Ordu siyasi məqsədlər üçün vasitə ola bilməz

 

Siyasətdə böhranlı günlərini yaşayan antiazərbaycançı qüvvələr anlamalıdırlar ki, "siyasi eksperimentlər" dövrü çoxdan başa çatıb

 

Azərbaycan hakimiyyəti ötən illərdə cəmiyyətdə mənəvi birliyi təmin etmək üçün sivil siyasi münasibətlər sistemi formalaşdırmağa çalışır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu humanist və insanpərvər siyasət ötən 9 ildə uğurla davam etdirilir. Hər bir azərbaycanlının Prezidenti olduğunu bəyan etmiş cənab İlham Əliyev daxili siyasətdə ifrat radikalizmin, qarşıdurma meyillərinin aradan qaldırılması, sivil siyasi rəqabətin, demokratik seçki mübarizəsinin formalaşması üçün daim mühüm addımlar atır.

Dövlət müstəqilliyinin bərpasından ötən 21 ildə Azərbaycan bəzi keçmiş sovet respublikalarından fərqli olaraq, böyük uğurlara imza atmışdır. İqtisadi, siyasi, mədəni sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu yüksəltmişdir. Tarixi həqiqətdir ki, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır.  

Prezident İlham Əliyev ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, Azərbaycanın qazandığı nailiyyətləri qəbul etməyən və hər bir uğuruna qara eynəklə baxan bədxahlar da var. Xarici antiazərbaycançı dairələrin təsiri altında olan bu qüvvələr məhz şəxsi ambisiyaları uğrunda mubarizə apararaq milli maraqlarmızı satmaqla məşğuldurlar. Azərbaycan Ordusunda bir nəfər əsgərin ölümü ilə bağlı məsələyə də özünüməxsus tərzdə münasibət bildirən bu qaragürühçu qüvvələr baş vermiş hadisəni siyasi təbliğat vasitəsinə çevirmək niyyəti güdürlər. Hər bir məsələdən siyasi divident götürməyə cəhd edən qaragürühçu qrupun belə bir mövqeyi yalnız ikrah hissi doğurur. Həmin destruktiv dairələrin milli dəyərlərimizə, məfkurə və düşüncə sisteminə, mentalitetinə zidd olan ikrahdoğurucu təbliğatına qarşı hər bir cəmiyyət üzvü barışmaz mövqe tutmalıdır.

Hər kəs yaxşı xatırlayır ki, AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz iqtidarı dövründə ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmadı, silahlı qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı. Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması isə yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 9 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

AXCP, Müsavat rəhbərliyinin, eləcə də Eldar Namazovun dəstəsinin Azərbaycan Ordusunda bir nəfər əsgərin ölümü ilə nəticələnən hadisədən siyasi divident götürmək üçün "fəal"laşmaları da onların konkret məqsədlər üçün yaradılmış satellit təsisas olduğunu bir daha təsdiqlədi. Bu aqressiv düşərgə təmsilçiləri  prezident seçkiləri öncəsi ən müxtəlif çirkin piar kampaniyaları aparmaqla öz cılız istəklərini reallaşdırmağa çalışırlar. Lakin bu qüvvələr ilk gündən ictimaisiyasi baxımdan özünü doğrulda bilməyiblər və son bəyanatları ilə də cəmiyyətin ciddi qınaq obyektinə tuş gəliblər.

Cılız siyasi maraqlarını təmin etmək üçün istənilən məsələdən siyasi divident götürməyə çalışan və əsgər ölümünü də özünəməxsus tərzdə gündəmə gətirən bu destruktiv qüvvələr dövlətçiliyə xidmət etmədiklərini bir daha təsdiq etdilər. Qaragürüh əxlaqında olan bu avantüristlərin belə bir mövqe sərgiləmələri əslində,  erməni dəyirmanına su tökmək anlamına gəlir. Ordu siyasi məqsədlər üçün vasitə ola bilməz. Siyasətdə böhranlı günlərini yaşayan bu destruktiv qüvvələr hələ də  anlamırlar ki, "siyasi eksperimentlər" dövrü artıq çoxdan başa çatıb və bu kimi primitiv metodlarla gündəmdə qalmaq mümkün deyil.

 

 

Azərbaycan.-2013.- 15 yanvar.- S.1.