Zamanın ucalığında
Tofiq
Kazımov-90
Bəlkə də ilk baxışda yazımıza seçdiyimiz sərlövhə adi səslənə bilər. Amma bütün yaradıcılığı ilə zamandan yuxarıda dayanaraq onun təsirinə düşməyən görkəmli Azərbaycan rejissoru Tofiq Kazımov barəsində başqa cür düşünmək mümkün deyil. Çünki o özü zamana təsir edirdi. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə öz müəllimi haqqında qələmə aldığı "Dördüncü ölçünün rəngləri" adlı kitabında Tofiq Kazımovun rejissorluq yaradıcılığına güzgü tutaraq yazıb: "Milli teatr tariximizin özəl səhifəsində adı qızıl hərflərlə yazılan, bu sənəti zənginləşdirən, gələcək yaradıcı nəsillər üçün örnək olan teatrşünaslıq üçün tükənməyən tədqiqat mənbəyi kimi istifadə edilən, şəxsi ismi artıq anlayışa dönən bir rejissor var idi: bu, Səməd Mənsur oğlu Tofiq Kazımovdur".
Azərbaycan
teatrında peşəkar rejissor işi XX əsrin ilk onilliklərində
yaranmışdı. Milli teatr səhnəsində
H.Ərəblinski, A.M.Şərifzadə, A.Şərifov kimi
istedadlı aktyorlar həm də rejissorluq fəaliyyəti
göstərmişdilər. Doğrudur, onların peşəkar
rejissorluq təhsili olmamışdır. İstedadları, sənətə
olan məhəbbətləri, səhnəyə
bağlılıqları, müşahidə qabiliyyətləri
sayəsində həmin sənətkarlar o dövrdə
rejissorluqla məşğul oldular. Əslində bu unudulmaz mədəniyyət
xadimləri Azərbaycan səhnəsinin ilk qaranquşları
kimi çiyinlərində çox ağır yük
daşıdılar. Min bir əzaba, tənəyə tuş gəlsələr
də, şərəfli ömür sürdülər. Məhz
onların işığına pərvazlanan istedadlar peşəkarlıq
sirlərinə yiyələnmək üçün müxtəlif
ölkələrdə ali rejissorluq təhsili aldılar. Beləliklə
də Azərbaycan teatrının yeni mərhələsi
başladı. Milli teatr tariximizin həm müqtədir, həm
də peşəkar rejissorları sırasında Adil İsgəndərov,
Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov və nəhayət,
Tofiq Kazımov. Bu rejissorların hər biri öz məktəbini
yaratdı və Azərbaycan səhnəsinə də yeni ənənə,
milli ruh, əlvanlıq, təravət və estetik dəyərlər
gətirdilər. Tofiq Kazımovun özünəməxsusluğunu
səciyyələndirən əsas cəhətlərdən
biri onun zaman çərçivələrinə
sığmaması idi. Xalq yazıçısı Elçin
bu istedadlı sənətkarın Azərbaycan səhnəsinə
gətirdiyi yenilikləri çox gözəl şərh edir:
"Sənətkarın hansı zamanda, hansı dövranda
yaşayıb-yaratması onun özündən asılı
deyil. Sənətkar zamanı seçmir, amma zaman sənətkarı
yetişdirir və sənətkar hansı zamanda
yaşayırsa-yaşasın, o öz dövranını ifadə
etməklə bərabər, gələcəyin sənətkarıdır...
Tofiq Kazımov sovet dövründə
yaşayıb-yaratdı. Ən əsası budur ki, Tofiq
Kazımov "sovet rejissoru yox, milli teatr sənətimizin
böyük xadimlərindən biri oldu. Tofiq Kazımovun
daxilində, bütün içində sovet quruluşuna,
sistemə, ideoloji riyakarlığa, söz ilə əməl
arasındakı təzada, həttə mən deyərdim ki,
patoloji bir nifrət var idi. Onun quruluş verdiyi əsərləri
xatırlayın: bunların heç biri - uğurundan, yaxud
uğursuzluğundan asılı olmayaraq, ideoloji hadisə
deyildi, onun bütün sənət qələbələri
yalnız Azərbaycan teatr sənətinin deyil, bizim milli mədəniyyətimizin
bədii-estetik hadisələri idi". Həqiqətən də
Tofiq Kazımovun yaradıcılığı sovet
dövründən başladı. Amma bu
yaradıcılığı ortaya qoyan istedadın miqyası
həmin zaman və dövr çərçivələrinə
sığmadı. O çərçivələr Tofiq
Kazımovu öz məngənəsində boğub saxlaya bilmədi.
