Tərəqqi və yüksəliş
ünvanı - Sumqayıt
Bu şəhər həm də
dövlətdən dotasiya almadan
yaşayır
Dünyada inkişaf etmiş dövlətlərin tarixi təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, məşğulluq ənənələrinin saxlanması vacib şərtlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.
Təkcə
paytaxt deyil, respublikanın bütün şəhər və
rayonlarının inkişafına verilən dəstək
regionların həyatında keyfiyyətcə yeni mərhələ
açmışdır. Regional inkişafdakı kəskin fərqin
aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin
həyata keçirilməsi, sahibkarlığa geniş meydan
verilməsi, yaşanan tərəqqinin bütün regionlar
üzrə proporsional qaydada paylanması və ölkə vətəndaşlarının
həyatında öz əksini tapması nəticə
etibarı ilə Azərbaycanı daha qüdrətli dövlətə
çevirmişdir.
Ölkəmizin
iqtisadi tərəqqisində rolunu davamlı şəkildə
artıran, əhəmiyyətli proseslərdə özünəməxsus
rol oynayan şəhərlərdən biri də
Sumqayıtdır.
Respublika
iqtisadiyyatında xüsusi çəkiyə malik olan
Sumqayıt Azərbaycanın
günbəgün yeniləşən simasını özündə
əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə
qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq
genişləndirir. Son illərin inkişafı
Sumqayıtın simasında aydın müşahidə olunur.
Xariqələr diyarına çevrilən və gözəl,
əzəmətli görkəmini yenidən bərpa edən,
həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində
dünyanın ən gözəl şəhərləri
sırasında yer alan
Sumqayıt eyni zamanda
sürətli inkişafın əsas ünvanlarından
biridir. Bu gün Sumqayıt ölkənin ən böyük
şəhərlərindən biri olaraq Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi altında respublikada
yüksək dinamizmə əsaslanan tərəqqi və
yüksəlişin əsas ünvanlarından birinə
çevrilib.
Azərbaycanın əsas sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu şəhərə də Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Digər tərəfdən, müxtəlif sferalar, o cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Qeyd edilənlər öz növbəsində belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır.
Sumqayıtın inkişaf prosesi sürətli proqram əsasında aparılır. Ölkə başçısının təşəbbüsü ilə burada bu gün bəlkə də bütün postsovet məkanında yeganə struktur göstəricilərinə əsaslanan sənaye parkı yaradılmışdır. Bakının müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür. Bu proses kortəbii qaydada deyil, müasir standartlara uyğun aparılır. Bunlar əvvəlkindən fərqli, yüksək texnologiyalara əsaslanan istehsalatlardır. Sumqayıt Texnologiyalar Parkı artıq təkcə respublikanın yox, Avropanın önəm verdiyi sənaye terminalına çevrilməkdədir. Bu məqamla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirir: "Ölkə rəhbəri tərəfindən əsas konseptual xətt çox dəqiq müəyyən edilmişdir: Sumqayıt mühüm sənaye mərkəzi olmalıdır. Cənab Prezidentin təşəbbüsü ilə burada yaradılan Sumqayıt Texnologiyalar Parkının bəlkə də bu gün bütün post-sovet məkanında analoqu yoxdur. Kimya texnologiyalar və yüksək texnologiyalar parkları yaradılır, yeni müəssisələr tikilir. Bakı müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür. Bu müəssisələr yüksək texnologiyalara əsaslanan istehsalatlardır. Burada artıq uyğun ixtisaslara malik insanlar işləyə biləcəklər. Buna görə də dövlət başçısının tapşırığına əsasən burada müvafiq texniki peşə məktəbləri açılır. Bu gün Sumqayıtda müvafiq infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Sənaye limanının tikintisi planlaşdırılır. Bütün bunlar göstərir ki şəhərin əhalisi sürətlə artacaqdır. Ötən il əhali hər ay 650-700 nəfər artıb. Sözsüz ki, burada miqrasiyanın əhəmiyyəti böyükdür.
