Azərbaycanın inkişafı, güclənməsi,
bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun
artması antiazərbaycançı şəbəkəyə
öldürücü zərbədir
Radikallıq,
qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə
ictimaiyyətin diqqətini cəlb etmək mərhələsi
Azərbaycan siyasəti üçün
aktuallığını itirib
Azərbaycanda həyata keçirilən kompleks tədbirlərə qara eynəklə baxan radikal müxalifət dairələri antiazərbaycançı şəbəkənin təsiri altında yenidən "fəal"lıqlarını artırıblar. Ölkəmiz davamlı inkişaf etdikcə, bütün sahələrdə uğur qazandıqca "beşinci kolon" fəaliyyətini aktivləşdirməyə çalışır. Səbəb tamamilə aydındır. Azərbaycanın inkişafı, güclənməsi, bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması bu qüvvələrə öldürücü zərbədir.
Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan qüvvələrlə işbirliyi quraraq öz çirkin niyyətlərini reallaşdırmaq Əli Kərimli, İsa Qəmbər və onların yaxın əhatəsi üçün başlıca məqsədə çevrilib. "Birlik" görüntüsü yaratmağa çalışan partiya sədrlərinin vahid namizəd məsələsi gündəmə gəlincə "mehriban düşmənə" çevrilmələri isə bütövlükdə radikal düşərgədə qeyri-səmimi münasibətlərin mövcud olduğunu sübuta yetirdi.
Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Həmin ifrat radikal düşərgənin əsas "oyunçular"ından olan AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin son aylarda siyasi "fəal"lıqlarını artırmaları da onların xaricdən "əmr" aldığını bir daha təsdiqləyir. Fktiki olaraq Azərbaycandakı ifrat radikal müxalifət partiyalarının sədrləri xarici antiazərbaycan dairələrin ölkəmizdəki "beşinci kolon"una çevriliblər.
Eldar Namazov dəstəsi və ya "reneqatlar qrupu" da ifrat radikal qüvvələrin dəstəyi ilə konkret məqsədlər üçün yaradılmış satellit təsisatdır. Qrupun üzvləri ziyalı adına yaraşmayan dönüklüyü, ambisioz iddiaları və hədsiz tamahları ilə ad çıxarıblar. Onlar yüksək ziyalı adını spekulyasiya obyektinə çevirərək öz cılız istəklərini reallaşdırmağa çalışırlar. Eldar Namazov, Rüstəm İbrahimbəyov kimi "reneqantlar" dəstəsi ilk gündən ictimai və siyasi baxımdan özünü doğrulda bilmədi. 2013-cü il prezident seçkiləri ərəfəsində bu qrup yenidən fəallaşaraq ən müxtəlif qara piar kampaniyaları aparmaqla məşğuldur. E.Namazovun seçkilərdə iştirak edəcəyini bəyan edərək hakimiyyət əleyhinə çıxışları da seçkiqabağı siyasi şou kimi dəyərləndirilə bilər. "Ziyalı"lar qrupu Azərbaycan Ordusunda bir nəfər əsgərin ölümü ilə bağlı məsələyə də özünəməxsus tərzdə münasibət bildirməklə baş vermiş hadisəni siyasi təbliğat vasitəsinə çevirmək niyyəti güddülər. Hər bir məsələdən siyasi dividend götürməyə cəhd edən qaragüruhçu qrupun belə bir mövqeyi yalnız ikrah hissi doğurur.
Özlərini "ziyalı" adlandıran bir qurumun nümayəndələrinin fəaliyyətləri əsl ziyalı təfəkkürü və dünyagörüşü ilə qətiyyən üst-üstə düşmür. "İctimai palata" adlanan qurum xarici antiazərbaycançı dairələrlə əlaqəli şəkildə Azərbaycanda vəziyyəti gərginləşdirmək, ictimai-siyasi sabitliyi pozmaq məqsədilə qərəzli iddialar irəli sürürlər. Nüfuzsuz, zəif radikal müxalifət partiya sədrləri də bu məsələdə "katalizator" rolunu oynayırlar.
Bu ifrat radikal qüvvələr öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq unudurlar ki, "ənənəvi müxalifətçilik" - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirib.
İddiaları ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin 1 illik uğursuz hakimiyyət illəri hələ unudulmayıb. Həmin ağır dönəmdə naşı siyasətçilərin yarıtmaz fəaliyyətləri nəticəsində Dağlıq Qarabağda uğursuzluqlara düçar olduq və ərazilərimizin bir hissəsini itirdik. Bu səbatsız qüvvələr, nədənsə, anlamırlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb. Keçmişə dönmək, ağır faciələri, fəlakətləri həyatında bir daha yaşamaq istəməyən ölkə vətəndaşı, əslində, xaos və anarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında prinsipial seçim etməli olub. Təbii ki, bu müdrik seçim heç zaman diletantların, təsadüfi meydan qəhrəmanlarının, hakimiyyəti bəsit məqsədləri üçün bir vasitə hesab edənlərin xeyrinə olmayıb.
2008-ci il prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan xalqı düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 15 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 13 yanvar.- S.2.