Şöhrət qayıtsın gərək
Qazax-Ağstafa atları niyə geri
qalır?
Bu günlərdə Şəki şəhərində Prezident İlham Əliyevin ad günü şərəfinə at yarışları keçirildi. Ağstafa rayonundan bu mötəbər yarışa 6 çapar getmişdi: Elman Məmmədov, Fərman İsmayılov, Zaur Cəlilov, İsmayıl İsmayılov, Akif Qarayev və Rauf Nadirov. Ağstafalı çaparlar Prezident kuboku ilə qayıtdılar. Əlbəttə, fərəhli, çox fərəhli işdir! Di gəl ki, bu xoş xəbərin arxasında ciddi düşünməyə əsas verən çox qəribə məqamlar dayanır. Fikir verin, bu qalib çaparlar kimlərdir? Onların heç biri nə "Dilboz" müəssisəsinin, nə də Ağstafa Atçılıq Zavodunun nümayəndəsi deyildi. Altısı da işsiz, altısı da sənətkar yox, həvəskar! Hamısı "daxili imkanlar hesabına" öz şəxsi atı ilə getmişdi. Deməli, bölgədə atüstü idmanı sevən də var, atları bəsləyib ərsəyə çıxara bilən də! Bəs belə bir şəraitdə atçılıq ildən-ilə niyə geri gedir? Xüsusən Ağstafa Atçılıq Zavodu niyə belə miskin vəziyyətə düşüb?!
Əvvəlcə Qazax "Dilboz"larının tarixi, taleyi barədə! Minik-qoşqu tipli atlardır. Qədim Qazax mahalında ardıcıl xalq seçməsi yolu ilə yetişdirilib. Tədricən qonşu Tovuz, Şəmkir, Göyçə, Borçalı bölgələrinə, hətta Şəki mahalına da yayılıb. Qarabağ cinsi kimi, "Dilboz" atları da ölkənin qızıl fondu hesab edilir. El arasında belə deyirlər ki, "Dilboz" atları Xanlıqlar kəndində Dilbozların nəslinin tövlələrində ardıcıl seçmə yolu ilə yetişdirilib. Bu işdə Allahyar bəy Zülqədirli sülaləsinin də böyük rolu olub. "Dilboz" cinsinin yaranma tarixi Nadir şah Əfşar dövrünə təsadüf edir. Rəvayətə görə, uğurlu döyüşdən qayıdan Nadir şah indiki Xanlıqlar kəndinin yaxınlığında dincəlirmiş. Burada ona qulluq göstərən çox zirək, dilli-dilavər Əli adlı şəxsi şah sorğu-suala tutur, qazaxlı gəncin hazırcavab və ağıllı olması diqqətini cəlb edir. Şah ona "Sən nə dilbaz adamsan" deyir. Əlidən xoşlanan hökmdar ona öz ilxısından bir erkək və bir dişi at verilməsini əmr edir. Qazax atları ərəb və Qarabağ cinsləri ilə cütləşdirilir. Deyirlər ki, on doqquzuncu yüzillikdə Qazax qəzasında iyirmi mindən cox seçmə at var idi.
1933-cü ildə Ağstafa Atçılıq Zavodu yaradılıb. Məqsəd təmizqanlı ingilis atları ilə rəqabət apararaq onlarla yarışlarda müvafiq yer tutmaq olmuşdur. Təzə zavod öz təbii şəraitinə görə əlverişli sahə sayılan Böyük Kəsikdə yerləşirdi. İllər boyu uğurlu fəaliyyət göstərib.
Burada yetişdirilən Qranuzov ləqəbli ayğırın balaları Tbilisidə və Almatıda keçirilən yarışlarda birinci yerləri tutaraq yüksək prizlər və mükafat qazanmışdı. Digər ayğır - Rubulnirin balaları da iki, üç və beş yaşlarında Almatıda ümumittifaq yarışında birinci yerləri tutmuşdur. Sarov ləqəbli ayğırın balaları da yüksək göstəricilər qazanmışdı. İctimai bölmədə atçılığın təməl daşını qoyan məşqçilərdən Şirin Kazımovun, Əli Tağıyevin, Yasin İsmayılovun, Vəli Kazımovun, İsa Süleymanovun, məşqçi Nizami İsgəndərovun böyük əməkləri qeyd olunmalıdır.
