PEŞƏNİN HƏDƏFİ DƏYİŞƏNDƏ...

 

Məsuliyyət hissini laqeydlik, milli maraqları şəxsi mənfəət duyğusu, mənəviyyatı isə bazar prinsipləri əvəz edir

 

İnsanlar az qala doğulduqları gündən öyrənməyə can atırlar!

 

Yeməyi, gülməyi, yeriməyi, danışmağı  öyrəndikdən sonra həyatda öz yerini tapmaq üçün vacib sayılan digər vərdişlərə və bilgilərə də yiyələnməyə başlayırlar.

Müəyyən illərdən sonra lazım olanı öyrənmək həvəsi gündəlik informasiyaları əldə etmək ehtiyacı ilə əvəzlənir.

Həmin informasiyalar insana həyatında, məişətində, peşə fəaliyyətində gərək olur.

İnformasiyalarda həm də qəribə təsiretmə gücü var. O, insanların dünyagörüşünə, həyata baxışına təsir göstərə, hətta müəyyən məsələlərə münasibətdə mövqeyini yenidən nəzərdən keçirərək dəyişməyə sövq edə bilir. Məhz bu xüsusiyyətinə görə əsrlər boyu informasiyadan müxtəlif məqsədlərlə istifadə olunub.

 

Bəzən o, xalqdan gizlədilib!

 

Bəzən insanlara dəyişdirilmiş, təhrif olunmuş şəkildə çatdırılıb!

 

Hərdən isə kimlərəsə sərf edən yalanlarla qarışdırılaraq dövriyyəyə buraxılıb!

 

 İnformasiyaya sahiblik uğrunda mübarizə

 

 Uzun müddət informasiya dövlət nəzarətində saxlanılıb. Hətta informasiyanın işlənib hazırlanması və cəmiyyətə çatdırılması ilə bağlı xüsusi qurumlar yarandıqda belə dövlət ona nəzarət mexanizmini əldən buraxmayıb! "Senzura" adlı ayrıca bir təşkilat yaradaraq öz maraqlarını jurnalistlərə və qəzetlərə, daha sonralar isə radio və televiziyalara diktə etməyi bacarıb!

Təbii ki, insanlar da həqiqəti öyrənmək istəklərindən heç zaman əl çəkməyiblər!

Həm də dayanmadan sərbəst düşünmək və düşündüyün kimi danışa bilmək imkanı uğrunda mübarizə aparıblar!

Feodalizm, kapitalizm, sosializm - bu quruluşların heç biri insanlara həqiqi fikir və söz azadlığı verməyib. Yalnız demokratik prinsiplərə əsaslanan cəmiyyət qurulduqdan sonra insanlar əsl azadlığın nə olduğunu dadıblar!

"Qırmızı imperiya" dağıldıqdan sonra kommunizm ideyalarından imtina edərək ümumbəşəri inkişaf yoluna qayıdan Azərbaycan müstəqil dövlət quruculuğunda demokratiya yolunu seçdi. Müvafiq islahatlar keçirildi, yeni Konstitusiya və onun əsasında qanunlar qəbul edilərək möhkəm qanunçuluq bazası yaradıldı, bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi, fikir plüralizmi və digər demokratik dəyərlər cəmiyyətin əsas prioritetlərinə çevrildi.

Söz və mətbuat azadlığının təminatı sahəsində də mühüm işlər görüldü.

Ən əvvəl 6 avqust 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən mətbuata senzura nəzarəti aradan qaldırıldı.

Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək mətbuat dövlət nəzarətindən çıxarıldı, KİV haqqında beynəlxalq tələblərə cavab verən yeni qanun qəbul edildi.

Artıq ölkəmizdə həqiqi mətbuat və söz azadlığı bərqərar olmuş, müstəqil qəzetlər, informasiya agentlikləri, televiziya kanalları və elektron media yaranmışdır.

Onlar sərbəst şəkildə fəaliyyət göstərir, nədən necə yazmağı, proqram siyasətlərini nə sayaq qurmalarını özləri müəyyənləşdirirlər.