İnkaredilməz faktdır ki, bu, sovet dövrü mədəniyyəti
kontekstində hər sənətkara müyəssər olmayan
bir şərəfli hadisə idi.
Atadan başlanan yol
Tofiq
Kazımov 14 yanvar 1923-cü ildə Bakı şəhərində
anadan olub. Atası Səməd Mənsur dövrünün
mükəmməl dünyagörüşünə malik məşhur
simalarından idi. Ədəbiyyatda Məhəmməd
Füzulinin, Mirzə Ələkbər Sabirin, mətbuatda
mollanəsrəddinçilərin, teatr tariximizdə Cahangir
Zeynalovun, Hüseyn Ərəblinskinin, Sidqi Ruhullanın, Abbas
Mirzə Şərifzadənin həm davamçısı, həm
silahdaşı olan Səməd Mənsur hələ
sağlığında "klassik"
adlandırılırdı. Amma təəssüf ki, onun fəaliyyətinin
və yaradıcılığının üstündən
70 il qara xətt çəkildi. Müxtəlif mətbuat
orqanlarında - "Molla Nəsrəddin", "Tuti",
"Zənbur", "İqbal", "Bəsirət",
"Ədəbi parçalar" və başqalarında
lirik, satirik şeir və felyetonlarını dərc etdirən
Səməd Mənsur həm də naşir idi. Cəmi 14
nömrəsi çap olunan "Şeypur"un ilk redaktoru M.Ə.Sidqi,
naşiri isə S.Mənsur olub.
Milli
teatr tariximizin inkişafında özünəməxsus xidməti
olan Səməd Mənsur həm də böyük aktyor idi. Təəssüf
ki, bu barədə ətraflı məlumatlar işıq
üzü görməmişdir. Məlumdur ki, Bakıda fəaliyyət
göstərən "Səfa" mədəni-maarif cəmiyyətinin
nəzdində (1912) teatr truppası fəaliyyət göstərirdi.
Ona da Cahangir Zeynalovla bərabər Səməd Mənsur rəhbərlik
etmişdi. Bu tarixi faktın özü çox mətləblərin
açarına çevrilə bilər. Həmin truppada
görün kimlər fəaliyyət göstərib: Abbas Mirzə
Şərifzadə, Hüseyn Ərəblinski, Mirmahmud
Kazımovski, Həsənağa Abbasov, Əhməd Qəmərli,
Ağadadaş Nəsirov, Dadaş Bünyadzadə, Əli Səbri
və başqaları. Bu şəxsiyyətlər teatr
tariximizin yaradıcıları sayılıblar. Onların da rəhbərlərindən
biri Səməd Mənsur olub. Truppanın fəaliyyət
göstərdiyi dövrlərdə tamaşaya qoyulan əsərlərin
bir qisminin müəllifi məhz Səməd Mənsur olub. O,
təkcə teatr truppasının rəhbərlərindən
biri deyildi. Səməd Mənsur həm də aktyor kimi məşhurlaşmışdı.
Təəssüf ki, onun bu sahədəki xidmətləri
ancaq müasirlərinin qələmə aldığı xatirələrdə
və saralmış rol dəftərçələrində
qalıb. Səməd Mənsurun səhnədə tərəf-müqabilləri
də dövrünün qüdrətli aktyorları - Sidqi
Ruhulla, Abbas Mirzə Şərifzadə, Cahangir Zeynalov və
başqaları olub. Arxiv materiallarından və qələmə
aldığı şeirlərdən bəlli olur ki, Səməd
Mənsur canından, qanından artıq sevdiyi Bakının
XI ordu tərəfindən işğalına dözüm gətirə
bilmirdi. O, bütün varlığı ilə azadlıq
aşiqi idi. O, məmləkətini müstəqil görmək
istəyirdi. Onun oxuduğu istiqlal nəğmələrini
süngülərlə susdurdular. Əqidə
dostlarını, millətin qaymaqlarını zindanlara
saldılar. Şimaldan gələn qara tufan tüğyan etməkdə
idi. Qarşıdan ötən əsrin 30-cu illərinin
ağır repressiyaları gəlirdi. Baş alıb gedən
haqsızlıqlara, müstəqilliyə və milli mənlik
anlayışlarına tuşlanan ağır zərbələr
qarşısında Səməd Mənsurun zərif ürəyi
çox davam gətirmədi. O, 1927-ci ilin əvvəllərində
47 yaşında dünyasını dəyişdi. Səməd
Mənsur təkcə şair, publisist, felyetonçu, tərcüməçi,
naşir, dramaturq, teatr təşkilatçısı, aktyor
deyildi. Onun Azərbaycan mədəniyyətinə
bağışladığı ən böyük töhfələrdən
biri övladı - gələcəkdə böyük rejissor
olacaq Tofiq Kazımov idi.