Dövlət başçısı şəhərsalma və abadlaşdırma baxımından tezliklə Bakı standartlarına yaxınlaşmağı qarşımıza bir vəzifə kimi qoymuşdur. Məramımız Sumqayıtı modern, müasir, zövqlü şəhərə çevirməkdir. Bu gün şəhərin küçə və meydanlarında, bütün parklarında əsaslı yenidənqurma işləri aparılır, şəhərin giriş hissəsi, binaların fasadları yenilənir, müasirləşir, bir sıra başqa işlər görülür. Mikrorayonlarda və məhəllələrdə xüsusi proqram üzrə abadlıq işləri aparılır.
Paytaxtımız bu gün yüksəlişin və quruculuğun ölkə miqyasında əsas meyarıdır. Ölkəmizin şəhər və rayonlarında Bakının müəyyən elementlərini tətbiq edirlər. Bizim qarşımızda dayanan əsas məsələ Sumqayıtı bütünlüklə paytaxtın inkişaf tempinə uyğunlaşdırmaqdır. Ölkə rəhbərinin qarşımızda müəyyənləşdirdiyi vəzifələrin kompleks mahiyyəti məhz budur. Cənab Prezident həddən artıq məşğul olduğuna baxmayaraq, bu prosesə, mən belə deyərdim, həm intellektual, həm də praktiki baxımdan rəhbərlik edir."
Ölkə başçısının tapşırığına əsasən, şəhərdə müvafiq texniki peşə məktəbləri fəaliyyət göstərir. Yeni istehsal qaydalarını mənimsəyən gənclər tezliklə həmin müəssisələrdə müvafiq peşələrdə çalışacaqlar. Maliyyə böhranı ilə üzləşən dünyamızda belə proseslərin sürətlənməsi düzgün iqtisadi proqnozlara əsaslandığı üçün ölkəmiz ildən-ilə digər dövlətlər üçün etalon inkişaf göstəricisinə çevrilmişdir.
Təbii ki, bütün bunlar nəticə etibarı ilə Sumqayıtın həm əhalinin say tərkibi, həm də inzibati-ərazi vahidi olaraq sürətlə böyüməsinə rəvac verən əsas faktorlardandır. Bu gün Sumqayıtda əhalinin sayı da durmadan artır. Bakının bir addımlığında yerləşən şəhər ərazi baxımından münasib xarakter daşıyır. Artıq Sumqayıt bütün standartlar baxımından Bakıya o qədər yaxınlaşıb ki, onları biri-birindən ayırmaq belə çətinləşib. Əgər əvvəllər sumqayıtlıların böyük hissəsi işləməyə Bakıya üz tuturdularsa, bu baxımdan da tarazlıq bərabərləşməkdədir. Səbəbi yoxlamaq o qədər də çətin deyil. Səhər Sumqayıtdan Bakıya yola salınan avtobusların hamısı həmin əhali tutumu ilə də geri qayıdır. Buna səbəb yaradılan yeni müəssisəsələr, ticarət obyektlərində çalışanların bir hissəsinin paytaxtda yaşamasıdır.
XX əsrin simvol şəhərləri olan Sumqayıt bu gün inkişafının yüksək mərhələsini yaşayır. İki il öncə şəhəri tərk edərək yenidən Sumqayıta qayıdan hər kəs bəlkə də onu tanımaz. Bu gün şəhərin elə bir küçəsi, elə mikrorayon - məhəlləsi yoxdur ki, orada yeniliklərə imza atılmasın, hansısa layihələr həyata keçirilməsin. Nəzərə çarpan bu göstəriciləri faktlarla açıqlayaq.