Dövlətin müstəqil mətbuatın işinə qarışmağa heç bir səlahiyyəti, xüsusi mexanizmi və imkanı, ən əsası isə buna istəyi yoxdur!

Əksinə, Azərbaycan iqtidarı mətbuatın inkişafına daim yardım göstərmək yolunu tutubdur!

 

 Yaramaz quruluşun "yararlı" ideologiyası

 

 Ötən əsrin sonlarında ayrıldığımız sovet quruluşunun yetmiş üç il davam gətirməsinin səbəblərindən biri də onun güclü təbliğata və ideoloji aparata söykənməsi idi. Kommunist partiyası ideoloji işi bir an gözdən qoymurdu. Bu sahəyə kadrlar diqqətlə seçilib təyin edilir, vaxtaşırı mətbuatın qarşısına müəyyən vəzifələr qoyularaq icrası yoxlanılır, ikiqat senzura - həm partiya orqanlarının, həm də mətbuatda dövlət sirlərini mühafizə edən qurumun (senzuranın) ciddi nəzarəti təmin edilirdi. Qarşıya qoyulan başlıca vəzifə isə sosializm quruluşunun üstünlüklərini və onun tezliklə "dünya kapitalizminə qalib gələcəyini" göstərmək idi. Hətta bundan ötrü "bütün dünyanın proletarlarını birləşməyə" çagırırdılar! "Ölkədaxili mövzular" isə iqtisadi yüksəlişin, partiyanın xalqa müdrik rəhbərliyinin, sosializm quruluşunun üstünlüklərinin, zəhmət adamlarının tərənnümündən ibarət idi.

Adətən beynəlxalq mövzudakı yazılar və televerilişlər iki rəngdə - ağ və qara boyada  təsvir edilirdi. Təsvirlərin mahiyyəti yığcam şəkildə belə olardı:

- Sosializm günü-gündən daha sürətlə inkişaf edir, dünyanın yeni dövlətləri bu cəbhəyə qoşulur.

Kapitalizm isə çürüməkdə və məhv olmaqdadır;

- SSRİ dünyada sülhün, əmin-amanlığın keşiyindədir.

Başda ABŞ olmaqla kapitalizm aləmi dünyanı nüvə müharibəsinə sürükləyir, yeni münaqişə ocaqları yaradır;

- Sovet insanı qurucu, yaradıcı, vətənpərvər və fədakardır.

Kapitalizm isə insanları mənən şikəst edərək robota döndərir;

- Sovet elmi və texnikası inkişaf edir, insanlığa xidmət göstərir.

Kapitalizm isə kütləvi qırğın silahları istehsalı, terror-təxribat əməlləri ilə məşğuldur;

- SSRİ kosmosun fatehidir, hər il ölkə üzrə məhsuldarlıq (məsələn, hər inəkdən sağılan südün miqdarı, hər toyuğun yumurtladığı yumurtaların sayı) yüksəlir.

Kapitalizmdə isə mənəviyyatsızlıq, narkomanlıq, fahişəlik artır və s.

Bütün cidd-cəhdlərə, deyilənlərə və yazılanlara baxmayaraq, SSRİ  iqtisadi və siyasi cəhətdən iflasa uğradı, bəşəriyyətə yad, yaramayan   quruluş kimi süqut etdi.

Bu gün isə "yaramaz quruluşun" ideologiyası "yararlı" vasitə kimi yenidən bəzi ölkələrin ideoloji arsenalına daxil edilib!

 

 "İnformasiya terroru" ilə üz-üzə

 

  Əksliyin vəhdəti və mübarizəsi inkişafın əsasıdır - bu, fəlsəfənin əsas qanunlarından biridir.

Bir zamanlar sosializm cəbhəsi ilə kapitalizm aləmi arasındakı qarşıdurma və mübarizə dünyanı inkişafa sövq edirdi!

Daha iki qütb olmadığından belə bir rəqabət və yarışma da yoxdur!

İndi dünyanı inkişafa sövq edəcək yeni qarşıdurma axtarışı gedir!

Bir qisim insan bunu sivilizasiyalararası mübarizədə görür!

Və görünür artıq buna start verilib!