Bu
dünyanın rəngləri
Atasını itirəndə Tofiqin
4, böyük bacısı Zəhranın 10, qardaşları
Əşrəfin 8, Əkrəmin isə 1 yaşı var idi. Anaları
Yaxşıxanım həyatın bu ağır zilləti
qarşısında özünü itirmədi.
Övladlarını Səməd Mənsurun adına və səcərəsinə
layiq böyüdə bildi. Tofiq Kazımov bu ağır
zamanın içində məhz öz zamanının cizgilərini
cızmağa nail oldu. Atasının dillər əzbəri
olan, uzun illər yaddaşlarda iz salan məşhur "Həpsi
rəngidir" adlı müxəmməsi ailənin fəaliyyətini
istiqamətləndirdi.
Uyma,
ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,
Məscidü
meyxanə rəng, eyşü ibadət rəngidir,
Mey
riya, məşuqə ğəşş, hüsnü vəcahət
rəngidir,
Rəngdir
hər dürlü matəm, hər məsərrət rəngidir.
1938-ci
ildə orta məktəbi Bakıda bitirən Tofiq Kazımov Azərbaycan
Teatr Məktəbinin aktyorluq fakültəsində oxuyub. Təhsilini
başa çatdıranda İkinci dünya müharibəsi başlamışdı.
Bu səbəbdən də Sovet ordusu sıralarına
çağırılan Tofiq Kazımov müharibəyə
yollandı. 1943-cü ildə ağır
yaralandığına görə ordu sıralarından tərxis
olundu. İki il Gənc Tamaşaçılar Teatrında
aktyor işlədikdən sonra 1945-ci ildə Moskvaya göndərilən
Tofiq Kazımov A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti
İnstitutunda oxudu. Tələbə ikən Ağdam Dövlət
Dram Teatrında Həsən Qasımovun "Kür sahilində"
pyesini tamaşaya hazırladı. İnstitutu bitirdikdən
sonra Bakıya qayıdan Tofiq Kazımov həm Dövlət
Teatr İnstitutunda pedaqoq, sonra isə direktorun elmi-tədris
işləri üzrə müavini təyin olundu. Həm də
Akademik Dram Teatrında rejissorluq fəaliyyətini davam etdirdi.
1952-ci ildə onu Gənc Tamaşaçılar Teatrına
baş rejissor göndərdilər. O, bu vəzifədə
çox az çalışdı. Beş aydan sonra onun yeni
iş yeri Azərbaycan Dövlət Akademik Dram Teatrı oldu.
1964-cü ildən ömrünün sonuna kimi - yəni 1980-ci
ilin avqust ayında avtomobil qəzasında həlak olana qədər
baş rejissor işlədi. Eyni zamanda "Azərbaycanfilm"də
çəkilən filmlərdə rejissor olub, başqa
teatrlardan da dəvət alırdı. Hətta Musiqili Komediya
Teatrında "Qızıl axtaranlar" operettasına da
quruluş verib. O, 1951-ci ildən 1980-ci ilə qədər
Akademik Dram Teatrında 50-yə yaxın tamaşanın
rejissoru olub. Tofiq Kazımov 1965-ci ildə "Antoni və
Kleopatra", 1979-cu ildə "Şəhərin yay günləri"
tamaşalarına görə dövlət mükafatları ilə
təltif olunub. 38 yaşında əməkdar incəsənət
xadimi adına layiq görülən Tofiq Kazımov 51
yaşında xalq artisti fəxri adını
almışdı.
