kəndini xatırlayır. Yarasının qaysağını qoparmaq istəmirəm. Ayrılarkən ürəyimdə öz-özümə pıçıldayıram: "Adim müəllim, inanıram ki, sən Suzluğa qayıdıb, kənd orta məktəbində dərs deyərkən haqqında növbəti yazını hazırlamaq üçün Kəlbəcərdə qonağın olacağam".
O gün uzaqda deyil...
Elxan MƏMMƏDOV
Azərbaycan.-2013.- 13 yanvar.- S.4.