Qədim dövrlərdə dövlətlər bir-birlərilə müharibə etmək üçün bəhanə gəzirdilər. Bəzən bəhanə tapmayanda kimisə öldürüb təqsiri qarşı tərəfin üstünə atmaq kifayət edirdi.

İndi isə müharibə və münaqişələr bəhanələrlə başlanmır!

İndi uzun müddət gözdənsalma kampaniyası aparılır!

Sözdə deməsələr də, əməldə ideoloji müharibədən "soyuq müharibə"yə keçirlər!

Əvvəlcə sanksiyalar yolu ilə ölkə daxilində xalqı mövcud iqtidardan narazı salırlar!

Sonra ölkədaxili müxalifəti dəstəkləyib ona yaxşı pul verirlər, "mübarizəsini" "təşkil edirlər", ən nəhayət  silahlandırırlar!

Bir məqamı da xatırlatmaq istəyirik. Orta əsrlərdə dünya monqol, ərəb, Osmanlı işğalına və beləliklə müsəlman imperiyalarının yaranmasına şahid oldu. İnkvizisiya xristian dövlətlərində elmin və texnikanın inkişafını boğduğundan silah və güc üstünlüyü müsəlman aləmində idi. Lakin ələ keçirdikləri sərvətin üzərində oturaraq arxayınlaşan, müəyyən məsələlərdə səhvə yol verən belə imperiya sahibləri getdikcə zəiflədiklərinin fərqinə varmadılar. Kilsəni dövlətdən ayırıb elm və texnikanın inkişafına nail olan Avropa dövlətləri isə yeni silahlar icad etməklə, istilaçılara qarşı birləşməklə üstünlüyü ələ aldılar və səlib yürüşləri vasitəsilə vəziyyəti dəyişərək dünyada baş verən proseslərə nəzarəti və təsiri tədricən tam olaraq əllərinə götürdülər!

Onlar bir vaxtlar buraxdıqları səhvləri təkrar etmək, dünya hökmranlığını başqalarına güzəştə getmək  niyyətində deyildilər və heç indi də bu niyyətdə deyillər!

Üstəlik Allahın müsəlman dünyasına "hədiyyə etdiyi" enerji resurslarından istədikləri kimi və dəyər-dəyməzinə faydalanmaq, əslində nəzarət və idarəetməni özlərində saxlamaq üçün müxtəlif üsul və metodlardan istifadə edirlər.

Bu gün inkişaf etməkdə olan, zəngin təbii resurslu ölkələrə keçmişdəki kimi "inqilab" yox, "demokratiya" ixrac edirlər!

Müxtəlif ölkələrdə baş verən hadisələrə ikili standartlar meyarından yanaşaraq, ikili mövqedən qiymətləndirirlər!

Bu gün də demokratiyanın "dərinliyini" və "genişliyini" ölçən cihaz kəşf olunmayıb!

"Siyasi məhbus" anlayışı nədir və kimlərə şamil olunur - tərifi bilinmir!

Mətbuat və söz, sərbəst toplaşmaq azadlığının nə zaman qanun pozuntusu və hansı halda məhdudlaşdırılmasının zəruri olmasını təyin etmək mübahisəli sayıldığı halda müxtəlif  qurumlar bunu "açıqlama" və "bəyanatlarla" "həll edirlər"!

Haqlını haqsız, haqsızı haqlı çıxarmaq onlar üçün çox asandır!

Yeni "arbitrlərin" yeni "meyarları" da məhz subyektivlik, maraq və mənafelərin ön plana çəkilməsi, ekspansiyanın müasir metodlarıdır!

Dünya mediasında isə hadisələrə yalnız böyük güclərin maraqları prizmasından yanaşılır, müntəzəm, ardıcıl və düşünülmüş şəkildə, həm də yalnız onların mənafeyinə hesablanan  informasiyalar yayılır!

Televiziya kanalları, qəzetlər, internet saytları, sosial şəbəkələr bu məqsədlə səfərbər olunub!

İndi istilaçılıq hərbi yürüşlərlə yox, təbliğatla, demokratiya libasında  aparılır!

İndi döyüş meydanında güllə yağışı yox, şayiə, böhtan, təfriqəçilik, qara "piar" "bombaları" partladılır!