Azərbaycanı dünya miqyasında fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Ölkə başçısının Sumqayıta səfəri zamanı şəhər dindarları Cümə məscidinin yenidənqurulması üçün Prezident İlham Əliyevə müraciət etdilər. Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məscidində başlanan təmir işləri sona çatmaq üzrədir. Ümumiyyətlə, məsciddə görülən işlər birbaşa ölkə başçısının təklif və tövsiyələri əsasında aparılıb. Belə ki, məscidin yanında 34 metrlik minarənin ucaldılması artıq sona çatıb. Minarədə hazırda son tamamlama işləri görülməkdədir. Məscidin giriş qapısı Şərq memarlığı üslubunda xüsusi daşlarla bəzədilmiş, içəridə islam qaydalarına uyğun bəzək işləri görülüb. Məscidin havalanma sistemlərinin quraşdırılması da sona çatmaq üzrədir. Hazırda məscidin ətrafında yaşıllaşdırma işləri aparılır. Burada müxtəlif növ ağac və bəzək kolları əkilir. Ziyarətgaha gedən yollar asfaltlanaraq standart qaydalara uyğunlaşdırılır. Ziyarətə gələnlərə normal şəraitin yaradılması üçün yolları bir qədər genişlənmiş, ətrafı xüsusi daşlarla bəzədilmişdir.
Hazırda işin ən qızğın aparıldığı yer şəhərin girəcəyidir desək, səhv etmərik. Burada həm Bakı, həm də Şimal istiqamətində həyata keçirilən abadlıq işlərinə daha ciddi yanaşılır. Əvvəla bura şəhərin girəcəyidir, daha sonra paytaxta gedən yolun üstüdür. Şəhərin girəcəyindən mərkəzə doğru da təmir işləri davam etdirilir. Ətrafda aparılan abadlıq işləriylə yanaşı uzun müddət təmirsiz qalmış simvolda da yenidənqurma aparılıb. Daha keyfiyyətli materiallarla formasını saxlamaqla təmir edilən həmin simvol-göstərici tam şəkildə təmir edilmişdir. Şəhər girəcəyində xüsusi hasar çəkilmişdir. Ətrafda işıqlandırma işləri davam etdirilməkdədir.
Bu gün şəhərdə həyata keçirilən layihələrdən biri də Sumqayıtda nümunəvi məhəllələrin yaradılmasıdır. İki il öncə yığıncaqların birində qərara alındı ki, nümunəvi məhəllələr yaradılsın. Başqa təkliflər kimi bu təşəbbüs diqqətdən kənarda qalmadı və nümunəvi məhəllələrin yaradılmasına başlanıldı. Artıq şəhərdə əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində sayca 7 müvafiq infrastruktura malik belə məhəllələr yaradılaraq şəhər sakinlərinin ixtiyarına verilmişdir. Bu məhəllələrdə bir vaxt tikilən qarajlar, necə gəldi sakinlər tərəfindən qanunsuz şəkildə zəbt edilən torpaq sahələri təmizlənərək əhalinin istirahəti üçün lazım olan qurğularla əvəzlənmişdir. Həmin məhəllələrdə süni örtüklü idman meydançaları, xeyir-şər evləri, sakinlərin istirahəti üçün çardaqlar, uşaqlar üçün guşələr, yumşaq ev əşyalarının yuyulub qurudulmasından ötrü ətrafı bağlı yerlər yaradılmışdır. Nümunəvi məhəllələrin ətrafına yeni ağaclar əkilmiş, əraziyə asfalt döşənmiş, oturacaqlar düzülmüşdür.
Cənab Prezident həm zəngin zövqə malikdir, həm də şəhərsalma prosesində mükəmməl təşkilatçı və istiqamətvericidir - deyə Eldar Əzizov söhbətinə davam edir. - Mən hərdən düşünürəm ki, Prezident həm də çox mahir memardır. Çünki hər hansı bir layihəyə nəzər salarkən hökmən yeni təkliflərini verir, bizim müəyyən hallarda nəzərə almadığımız ən xırda detallar barədə tövsiyələri olur. Ən əsası isə hər bir işi yüksək zövqlə, müasir standartlara uyğun tərzdə həyata keçirməyimizi istəyir. Bu cür tələbkarlıq istər-istəməz hər bir məmurun məsuliyyətini daha da artırır. Çünki hesabat verəcəyin və görəcəyin işi təhvil alacaq insan məhz cənab İlham Əliyevdir. Cənab Prezident hər zaman məmurlara insanlara yaxın olmağı, onların problemlərini öz problemimiz kimi qəbul etməyi tapşırır. Sumqayıtda ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq açıq mikrofon görüşləri keçirilir. Belə görüşlər zamanı minlərlə, bəzən on minlərlə insan toplaşır. Həm də belə görüşləri reqlamentləşdirmək mümkün deyil. Sakinlərlə görüşə bütün şəhər rəhbərliyi, müvafiq strukturların rəhbərləri gəlir. İnsanlar sərbəst şəkildə öz problemlərini qaldırır, hansısa strukturun rəhbərini tənqid edir, hansınısa tərifləyir, öz təkliflərini verirlər. Belə tədbirlər öz növbəsində məmurların məsuliyyətini daha da artırır.