Onun
indiki Akademik Milli Dram Teatrında baş rejissor işlədiyi
müddətdə bu məbədə çoxlu sayda
istedadlı gənc cəlb edilib. Tofiq Kazımova qədər
həmişə gənc qəhrəman rolları o dövrdə
tanınmış, müəyyən fəxri adlarla təltif
olunmuş 50-60 yaşlı aktyorlara verilərdi. Bu ənənəni
ilk dəfə məhz Tofiq Kazımov dağıtdı. O,
İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"
tamaşasındakı baş rolu - Nargiləni 18 yaşlı
tələbə Amalya Pənahovaya, Mirzə Cəlilin
"Ölülər"indəki İsgəndəri 28
yaşlı Həsən Turabova tapşırdı. Tofiq
Kazımov deyərdi: "Mən kommentatorE deyiləm, müstəqil
sənət növünün - rejissuranın nümayəndəsiyəm.
Odur ki, heç kimin, hətta dahi Şekspirin ruporu olmağa
razı deyiləm". Tofiq Kazımovun Azərbaycan səhnəsinə
gətirdiyi məram, ideya, estetika, yeni dəyərlər,
uğur və digər məziyyətlər belə sıralanırdı.
Yenilikçi olmaqla bərabər o, həm də cəsarətli
rejissor kimi sevilirdi.
Xalq
artisti Şəfiqə Məmmədova müəllimini həmişə
ehtiramla xatırlayır: "Zaman kateqoriyası elə mürəkkəbdir
ki, şəxsən mənim üçün onun təsirini
sadə sözlərlə ifadə etmək mümkün deyil.
Tofiq Kazımovun zamanla münasibətləri çox mürəkkəb,
təzadlı, ziddiyyətlə dolu, eyni zamanda son dərəcə
məhsuldar idi. Təbii ki, zaman ona təsir edirdi. Amma bir
filosof sənətkar kimi onun da öz
yaradıcılığı ilə zamana təsiri
danılmazdır. Dediyim bu təsiri mütəxəssislər
daha dəqiq və tutarlı aşkarlayar. Bütün
yaradıcılığımı mən ustadım, müəllimim
Tofiq Kazımovun adı ilə bağlayıram. Onun
teatrında işləmək, onun sevimli aktrisası olmaq mənim
üçün böyük səadət və xoşbəxtlik
idi. Böyük fəxrlə özümü "Tofiq Kazımov
məktəbi"nə mənsub olan sənətkar hesab edirəm".
Tofiq
Kazımov elə bir zamanda yaradıcılığa
başlamışdı ki, Azərbaycan teatrı keçid
dövründə idi. O zaman səhnəyə yeni
düşüncə, yeni teatr tərzinin ayaq
açdığı məqamlar idi. Mədəni, estetik
oyanışın bu dövründə Tofiq Kazımovun teatra
gəlişi səhnəyə yeni fikir, yeni düşüncə
gətirdi. Onun quruluş verdiyi əsərlər sanki
zamanın özü ilə döyüşə
çıxaraq mübarizə aparırdı. Məhz Tofiq
Kazımovun sayəsində yeni aktyor nəsli ortaya
çıxdı - Həsən Turabov, Şəfiqə Məmmədova,
Vəfa Fətullayeva, Səməndər Rzayev, Amaliya Pənahova,
Fuad Poladov və başqaları. Sənətşünaslıq
doktoru, professor İlham Rəhimlinin fikrincə, Tofiq
Kazımovun quruluş verdiyi əsərlərin
tamaşalarında hər zaman poetik vüsət, fəlsəfi
dərinlik, cazibəli füsunkarlıq təcəssüm
edilirdi. Öz quruluş və mizanları ilə zamanı
qabaqlamağa çalışan Tofiq Kazımov
yaradıcılığı milli mədəniyyətimizin sərvəti
kimi dəyərləndirilir. O həm də mükəmməl
qələm sahibi kimi də fəaliyyət göstərirdi.
Azərbaycan teatrının unudulmaz simaları olan xalq artistləri
- M.A.Vəlixanov, K.Ziya, İ.Osmanlı haqqında monoqrafiyalar
yazmışdı. Mətbuatda rejissorluq sənəti ilə
bağlı məqalələri dərc edilərdi. Tərcümə
ilə də məşğul olurdu. Sənətşünas Məryəm
Əlizadənin təbirincə desək, təəssüf ki,
Tofiq Kazımov xatirələrini qələmə almayıb.
Əslində
memuar ədəbiyyatı 60-70 yaşdan sonra yaranır. Tofiq
Kazımov isə 57 il yaşadı. Atasının bir çox
arzularını həyata keçirən bu unudulmaz sənət
fədaisi Səməd Mənsurun taleyini yaşamasa da, onun
ömür payından cəmi 10 il irəli keçdiE
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 13 yanvar.- S.5.