TƏBLİĞAT  METODU İSƏ HƏM KÖHNƏ,  HƏM DƏ YENİDİR: SOVET TƏBLİĞATININ YENİ DÖVRƏ UYĞUNLAŞDIRILMIŞ AĞ VƏ QARA RƏNGLİ HÜCUM TAKTİKASI!

Süjet xətti vahid və sadədir: Qərb və ABŞ yaxşıdır, müsəlman dünyası pis!

"Yaxşılıq" və "pisliyin" başlıca əlamətləri isə bunlardır:

- Qərb dünyası müasir, sivil, mədənidir.

Müsəlman aləmi isə geridə qalmış, kobud, pinti və qəddardır;

- Qərb ölkələrində demokratiya, vətəndaş cəmiyyəti qurulub.

Müsəlman dövlətlərinin  başında isə diktatorlar dayanır, hələ tayfalar mövcuddur və tayfa davası gedir, insan haqları kütləvi şəkildə pozulur;

- Qərbdə sabitlik və inkişafdır.

Müsəlmanlar dünyanı terrora məruz qoyur, normal həyatı pozur;

- Qərbdə kişi və qadın hüquqları yüksək səviyyədə təmin olunub.

Müsəlman aləmində gender siyasəti pozulur, çoxarvadlılıq hökm sürür, qadınlar başlarını bağlamağa məcbur edilir;

- Qərbdə  mətbuat və söz, kütləvi aksiyaların keçirilməsi azadlığı mövcuddur.

Müsəlman dövlətlərində isə jurnalistləri həbsxanalara atırlar, insanlar haqlarını tələb etməkdən ötrü küçələrə çıxa bilmirlər və s. və i.

 

"Kiçik" dünyanın   böyük problemləri

 

Dünya böyükdür, yoxsa kiçik? Yəqin ki, ərazicə böyük, informasiya məkanı baxımından kiçikdir - cavabı daha doğru sayılar!

Dünyanı "kiçildən" informasiya özbaşına deyil, idarə olunur!

Özü də məqsədli şəkildə!

Heminquey həm də dünyada müharibələrdən obyektiv və canlı reportajlar yazan yazıçı kimi məşhur idi!

İraq-Küveyt müharibəsi zamanı cəbhədən birbaşa yazan jurnalistə rast gəldinizmi?

Qadağanı və "süzgəci" dünyanın demokratik dövlətlərindən sayılan ABŞ qoymuşdu!

Tunis, Yəmən, Misir, Liviya hadisələrində - bütövlükdə "ərəb baharı" keçirən ölkələrdə ikinci tərəfin mövqeyini səsləndirən dünyaca məşhur telekanallara və qəzetlərə rast gəldinizmi?

Bəlkə heç bu toqquşmalarda "ikinci tərəf"lər olmayıb?

Bəs mətbuatın  obyektivlik, tərəfsizlik prinsipi, demokratiyanın fikir plüralizmi tələbləri harada qaldı?

Maraq doğuran başqa bir məqam isə terrorizmin zorla islama bağlanılması cəhdinə ara verilməməsidir!

İlk dəfə terror təşkilatları xristian dövlətlərində yaradılıb və say baxımından "üstünlük" bu gün də onlardadır!

Xristian mənşəlilərin yaratdıqları terror təşkilatlarının qurbanları tarixən də, ən əsası isə müasir dövrümüzdə də dəfələrlə çoxdur!

Mahiyyətcə sülh, humanizm dini olan islama terrorun "calaq" edilməsi obyektivlikdən yox, məhz məlum qüvvələrin, ölkələrin, təşkilatların... siyasi məqsədlərindən irəli gəlir!