1949-cu ildə atçılıq briqadiri Əsgər Eminov nümunəvi xidmət hesabına yetmiş madyanın hərəsindən bir bala aldığı üçün ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Bu, həmin Əsgər Eminovdur ki, Bakı cıdır meydanında çempion adını qazananda xalq şairi Səməd Vurğun onu bağrına basaraq qolundakı qızıl saatı hədiyyə etmişdi.
Bir-birinin dalınca gələn qələbələrdən ruhlanan çaparlar "Piyalə" və "Ox", "Baharbənd", "Yaylıq", "Sür, papaq", "Gərdək qaçırmaq" oyunlarına geniş meydan açdılar. Respublikanın qərb bölgəsində atçılıq idmanı sürətlə inkişaf etməyə başladı.
Hələ 1958-1959-cu illərdə yeni üzə çıxan atüstü milli oyunların bir hissəsi Gəncə şəhərində nümayiş etdirildi. 1960-cı ilin may ayında ilk dəfə olaraq qərb bölgəsinin bir neçə kənd komandası arasında çövkən yarışı keçirildi. Bir ildən sonra "Çövkən" yığma komandası Bakı cıdır meydanında respublika komandasına 2:1 hesabı ilə qalib gəldi. "Çövkən" Moskvada keçiriləcək yarışlarda iştirak etmək hüququ qazandı.1951-ci ildə atçılıqda əldə edilən nailiyyətlərə görə respublikamıza SSRİ Nazirlər Sovetinin keçici Qırmızı bayrağı verildi. Sonrakı ildə çaparlarımız Moskva, Kiyev, Pyatiqorsk, Tbilisi, Rostov, Daşkənd şəhərlərində və başqa yerlərdə keçirilən yarışlarda uğurla çıxış etdi. 1967-ci ilin sentyabr ayında Moskva yarışında təcrübəli çapar Fikrət Hüseynovun komandası xüsusi uğur qazandı. Ümumittifaq atüstü xalq oyunlarının baş hakimi, Sovet İtiffaqı marşalı S.M.Budyonnı hünərvər çapara təbrik məktubu yolladı. Məktubda deyilir: "Çox hörmətli Fikrət Hüseynov! Qədim Azərbaycan xalq oyunlarının tədqiqi və bərpası uğrunda çəkdiyiniz zəhmət təqdirəlayiqdir. Sentyabr ayında Moskva cıdır meydanında keçirilən atüstü xalq oyunları üzrə yarışlarda azərbaycanlı cigitlərin yüksək qələbəsi - birinci yer tutması Sizin gərgin əməyinizin bariz nümunəsi kimi yadda qalacaqdır. Şəxsən Sizi və Azərbaycanın yığma komandasının üzvlərini ürəkdən təbrik edirəm". Sonrakı illərdə də Gəncəbasar çaparlarının müəyyən uğurları olmuşdur.
"Dilboz" Atçılıq Təsərrüfatının direktoru Zəlimxan Gülalıyev bu yerlərə şöhrət gətirən, lakin bir vaxtlar laqeydlik üzündən doğma yurddan didərgin düşən atların taleyindən danışır: Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən təsadüfən əlimə bir qəzet parçası keçmişdi. Həmin qəzet parçasında Qazaxın "Dilboz" atları haqqında, hələ Böyük Vətən müharibəsi illərində respublika Mərkəzi Komitəsinin verdiyi bir qərar diqqətimi cəlb etdi. Bu mühüm dövlət sənədində göstərilirdi ki, alman faşistlərinin Qafqaza yaxınlaşması ilə əlaqədar olaraq "Dilboz" cinsli atların qorunması məqsədilə onlar respublikanın mərkəzi rayonlarından birinə köçürülsün və müharibədən dərhal sonra həmin atlar öz yerlərinə qaytarılsın.