Ötən ilin sonlarında nümunəvi məhəllələrdən biri Sumqayıtın şimal istiqamətində sonuncu ərazi vahidlərindən sayılan Şirvan qəsəbəsində yaradılıb. Bir müddət əvvəl sakinlər qəsəbələrinin abadlaşdırılması məqsədilə əlaqədar təşkilatlara müraciət etmişdilər. Onların arzuları nəzərə alınaraq abadlıq və yenidənqurma işlərinə start verildi. Az bir zaman kəsiyində burada xeyli iş görüldü. Artıq qəsəbənin girəcəyində yaraşıqlı idman meydançası inşa edilmişdir. Həmin ərazidə xeyli ağac əkilmiş, əhalinin istirahəti üçün oturacaqlar quraşdırılmışdır. Sakinlərin asudə vaxtının səmərəli təşkilinə, gənclərin xoşagəlməz vərdişlərdən yayındırılmasına xidmət edən belə istirahət parkları az bir zamanda əhalinin həm gəzinti guşəsinə, həm də münasibətlərin paylaşması mərkəzinə çevrilib. Qəsəbənin ara yolları da daxil olmaqla küçələrə asfalt döşənmiş, piyadalar üçün səkilər çəkilmişdir. Səkilərin kənarına müxtəlif növdə ağaclar əkilmiş, onların ətrafına bəzək kolları basdırılmışdır.
Son illər Sumqayıtda aparılan işlər siyahısında yol infrastrukturu xüsusi yer tutur. Şəhərin küçələrində təmir işləri aparılmış və demək olar ki, əsas yollara asfalt döşənmişdir. Ötən əsrin ortalarında salınan Sumqayıtın yol infrastrukturu artıq müasir tələbata cavab verir. Yəni burada küçə və yollar enli, yaşayış binaları ilə ara məsafələr qədərincədir. Bu baxımdan yağışlı-qarlı günlərdə suların göllənməsi problemi olmur. Hazırda şəhərin bir çox küçələrində aparılan qazıntı işləri ilə bağlı təmir davam etdirilməkdədir.
Şəhər əhalisinin dinamik artımı təbii olaraq yaşayış evlərinə tələbatın artmasına səbəb olur. Bu mənada Sumqayıtda yeni yaşayış binalarının inşası, əvvəl mövcud olanlarda modernləşmə işlərinin həyata keçirilməsi ilə bağlı görülən işlərin miqyası daha da genişlənib. Şəhərin demək olar bütün əsas prospekt, küçə və məhəllələrində quruculuq, təmir-tikinti işləri aparılır və onların çoxunda bu proses başa çatıb. Bu gün şəhərin elə bir yeri tapılmaz ki, orada təmir-tikinti işlərinin nəticəsi özünü büruzə verməsin.