Orta məktəblərə və uşaq bağçalarına terrorçular tərəfindən ən çox hücumlar çəkilərək günahsız qanlar axıdılan ölkə ABŞ-dır. Yaxınlarda yenə belə bir ürəkağrıdan faciə baş verdi. Gəlin bu hadisələrin çox kiçik qisminə  xronoloji qaydada, dünyanın digər ölkələrində baş verən hadisələr silsiləsində baxaq:

16 aprel 2007-ci il. ABŞ. İki tapança ilə silahlanmış 23 yaşlı Ço Sen Xi Virciniya ştatının Texniki Universitetinin yataqxanasına girib, tələbələrə atəş açıb, 2 saat sonra isə tədris korpusuna keçərək oradakıları atəşə tutub. İnsident nəticəsində 32 nəfər ölüb, daha 30 tələbə və müəllim isə yaralanıb. Kütləvi qətliamdan sonra cani özünə də atəş açıb.

22 iyul 2011-ci il. Norveç.  Norveçdə Andres Breyvik dəhşətli terror aktı törədib. Əvvəlcə o, Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb. Norveç məhkəməsi Andres Breyvikin anlaqlı olduğunu təsdiq edib və onun 21 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

14 dekabr 2012-ci il. ABŞ.  Amerikanın Nyutaun şəhərindəki (Konnektikut ştatı) Sendi Huk ibtidai məktəbində gülləbaran törədilmişdir. Çoxsaylı insan tələfatı ilə nəticələnmiş bu hadisəni 20 yaşlı Adam Lanza törətmişdir. Lanza əvvəlcə evdə öz  atasını qətlə yetirmiş, sonra anasının dərs dediyi ibtidai məktəbə yollanmışdır. Orada Lanza 20-si ibtidai sinif şagirdi olmaqla 26 nəfəri güllələmişdir. Öldürülən 6 nəfər yaşlı insan arasında qatilin anası, Sendi Huk məktəbinin direktoru və psixoloqu da vardır.

14 dekabr 2012-ci il. Çin. Çinin mərkəzində yerləşən Hinan əyalətinin Şinyanq şəhərindəki orta məktəbdə faciə baş verib. Min Yingcün adlı şəxs məktəbə daxil olaraq qarşısına çıxanlara bıçaqla zərbələr endirməyə başlayıb. Hadisə zamanı 22-si uşaq olmaqla 23 nəfər xəsarət alıb.

Təəssüf ki, belə faciələrin mətbuatda işıqlandırılması bəzən terrorçunun "qəhrəmana" bənzədilməsi üslubunda baş verir: internetdə müraciətini və şəkillərini irəlicədən paylaşması, müxtəlif silahlardan özünə arsenal yaratması, soyuqqanlı davranması və s. - bütün bunların sonradan başqaları tərəfindən təkrarı düzgün  qurulmayan informasiyanın fəsadlarından xəbər verir!

Azərbaycan Neft Akademiyasındakı terror hadisəsinin antiqəhrəmanı da belə hərəkət etmişdi.

Andreas Breyvikin cəzası isə - hər öldürülən insana görə 3 ay iş kəsilməsi, həbsxanada üçotaqlı yer, trenajor və internetə çıxışı olan kompyuter verilməsi - əslində onun mükafatlandırılması anlamına gəlir.

Bəlkə o, islamın yayılmasına qarşı çıxdığına görə belə münasibətə layiq görülür?!

Amma terrorçu hədəfə aldığı insanın hansı dinə mənsub olduğunu "araşdırmadan" tətiyi çəkir!

21 dekabr - "qiyamət günü" informasiyasında da eyni vəziyyət yaşandı! Bütün dünya təşvişə düşdü, çoxları özünə şam aldı, ərzaq ehtiyatı yaratdı, "salamat qalmağa" yer tapdı! Bundan  qazananlar bəlkə də bu şayiəni yayan biznes adamları idi. Ancaq başqa bir həqiqət də meydana çıxdı: yalan və şayiələrə inanan  sadəlövhlər çoxdur!

Odur ki, yalan, böhtan və şayiələri əhəmiyyətsiz sayaraq onlarla mübarizə aparmamaq, zamanında ifşa etməmək səhvdir!

Həm də unutmayaq: "informasiya terroru"nun  hədəfi beyinlərin  işğalıdır!

Xaricdən gələn pullu sifarişlər əsasında hazırlanan material və onu müşayiət edən şəkil çox halda qəzetlərin birinci səhifələrinin manşetinə çıxarılır!