Atçılıq mütəxəssisi olmaq arzusu ilə yaşadığıma görə bu qəzet parçasını saxladım ki, haçansa lazım ola bilər. Sonralar Ağstafa Atçılıq Zavodunda direktor işlədiyim zaman həmin qərarın icrası ilə maraqlandım. Öyrəndim ki, otuzuncu illərdə Ağstafa zavodu yarananda "Dilboz" atlarını aparıb Şəki rayonundakı Daşüz Camışçılıq Sovxozuna təhvil veriblər. Qərarın bir hissəsinə əlüstü əməl olunsa da, ikinci bəndi, atların geri qaytarılması məsələsi nədənsə yaddan çıxmışdı. Müharibədən neçə il keçsə də, həmin atlar hələ də öz "vətəninə" qaytarılmamışdı.
Bu məsələ məni çox narahat edirdi. Ona görə də müxtəlif təşkilatlara ayaq döydüm. Heç bir maneə, laqeydlik, boz üz məni fikrimdən daşındıra bilmədi! Çox get-gəldən sonra Kənd Təsərrüfatı Nazirliyinin köməyi ilə Şəkidən on baş "Dilboz" atı alıb gətirə bildim. Bununla da 1997-ci ildə rayonumuzda yeni bir dövlət təsərrüfatı - Ağstafa "Dilboz" Atçılıq Müəssisəsi yaradıldı.
İndi həmin vaxtdan illər keçir. Təsərrüfatımız xeyli dirçəlib. "Dilboz"ların şöhrətini qismən də olsa qaytarmışıq.
İlk uğur 2005-ci ilin dekabrında - ulu öndər Heydər Əliyevin xatirə günü münasibətilə Bakı cıdır meydanında keçirilən yarışlarda qazanıldı. Bu, atçılıq idmanı üçün, demək olar, qeyri-adi hadisə idi. Təsəvvür edin ki, çapar üçün 18 kilometr məsafə müəyyən edilmişdi. Həmin gərgin yarışda 31 at iştirak edirdi. Bizim də "Patron" və "Səfir" adlı atlarımız seçilmişdi. Hər iki atımızın qaçışı mütəxəssisləri də, idmançıları da heyrətləndirdi. Hər iki qəhrəmanımız bu çətin məsafəni qətiyyətlə dəf edərək birinci və ikinci yerləri tutdu. Beləliklə, uzun illərdən sonra tilsim qırıldı, nəhayət, "Dilboz" atlarının şöhrəti qaytarıldı.
Növbəti qələbə 2007-ci ildə, möhtərəm Prezident İlham Əliyevin ad günü şərəfinə Şəki şəhərində keçirilən "Prezident kuboku" uğrunda yarışda oldu. "Marafon-45" adlanan atüstü turizm yürüşünə "Dilboz" cinsindən olan altı seçmə at çıxarmışdıq. "Dilboz"ların hünərinə arxayın idik. Onlarla xeyli vaxt Bakı cıdır meydanında təlim məşqləri keçirilmişdi. Məşqçimiz Şəmsəddin Atayev çaparlarla ciddi məşğul olur, atlarla davranmağın üsullarını dönə-dönə öyrədirdi.
Gərgin zəhmət öz bəhrəsini verdi. 45 kilometrlik marafon yürüşündə atlarımız dözümlülük və hünər nümayiş etdirdi. "Sərin" ləqəbli atla Ülviyyə Əliverdiyeva birinci yerə çıxdı. Onun arxasınca komandamızın digər üzvləri - Şamxal Əhmədov öz "Nabor"u, Emin Atayev "Səfir"i, İlqar Məmmədov "Nabran"ı, Kənan Balagözov "Nikkel"i, Tofiq Qasımov isə "Sadiq"i ilə mənzil başına çatdılar. Beləliklə, idmançılarımız birinci yerə çıxaraq Prezident kubokuna layiq görüldülər. Məsul yarışlarda əsl əzmkarlıq nümayiş etdirən çaparlarımız milli çövkən oyunu üzrə respublika çempionu oldular.