Sumqayıtda təmir-tikinti işləri xüsusi plan əsasında aparılır. Təxmini hesablamalar göstərir ki. Sumqayıtın yaxın bir neçə ildə əhalisinin sayı 700 mini keçəcək. Bu səbəbdən şəhərdə infrastruktur obyektlərinin inşası prosesində bu məqam öncədən nəzərə alınır. İndi Sumqayıtın infrastrukturu elə formada qurulur ki, əhalinin sayının artması fonunda yaxın on il ərzində heç bir problem yaranmasın. Şəhərin bir neçə məhəlləsində yaşayış binaları artıq müasir standartlara cavab vermədiyi üçün tezliklə həmin ərazidə yeni şəhərciyin salınması nəzərdə tutulub. "Yeni Sumqayıt" adlandırılacaq şəhərcik gələcəkdə əhalinin mənzil probleminin həllində müstəsna rol oynayacaqdır.
Şəhərin Heydər Əliyev, Koroğlu prospektlərində, Sülh, N.Nərimanov küçələrində mövcud tikililər, yaşayış binaları yenidən qurulub. Küçələrə ağ mərmərdən səki daşları düzülüb. Ətrafdakı binaların hamısının dam örtükləri və fasad hissələri tam yenilənib. Ölkənin ikinci böyük yaşayış məskəni Sumqayıtda şəhərin estetik baxımdan görkəminə xələl gətirən bütün iaşə obyektləri, sıxlıq yaradan köşkləri yığışdırılıb. Hazırda həmin obyektlərin yerində yaraşıqlı, xüsusi zövqlə hazırlanmış və şəhərə gözəllik verən dükanlar, ofislər düzənlənmişdir.
"- Bulvarın ərazisi böyük olduğundan burada işlər mərhələli şəkildə aparılır, - Eldar Əzizov vurğulayır. Bu ay bulvarın yenidən qurulmasının ikinci mərhələsi başlayır. Hesab edirəm 2-3 il ərzində işlər yekunlaşacaq və Sumqayıt bulvarı çox gözəl istirahət məkanına çevriləcəkdir."
Bu gün Sumqayıtın bütün parklarında əsaslı yenidənqurma işləri aparılır. Nəsimi adına mədəniyyət və istirahət parkının bir hissəsi artıq sakinlərin ixtiyarına verilib. Ümumiyyətlə bəzi şəhərlərin sakinləri kimi sumqayıtlılar da axşamüstü mavi Xəzərin sahilində gəzməyə çıxmağa üstünlük verirlər. Parkın digər hissələrində də təmir işləri davam etdirilməkdədir.
Dekabr ayında Sumqayıta səfər edən ölkə başçısı Nəsimi adına mədəniyyət və istirahət parkında olmuş, görülən işlərlə tanışlıqdan sonra əlaqədar təşkilatlara öz tövsiyə və tapşırıqlarını vermişdir.
Heydər Əliyev parkının bir hissəsində də təmir yekunlaşıb və sakinlərin ixtiyarına verilib. Parkın girəcəyində piramida tipli estakadalar quraşdırılmışdır və orada ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən foto-şəkillər yerləşdirilib. Girişə gözəllik verən ikinci bir yenilik 8 metr hündürlükdə ucaldılan saat qülləsidir. Milli ornamentlərlə bəzədilən pakrda istirahət meydançası və fəvvarələr quraşdırılıb. Burada həmçinin yaşıllıq zolaqları salınıb, attraksionlar uşaqların ixtiyarına verilib. Müasir işıqlandırma sistemi bu parkı digərlərindən fərqləndirən cəhətlərdəndir. Yeni dizaynda oturacaqlar, tanet döşəmələr işin zövqlə aparılmasından xəbər verir. Onu da qeyd edək ki, hazırda parkın ikinci hissəsində qızğın iş gedir və bəzi təmir işləri sona çatmaqdadır.
Bakı - Quba magistral yoldan Sumqayıt istiqamətinə gələn hər kəs bu şəhərdə baş verən dəyişikliklərlə qarşılaşır. Hər iki tərəfdən təbii yaşıllıqlara qərq olan yolun ətrafında sıra ilə cərgələnən hasarın işıqlandırılması insanı valeh edir. Axşamlar işıq selinə qərq olan Sumqayıt isə bir başqa aləmdi.