Sifarişçilər maraqlı olduqları məsələlərin daim gündəlikdə saxlanılması üçün çoxlu pul xərcləməkdə xəsislik etmirlər!

İcraçılar isə puldan keçməyərək mətbuata yad olan "çevir tatı-vur tatı" qaydasıyla işləyirlər!

Məşhur bir ərəb məsəli var: dedin - inandım, təkrar etdin - şübhələndim, and içdin - bildim ki, yalan deyirsən!

Eyni şeyin çürüyünü çıxarmaq onun yalan olduğuna dəlalət etmirmi?  

Göbbels də bir yalanın yüz dəfə səslənəcəyi halda onun doğru kimi qəbul ediləcəyinə zəmanət verirdi...

Təəssüf ki, Azərbaycan mediasında da beyin işğalının əlamətləri get-gedə daha aydın görünməkdədir!

 

 Su tökdüyünüz dəyirman kimindir?

 

  Çox çalışdıqdan sonra siçanı tuta bilməyən pişik onu tamahsılandıraraq nəfsindən tələyə salmaq istəyir. Siçanın gizləndiyi yuvanın qarşısına gələrək buradan çıxaraq on metr aralıdakı deşiyə girəcəyi təqdirdə ona bir qızıl verəcəyini bildirir. Siçan bu təklifdən şübhələnib "mənzil yaxın, haqq baha" deyərək razılıq vermir!

Amma  belə sövdələşməyə gedənlər də var!

Azərbaycan özəl televiziya kanalları əcnəbi ölkələrdə ömrünü başa vurmuş nimdaş layihələr və mövzularla doludur.

Səbəb müxtəlifdir:

Uzaqgörən siyasi məqsədlər güdən, milli mentalitetimizə yad olan belə layihələrə güclü qrant verilir.

Artıq özəl telekanallarda  yaradıcı kadrlar və yaradıcılıq mühiti sıradan çıxıb;

Şəxsi maraqlara əsaslanan ucuz şou və qalmaqallı proqramlara üstünlük verilir;

Tamaşaçı cəlbi məqsədilə "yalançı göz yaşları", "doğmaların və ailə üzvlərinin bir-birlərinin təhqirinə və ittihamlarına", "qan tökülməsi və qətllə" bağlı verilişlərə daha çox yer ayrılır.

Əksəriyyəti yüngül və primitiv alınan yeni çəkilən teleserialları da bu cərgəyə aid etsək, proqram siyasətinin biabırçı  vəziyyətə düşmə səbəbini asanlıqla taparıq!

Bu barədə dəfələrlə deyilsə və yazılsa da, faydası olmayıb! Çünki dövlətin və milli maraqların "cib maraqlarına" qurban verilməsi adi normaya çevrilib!

Lakin məsələyə qloballaşan və ikili standartların mövcud olduğu dünyadakı proseslər baxımından yanaşıldıqda fərdi maraq naminə güzəştə yer qalmadığı da aydın görünür!

Və hər gün "praym-taym" vaxtında "mənəviyyatsız xalq" ideyasının təkidlə yeridildiyi verilişləri ölkə tamaşaçılarına sırıyanlara bir neçə sual ünvanlamaqdan vaz keçə bilmirsən:

- Siz hansı cəbhədənsiniz, cənablar və su tökdüyünüz dəyirmanın kimə  məxsus olduğunun fərqindəsinizmi?

- Millətimizi bu qədər mənəviyyatsız, miskin və cılız təqdim etməkdə məqsədiniz nədir?

- Niyə "yaxşılarla" "pislərin" "tərənnümündə" real həyatdakı mövcud nisbəti qoruyub saxlamırsınız?

- Bir sponsor və kompyuterdə "əl gəzdirilmiş" mahnılarla 6 ay ərzində maşın, geyim-kecim, mənzil və "teleməşhurluğa" nail olan "müğənnicikləri" gəncliyə nümunə göstərməklə onları haraya səmtləndirmək istəyirsiniz?

- Anlayırsınızmı ki, artıq Azərbaycan teleməkanı Azərbaycanın mənəvi mühiti üçün ciddi təhlükəyə çevrilir?