At muraddır, - deyərlər. Atın faydası hamıya bəllidir. Azərbaycan məişətinin, mərdliyinin, qeyrət və qüdrətinin arxası, dayağı sayılan atçılıq doxsanıncı illərdə nədənsə diqqətdən kənarda qalmışdı. Ölkəmiz müstəqilliyə qovuşduqdan sonra ümumən atçılığın inkişafına, eləcə də atüstü oyunlara yeni həyat verildi.
2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. May ayının 22-də Prezident İlham Əliyev "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman imzaladı. Bu, çox dəyərli, çox gərəkli bir işdir. Atçılıq haqqında qanunvericiliyin məqsədi atçılıqda damazlıq işinin yaxşılaşdırılması, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at damazlıq özəklərinin qorunub saxlanması, eləcə də yüksək keyfiyyətə və qiymətli irsi əlamətlərə malik cins atların yetişdirilməsi və təkmilləşdirilməsi üçün hüquqi zəmin yaratmaqla ölkədə atçılığın inkişafına nail olmaqdır.
Hazırda ölkəmizdə bir neçə damazlıq təsərrüfatında cins atlar yetişdirilir: Ağstafa və Şəkidə "Dilboz" atları, Ağcabədi rayonu ərazisindəki təsərrüfatda isə Qarabağ atları saxlanılır. Bununla belə, fiziki və hüquqi şəxslər də atçılığa böyük maraq göstərirlər. Onlar xaricdən təmizqanlı atlar alaraq respublikaya gətirir və onları şəxsi təsərrüfatlarında bəsləyirlər. Məsələn, Binə ərazisində yerləşən "Jokey" klubu yüksək tələblərə cavab verən atları yetişdirib yarışlara çıxarır. Novxanıda sərhədçi atçılıq klubunda sərhəd qoşunları üçün "Günay" Atçılıq Təsərrüfatında isə sırf idman atları yetişdirilir.
Təəssüf ki, bütün bunların nəticələri qədərincə görünmür. Xüsusən Ağstafa Atçılıq Təsərrüfatının vəziyyəti daha dözülməzdir. Neçə vaxtdır ki, müəssisə irəliləmək əvəzinə günü-gündən geri gedir. İşçilərə əməkhaqqı verilmir, müxtəlif təşkilatlara borclar aybaay artır. Kollektivin fəaliyyəti üçün heç bir şərait yaradılmır. Əksinə, Ağstafa Südçülük Kompleksinin təşkili ilə əlaqədar olaraq zavodun 570 hektar torpaq sahəsi əvəzləşdirilib. Mütəxəssislər deyir ki, qismən suvarılan torpaq götürülərək kollektivə tamamilə yararsız sahə verilmişdir.
Bu, Ağstafa Atçılıq Zavoduna yuxarıların laqeyd münasibətinin yalnız bir hissəsidir. Rayonda isə işi sahmana salmaq əvəzinə deyirlər ki, belə vəziyyətdə atçılıq zavodu qalsın, yoxsa bağlansın?
İşbilənlər qəti etiraz edirlər, axı qurulu müəssisə niyə dağıdılsın? Şəki yarışlarının təcrübəsi göstərir ki, Ağstafada hünərvər çaparlar da var, ən mötəbər yerlərdə ad çıxara bilən atlar da! Əgər zavodda bu cür çaparlara və atlara müəyyən şərait yaradılarsa, atçılıq yeni uğurlar qazanar. Bir ağsaqqalın dediyi kimi, o boş sahələrdə hər bir çapara müəyyən qədər torpaq sahəsi verilsin, zavoddan ona cins at təhkim olunsun, digər maddi və mənəvi tədbirlər görülsün. Əgər atçılığın inkişafına bu cür qayğı və kömək göstərilsə, ətalət buzu əriyər, əvvəlki şan-şöhrət geri qayıdar.
...Qazax rayonunun girəcəyində hündür postamentin üzərində "Dilboz"un şahə qalxan haçadilli heykəli ucalır, yanında da Dədə Qorqud qəhrəmanlarının abidələri.
Bu
cür hörmət-izzət cansız daş-kəsəyə
yox, canlı atların özünə göstərilsəydi,
daha yaxşı olmazdımı?!
Əhməd İSAYEV
Azərbaycan.-2013.- 13 yanvar.- S.5.