Ötən ilin uğurlu yekunlarından biri də Sumqayıtın vizit kartına çevriləcək yeni bir ünvan - Bayraq meydanının istifadəyə verilməsidir. Şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında salınan bu möhtəşəm meydan tamamilə yeni görkəmdə sumqayıtlıların ixtiyarına verilmişdir. Xüsusi daşlar döşənmiş həmin ərazidə yaşıllaşdırma işləri görülmüş, ətrafda işıqlandırma sistemləri müasir qaydada yenilənmişdir. 18 min kvadratmetr ərazidə yerləşən meydanda polad dirəklər üzərində 70 metr yüksəklikdə dalğalanan bayrağımız kənardan ona baxan hər kəsin qəlbində əzəmət və qürur hissi doğurur. Meydanın icra hakimiyyəti aparatının qarşısında yerləşməsi onun mövqe və nüfuzunu gücləndirən amillərdəndir. Onu da bildirək ki, 60-dan artıq yaşı olmasına baxmayaraq Sumqayıtda belə bir meydan yox idi. Son illər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi Bayraq meydanının yaradılması ön plana çəkildi. Müəyyən zaman kəsiyində şəhərdə belə əzəmətli bir meydan istifadəyə verildi. Sumqayıtlılar üçün mühüm hadisə olan meydanın açılışında şəhər əhalisinin böyük hissəsi iştirak etmiş, hazırda günün bütün çağlarında həmin ərazi əhalinin ziyarət yerinə çevrilmişdir.
Həmçinin 500 mindən çox əhalisi olan Sumqayıtda tədbirlərin keçirilməsi üçün xüsusi meydan tikintisinə də başlanıb. Kimyaçılar sarayının qarşısındakı ərazidə işlər günü-gündən sürətlənir.
Regionların inkişafına dair icrası uğurla davam etdirilən ikinci Dövlət Proqramı kontekstində Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Bu gün Sumqayıtın mövcud potensialından daha səmərəli istifadə etməklə burada ilk növbədə müxtəlif profilli sənaye sahələrinin inkişafı sürətləndirilir. Bu islahatlar sahibkarlara lazımi dəstəklə müşahidə olunur. Sumqayıtın müasir infrastruktur təminatının yaxşılaşdırılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Eyni zamanda əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması həmişəki kimi bu gün də şəhər icra strukturlarının diqqət mərkəzindədir. Şəhərdə yeni iş yerlərinin yaradılması istiqamətində də xeyli tədbir görülüb. Bu gün Sumqayıtda fəaliyyətə başlayan müəssisə və təşkilatlarda təkcə sumqayıtlılar deyil, Bakı və ətraf rayonlardan xeyli insan çalışır. Bu da respublika daxilində Sumqayıtın statusunu artırır və daha böyük layihələrə imza atmağa kömək edir.
Söhbətinin sonunda Eldar Əzizov bildirdi ki, bütün xalqımız kimi Sumqayıt sakinləri də sabaha böyük ümidlə baxırlar. Sumqayıtlılar bilirlər ki, məhz cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, intellekti, böyük istedadı sayəsində Azərbaycan bu illər ərzində bir neçə onilliyə bərabər inkişaf yolu keçmişdir. Prezident intensiv işləyir, mütəmadi olaraq bölgələrdə olur və Azərbaycan getdikcə daha güclü olur!
Möhtərəm Prezidentimiz Sumqayıta gələrkən görülən işlərlə tanış oldu, öz tövsiyə və tapşırıqlarını verərək vurğuladı ki, "Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu, bizim hədəfimizdir. Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər çox böyük görünür, ancaq həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq".
Prezidentin bu sözləri məsuliyyətimizi daha da artırır. Çünki Prezident bütün layihələrin reallaşdırılmasının konkret müddətlərini müəyyən etməklə faktiki olaraq yeni Sumqayıtın təməlini qoymuşdur. Dövlət başçısının iş üslubu və metodlarına bələd olan adam kimi yaxşı bilirəm ki, əgər cənab Prezident bir söz deyibsə, deməli, elə də olacaqdır.
Akif ƏLİYEV
Azərbaycan.-2013.- 15 yanvar.- S.4.