- Olmaya ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin və mentalitetimizin qorunması ilə  bağlı 2001-ci ilin avqustunda  verdiyi məşhur bəyanatı artıq unutmusunuz?

 

HƏLƏ DƏ ÖZƏL TELEKANALLARIN HƏDƏFİNDƏ  AZƏRBAYCAN AİLƏSİNİN SÜQUTU VƏ ONUN "YARARSIZLIĞININ" SÜBUTU DAYANIR!

 

Özəl telekanalların əsas məqsədi sabaha inamsızlıq, mənəvi dəyərlərimizə hörmətsizlik aşılamaq, cəhaləti geniş yaymaq, nəticə etibarı ilə isə xalqımızı savadsız, cahil, sadəlövh bir kütləyə çevirməkdir!

Bu mövzunu daim gündəmdə saxlayanlar doğrudanmı həmin "ideyanın" xaricdən ötürüldüyünün fərqində deyillər?

Avropa sürətlə qocalır!

Xristian ölkələrində insan artımı mənfi səviyyəyə enib!

Miqrantlar əhalinin tərkibini dəyişir!

İslam dininin inkişafı qıcıq və qısqanclıq yaradır!

Odur ki, dünyanın  bir sıra ölkələrində islamofobiya güclənir, məscidlərə basqınlar təşkil olunur, müsəlman dini inancları və müqəddəsləri sistemli şəkildə təhqir edilir, miqrantlar müxtəlif üsullarla  sıxışdırılır!

İkili standartlar beynəlxalq hüququ və ədalətli qərarların qəbulunu heçə çıxarıb!

Öz istəklərini gerçəkləşdirməkdən ötrü "mübarizə meydanını" maraqlı dövlətlərin ərazisinə "köçürən" güclər "informasiya terrorundan" məharətlə istifadə edir, bizi öz günlərinə salmaq istəyirlər!

Cinsi azlıqlar, eyni cinslərin nikahı, gender siyasəti, ailə zorakılığı kimi "problemləri" müxtəlif üsullarla ölkəmizdə qabartmağa, gündəlik müzakirə mövzusuna çevirməyə, beləliklə adiləşdirərək cəmiyyətimizə yeritməyə çalışırlar!

Və bu halda  mentalitetimiz, əsrlər boyu formalaşan adət-ənənələrimiz nəzərə alınmır!

Azərbaycanda gender problemi yoxdur, Azərbaycan qadını ABŞ qadınından daha əvvəl seçki hüququ qazanıb!

Qadın və kişinin "mexaniki" bərabərliyi ailənin məhvinə, vətəndaş nikahına aparır, bu isə demoqrafik problemin yaranması deməkdir!

Eyni cinsli nikahlar və cinsi azlıqların tanınması əslində əxlaqsızlığa və mənəviyyatsızlığa qanun dəstəyidir!

Demokratiya adı ilə bizə yeridilənlərə dəstək olan "jurnalistlər" və telekanallar yad əllərdə milli dəyərlərə qarşı mübarizə alətinə çevriliblər!

Bu gün ərindən boşananlar, homoseksuallar, övladlarını atanlar, ata-analarından üz çevirənlər, bir vaxtlar evlərindən qaçıb gedənlər, ərinə və ya arvadına xəyanət edənlər, narkomaniyaya qurşananlar, həbsxanaya düşsələr də, islah olunmayanlar özəl telekanalların "əxlaq, mənəviyyat və tərbiyə" proqramlarının ən sevimli qonaqlarına çevriliblər!!!

Bu naqis insanları özəl telekanallar "Azərbaycan xalqının siması" kimi təqdim edir!

Hər nazirlik, hər struktur özünə qəzet və jurnal təsis edərək öz rəhbərini tərifləməklə məşğuldur!

Bəs görəsən, dövləti mənafe, milli maraq və mentalitetin qorunması ilə kimlər məşğul olmalıdır?!

Məgər əli qələmli və kameralı hər bir jurnalist həm də azərbaycanlı deyilmi?

Niyə ölkəyə yönələn təhdidlərin, "informasiya terrorunun" və müxtəlif məkrli əməllərin qarşısının alınmasında hansı mövqedə dayanmalı olduqlarını əsl azərbaycanlı kimi indiyədək müəyyənləşdirməyiblər?!

 

Bizdən nə istəyirlər və biz nə istəyirik?!

 

 Dövlətlər öz iqtisadiyyatları, həmin iqtisadiyyatı və cəmiyyəti idarə etməkdən ötrü qəbul etdikləri qanunlar əsasında yaşayır və fəaliyyət göstərirlər!

Xalqlar və millətlər isə milli-mənəvi dəyərləri, əsrlər boyu yaranaraq formalaşmış adət-ənənələri ilə yaşayırlar!

Zamanın, məkanın və fəzanın başqa-başqa ölçüləri var!

Hər şey bir arşınla ölçülə bilməz!

Bu gün bütün millətləri və xalqları eyni qəlibə salmaq cəhdi də uğursuzdur!

Özlərini demokratiyanın "atası", "babası" adlandıranların, daim nədə isə  başqalarına irad tutaraq yol göstərməyə çalışanların bizdən "istəkləri" nədir? Yaxud nəyimizdən xoşları gəlmir?

 

ƏN ƏVVƏL, MÜSTƏQİL SİYASƏT YÜRÜTMƏYİMİZDƏN!

 

* Daha sonra hər hansı bir saziş, müqavilə imzalayarkən öncə öz maraqlarımızı güdməyimizdən!

* Qeyri-obyektiv iradlara, əsassız tənqidlərə əhəmiyyət verməyərək təsir və təzyiq cəhdlərindən qorxmamağımızdan!

* Beynəlxalq qurum və təşkilatlarda başqalarının diktəsi əsasında deyil, obyektiv və ədalətli mövqe tutmağımızdan!

* Enerji daşıyıcıları ilə bağlı milli maraqlara cavab verməyən beynəlxalq layihələrə prinsipial yanaşaraq qoşulmamağımızdan!

* Azərbaycanın dövləti mənafeyinə uyğun gəlməyən təşkilat və qurumlara yaxın durmamağımızdan!

* Qapı-qapı düşərək kimlərdənsə yardım və kömək istəməməyimizdən!

* Bir sözlə, müstəqil yaşayaraq heç kəsə boyun əyməməyimizdən və "kiçik qardaş" statusundan birdəfəlik imtina etməyimizdən!

 

Bəs bir xalq və dövlət olaraq biz nə istəyirik?

 

* Ən əvvəl müstəqilliyimizin əbədi qalmasını!

* Daha sonra ölkə daxilindəki dayanıqlı sabitliyin olmasını!

* İndiyədək üçqat artıma nail olunmuş iqtisadiyyatımızın 2020-ci ilədək daha 2 dəfə yüksələcəyini!

* Xalqın rifah halının durmadan yaxşılaşmasını!

* Demokratik proseslərin inkişafını və dərinləşməsini!

* İşğal altındakı ərazilərimizin tezliklə düşmən tapdağından azad edilməsini!

* Dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmağımızı!

Göründüyü kimi, istəyimiz xoş, xeyirxah, öz gücümüzlə çata biləcəyimiz niyyətlərdir!

Heç kəs bizə badalaq vurmaq fikrinə  düşməsin, çünki mənasızdır!

Əsl jurnalist heç bir halda hədəfdən yayınmamalı və kiminsə əlində alətə çevrilməməlidir!

Jurnalist dönmədən peşə etikası qaydalarına əməl etməli, obyektivlik, bitərəflik, qərəzsizlik, peşəkarlıq prinsiplərini əsas tutmalıdır!

Jurnalist xalqına və dövlətinə təmənnasız xidməti özünə mənəvi borc saymalıdır!

Unutmaq olmaz ki, peşənin hədəfini dəyişəndə məsuliyyət hissini laqeydlik, milli maraqları şəxsi mənafe duyğusu, mənəviyyatı isə bazar prinsipləri əvəz edir!

Belə halda isə əli qələmli jurnalist vətənpərvər insan və ölkə vətəndaşı olmaqdan qalır!

Haqlı olaraq qınaq və nifrət ünvanına çevrilir!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.-2013.- 15 yanvar.- S.5.